“Azərbaycan qadını” jurnalının yay

 buraxılışının təqdimat mərasimi keçirilmişdir

 

Jurnalın yeni nömrəsində oxuculara maraqlı

 bədii-publisistik yazılar təqdim olunmuşdur

 

İyulun 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.

Tədbirdə Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadənin “İntro” musiqi albomunun təqdimatı olmuş və o, musiqi proqramı ilə çıxış etmişdir.

Təqdimat mərasimində çıxış edən tanınmış musiqişünas Cahangir Süleymanov “Azərbaycan qadını” jurnalının fəaliyyətini yüksək qiymətləndirmiş, Sevda Ələkbərzadənin yaradıcılığından söhbət açmışdır.

Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını”nın növbəti buraxılışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar təqdim edilmişdir.

“Azərbaycan qadını”nın səhifələrində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərə geniş yer verilmiş, Bakıda keçirilən Qafqaz Biomüxtəlifliyi Sammitinin əsas məqsədindən söz açılmış, “Dumanlı Albion”da yurddaşlarımızın diaspor təşkilatlarının fəaliyyətindən danışılmışdır.

Jurnalın yay buraxılışında oxucuları, həmçinin qadın şairlərlə, “Neftçi”nin canlı əfsanəsi olan Ələkbər Məmmədov, bizə gözəlliyin sadə formulunu açıqlayan müasirimiz Günel Rüstəmova, Azərbaycan orqan-klavesin mədəniyyətinin yaradıcıları və ifaçıları ilə maraqlı görüş gözləyir.

 

Azərbaycan.-2014.- 4 iyul.- S.7.