Bakıda Ədalət mühakiməsinin səmərəliliyi
üzrə
Avropa Komissiyasının plenar
iclası keçirilir
Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu mötəbər təşkilatla və onun struktur qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurulmuş, birgə fəaliyyət çərçivəsində mütərəqqi islahatlar həyata keçirilərək mühüm nailiyyətlər əldə olunmuşdur. Avropa Şurasının 65 illiyinin qeyd olunduğu bir vaxtda cari ilin mayında bu qurumun Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir.
Ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsində əldə etdiyi müsbət nəticələr və Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) ilə faydalı əməkdaşlığı nəzərə alınaraq sədrlik çərçivəsində 50-dən çox ölkədə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə kömək edən və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in plenar iclasının Strasburqdan kənarda - Bakıda keçirilməsi qərara alınmışdır.
Tədbirdə iştirak etmək üçün CEPEJ-in rəhbər şəxsləri, o cümlədən qurumun prezidenti Con Steysi və Komissiya üzvləri Azərbaycana səfərə gəlmişlər.
Səfər zamanı qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etmişlər.
AzərTAc xəbər verir ki, iyulun 3-də “JW Abşeron Marriott” otelində CEPEJ-in plenar iclasının təntənəli açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri Filip Buaya, CEPEJ-in prezidenti Con Steysi, Ədliyyə Nazirliyinin məsul şəxsləri, Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvləri, hakim assosiasiyalarının nümayəndələri və hakimlər iştirak etmişlər.
Mərasimdə çıxış edən nazir F.Məmmədov ölkəmizin Avropa Şurası, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə faydalı əməkdaşlığını vurğulayaraq dünyada getdikcə nüfuzu artan CEPEJ-in plenar iclasının Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə məlumat vermişdir.
Bildirilmişdir ki, Avropa Şurası ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində məhkəmə fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırılmış, institusional mexanizmlər, o cümlədən məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını həyata keçirən müstəqil Məhkəmə-Hüquq Şurası təsis edilmişdir. Həmçinin ədalət mühakiməsinə çatımlılığın artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə son illər geniş regional məhkəmə şəbəkəsi, apellyasiya, inzibati, ağır cinayətlər məhkəmələri yaradılmış, hakimlərin sayı iki dəfə artırılmış, qabaqcıl informasiya- kommunikasiya texnologiyaları ilə təchiz olunmaqla məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə davamlı tədbirlər görülmüşdür.
Ölkəmizdə hakimlərin ən şəffaf seçim qaydasının təsbit olunduğunu bildirən nazir Azərbaycanın bu sahədə müsbət təcrübəsinin CEPEJ tərəfindən Avropada örnək kimi dəyərləndirildiyini vurğulamış, dünyada məhkəmə hakimiyyətinin müstəqilliyinin təşviqini və yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini qeyd etmişdir.
Ali Məhkəmənin sədri R.Rzayev Azərbaycanın Avropa Şurası, o cümlədən CEPEJ ilə məhkəmə-hüquq sahəsində uğurla əməkdaşlıq etdiyini vurğulamış, hakimlərin müstəqilliyinin təmin olunmasını, vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsini, məhkəmələrdə şəffaflığın artırılmasını, informasiya-kommunikasiya texnologiyalarının tətbiqini qeyd etmiş, CEPEJ-in plenar iclasının məhkəmə sisteminin inkişafına töhfə verəcəyini bildirərək tədbirin işinə uğurlar arzulamışdır.
Çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması faktı qonaqların diqqətinə çatdırılmışdır.
Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun rəhbəri F.Buaya çıxış edərək CEPEJ-in plenar iclasının Bakıda yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirmiş, vətəndaşların məhkəmələrə çatımlığının asanlaşdırılmasından və ictimai etimadın yüksəldilməsindən, məhkəmə fəaliyyətinin açıqlığından danışmış, hüquqi dövlətlərdə məhkəmə hakimiyyətinin müstəqilliyinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. F.Buaya CEPEJ-in Avropa Şurası üzv dövlətlərində məhkəmə islahatlarına dəstəyini, Komissiyanın qəbul etdiyi hesabatların bu islahatlara töhfəsini qeyd edərək onun fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmüşdür.
CEPEJ-in prezidenti C.Steysi çıxış edərək səmimi qonaqpərvərliyə və səfər çərçivəsində Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarət olunmasına, müstəqillik uğrunda həlak olmuş şəhidlərin xatirəsinin yad edilməsinə şərait yaradılmasına görə minnətdarlığını ifadə etmiş, ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu sahəsində mütərəqqi addımların atıldığını qeyd edərək Azərbaycanın qısa müddətdə hərtərəfli dinamik inkişafa nail olmasını yüksək qiymətləndirmiş və ölkəmizin bu uğurlarını dünyada paylaşmasının əhəmiyyətini vurğulamışdır.
C.Steysi, həmçinin Azərbaycanın CEPEJ-də fəal təmsilçiliyini qeyd etmiş, hakimlərin seçimində ölkəmizin müsbət təcrübəsini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini vurğulayaraq ayrılan maliyyə vəsaitlərinin artırıldığını təqdir etmişdir.
Sonra CEPEJ-in plenar iclası gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam etmişdir. İyulun 4-də işini davam etdirəcək iclasda bir sıra mühüm məsələlərə baxılacaq, o cümlədən məhkəmə sistemlərinin müqayisəli təhlilini əks etdirən və qurumun islahatlar üçün “yol xəritəsi” sayılan növbəti hesabatı müzakirə olunacaqdır.
Eyni zamanda, nüfuzlu ekspertlərin Azərbaycana səfəri nəzərə alınaraq Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə CEPEJ-in fəaliyyətinə dair informasiya seminarı keçiriləcəkdir.
Seminarda CEPEJ-in ədalət mühakiməsinin
səmərəliliyinin artırılmasında rolu, onun
hesabatlarının məhkəmə islahatlarına töhfəsi,
qabaqcıl təcrübələrin təşviqi və s. mövzular ətrafında
faydalı fikir mübadiləsi
aparılacaqdır.
Azərbaycan.-2014.- 4 iyul.- S.3.