Xarici siyasətdə əsas prioritet Dağlıq Qarabağ münaqişəsinin həllidir

 

Prezident İlham ƏLİYEV: “Ermənistan-Azərbaycan

 münaqişəsi bütün regionu təhlükə altına salır”

 

Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində regionun maraq və mənafeyini qətiyyətlə müdafiə edən lokomotiv dövlətinə çevrilib. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir.

 

Respublikamızın ötən müddətdə diplomatiya sahəsində əldə etdiyi uğurlar isə konseptual əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasətin uğurlarıdır. Xarici siyasətdə varisliyin qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda layiqli yerini tutması, maraq və mənafelərini təmin etməsi baxımından son dərəcə vacibdir. Ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanı AŞ PA-da təmsil edən parlament nümayəndə heyətinin səyləri nəticəsində təşkilatın 2005-ci il yanvar sessiyasında qəbul etdiyi rəsmi sənəddə Ermənistan təcavüzkar dövlət kimi tanınmış, Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının yolverilməz olduğu vurğulanmışdır. Təşkilatın 1416 saylı qətnaməsində Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunduğu və separatçı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə nəzarət etdiyi göstərilmiş, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunmuş tələblərin yerinə yetirilməsinin və silahlı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi vurğulanmışdır. Bu tələblər AŞ PA-nın 2005-ci il 1690 saylı tövsiyəsində də öz əksini tapmışdır. ATƏT-in faktaraşdırıcı missiyası nümayəndələrinin 2005-ci ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı isə orada ermənilərin kütləvi şəkildə qanunsuz olaraq məskunlaşdırıldığı təsdiq olunmuş, bu fakt təşkilatın yekun hesabatında özünə yer almışdır.

Ötən illərdə Azərbaycanın haqlı mövqeyi təkcə Avropa Şurasında deyil, BMT, Avropa Birliyi, ATƏT, NATO, İƏT, GUAM və digər beynəlxalq təşkilatlarda da dəstəklənmişdir. 2010-cu il noyabrın 19-20-də Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişələrin məhz bu prinsipləri nəzərə almaqla həllinin vacibliyi vurğulanmışdır. Avropa Parlamenti tərəfindən qəbul edilmişAvropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı” adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmişdir. Qətnamədə, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunmuşdur.

Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi də güclənmişdir. Ölkəmiz beynəlxalq münasibətlər sistemində yaxşı imic və hörmət qazanmışdır. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halı almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, II Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

Azərbaycanın “hücum diplomatiyası”nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikanın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Dövlət başçısı istər ölkə daxilində, istərsə də xaricdə keçirilən mötəbər tədbirlərdə yüksək ali tribunalardan Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında, eləcə də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğrudevizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasında da ölkə başçısı bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti yönəltməklə Ermənistan rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bir daha bəyan etdi. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 20 il keçsə də, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki, fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi  üzündən sülhə gəlmək mümkün olmayıb.

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında bu məqamlara toxunub: “Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə, əslində, donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağonun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir. Artıq qeyd etdiyim kimi, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq orqanı - BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, öncə qeyd etdiyim kimi, bu qətnamələr icra edilməyib”.

Ermənistanı destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərmək üçün zəruri təzyiq vasitələrindən istifadə etməməsidir. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalarsivil tənzimləmə presedentləri mövcud olsa da, həmsədrlər ötən müddətdə “Ermənistan və Azərbaycanın siyasi razılığa gəlməsikimi bir mövqeyi önə çəkirlər. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Buna görə də işğalçı tərəf indiyə qədər müəyyən bəhanələrlə danışıqlar prosesini uzatmağa, vaxt udmağa çalışır, bunu ən pis variantlar sırasında “ən optimal gedişkimi dəyərləndirir. “Nə hərb, nə sülh” vəziyyəti xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan “yaxşı” variant görmür.

Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğrudevizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasında Ermənistanın qeyri-konstruktiv mövqedən geri çəkilmədiyini bir daha diqqətə çatdırıb: “Münaqişənin həlli üçün atılacaq addımları aydın şəkildə müəyyən edən ATƏT-in qərarları, xüsusən də Lissabon zirvə görüşünün qərarları da kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Ermənistan, sadəcə, onlara məhəl qoymur. Onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmaq istəmirlər, mövcud vəziyyəti qoruyub saxlamaq fikrindədirlər. Onlar hətta ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlara belə məhəl qoymurlar. ABŞ, RusiyaFransa prezidentləri aydın şəkildə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, status-kvo dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmağa başlamalıdır. Lakin Ermənistan bu bəyanatlara məhəl qoymur. Buna görə də beynəlxalq təşkilatların qərarlarının icrası, Azərbaycanın ərazi bütövlüyünün bərpası və münaqişələrin ölkələrin ərazi bütövlüyü əsasında həlli hər hansı qarşıdurmanın uğurla aradan qaldırılması üçün əsas şərtlərdən biridir”.

Azərbaycan rəhbərliyi beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət xətti yürüdür. Təcrübə göstərir ki, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevikadekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən ölkələr tez bir zamanda qarşıya qoyduqları bütün məqsədlərə yetişə bilirlər.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 5 iyul.- S.1.