“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Nar Mobile” şirkəti arasında rəsmi tərəfdaşlıq razılaşması imzalanmışdır

 

İyulun 2-si “Four Seasons” mehmanxanasında təşkil olunan tədbirdə Əməliyyat Komitəsinin baş icraçı direktoru, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini və gecikmənin olmadığını diqqətə çatdırdı.

Bildirdi ki, ötən ay Bakıda müxtəlif ölkələrin olimpiya komitələrinin iclası keçirilib. Bu iclasda “Bakı-2015”ə hazırlıqla bağlı geniş məlumat verilib.

Nazir qeyd etdi ki, Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda atletika üzrə təsnifat turniri və bədii gimnastika üzrə Avropa çempionatı keçirilib. Hər iki turnirin iştirakçıları Atletlər Kəndində yerləşdirilib. Turnirlərin beynəlxalq səviyyədə təşkil olunması bizi çox sevindirir.

Avropa Oyunlarının məşəlinin yarışların başlanmasından iki ay əvvəl alovlandırılacağını diqqətə çatdıran nazir hazırda Beynəlxalq və Avropa Olimpiya komitələrinin qərarını gözlədiklərini vurğuladı:

Olimpiya məşəlinin yandırıldığı yer Yunanıstandır. Lakin ola bilsin ki, məşəl başqa yerdə alovlandırılsın. Bunun üçün xüsusi icazə lazımdır. Bunun üzərində aparılır və hələ vaxtımız vardır. Azərbaycanda Yanardağ  Atəşgah mövcuddur. Məşəl orada alovlandırılıb, respublika ərazisində nümayiş oluna bilər”.

Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirdi. Telekommunikasiya sahəsində qazanılan uğurlardan danışan “Nar Mobile” şirkətinin rəsmisi “London-2012” Olimpiya Oyunlarında Azərbaycan idmançılarına göstərdikləri dəstək barədə məlumat verdi. Azərbaycanda idmana dövlət qayğısını yüksək qiymətləndirən Kent Maknili əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını da diqqətə çatdırdı.

“Bakı-2015” Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq Avropa Oyunlarında 10 mindən artıq könüllünün, 6 mindən çox idmançının və 3 min rəsmi nümayəndənin iştirak edəcəyini dedi. Vurğuladı ki, bu insanları bir-biri ilə əlaqələndirmək üçün telekommunikasiyanın rolu əvəzsizdir. Bu baxımdan indi imzalanacaq müqavilə çox vacibdir: “Ölkənizdə əhali arasında keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 62 faizi “Bakı-2015”in Azərbaycanın təbliğində mühüm rol oynayacağı qənaətindədir. Sevindirici haldır ki, azərbaycanlılar birinci Avropa Oyunlarının təşkil olunmasında çox maraqlıdırlar”.

Daha sonra mərasimdə “Bakı-2015”ə hazırlıqla bağlı videoçarx nümayiş olundu.

Qeyd edək ki, tərəfdaşlıq razılaşmasını Azad Rəhimov və Kent Maknili imzaladılar.

Sonda jurnalistlərin sualları cavablandırıldı.

 

Məmməd AĞAYEV,

Azərbaycan.-2014.- 3 iyul.- S.5.