«Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir»
mövzusunda beynəlxalq
konfrans başa çatmışdır
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Palanına əsasən keçirilən "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" mövzusunda beynəlxalq konfrans iyulun 5-də başa çatmışdır.
AzərTAc xəbər verir ki, konfransın plenar iclasından sonra "Muxtariyyət ərəfəsində Naxçıvan diyarında ictimai-siyasi vəziyyət", "Naxçıvanın muxtariyyət statusu, Naxçıvan MSSR-in yaradılması və inkişafı", "Naxçıvanın muxtariyyət dövründə elm və təhsilin inkişafı", "Əlaqələr və mədəniyyət" mövzularında bölmə iclasları olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademiyanın müxbir üzvləri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Qadir Qədirzadə, qədim dövr arxeologiyası şöbəsinin müdiri Vəli Baxşəliyev və Naxçıvan Dövlət Universitetinin dekanı Asif Şirəliyevin sədrliyi ilə keçirilən bölmə iclaslarında bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirləri geniş mənada Azərbaycanda milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə uğurla xidmət edən mükəmməl bir dövlət siyasətinin tərkib hissəsidir. Naxçıvan bütün tarix boyu həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim diyar Azərbaycana və dünyaya Heydər Əliyev kimi böyük dövlət xadimini bəxş etmişdir.
Qeyd olunmuşdur ki, 1921-ci ildə imzalanan məşhur Moskva və Qars beynəlxalq müqavilələri Naxçıvanın muxtariyyət statusunun qazanılmasında mühüm rol oynamışdır. Çətin və şərəfli bir mübarizədən sonra dahilər yurdunun Azərbaycanın tərkibində muxtariyyət qazanması böyük tarixi hadisədir.
Konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq demişlər ki, muxtar respublika bu gün bütün istiqamətlər üzrə inkişaf edir. Regionda aqrar sahə ilə birlikdə sənaye də böyük sürətlə inkişaf etdirilir. İnamla aparılan abadlıq-quruculuq işləri Azərbaycanın bütün regionları üçün nümunəvidir. Qədim diyarda iqtisadiyyatın, elm və təhsilin, milli mədəniyyətin inkişafı iftixar hissi doğurur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun regionun inkişafında elm və təhsilə xüsusi diqqət və qayğı göstərməsi ümummilli lider Heydər Əliyev siyasətinin bariz nümunəsi, Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi uğurlu siyasətin təntənəsidir.
Konfrans öz
işini başa
çatdırdıqdan sonra
iştirakçılar Naxçıvan Muxtar
Respublikasının füsunkar təbiəti,
tarixi abidələri ilə tanış olmuş, gündən-günə daha da gözəlləşən
Naxçıvan şəhərini gəzmişlər.
Azərbaycan.-2014.- 6 iyul.- S.4.