Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılmış və
Azərbaycan Respublikası Günü təşkil
edilmişdir
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından
Moskvada dindarlar üçün iftar süfrəsi
açılmış və Azərbaycan Respublikası
Günü təşkil edilmişdir.
Artıq
beşinci dəfədir ki, Leyla Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı
nümayəndəliyi Rusiya Müftilər Şurası tərəfindən
Moskva hökumətinin dəstəyi ilə təşkil edilən
nadir “Ramazan çadırı” xeyriyyəçilik və mədəni-maarif
layihəsində fəal iştirak edir.
Gecəyə
Azərbaycan diasporunun nümayəndələri, müxtəlif
millətlərdən olan və oruc tutan insanlar
toplaşmışdılar.
Əvvəlcə
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri
Aqşin Əliyev tədbir iştirakçılarına səfir
Polad Bülbüloğlunun təbriklərini və ən
xoş arzularını çatdırmışdır. Sonra
Rusiya Müftilər Şurası sədrinin müavini, Moskva
müftisi İldar Əlautdinov müqəddəs Ramazan
ayının əhəmiyyəti və oruc tutmağın
savabı barədə söhbət açaraq qeyd etmişdir
ki, Ramazan ayı bizə bir-birimiz üçün
açıq olmağı və bir-birimizə hörmət
etməyi öyrədir.
İ.Əlautdinov
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə
“Ramazan çadırı” layihəsində iştirakına
görə təşəkkürünü bildirərək
vurğulamışdır ki, Azərbaycan diasporu Rusiyanın
bir sıra başqa milli diasporları üçün örnəkdir.
Tədbir
iştirakçılarına “Baku Magazine TV” kanalı tərəfindən
dünya şöhrətli fotoqraf Reza Deqqatinin iştirakı
ilə çəkilmiş film-müsahibə nümayiş
etdirilmişdir. R.Deqqati “Baku” jurnalına verdiyi müsahibədə
Azərbaycana səfərləri haqda, ölkəmizdə
bütün dünya dinlərinin nümayəndələrinin
sülh və həmrəylik şəraitində
yaşaması barədə söhbət açır. Filmə
baxışdan sonra müqəddəs Qurandan surələr və
iftar duası oxunmuşdur. Müsəlmanlar oruclarını
açaraq Azərbaycan milli təamlarını
dadmışlar. İftar süfrəsi oruc tutan 700 nəfər
üçün açılmışdır.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AzərTAc-a bildirmişdir ki, Azərbaycan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dalbadal beşinci ildir bu layihədə fəal iştirak edir. O demişdir: “Ənənəyə görə, müqəddəs Ramazan ayında bir gün Leyla xanım Əliyevanın adından dindarlar üçün iftar süfrəsi açılır. Bu gün dindarlar Azərbaycan mətbəxinin təamlarını dadmış, milli musiqiyə qulaq asmışlar. “Baku” qrupunun ifasında canlı musiqi səslənmişdir. İftara gələnlər çadırın qarşısında açılmış “Azərbaycan” sərgisi ilə də tanış olmuşlar. Sərgidə Azərbaycan fotoqraflarının işləri - Bakının gözəl mənzərələrinin, ölkəmizin görməli yerlərinin və dini abidələrinin təsvirləri, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş çap məhsulları nümayiş etdirilirdi. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarx xüsusi marağa səbəb olmuşdur”.
İftar süfrəsində iştirak edən müxtəlif millətlərin nümayəndələri dindarlara göstərilən diqqətə və qədim dini ənənələrə hörmətə görə Leyla xanım Əliyevaya təşəkkür etmişlər.
Azərbaycan Respublikası Günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, habelə müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak etmişdir.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2014.- 4 iyul.- S.4.