Azərbaycan Prezidenti İlham Əliyev NATO baş
katibinin Cənubi Qafqaz
və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya
üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul
etmişdir.
NATO
ilə Azərbaycan arasında əlaqələri yüksək
qiymətləndirən Alyansın baş katibinin Cənubi
Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi
Ceyms Appaturay uğurlu əməkdaşlığa, xüsusilə
Azərbaycan sülhməramlılarının
Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində
beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə
görə Azərbaycan tərəfinə minnətdarlığını
bildirdi.
Dövlətimizin
başçısı NATO baş qərargahına son səfərini
və keçirdiyi görüşləri məmnunluqla
xatırladı, Azərbaycan ilə NATO arasında əlaqələrin
razılıq doğurduğunu bildirdi, əməkdaşlığın
bundan sonra da inkişaf edəcəyinə ümidvar
olduğunu qeyd etdi.
Görüşdə
Azərbaycan ilə NATO arasında həyata keçirilən
layihələr, əlaqələrimizin hazırkı vəziyyəti
və perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 9 iyul.- S.1.