ATƏT PA-nın Bakı sessiyası
ölkəmizin
dünyada
artan nüfuzunu bir daha təsdiqlədi
Bahar MURADOVA: “Bu beynəlxalq
toplantıda Azərbaycan
yeni
standart nümunəsi müəyyənləşdirdi”
İyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası keçirildi. Beynəlxalq konfransların, dialoqların keçirildiyi bir məkana çevrilən paytaxtımızda bir sıra mühüm qərarlar, qətnamələr və Bakı Bəyannaməsi qəbul olundu, ATƏT-in Bakı qrupu yaradıldı. Ölkəmizin təşəbbüsü ilə gerçəkləşən ATƏT-in bu sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri bütün sessiyalarda olduğu kimi, bunda da əksər məsələlərin müzakirəsində fəal iştirak edib dövlətimizin mövqeyini ifadə etdilər.
Milli Məclisin Sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar MURADOVA qəzetimizə verdiyi müsahibədə 5 gün ərzində Bakıda keçirilən mötəbər toplantıda qəbul olunan mühüm sənədlər və komitələrdə aparılan müzakirələr barədə ətraflı məlumat verdi.
- ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyası başa çatdı. Bu konfransın Azərbaycan üçün önəmi nə idi?
- Azərbaycan ATƏT-in bərabərhüquqlu üzvüdür. Neçə ildir ki, ölkəmiz bu qurumda iştirakı ilə öz töhfələrini verir. Təkcə bu təşkilata üzv olmaq, tədbirlərdə iştirak etmək, müzakirə olunan məsələlərə münasibət bildirmək və yaxud öz problemlərini qaldırmaq kimi məsələləri deyil, eyni zamanda, bu işin təşkil olunması öhdəliyini də ölkələr üzərilərinə götürürlər. Təbii ki, bu öhdəliklər könüllü götürülür. Təşəbbüs ölkələrdən gəlməlidir. Çünki ATƏT-in tədbirləri rotasiya qaydası ilə keçirilmir. Bakıda tədbirin keçirilməsi təşəbbüsünü də Azərbaycan irəli sürüb. Şifahi və yazılı müraciətlərimizdən sonra adı çəkilən toplantının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Ona görə də hesab edirəm ki, bu, Azərbaycan üçün bütün mənalarda əhəmiyyətli bir tədbirdir. Bu tədbirin ölkəmizdə təşkil olunması ATƏT PA-nın üzvü olan digər parlamentarilərdə, beynəlxalq təşkilatların nümayəndələrində Azərbaycan haqqında daha dəqiq təsəvvürlərin formalaşmasına, zənginləşməsinə xidmət etdi. Eyni zamanda, Azərbaycanın üzləşmiş olduğu Dağlıq Qarabağ problemi və onun doğurduğu acı nəticələr barədə də ətraflı fikir formalaşdırmaq üçün bu tədbirin böyük əhəmiyyəti var idi. Bu həm də çoxtərəfli əsasda Azərbaycan parlamentinin həmin ölkələrlə əməkdaşlığının göstəricisidir. Hər bir ATƏT üzvü olan ölkələrlə ikitərəfli əməkdaşlıqda uğurlar qazanılır. Amma çoxtərəfli əməkdaşlıq məsələlərə qlobal, çoxvektorlu yanaşma tələb edir və hər ölkə özünü buna hazır bilmir. Azərbaycan isə özünün elə bir inkişaf səviyyəsindədir ki, belə bir tədbirin keçirilməsinə həm imkanı, həm mənəvi haqqı çatır. Ona görə də biz bu tədbirin öhdəsindən layiqincə gələ bildik. Təşkilatçılıq belə beynəlxalq tədbirlərin keçirilməsi sahəsində olan mövcud standartların ən üstün tələblərinə cavab verdi. Hətta deyərdim ki, Azərbaycan yeni standart nümunəsi ortaya qoydu və düşünürəm ki, ATƏT-in Bakı sessiyası barədə hələ çox fikir mübadiləsi gedəcək. ATƏT PA-nın Bakı sessiyası Azərbaycanın dünyada artan nüfuzunu bir daha təsdiq etdi. Ən əsası onun mahiyyəti, qəbul olunan sənədlər, bu sənədlər ətrafında keçirilən çox rəngarəng, ziddiyyətli, bəzi hallarda isə gərgin diskussiyalar, həm də Azərbaycanın ictimai-siyasi elitasında bu təşkilatın necə işlədiyi barədə təsəvvürləri daha da zənginləşdirdi. Çünki Azərbaycanda ATƏT ancaq Minsk qrupu və Dağlıq Qarabağ münaqişəsinə münasibətlə dəyərləndirilir, çox zaman da bu, birtərəfli olur. Ona görə də hər kəs bilməlidir ki, ATƏT təkcə münaqişələrin önlənməsi, nəticələrinin aradan qaldırılması ilə deyil, onun 3 səbətinə (hərbi-siyasi, iqtisadi və humanitar) daxil olan çox geniş spektrli məsələlərin müzakirə olunduğu və BMT-dən sonra dünyanın ən çox saylı ölkələrinin üzvü olduğu təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır. Ona görə də bu tədbirin həm ATƏT, həm də Azərbaycan üçün çox mühüm əhəmiyyəti vardı.
- Azərbaycanın təmsil olunduğu beynəlxalq qurumlarda nümayəndə heyətlərimizin bir nömrəli məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan qərar və qətnamələrin icra mexanizminin tapılmasına nail olmaqdır. Lakin hələ ki, əsas məqsədə çata bilməmişik. Sizcə, səbəb nədir?
-
ATƏT-in Minsk qrupu bu məsələdə vasitəçidir.
Bu qrupun həmsədrlərinin apardıqları
sülh danışıqları prosesində iştirak edirik,
amma bu vasitəçilik bizi qane etmir. Eyni
zamanda, biz bunu tənqid edirik və açıq mövqeyimizi
ifadə edirik. ATƏT BMT-nin bir regional
qurumudur və çox təəssüf ki, BMT-nin Təhlükəsizlik
Şurasının qəbul etdiyi qətnamələrin belə,
həyata keçirilməsi mexanizmi yoxdur. Ona
görə də bu, təkcə ATƏT-in nöqsanı
deyil. Lakin bu da bir faktdır ki, hərdən
qətnamələrin yerinə yetirilməsi mexanizmi
tapılır. Ona görə də hesab edirəm ki, bu
fikri Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hər hansı sənəd qəbul edən beynəlxalq
təşkilatların
hər birinə aid etmək lazımdır. Belə bir sənədin qəbul olunmasına gəlincə
isə deyə bilərəm ki, ATƏT PA-da bu günə qədərki
mövcud münaqişələrlə bağlı yalnız
birtərəfli, münaqişə tərəflərinin
yalnız biri üçün uğurlu, yaxud da ciddi olmayan
tövsiyə xarakterli sənədlər qəbul olunub. Ona görə də bu qətnamələrin həyata
keçirilməsi heç zaman mümkün olmayıb və
münaqişələrə öz ciddi təsirini göstərməyib.
Ancaq Azərbaycanda keçirilən tədbirdə Helsinki Yekun
Aktı prinsiplərinin çox ciddi şəkildə
pozulması ilə bağlı ABŞ tərəfindən
verilən bir sənəd müzakirə olundu ki, bu, artıq harada
baş verməsindən asılı olmayaraq, bu cür
münaqişələrlə bağlı ATƏT-ə bundan
sonrakı fəaliyyəti dövründə yalnız bu
aspektdən münasibət bildirməsi öhdəliyi
yaradacaq.
-
ATƏT-in Bakı sessiyasında çox vacib sənədlər
müzakirəyə çıxarıldı və dediyiniz
kimi, gərgin, ziddiyyətli diskussiyalar oldu. Konkret
olaraq hansı sənədin müzakirəsi ciddi əhəmiyyət
kəsb edirdi?
- Biz ev sahibi olaraq əsas diqqəti ona yönəltdik
ki, Bakıda keçirilən bu tədbir hərtərəfli
qarşıya qoyulan hədəflərə çatmaq
üçün lazımi şərait yaratsın. Biz Dağlıq Qarabağla bağlı ayrıca bir
sənədin müzakirə olunmasına israr etmədik.
Ən azı ona görə ki, biz dəfələrlə
bu müzakirələrin nə ilə nəticələndiyini
bilirik. Ona görə də belə bir sənədin
müzakirəyə çıxarılacağı təqdirdə
diğər məsələlərin müzakirəsi üzərinə
kölgə salacağına və hansısa bir
narahatçılıq yaradacağına əmin idik. Hesab edirəm ki, doğru qərar verdik və bilirdik
ki, toplantıda müzakirəyə çıxarılacaq bir
çox məsələlər ətrafında Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ciddi
diskussiyalar aparmaq imkanı olacaq. Biz də
bu imkandan maksimum istifadə etdik. Əsas
müzakirə olunan sənədlərdən biri Helsinki Yekun
Aktı prinsiplərinin pozulması ilə bağlı sənəd
idi. Bu prinsiplərin çox ciddi şəkildə
pozulması və bunun da ABŞ başda olmaqla bütün Qərbi
Avropa ölkələrinin nümayəndələrinin dilindən
səslənməsi, eləcə də onun
qarşısının çox təkidlə alınması
tələbləri ortadadır. Ona görə
də hesab edirəm ki, bu, elə bizim maraqlarımıza
uyğun gələn müzakirə idi. Biz
bu müzakirə çərçivəsində öz
sözümüzü açıq şəkildə dedik.
Həm qəbul olunan qətnamədə, həm bu qətnaməyə
təklif olunan əlavə bəndlərdə, hansı ki,
onların hər biri ayrı-ayrılıqda bir sənəddir,
dövlətlərin ərazi bütövlüyü,
suverenliyi, sərhədlərin toxunulmazlığı, güc
tətbiq etməklə ərazi bütövlüyünə
yönəlmiş cəhdlərin qarşısının
alınması prinsipləri ardıcıl şəkildə
öz əksini tapdı. Hətta xalqların
öz müqəddəratını təyin etmək istiqaməti
ilə bağlı prinsipin qabardılmasına cəhd edən
dairələr belə, onu bu prinsiplərdən önə
keçirə bilmədilər. Helsinki
Yekun Aktı prinsiplərinin özlüyündə bu
ardıcıllıq gözlənilir. Amma
biz onun tətbiqi zamanı çox vaxt millətlərin öz
müqəddəratını təyinetmə prinsipinə tabe
etdirilməsinin şahidi olurduq. Ancaq burada
görünən o idi ki, birmənalı olaraq hər kəs ərazi
bütövlüyü, suverenlik prinsipi çərçivəsində
bu məsələyə baxılmasının
mümkünlüyünü qəbul edir. Bu da Azərbaycanın
22 il müddətində istinad etdiyi
prinsiplərdir, göstərdiyi mövqedir ki, Bakı
toplantısında həmkarlarımız tərəfindən
səsləndi. Hesab edirəm ki, bu,
bütövlükdə münaqişələrə tətbiq
olunacaq sonrakı sənədlərin qəbulu zamanı
çox ciddi bir istinad nöqtəsidir və biz də gələcəkdə
həmin sənəddən yararlanacağıq.
- Azərbaycan
nümayəndə heyətinin bu sessiyadan gözləntisi nə
idi və tam olaraq ölkəmizin mövqeyini ifadə edib
öz istəyinə çata bildimi?
- Bəli.
Azərbaycanın gözləntisi ondan ibarət
idi ki, öncə toplantı yüksək səviyyədə
keçsin, diskussiyalar üçün rahat şərait
yaransın, texniki təminat, təhlükəsizlik məsələləri
yüksək səviyyədə olsun. Eyni
zamanda, gələn qonaqların mədəni proqramlarda, Azərbaycanı
tanımaq üçün nəzərdə tutulan tədbirlərdə
iştirakı təmin edilsin. Biz buna nail
olduq və hesab edirəm ki, bu, Azərbaycanın uğurudur. Hesab edirəm ki, bundan sonra keçirilən tədbirlərdə
bu standarta çatmaq üçün bir çox ölkələr
ortaya böyük səy qoymalıdırlar. Bu tədbirdə hədəfimizə
çatdığını sübut edən digər məsələ
isə toplantının məzmunudur. Qəbul
olunan həm Bakı Bəyannaməsində əksini tapan məsələlərə
münasibətimiz, həm bu bəyannaməyə əlavə
edilən bəndlər ətrafında aparılan diskussiyalarda
iştirakımız və ayrı-ayrı mövzulara bizim
verdiyimiz töhfələr bunu sübut edir. Hesab edirəm ki, biz bütövlükdə hədəfimizə
çatdıq. Ən azı, mövqelərimizi
açıq şəkildə ifadə edə bildik.
Konkret hədəfimiz də ondan ibarətdir ki, Azərbaycanı
tanıdaq, onun nailiyyətlərini dünyaya təbliğ edək,
haqqımızda səsləndirilən tənqidi fikirləri nəzərə
alaq. Ən əsası
isə bu cür geniş tərkibli təşkilatda Azərbaycanın
əsas problemi olan Dağlıq Qarabağla bağlı həqiqətləri
onların diqqətinə çatdıraq və bu məsələyə
təsir göstərə biləcək, istinad nöqtələrimizi
artıra biləcək sənədlərin qəbuluna nail
olaq. Azərbaycan nümayəndə heyətinin
ATƏT PA-da fəaliyyəti görünəndir. Bütün proseslərə müdaxilə edən,
tənqidi fikir səsləndirən bir nümayəndə heyətimiz
var. Hesab edirəm ki, biz məqsədlərimizə nail olduq.
-
Toplantıda qəbul olunan Bakı Bəyannaməsində
prioritetlər nədən ibarətdir?
- Bakı Bəyannaməsi hər 3 komitədə
müzakirə olunan məruzələri və onların əsasında
qəbul olunan qətnamələri özündə əks
etdirir. Bəyannaməyə daxil edilən əlavələrlə
bağlı da Azərbaycanın öz mövqeyi vardı və
biz yekun səsvermədə buna münasibət bildirdik.
Bəyannamədə
qeyd olunur ki, ATƏT regionunda uzanmış münaqişələrin
həlli istiqamətində tədbirlərin görülməsi
və bu münaqişələrin həllində irəliləyişin
sülh yolu ilə və danışıqlar vasitəsilə,
o cümlədən BMT Nizamnaməsinə, Helsinki Yekun
Aktına və beynəlxalq hüquqa uyğun şəkildə
əldə olunması əsas vəzifələrdən
biridir. Sənəddə ATƏT-ə üzv
dövlətlərin sərhədlərinin
pozulmamasının və Helsinki Yekun Aktında əksini tapan ərazi
bütövlüyü prinsiplərinə əməl edilməsinin
vacibliyi vurğulanır. Münaqişə
regionlarında geniş yayılan və hər il
çoxlu sayda insanın, o cümlədən mülki vətəndaşların
həlak olmasına səbəb olan silahların qanunsuz ticarətinin
qarşısının alınması üçün yeni tədbirlərin
görülməsinə çağırış edilir.
ATƏT
üzv ölkələri terrorizmlə mübarizə ilə
bağlı milli qanunvericiliklərini BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğun olaraq
terrorizmlə mübarizə istiqamətində
götürdükləri beynəlxalq öhdəliklərinə,
eyni zamanda, antiterror konvensiyalarına və beynəlxalq mütəşəkkil
cinayətkarlığa qarşı BMT-nin konvensiyalarına
uyğunlaşdırmağa çağırır və s.
Hesab edirəm ki, bəyannaməyə edilən əlavələr
çox ciddi və bundan sonrakı fəaliyyətimiz
üçün əldə rəhbər tutulacaq bir sənədlərdir.
- Sessiyada
ATƏT-in Bakı qrupu da yaradıldı. Necə
düşünürsünüz, bu qurum da Minsk qrupu kimi fəaliyyət
göstərməyəcək ki?
- Bu, bəlkə
də taleyin ironiyasıdır ki, Minsk qrupundan 22 ildir
Dağlıq Qarabağ məsələsinin həllində
konkret təkliflər və yeni mexanizmlər gözləyən
bir ölkənin paytaxtında daha bir münaqişə
üçün Bakı qrupu yaranır. Əlbəttə,
Bakı qrupu, Bakı Bəyannaməsi adı ilə deyilən
terminlər hələ uzun illər siyasi arenada istifadə
olunacaq. Amma biz çox istərdik ki,
istinad edilən bu terminlər yalnız istinad obyekti kimi
qalmasın. Həqiqətən də, iki
qardaş ölkə olan Ukrayna və Rusiya arasındakı
problemi həll etmək üçün bir nəticə
versin. Çox arzu edərdim ki, hər iki
ölkə problemin sülh yolu ilə aradan
qaldırılması üçün səy göstərsinlər.
Çünki bu, təkcə 2 ölkənin
yox, regionun problemidir. Hesab edirəm ki, gələn il Helsinkidə keçiriləcək yubiley
toplantısında çox ciddi məsələlər
müzakirə olunacaq. İstərdim ki, Bakı
qrupu Minsk qrupunun taleyini yaşamasın.
- Sessiyada
iştirak edən danimarkalı deputat Karsten Lauritzenin
etirazlarını necə qəbul etdiniz və sizcə,
avropalı deputata bəlli deyilmi ki, ATƏT-in sessiyası
keçirilən məkana qeydiyyatsız heç bir şəxs
buraxılmır?
- Əvvəla onu deyim ki, neçə ildir bu qurumda fəaliyyət göstərirəm, indiyə qədər belə bir deputatın olduğu barədə məlumatım yox idi. Bu deputatın hansısa məsələ ətrafında çıxış etdiyinin şahidi də olmamışam. Bakı sessiyasında da onlar nümayəndə heyətimizin yanında əyləşmişdilər və həmin deputatın heç bir çıxışının şahidi olmadıq. Elə bir təsəvvür formalaşır ki, bu insanın Bakıya gəlişinin məqsədi AXCP sədri Əli Kərimli ilə foyedə kofe içmək imiş. Buna da icazə verməyəndə o, etiraz etdi. Mən bununla bağlı çıxışımda vurğuladım ki, ATƏT-in toplantısının öz prosedur qaydası var. Bunun Azərbaycana heç bir dəxli yoxdur. Bu tədbir keçirilərkən dəvət olunan insanlar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. ATƏT-in heç bir tədbirində Bakı toplantısında olduğu kimi, KİV, QHT təmsilçisi iştirak etməyib. Tədbir keçirilən binaya buraxılış vəsiqəsi olmayan şəxs buraxılmır. Bunu hər kəs bilir. Eyni qayda ATƏT PA-nın üzvlərinə də şamil edilirdi. Hətta digər hotellərdə qalan nümayəndə heyətinin hər hansı bir üzvü buraxılış vəsiqəsini unutsa, toplantıya buraxılmırdı.
İndi məlum partiya sədri deyir ki, bu, Azərbaycan hökumətinin mənə qarşı olan münasibətinin elementidir. Azərbaycan hökumətinin işi-gücü yoxdur bəyəm, hansısa hotelə kiminsə girib-çıxması ilə məşğul olsun? Azərbaycan bu tədbirin keçirilməsi üçün yalnız şərait yaradır. Ona görə də belə bir addım atmaq diqqəti özünə çəkməkdən başqa bir şey deyil. Hesab edirəm ki, Əli Kərimli bir azərbaycanlı kimi öz qonaqpərvərliyini göstərərək həmin deputatları özü başqa bir yerə dəvət etməli idi, nəinki onların dəvəti ilə gəlib toplantı keçirilən yerdə kofe içməli idi.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 5 iyul.- S.2.