“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci

 platforma – Bakı konfransı” başa çatmışdır

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” başlamışdır.

“Rəqəmsal mədəniyyət və vətəndaşların imkanlarının artırılması üçün əlverişli mühitin yaradılması” devizi altında keçirilən konfrans Avropa Şurasının II Baş Direktorluğunun mədəniyyət və demokratiya bölməsinin dəstəyi ilə təşkil olunmuşdur.

Tədbirə Avropa Mədəniyyət Konvensiyasına üzv dövlətlərin hökumət nümayəndələri, mədəniyyət institutlarının və peşəkar birliklərin təmsilçiləri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçı qatılmışdır.

Konfransın sonuncu günü də maraqlı müzakirələrlə yadda qalmışdır.

“Qeyri-müəyyən sərhədlər: mədəni istehsalda yaranan istiqamətlər ilə necə davranmalı?” mövzusunda sessiyada yaradıcı insanlar, sənətkarlar, yeni incəsənət növləri və təcrübə nümunələri, həmçinin incəsənət, bazarlar, turizm və digər sahələrdə açıq məlumat və məzmun baxımından yeni spesifik xüsusiyyətlər, rəqəmsal erada mədəni özünüifadəyə, yaradıcılığa və istehsala təkan verməyin yolları, rəqəmsal mədəni fəaliyyətin sosial-iqtisadi təsiri baxımından şəhərlər, regionlar və ərazilərin rolu müzakirə olunmuşdur.

Günün ikinci yarısında konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirmişdir ki, iki gün ərzində aparılan müzakirələr mədəniyyət sahələrinin müasir inkişafında rəqəmsal texnologiyaların öyrənilməsinin və tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiq etmişdir.

Konfransda dinlənilən məruzə və çıxışlar, eləcə də müzakirələr, dəyərli təkliflər gələcəkdə yüksək səviyyədə keçiriləcək görüşlərin əsasında dura bilər.

Konfrans mədəniyyət və rəqəmsallaşmanın bütün aspektlərinin müzakirə olunmasında, mədəni həyata çıxışda, mədəniyyət institutlarında yeni peşələr və düşüncə tərzinin tətbiqində, gələcək fəaliyyətimizdə müsbət rol oynayacaqdır.

Diqqətə çatdırılmışdır ki, müasir texnologiyalarla bağlı ənənəvi incəsənət əvəz edilməməli, onların paralel inkişafı təmin olunmalıdır.

Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı”nın keçirilməsinin əhəmiyyətini qeyd edən Sevda Məmmədəliyeva tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

Avropa Şurasının mədəniyyət, irs və landşaft üzrə rəhbər komitəsinin sədr müavini Kimmo Aulake, Avropa Şurasının demokratik idarəçilik və mədəni müxtəliflik üzrə direktoru Klaudia Luçiani konfransın məhsuldar olduğunu, gələcək əməkdaşlığa layiqli töhfə verəcəyini vurğulamış, Azərbaycan hökumətinə minnətdarlıq ifadə etmişdir. 

 

 

Azərbaycan.-2014.- 6 iyul.- S.5.