Azərbaycan-Gürcüstan əlaqələri
müzakirə olunmuşdur
İyulun 7-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Azərbaycan-Gürcüstan əlaqələrinin dərin tarixi köklərə əsaslandığını deyən Baş nazir Artur Rasizadə hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. Azərbaycan və Gürcüstan parlamentlərinin uğurla əməkdaşlıq etdiyini bildirən Baş nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini qeyd etmişdir.
Baş nazir Artur Rasizadə Azərbaycanın və Gürcüstanın bir sıra iri regional iqtisadi layihələr həyata keçirdiyini və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatmaq üzrə olduğunu bildirmişdir.
Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat vermiş, Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü demişdir. Artur Rasizadə Ermənistanın işğalçılıq siyasətinin region üçün təhlükə olduğunu, bu siyasətdən Ermənistanın özünün də əziyyət çəkdiyini demişdir. Baş nazir Ermənistanın hazırkı rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımının törədildiyini diqqətə çatdırmışdır.
Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkəsinin Azərbaycanın iqtisadi və siyasi sahədə
təcrübəsi ilə yaxından
maraqlandığını demişdir. O,
ölkələrimiz arasında iqtisadi əlaqələrin
bundan sonra daha da inkişaf
edəcəyinə əminliyini bildirərək bunun üçün regionda sabitliyin vacib amil olduğunu
vurğulamışdır. David Usupaşvili, həmçinin
Gürcüstanın iki ölkə
parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsində
maraqlı olduğunu bildirmişdir.
Azərbaycan.-2014.- 8 iyul.- S.4.