Sankt-Peterburqda mədəniyyətlərarası
və dinlərarası dialoq üzrə “Asiya-Avropa” Forumunun yüksək
səviyyəli konfransı keçirilir
Rusiyanın
Sankt-Peterburq şəhərində mədəniyyətlərarası
və dinlərarası dialoq üzrə “Asiya–Avropa” Forumunun
(ASEM) yüksək səviyyəli konfransı keçirilir.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, iyulun 3-də başlamış konfrans Rusiya
Federasiyasında “Mədəniyyət ili” çərçivəsində
bu ölkənin Xarici İşlər Nazirliyinin dəstəyi
ilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil
edilmişdir.
İki
günlük konfransın işində ASEM-in
iştirakçısı olan ölkələrin müvafiq
nazirlik və qurumlarının rəhbərləri, müxtəlif
dinlərin, Rusiyanın Mədəniyyət və Xarici
İşlər nazirliklərinin nümayəndələri,
habelə mədəniyyət, incəsənət və elm
xadimləri iştirak edirlər.
“Sivilizasiyalar
arasında həmrəylik davamlı inkişafın zəruri
şərti kimi” mövzusunda konfransın keçirilməsi
dünyanın mədəni müxtəlifliyinin müsbət
potensialının dağılmasının aradan
qaldırılmasının səmərəli
üsullarının axtarılmasına yönəlmiş beynəlxalq
səylərin mühüm tərkib hissəsidir. ASEM
dünyadakı əsas dinləri təmsil edən ölkələrin
qeyri-rəsmi ünsiyyəti baxımından açıq olan
beynəlxalq forum kimi belə dialoq üçün ən
uyğun meydanlardan biridir.
Konfransın
əsas məqsədləri sırasına dinlərarası və
sivilizasiyalararası tərəfdaş və bərabərhüquqlu
dialoqun formalaşması, Avropa və Asiya cəmiyyətləri
arasında qarşılıqlı anlaşmanın
qurulması, müxtəlif mədəni və dini ənənələrin
qarşılıqlı konstruktiv fəaliyyətinin təmin
olunması üçün ümumi platformanın
yaradılmasıdır. Həmçinin konfransın məqsədləri
sırasına müasir cəmiyyətdə dinlərarası
və mədəniyyətlərarası münasibətlərin
yaxşılaşdırılmasının daha səmərəli
metodlarının və prioritet məsələlərinin
ümumi anlaşılmasının təmin edilməsi üzrə
ASEM-ə üzv ölkələrin səylərinin birləşdirilməsinə
yardım məsələləri daxildir.
Tədbirdə
Rusiyanın xarici işlər nazirinin müavini İqor Marqulov,
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy,
həmçinin xristian, islam və yəhudi
konfessiyalarının təmsilçiləri
çıxış etmişlər.
MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Fondun yaranma tarixi və fəaliyyəti haqda tədbir iştirakçılarına məlumat vermişdir. O, Fondun siyasətlə məşğul olmadığını və qarşılıqlı anlaşmanın, tolerantlığın artırılmasına, mədəni əlaqələrin inkişafına xidmət edən humanitar layihələri önə çəkdiyini vurğulamışdır.
P.Bülbüloğlu Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə yaşamasından, dövlətin dini icmalara dəstəyindən danışmışdır. O, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda dövlət vəsaiti hesabına Pravoslav Dini-Mədəniyyət Mərkəzinin və sinaqoqun inşa edilərək təmənnasız olaraq dini icmaların istifadəsinə verildiyini demişdir.
Səfir bu gün dünyanın “burulğan” zonasında olduğunu və orta əsrlərdəki kimi münaqişələrdə qan axıdıldığını qeyd edərək, ASEM-ə üzv ölkələri dövlətlərarası münaqişələrin ədalətli həllinin müdafiəsi üçün beynəlxalq təşkilatlarda daha fəallıq nümayiş etdirməyə çağırmışdır.
ASEM özündə 30 Avropa,
21 Asiya ölkəsini birləşdirir.
Azərbaycan.-2014.- 5 iyul.- S.6.