Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilmişdir
İyulun
3-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin
müstəqilliyinin elan olunmasının 238-ci
ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil
etmişdir.
AzərTAc
xəbər verir ki, qəbulda dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin
Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin
nümayəndələri iştirak etmişlər.
Əvvəlcə
Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyevanın
ifasında hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə
çıxış edən ABŞ-ın Azərbaycandakı
səfiri Riçard Morninqstar ölkəsinin müstəqillik
tarixindən danışmışdır. Qeyd etmişdir ki,
1776-cı il 4 iyul ABŞ-ın “Müstəqillik Bəyannaməsi”nin
imzalandığı gündür. Bildirilmişdir ki, ABŞ
müstəqillik yolunda böyük çətinliklərdən
keçərək bu günə gəlib
çıxmışdır.
Azərbaycan-ABŞ
münasibətlərindən danışan diplomat iki ölkənin
birgə çox uğurlara nail olduqlarını söyləmişdir.
İyirmi ildən artıqdır ki, ABŞ-ın Azərbaycanın
müstəqilliyini və suverenliyini dəstəklədiyini
qeyd edən səfir iki ölkə arasında güclü tərəfdaşlığın
olduğunu söyləmiş və bu tərəfdaşlığın
daha da möhkəmlənəcəyinə əminliyini
bildirmişdir.
Azərbaycan Prezidenti və hökuməti adından ABŞ xalqını milli bayram münasibətilə təbrik edən maliyyə naziri Samir Şərifov ölkələrimiz arasındakı diplomatik münasibətlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq, qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Biz ABŞ ilə əlaqələrimizin inkişafına önəm veririk.
Siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişlənməsinin məmnunluq doğurduğunu bildirən Samir Şərifov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev həmişə ABŞ-Azərbaycan münasibətlərinə önəm vermiş, bu əlaqələrin hazırkı səviyyəyə çatmasında mühüm rol oynamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə birgə səylərin artırılmasına, o cümlədən təhlükəsizlik və enerji sahəsində əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
S.Şərifov diqqətə çatdırmışdır ki, ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səmərəli hüquqi baza yaradılmışdır. Azərbaycan ABŞ ilə qlobal və regional təhlükəsizlik, demokratik islahatlar, insan hüquqlarına hörmət, tolerantlıq kimi ümumi dəyərləri bölüşür.
Nazir ABŞ şirkətlərinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə iştirak etdiyini söyləmiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində əhəmiyyətli rol oynadığını diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan nazir qeyd etmişdir ki, rəsmi Bakı ATƏT-in Minsk
qrupunun həmsədr ölkəsi kimi ABŞ-a problemin həllində böyük
ümidlər bəsləyir. Ölkəmizin qlobal
enerji təhlükəsizliyinin təmini, regionda sabitliyin bərqərar
olunması istiqamətində əməkdaşlığı
bundan sonra da davam etdirəcəyini
söyləyən S.Şərifov mədəniyyət, turizm, idman sahələrində
əlaqələrin genişlənməsi üçün
səylərin əsirgənməyəcəyini diqqətə
çatdırmışdır.
Azərbaycan.-2014.- 4 iyul.- S.5.