Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi, dövlət qurumları tərəfindən onların müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir informasiya-kommunikasiya texnologiyaları və elektron xidmətlər geniş tətbiq olunmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 4-də ədliyyə naziri Fikrət Məmmədov Siyəzən şəhərində Şabran, Xızı, Abşeron, Siyəzən və digər rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirmişdir.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Həmçinin Heydər Əliyev Mərkəzi ilə tanışlıq olmuşdur.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Səfər zamanı ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək hakimlər və ədliyyə işçiləri ilə görüşmüş, onların fəaliyyəti və şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, vətəndaş-məmur münasibətlərinin Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət edilməsi, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını vermişdir.

 

Azərbaycan.-2014.- 5 iyul.- S.3.