Bakıda Dünya
Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil
olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilir
Bakıda
Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə
Nazirliyinin təşkilatçılığı ilə
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF)
ölkəmizin də daxil olduğu Seçki Qrupunun növbəti
toplantısı işə başlamışdır.
Azərbaycan Mərkəzi Bankından AzərTAc-a bildirmişlər ki, tədbir üzv ölkələr üzrə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda müdir və alternativ müdir vəzifəsini yerinə yetirən səkkiz ölkənin maliyyə, eləcə də iqtisadi inkişaf nazirlərinin, mərkəzi bank rəhbərlərinin, həmçinin dünyanın ən aparıcı iki iqtisadi qurumunun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilir.
Hökumət nümayəndələri və Seçki Qrupunda təmsil olunan üzv ölkələrin iştirakçılarının qatıldığı iclasdan öncə “Resurslarla zəngin ölkələrdə iqtisadi diversifikasiya və makroiqtisadi siyasət məsələləri” mövzusunda seminar keçirilmişdir. Mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən seminarda Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının başlıca prioritetlərindən biri olan milli iqtisadiyyatın istehsal və ixracyönümlü diversifikasiyası məsələlərindən bəhs olunmuşdur. Hökumət nümayəndələri həm Azərbaycan, həm də regiondakı uğurlar və çağırışlar barədə zəngin təcrübələrini təqdim etmişlər. Həmçinin iştirakçılar öz akademik yanaşmalarını və qlobal miqyaslı zəngin təcrübələrini bölüşmüşlər.
Seminarın açılış mərasimində çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov tədbirin əhəmiyyətini vurğulayaraq, Seçki Qrupunun toplantısı çərçivəsində aparılan müzakirələrin qlobal iqtisadiyyat qarşısında duran çağırışlara cavab vermək istiqamətindəki səylərə mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir. Seçki Qrupunun Bakı toplantısını Azərbaycanla DB və BVF arasındakı əməkdaşlığın yüksək səviyyəli göstəricisi kimi qiymətləndirən E.Rüstəmov demişdir ki, ötən 20 il ərzində Azərbaycanda iqtisadi islahatların aparılmasında hər iki qurum fəal iştirak etmiş, daim Azərbaycana hərtərəfli maliyyə, texniki və intellektual dəstəyi vermişlər.
Azərbaycanın DB və BVF ilə strateji əməkdaşlığının tarixi əhəmiyyətinə toxunan E.Rüstəmov əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd etmişdir. Azərbaycanın sürətli iqtisadi inkişaf modelinin unikallığı üzərində dayanan Mərkəzi Bankın sədri ölkə iqtisadiyyatı qarşısındakı çağırışlardan danışmışdır.
Ölkəmizin davamlı inkişafının nəticələrindən söz açan E.Rüstəmov bildirmişdir ki, son on ildə milli iqtisadiyyatın həcmi 3,6 dəfə böyümüş və bu göstəriciyə görə 1995-ci ildə 124-cü yeri tutan Azərbaycan hazırda dünyada 65-ci ölkədir. 1995-ci ildən indiyədək adambaşına düşən nominal ümumi daxili məhsul orta hesabla hər 5 ildən bir 2 dəfədən çox artmışdır. Orta gəlirli ölkə qrupuna daxil olmaq üçün Azərbaycana cəmi 3 il vaxt lazım olmuşdur. Son 10 ildə ölkədə iqtisadi inkişafın inklüzivliyi də əhəmiyyətli dərəcədə artmışdır. Yoxsulluq səviyyəsi 11 dəfədən çox azalaraq 90-cı illərin əvvəlindəki 60 faizdən 5,3 faizə enmişdir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ötən 10 ildə əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələmişdir. Azərbaycanın beynəlxalq reytinqləri də davamlı şəkildə yaxşılaşır. Hazırda ölkəmiz qlobal rəqabətlik indeksində dünyada 39-cu yerdə, makroiqtisadi sabitlik üzrə isə 8-ci yerdə qərarlaşmışdır. İqtisadi mühitin yaxşılaşması nəticəsində Doing Business üzrə ölkəmiz son 7 ildə 31 pillə irəliləmişdir.
Dünya Bankının regional direktoru Henri Kerali çıxışı zamanı gündəlikdəki məsələlərdən birinin qrupa üzv ölkələrdə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı olduğunu vurğulayaraq demişdir: “Bu sahədə ölkənizin təcrübəsini və Azərbaycanın milli sərvətlərini gələcək nəsillər naminə necə sərf etməsi məsələsini də müzakirə edəcəyik. Azərbaycan güclü iqtisadiyyata malik ölkədir. Dünya Bankı olaraq ölkənizlə bir sıra proqramlarımız var. Əməkdaşlığımız gələcəkdə daha da genişlənəcək və daha uğurlu olacaqdır”.
Daha sonra “Enerji resurs sərvətlərinin idarə edilməsi: makro-fiskal perspektiv” mövzusunda çıxış edən BVF-nin Orta Şərq və Mərkəzi Asiya departamenti üzrə şöbə rəisi Hüseyn Samiei müxtəlif inkişaf səviyyəsinə malik ölkələrin enerji resurs sərvətlərinin idarə olunması təcrübələri, bu resurslardan inkişaf və diversifikasiya naminə istifadə, həmçinin bu istiqamətdə siyasət prioritetləri barədə nəzəri və praktiki məsələləri seminar iştirakçıları ilə bölüşmüşdür.
Təqdim olunan mövzular ətrafında aparılan müzakirələr bir daha göstərmişdir ki, təbii ehtiyatlarla zəngin ölkələr qrupuna daxil olan Azərbaycanda enerji resurslarının idarə edilməsi modeli davamlı iqtisadi artıma, həmçinin iqtisadiyyatın diversifikasiyalı inkişafına imkan verir və ölkənin bununla bağlı iqtisadi siyasəti düzgün istiqamətdə davam etdirilməkdədir.
Günün ikinci yarısında isə DB və BVF-nin növbəti illik toplantısına hazırlıq işləri, qlobal iqtisadiyyatda gedən proseslər, üzv ölkələrin qarşılıqlı maraqlarının qorunması, həmçinin gündəlikdə duran digər məsələlər müzakirə olunmuşdur. İclasda çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Seçki Qrupuna daxil olan nümayəndə heyətlərini Azərbaycan hökuməti adından salamlamışdır. Nazir Beynəlxalq Valyuta Fondunda həyata keçirilmiş 14-cü kvota artımı və islahatları çərçivəsində Seçki Qrupuna aid olan müvafiq məsələlər, o cümlədən Azərbaycanın kvota artımı ilə bağlı razılığını BVF-yə rəsmi formada bildirdiyini diqqətə çatdırmışdır.
İclasda çıxış edən İsveçrənin maliyyə naziri xanım Vidmar Şlumpf yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və Mərkəzi Bankın rəhbərliyinə təşəkkürünü bildirmişdir. Xanım Şlumpf İsveçrənin təmsil etdiyi seçki qruplarının direktorlarının fəaliyyəti və qrupa daxil olan üzv ölkələrin BVF-də və DB-də maraqlarının qorunması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.
İclasda həmçinin
Polşanın Mərkəzi Bankının sədri Marek Belka və digərləri
çıxış edərək Seçki
Qrupuna aid olan müvafiq məsələlər
barədə fikirlərini bildirmişlər.
Azərbaycan.-2014.- 6 iyul.- S.3.