Çin mahnı və rəqs
ansamblı Azərbaycanda ilk dəfə
geniş konsert proqramı ilə
çıxış etmişdir
Şəkidə keçirilən "İpək Yolu" V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 4-də axşam "Aşağı Karvansaray" kompleksində Çin mahnı və rəqs ansamblının konserti olmuşdur.
Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertdə çinli ifaçılar tamaşaçılara "Çin - müxtəlif rənglər işığında" adlı proqram təqdim etmişlər.
Konsertin əvvəlində kollektivin rəhbəri Jan Ya Fonq çıxış edərək bu gözəl musiqi festivalına dəvət aldıqlarına görə təşkilatçılara təşəkkür etmiş, belə bir gözəl ölkəyə gəlmələrindən böyük şərəf duyduqlarını bildirmişdir.
Qeyd edək ki, Çin opera teatrı özündə musiqi, dialoq, oxuma sənəti, rəqs, akrobatika və hərb sənəti elementlərini üzvi şəkildə birləşdirir. İfaçılar ənənəvi qayda-qanunlara ciddi surətdə riayət etməlidirlər. Çin operasında vaxt və məkan məhdudiyyəti qoyulmur, şərtiliklər və rəmzlərdən geniş tərzdə istifadə olunur. Əksər hallarda müəyyən bölgənin musiqisi və dialektinə istinad edilir. Bu sənət özünün yetkinlik və kamillik zirvəsinə orta əsrlərdə çatmış və bir çox görkəmli aktyor nəsillərinin məharəti hesabına bugünədək inkişaf etmişdir. Bu teatr indi də cilalanmış xüsusi vokal, rəqs və hərb sənəti elementləri ilə məşhurdur.
Ansamblın tərkibinə Çin
Opera və Balet
Teatrının solistləri, instrumental
ifaçılar, xor kollektivinin
üzvləri və rəqqaslar daxildir. Vokal və rəqsləri əsas zərb aləti
olan qonq və müxtəlif
ölçülü barabanlar
müşayiət edir. Əsas simli alət "tsinxu" (Pekin violinosu) adlanır. Ona "erxu" adlı
ikinci violino avaz verir. Nəfəsli alətlər arasında
çin fleytası və "şen" adlanan dodaq qarmonunu
qeyd etmək olar.
Çin opera teatrı dövlət teatrıdır və Mədəniyyət Nazirliyinin
rəhbərliyi altında
fəaliyyət göstərir. Teatrda, həmçinin,
milli geyimlər, dekorasiya və digər ənənəvi
səhnə atributlarını
istehsal edən yaradıcı studiyalar fəaliyyət göstərir.
Teatr uzun illər ərzində həm ölkə daxilində, həm də xaricdə böyük mədəni layihələrdə
iştirak etmişdir.
Teatrın aktyorlarının əksəriyyəti milli və beynəlxalq müsabiqələrin qalibidir.
Kollektiv ABŞ, Almaniya,
İsveçrə, Rusiya,
Yaponiya, Avstraliya və digər ölkələrdə çıxış
etmişdir.
Azərbaycanda ilk dəfə çıxış
edən ansamblın təqdim etdiyi proqram tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanmışdır.
Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri
təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.-2014.- 6 iyul.- S.6.