Azərbaycan beynəlxalq tədbirlərə
yüksək
səviyyədə ev sahibliyi edən
məkan kimi tanınır
Prezident
İlham ƏLİYEV: "Bu gün Azərbaycan müstəqil
siyasət yürüdən, qlobal siyasi proseslərlə və
beynəlxalq əlaqələr sistemi ilə bağlı
öz mövqeyi olan və böyük beynəlxalq nüfuza
malik bir ölkə hesab edilir"
Azərbaycanın iqtisadi qüdrətinin güclənməsi ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində də respublikamızın aparıcı rola malik olduğunu da təmin edib. Ölkə başçısının yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir.
Bu xarici siyasət müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.
Ötən 10 ildə ölkəmizin dünyadakı mövqeləri xeyli güclənmişdir. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiqləyir.
Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirdi. Dünyanın 50-dən çox ölkəsindən yüksək səviyyəli dövlət xadimlərinin iştirak etdiyi II Qlobal Açıq Cəmiyyətlər Forumu Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb etmişdir. Bakıda səfərdə olan sabiq dövlət və hökumət başçılarının ümumilikdə 200-dək tanınmış siyasi və ictimai xadimin dünyanı narahat edən qlobal problemləri paytaxtımızda müzakirə etmələri çox mühüm hadisə oldu. Şübhəsiz ki, forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat verəcəklər.
İki gün davam edən tədbir çərçivəsində aparılan müzakirələrdə dünyadakı dondurulmuş münaqişələrə də diqqət yönəldildi. Bu sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı aparılan müzakirələri xüsusi qeyd etmək olar. Beynəlxalq təşkilatların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının bu tip problemlərin həlli istiqamətində daha fəal olması və bütün imkanlarını səfərbər etməsinin vacibliyi bir daha qeyd edildi. Forumun Bakıda keçirilməsi dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi.
Son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun ildən-ilə yüksəldiyini bir daha göstərdi. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələrinin bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi Bakını seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb etmişdir.
Azərbaycan paytaxtında bu yaxınlarda Milli Məclis və NATO Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda 86-cı Rouz-Rout seminarının keçirilməsi mühüm hadisə kimi yadda qaldı. Bakıda üçüncü dəfə keçirilən Rouz-Rout seminarı əlamətdar bir vaxta "Sülh naminə tərəfdaşlıq" Proqramının və Azərbaycanın bu proqrama qoşulmasının 20-ci ildönümünün tamam olması ilə üst-üstə düşmüşdür. Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq aparmaq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə, təhlükəsizlik və müdafiə islahatları ilə bağlı məsələlərdə praktik əməkdaşlıqdan ibarətdir. Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsi prinsipindən çıxış edərək NATO rəhbərliyi ilə sülhü dəstəkləmə əməliyyatlarına yaxından qoşulmuşdur.
Bakıda ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının keçirilməsi adı çəkilən qurumla əməkdaşlığımızın uğurla inkişaf etdiyini bir daha göstərdi. Sessiyada ATƏT-in 2011-2014-cü illərdə gördüyü işlərdən danışıldı. Sessiyasının plenar iclasının açılışında ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ölkəmizin belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Prezidentinə minnətdarlıq etdi.
Sessiya çərçivəsində "Ekstremizm, radikalizm və ksenofobiyanın artması: ATƏT regionu üçün çağırış" mövzusunda xüsusi müzakirə keçirildi. Müzakirələrdə ekstremizm, radikalizm və ksenofobiyanın region və bütün dünya üçün yaratdığı təhlükədən bəhs edildi. Quruma üzv ölkələrin bu problemlərlə mübarizə istiqamətində daha sıx əməkdaşlığının zəruriliyi vurğulandı.
İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İsveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyev Avropanın "Neurope.eu" informasiya portalına verdiyi müsahibədə bildirib: "Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur. Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz, həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini vermişdir".
Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. Ötən 10 illik fəaliyyətin təhlili göstərir ki, bu müddətdə iqtisadi inkişaf strategiyası uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. Əldə olunan uğurların beynəlxalq təşkilatların hesabatlarında əksini tapması isə bu siyasətə alternativin olmadığını bir daha sübuta yetirir.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 6 iyul.- S.1;3.