Gürcüstan Prezidenti Zati-aliləri cənab Georgi Marqvelaşviliyə

 

Hörmətli cənab Prezident,

Gürcüstanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın böyük dostu Eduard Amvrosiyeviç Şevardnadzenin vəfatı ilə əlaqədar Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, bütün Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm.

Eduard Şevardnadzenin bütün həyat yolu, qardaş Gürcüstanın firavanlığı naminə yüksək dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.

Azərbaycan və Gürcüstan xalqları arasında çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin qorunub saxlanmasına, inkişafına və möhkəmləndirilməsinə Eduard Şevardnadzenin şəxsi töhfəsi böyükdür. Qardaş ölkələrimizin keyfiyyətcə yeni dövlətlərarası münasibətlərinin, strateji tərəfdaşlığının təşəkkülünün və inkişafının əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulmuşdur.

Azərbaycan xalqı qardaş Gürcüstan xalqı ilə birlikdə kədərlənir və dərdinizə şərik olur. Bu ağır itki ilə əlaqədar bir daha Sizə dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 iyul 2014-cü il.

Azərbaycan.-2014.- 8 iyul.- S.3.