Prezident İlham Əliyev antiazərbaycançı

şəbəkəyə növbəti sarsıdıcı zərbə vurdu

 

Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasında tarixi çıxışı bir daha təsdiq etdi ki, dövlət başçısı qlobal düşüncə tərzinə malik olaraq siyasi, iqtisadi və humanitar sahələrdə regionda və dünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görür və öz fəaliyyətində bunları nəzərə alır. Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, xarici aləmlə əlaqədə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır. Prezident İlham Əliyev, eyni zamanda, sözügedən toplantıda antiazərbaycançı şəbəkəyə xidmət edənlərə, erməni lobbisinin maliyyə dəstəyi ilə başqasının fikirlərini səsləndirənlərə də öz yerlərini göstərdi və Azərbaycanın mövqeyini dünyaya bəyan etdi.  Dövlət başçısının məlum çıxışı bu gün də ölkə ictimaiyyəti arasında müzakirə mövzusudur. Xüsusən də gənclər hesab edirlər ki, Prezident İlham Əliyev AŞ PA-da bir daha sübut etdi ki, heç bir iddiahücum onun dəmir iradəsini sarsıda və Azərbaycan xalqının maraqlarına xidmət yolundan döndərə bilməz.

 

Nigar ƏLƏSGƏROVA,

Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri

- Azərbaycan qədim tarixə, adət-ənənəyə malik olan ölkə kimi çox gənc müstəqillik tarixinə sahibdir. Cəmi 23 yaşlı müstəqilliyə malik ölkə bu müddətdə böyük inkişaf yolu keçmiş, suverenliyini bərpa etmiş, dünyanın ən dayanıqlı iqtisadiyyat nümunələrindən birinə sahib olmuş, dünyaya nümunə ola biləcək gənclər siyasətini yaratmışdır. Ölkənin bütün sferalarda sürətli və çoxşaxəli inkişafına şahidik. Gənc ölkənin bu qədər sürətli inkişafı, regionun liderinə çevrilməsi bəzi ölkələr tərəfindən xoş qarşılanmır. Erməni lobbisi, onun açıq və gizli tərəfdarları daim bu xoş mənzərəyə kölgə salmağa çalışırlar. Növbəti cəhdləri isə AŞ PA-nın sessiyasında oldu. Təbii ki, budəfəki qərəzli mövqeləri, çirkin cəhdləri cavabsız qalmadı və yenə də nəticəsiz yekunlaşdı.

Prezident İlham Əliyevin AŞ PA-nın sessiyasındakı çıxışı özünü Azərbaycan vətəndaşı hesab edən hər bir insan kimi gənc olaraq məni də çox qürurlandırdı. Dövlət başçısı  Azərbaycana, onun dünyadakı mövqeyinə mənfi təsir etmək məqsədilə təxribat xarakterli suallara olduqca məntiqli, izahlı cavab verdi. Sözün əsl mənasında, müstəqilliyinin az yaşında bu qədər uğurlara imza atmış gənc ölkənin qazandıqlarını, iqtisadi inkişafını, regionda liderliyini, Avropa üçün yaratdığı real enerji təhlükəsizliyi imkanlarını ətraflı izah etdi. Əslində, sual ünvanlayanlar özləri də bilmədən cənab Prezidentə ölkənin inkişaf sürətini, əldə olunan uğurları daha ətraflı izah etməyə imkan yaratmış oldular.

Azərbaycan həmçinin Qərbin strateji tərəfdaşıdır. Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Regionda heç bir layihə Azərbaycanın razılığı olmadan icra oluna bilməz. Prezident İlham Əliyev bunları bir dahaPA-da xatırladaraq Azərbaycanın necə güclü dövlət olduğunu, digər dövlətlərin təsiri olmadan müstəqil siyasət yeritdiyini nümayiş etdirdi. Dövlət başçısı Avropa Şurasının Dağlıq Qarabağla bağlı Azərbaycana qarşı birmənalı olmayan mövqeyinə toxunaraq problemin həllində bu quruma daha fəal olmağı tövsiyə etdi. Prezident bu sahədə ən qısa zamanda ciddi addımlar atılacağını vurğulayaraq AŞ PA vasitəsilə Ermənistanı bu sonu olmayan siyasətdən əl çəkməyə çağırdı.

Bir gənc olaraq Azərbaycan xalqının doğru seçim etdiyinin bir daha şahidi oldum. Buna görə də Azərbaycan gəncləri Prezident İlham Əliyevlə fəxr edir.

 

Həsən HÜSEYNZADƏ,

Bakı Biznes Universitetinin IV kurs tələbəsi, YAP GB-nin fəal üzvü

- Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı bir daha sübut etdi ki, dövlət başçısı bütün dünya azərbaycanlılarının Prezidentidir və xalqının maraqlarını istənilən formada müdafiə edə bilir. Prezident çıxışı zamanı bir çox məqamlara toxunaraq əzmlə bu ifadəni işlətdi: “Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır”. Cənab Prezident İlham Əliyev on il öncə söylədiyi fikirlərini yenidən təsdiqləyərək diqqətə çatdırdı ki, müstəqillik illərində Azərbaycanın uğurlu inkişafı göstərdi ki, iqtisadisiyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir.

Son dövrlərdə baş verən hadisələri təhlil edərkən deyə bilərəm ki, iyun ayı Azərbaycan dövləti üçün bir çox mühüm hadisələrlə yadda qalmışdır. Cənab PrezidentinPA-da ona ünvanlanan suallara, söylənilən əsassız ittihamlara dəqiqliklə və qətiyyətlə cavab verməsi bütün dünyanın diqqətini bir daha Azərbaycana yönəltdi. Bəli, bu bir həqiqətdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünyada söz sahibinə çevirmişdir. Bir il bundan öncə yüksək səs çoxluğu ilə yenidən xalqın etimadını qazanaraq Prezident seçilən zaman da bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir şübhə doğurmur və Dağlıq Qarabağ münaqişəsi yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Biz bundan sonra da siyasidiplomatik səylərimizi artıracağıq, bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə saxlayacağıq”.

AŞ PA-dakı çıxışı zamanı xalqımıza verdiyi sözünə sadiq qalan Prezident sərt bəyanatları ilə Azərbaycana qarşı yönələn antiazərbaycançı qüvvələri növbəti dəfə iflasa uğratdı. Ona görə də dövlət başçısının daim diqqət mərkəzində saxladığı Azərbaycan gəncləri öz güclü lideri ilə fəxr edir, iradəli, dürüst, əzmli və intellektual rəhbərləri olduğu üçün qürur duyurlar. Ulu öndər Heydər Əliyevin ruhu şaddır ki, qurucusu olduğu Azərbaycanın Prezident İlham Əliyev kimi güclü lideri var!

 

Abbas ƏLİYEV,

YAP Gənclər Birliyinin  fəal üzvü

- Azərbaycan Prezidenti İlham Əliyevin AŞ PA-dakı çıxışı və ona ünvanlanan təxribat xarakterli suallara verdiyi tutarlı cavablar hər bir ölkə gəncində fəxr hissi yaratdı. Azərbaycan Prezidenti çıxışında Ermənistanın ölkəmizə təcavüzünü və təcavüzün doğurduğu fəsadları analitik mühakimə ilə dünyaya çatdırdı. Nəzərə alaq ki, orada Ermənistan nümayəndə heyəti də iştirak edirdi. Dövlət başçısı yüksək diplomatik manevrlərlə bütün həqiqətləri dünyaya bir daha bəyan etdi.

Prezident bildirdi ki, dünya ölkələrinin əksəriyyəti Azərbaycana etimad bəsləyir və onu etibarlı tərəfdaş hesab edir. Lakin təəssüf ki, Azərbaycana münasibətdə qərəzli siyasət yeridən ölkələr də var, biz bu siyasətlə barışmaq fikrində deyilik. Dövlət başçısı bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi tərkib hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə 200 ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr icra edilməyib: “Bu, bir daha ikili standart siyasətini göstərir, çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Yəni doğrudanmı, ermənilərin yaşadığı hər bir dövlət erməni dövləti olmalıdır? Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağaehtiyac var? Biri kifayətdir”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə qazandığı nailiyyətlərdən də söz açdı. Bu gün bir sıra analitiklər və ekspertlər də etiraf edirlər ki, Azərbaycan Cənubi Qafqazda cərəyan edən geosiyasigeoiqtisadi proseslərin  lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tamamilə təsdiqləyib, Cənubi Qafqazda heç bir geosiyasigeoiqtisadi layihə onsuz həyata keçirilə bilməz. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Azərbaycanın geosiyasi rolunun güclənməsi həm də qlobal enerji təhlükəsizliyi sistemində rəsmi Bakının rolunun möhkəmlənməsinin nəticəsidir. Bu, danılmaz faktdır ki, Bakı-Tbilisi-Ceyhan kimi böyük geosiyasi neft layihəsi dünyanın karbohidrogenlər bazarında Azərbaycanın sanballı ölkələrdən birinə çevrilməsinə imkan verib.

Antiazərbaycançı qüvvələr təxribat xarakterli suallar da səsləndirdilər. Ancaq biz bilirik ki, bunu ermənilərlə birliyində olan hüquq müdafiəçiləri təşkil etmişdi. Prezident İlham Əliyevin bütün suallara açıq şəkildə verdiyi cavablar isə bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarına tutarlı cavab və aydın mesaj oldu. Azərbaycan Prezidenti dəmir iradə nümayiş etdirərək antiazərbaycançı qüvvələrə bir daha göstərdi ki, heç kim dövlətimizin müstəqil siyasətinə təsir edə bilməz. Bu qüvvələr qarşılarında Azərbaycan dövlətinin qətiyyətli iradəsini görəcəklər və göstərilən bütün cəhdlər iflasa uğrayacaq. 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 3 iyul.- S.5.