ATƏT Parlament
Assambleyası Bakıda mühüm qərarlar qəbul etdi
Ermənistan nümayəndə heyəti
bu mötəbər toplantıda da ifşa olundu
İyunun
28-dən iyulun 2-dək sivilizasiyalararası dialoq mərkəzinə
çevrilmiş paytaxt Bakı daha bir mötəbər
konfransa - ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər
kəs üçün təhlükəsizliyə doğru”
devizi altında iyirmi üçüncü illik
sessiyasının plenar və komitə iclaslarına ev sahibliyi etdi.
Açılış
mərasimində iştirak edən Azərbaycan Prezidenti
İlham Əliyev çıxış edərək bildirdi
ki, ATƏT Parlament Assambleyasının sessiyası Azərbaycanda
ilk dəfədir keçirilir və bu tədbir Azərbaycan
üçün böyük əhəmiyyət kəsb edir:
“Bu toplantı bizə ölkəmizi, nailiyyətlərimizi təqdim
etmək, o cümlədən üzləşdiyimiz
çağırışlar və qarşımızda
qoyduğumuz planlar haqqında danışmaq imkanı
yaradıldı. Bilirəm ki,
qonaqlarımızın əksər hissəsi Azərbaycana ilk
dəfədir ki, səfər edirlər. Beləliklə,
bu tədbir onlar üçün ölkəmizi daha
yaxşı tanımaq, bəzi tarixi yerlərlə
tanış olmaq, tarixi abidələri görmək imkanı
yaradacaqdır”.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan
böyük tarixə və mədəniyyətə malik
ölkədir.
Ölkəmiz müstəqillik əldə etdikdən
sonra demokratik təsisatların qurulması və
islahatların həyata keçirilməsi bizim əsas vəzifələrimiz
idi. Bu siyasi və iqtisadi islahatların həyata
keçirilməsi bu gün ölkəmizdə sabitlik
yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda
tam şəkildə fəaliyyət göstərir.
ATƏT Parlament Assambleyasının prezidenti Ranko
Krivokapiç isə çıxış edərək rəhbərlik
etdiyi qurumun tarixin dərslərindən lazımınca ibrət
götürdüyünü, müharibə və insanlıq
üçün digər böyük təhlükələrin
qarşısının alınmasında səylərini əsirgəmədiyini
bildirdi. Müsəlman Şərqində ilk dünyəvi
dövlət quran Azərbaycan xalqını Ramazan ayı
münasibətilə təbrik edən Ranko Krivokapiç
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən
iyirmi üçüncü illik sessiyasının plenar
iclasının da parlament demokratiyasının ən
yaxşı nümunələrindən biri olacağına əminliyini
ifadə etdi.
İyunun
28-də ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin
rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi
ilə bağlı Rusiya əleyhinə
hazırladığı qətnamə layihəsinin müzakirəsi
ciddi etirazlara səbəb oldu. Qətnamə layihəsi ilə
bağlı müzakirələrə qoşulan Milli Məclisin
Sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə
heyətinin rəhbəri Bahar Muradova dedi ki, bu gün Azərbaycan
əraziləri işğal altındadır. Bu
işğal 20 ildən artıqdır ki, davam edir. Bu münaqişə nəticəsində 1 milyondan
çox Azərbaycan vətəndaşı qaçqın və
məcburi köçkünə çevrilmişdir. Onlar bu münaqişə ilə bağlı qətnamənin
qəbulunu gözləyirlər. Regionda
münaqişələrin qarşısını almaq
üçün səylərimizi birləşdirmək
şansı yaranmışdır. Beynəlxalq hüquq
prinsipləri tənəzzül dövrünü
yaşayır: “Biz bütün münaqişələrə tətbiq
olunacaq qətnamə qəbul edə bilərik. Qətnamənin
bütün ATƏT regionuna tətbiq olunmasının tərəfdarıyıq.
Ayrı-seçkiliyin tərəfdarı deyilik.
Biz ərazi bütövlüyünün,
suverenliyin, sərhədlərin toxunulmazlığı prinsiplərinin
pozulması ilə bağlı məsələləri diqqətə
çatdırmağa çalışmışıq”.
Bahar Muradova qeyd etdi ki, artıq həqiqət
anlaşılmağa başlayıb. ATƏT
münaqişələri, təhlükələri aradan
qaldıran təşkilatdan bu gün onları qeydə alan təşkilata çevrilib. ATƏT-in
Minsk qrupuna illər ərzində Azərbaycan tərəfindən
çağırışlar edilib ki, bu qurum öz vəzifəsini
yerinə yetirsin. Amma bu günə qədər
sərt sənədin şahidi olmamışıq. Azərbaycan Ukraynada məsələnin sülh yolu
ilə həll olunmasının tərəfdarıdır.
Bu, bizim dövlətimizin mövqeyidir.
Çıxışına davam edən B.Muradova “Niyə
Dağlıq Qarabağ münaqişəsini unudursunuz, onsuz da
22 ildir, məhz ABŞ da daxil olmaqla ATƏT bir nəticəyə
gələ bilmir. İndi niyə bunun üstündən
sükutla keçib, birtərəfli qətnamə layihəsini
müzakirəyə çıxarırsınız”
sualları ilə müraciət etdi. Nümayəndə
heyətinin rəhbərinin fikrincə, Azərbaycan regionda
mövcud münaqişələrin, yeni yarana biləcək
münaqişələrin qarşısını almaq
üçün ATƏT-in hansısa addımlar atmaq
şansının yarandığını
düşünür.
İyunun 29-da qurumun iqtisadi məsələlər, elm,
texnologiya və ətraf mühit üzrə, demokratiya, insan
hüquqları və humanitar məsələlər üzrə
ümumi komitələrinin iclasları keçirildi. Eyni zamanda, sessiya çərçivəsində
“Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT
regionu üçün çağırış”
mövzusunda xüsusi müzakirə aparıldı.
Siyasi məsələlər
və təhlükəsizlik üzrə ümumi komitənin
iclasında erməni deputat Artaşes Qeqamyan Dağlıq
Qarabağın “müstəqil dövlət” və İrəvanın
Ermənistanın “tarixi torpağı” olması ilə
bağlı əsassız iddialarla çıxış etdi.
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı
nümayəndə heyətinin rəhbəri Bahar Muradova erməni
deputatın bu əsassız iddialarına tutarlı cavab verdi.
Bahar
Muradova bildirdi ki, 20 ildən artıqdır davam edən
Dağlıq Qarabağ problemi məhz bu regionda qeyri-qanuni
keçirilən “referendum” və bir neçə dəfə
qeyri-qanuni keçirilən “parlament” və “prezident”
seçkiləri nəticəsində mövcuddur. “Dağlıq Qarabağ xalqı” deyilən bir məfhum
yoxdur. Orada yalnız etnik ermənilər
yaşayır. Azərbaycan onların
bugünkü durumuna görə narahatlıq hissi keçirir,
çünki bu insanlar “böyük Ermənistan”
ideyasının girovuna çevriliblər. Ermənistan tərəfi Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətləri qəbul
etmir. Lakin həqiqət qəbul edilməlidir.
Sessiyada Ukraynadakı böhranın həlli ilə
bağlı Bakı qrupu yaradıldı. ATƏT
PA-nın prezidenti Ranko Krikoviç Ukraynadakı vəziyyətin
normallaşdırılması üçün rəhbəri
olduğu təşkilatın ciddi addımlar
atacağını qeyd etdi.
Sessiya çərçivəsində qurumun demokratiya,
insan hüquqları və humanitar məsələlər
üzrə ümumi komitəsinin iclası oldu. İclasada Azərbaycan
nümayəndə heyətinin üzvü, Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanova miqrantlar məsələsinə toxunaraq Ermənistanın
təcavüzkarlığı ucbatından Azərbaycanda 1
milyon qaçqın və köçkünün öz
yurdunda miqranta çevrildiyini vurğuladı. Onların
hüquqlarının qorunması, əzəli Azərbaycan
torpaqlarından erməni qoşunlarının çıxarılması üçün ATƏT
PA-nın hazırkı sessiyasından kömək gözlədiklərini
bildirdi.
İyulun 2-də ATƏT Parlament Assambleyasının
Bakıda keçirilən 23-cü yay sessiyasının
Bakı bəyannaməsi qəbul edildi. Bəyannamədə qeyd
olunur ki, regionda uzanmış münaqişələrin həlli
istiqamətində tədbirlərin görülməsi və
bu münaqişələrin həllində irəliləyişin
sülh yolu ilə və danışıqlar vasitəsilə,
o cümlədən BMT Nizamnaməsinə, Helsinki Yekun
Aktına və beynəlxalq hüquqa uyğun şəkildə
əldə olunması ATƏT-in əsas vəzifələrindən
biridir. Sənəddə ATƏT-ə üzv
dövlətlərin sərhədlərinin
pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi
bütövlüyü prinsiplərinə əməl edilməsinin
vacibliyi vurğulanır. Bəyannamədə
münaqişə regionlarında geniş yayılan və hər
il çoxlu sayda insanın, o cümlədən
mülki vətəndaşların həlak olmasına səbəb
olan silahların qanunsuz ticarətinin qarşısının
alınması üçün yeni tədbirlərin
görülməsinə çağırış edilir.
ATƏT
üzv ölkələri terrorizmlə mübarizə ilə
bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğun olaraq
terrorizmlə mübarizə istiqamətində götürdükləri
beynəlxalq öhdəliklərinə, eyni zamanda, antiterror
konvensiyalarına və beynəlxalq mütəşəkkil
cinayətkarlığa qarşı BMT-nin konvensiyalarına
uyğunlaşdırmağa çağırır.
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən
23-cü sessiyasının son günü PA-nın yeni
prezidenti də bəlli oldu. Səsvermə nəticəsində Finlandiya nümayəndə
heyətinin rəhbəri İlkka Kanerva ATƏT PA-nın
prezidenti seçildi.
Tədbirə
yekun vuran Azərbaycanın ATƏT Parlament
Assambleyasındakı nümayəndə heyətinin rəhbəri,
Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki,
dövlət başçısı İlham Əliyevin
ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə
sədrliyi ilə bağlı prioritetlərini
açıqlayıb. Azərbaycanın Avropa
Şurasında fəaliyyətinin prioritetlərinə təhsil
və gənclər siyasəti, insan haqlarının
qorunması, korrupsiya və ikili standartlara qarşı
mübarizənin daxil olduğunu diqqətə
çatdıran Bahar Muradova bu məsələlərin
ATƏT-in də daimi gündəliyində olduğunu bildirdi.
B.Muradova vurğuladı ki, Azərbaycan Odlar
yurdudur, lakin eyni zamanda, tolerantlıq məkanıdır, millətlərin
və dinlərin dostluq və qardaşlıq şəraitində
dinc yanaşı yaşadığı bir ölkədir.
Azərbaycan mədəniyyətlərin və
sivilizasiyaların qovuşduğu məkandır. Bir
neçə gün ərzində aparılan müzakirələr,
əldə olunan nəticələr və qəbul edilən
Bakı Bəyannaməsi bunun çox gözəl
sübutudur: “Arzu edirəm ki, Bakı qrupu Minsk qrupunun taleyini
yaşamasın. Eyni zamanda, bizim Helsinki Yekun Aktı prinsiplərini
burada müzakirə etməyimiz, çox ciddi olaraq bu prinsiplərin
bütün ATƏT regionuna və bütün münaqişələrə
tətbiq olunmasının vacibliyini
vurğulamağımız Azərbaycanda ümid yaradır ki,
gələcəkdə bütün münaqişələrə
eyni mövqedən yanaşmağa imkan verən və
onların həlli mexanizmlərini yarada bilən sənədlər
qəbul ediləcəkdir”.
ATƏT
Parlament Assambleyasının “Helsinki+40: Hər kəs
üçün təhlükəsizliyə doğru” devizi
altında keçirilən iyirmi üçüncü illik
sessiyası öz işini başa çatdırdı.
İclaslarda müzakirəyə çıxarılan
“Terrorçuluğa qarşı mübarizə”, “Rusiya
Federasiyası tərəfindən Helsinki prinsiplərinin
açıq, kobud və ədalətsiz şəkildə
pozulması”, “Helsinki + 40: məqsəd hər bir insana təhlükəsizlik”
və “ATƏT regionunda qaçqınların vəziyyəti”,
“ATƏT regionunda sosial iqtisadi hüquqların müdafiəsi
və inkişafı”, “ATƏT-in 40 illiyi - bölgədə
iqtisadi etibar və ümumi maraqlara cavab verən
yaşayış”, “Qida təhlükəsizliyi, su
ehtiyatlarının məhdudluğu və ATƏT bölgəsində
sabitllik” adlı qətnamələr və onlara müxtəlif
düzəlişlər qəbul olundu. Daha sonra
eyni adlı qətnamələr iyulun 1-2-də keçirilən
plenar iclasda müzakirəyə çıxarılaraq bəzi
düzəlişlərlə təsdiqləndi.
Bakıda baş tutan bu mötəbər toplantıda Azərbaycan
nümayəndə heyəti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
ölkəmizin tutduğu doğru yolu, hökumətin
apardığı uğurlu xarici siyasətin nəticələrini
bir daha quruma üzv olan dövlətlərin diqqətinə
çatdırdı. Bir həftə öncə AŞ PA-da
olduğu kimi, ATƏT PA-nın da sessiyasında bir daha Ermənistanın
təcavüzkar dövlət olduğu təsdiqləndi və
toplantıda iştirak edən erməni deputatlar nədənsə,
təxribata əl atmadılar. Çox
güman ki, NATO-nun Bakıda keçirilən seminarında erməni
həmkarlarının düşdüyü arzuolunmaz vəziyyəti
təkrar yaşamaq istəmədikləri üçün
onlar söylənilən fikirlərlə razılaşmalı
oldular.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 4 iyul.- S.4.