Bakıda “Davamlı inkişaf
mədəniyyəti: universal və milli dəyərlərin
qarşılıqlı əlaqəsi” mövzusunda
IV Beynəlxalq elmi konfrans
keçirilir
İyulun
8-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzinin, UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının və Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyinin birgə
təşkilatçılığı ilə “Davamlı inkişaf
mədəniyyəti: universal və milli dəyərlərin
qarşılıqlı əlaqəsi” mövzusunda IV Beynəlxalq
elmi konfrans öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, UNESCO məsələləri üzrə Rusiya Federasiyası Komissiyası, “BMESU” Akademiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Qeyri-Hökumət Ali Məsələləri Assosiasiyası tərəfindən dəstəklənir.
Konfransda 14 ölkədən 25-dən çox alim və mütəxəssis iştirak edir.
Konfransı açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün mədəniyyət anlayışının daha geniş miqyasda başa düşüldüyünü bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu anlayış artıq cəmiyyətin həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilərək bütün sahələrdə öz amillərinin gücünü göstərir. Davamlı inkişafı mədəniyyətdən kənar təsəvvür etməyin mümkün olmadığını deyən natiq onun insanın, cəmiyyətin hərtərəfli inkişafına, bütün sahələrdə gedən yeniliklərə uyğunlaşmaq imkanı verdiyini qeyd etmişdir. Bildirmişdir ki, bu gün artıq sənayenin, iqtisadiyyatın, enerji sektorunun, ekologiyanın, turizmin mədəni anlayışların çərçivəsində inkişaf etdirilməsindən danışılır. Bu yaxınlarda Azərbaycan “Turizmin qlobal etik kodeksi”ni imzalamışdır. Hər hansı sahənin inkişafında mədəni, etik çərçivə vacibdir. Çünki bu çərçivələr müvafiq sahənin daha düzgün inkişafına istiqamət verir.
Ərazilərinin 20 faizinin erməni işğalı altında olmasına baxmayaraq Azərbaycan üçün keçmişə münasibət, dəyərlərin qorunması gələcəyin inkişafının təminatçısı kimi qəbul olunur. Ölkəmizdə yeni şəhərlərin salınması ilə yanaşı, köhnə tarixi yerlər də qorunur.
Qeyd edilmişdir ki, davamlı inkişaf konsepsiyası müzakirə edilərkən mədəniyyət anlayışı müstəqil nəzəri konsepsiya kimi götürülməməlidir.
Əbülfəs Qarayev dövlətimizin mədəniyyətin hər sahədə tətbiqinə xüsusi diqqət yetirdiyini diqqətə çatdırmışdır. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu alimlərin iştirak etdikləri konfransın təşkilinin Azərbaycan dövlətinin müvafiq sahəyə diqqətinə daha bir bariz nümunə olduğunu deyən nazir konfransın işinə uğurlar arzulamışdır.
Mərasimdə çıxış edən UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva artıq dördüncü dəfədir ki, keçirilən konfransın mövzusunun, demək olar ki, UNESCO-nun bütün prinsiplərini ehtiva etdiyini bildirmişdir. Qeyd etmişdir ki, bu təşkilatın hər hansı siyahısında yer alan milli dəyər artıq ümumbəşəri dəyərə çevrilir. Ölkəmizdə milli və universal dəyərlərin bir araya gəlməsindən söz açan Günay Əfəndiyeva Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm ölkə daxilində, həm də respublikamızdan xaricdə həyata keçirilən irimiqyaslı təhsil və mədəniyyət layihələrini xüsusilə vurğulamışdır.
Moskvada UNESCO Bürosunun Azərbaycan, Belarus, Moldova respublikaları, Rusiya Federasiyanın mədəniyyət proqramları üzrə mütəxəssisi Lyubava Moreva Azərbaycan-UNESCO əməkdaşlığının yüksək səviyyədə olmasından, Azərbaycan muğamının, xalçasının, aşıq, tar ifaçılığı sənətinin, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsindən söz açmış, ölkəmizin bir sıra beynəlxalq məclislərə, o cümlədən mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov bildirmişdir ki, universal, ümumbəşəri dəyərlər bizi birləşdirir, milli dəyərlər isə səciyyələndirir, hər bir millətə digər millət tərəfindən maraq oyadır. Odur ki, “dayanıqlı inkişaf mədəniyyəti” anlayışında dəyərlər danılmaz rola malikdir və bugünkü beynəlxalq konfransın xüsusi əhəmiyyətini qabardır.
Kamran İmanov demişdir ki, hər bir millət üçün özünün ümumbəşəri və milli dəyərlərinin əlaqəli inkişafını təmin etmək mədəni müxtəliflik məsələsi ilə yaxın təmasdadır. Çünki müasir mədəniyyət anlamı UNESCO-nun standartlarına əsaslanaraq, həm ayrılıqda hər bir mədəniyyətə baxarkən, həm də fərqli mədəniyyətlər çoxluğu mövqeyindən aid edilərkən “mədəni müxtəliflik” mənasını daşıyır. Burada bir məqamı xatırlatmaq istəyərdim. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqində deyildiyi kimi, hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir… Əlbəttə bunun üçün ənənələr lazımdır, eyni zamanda dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur.
Vurğulanmışdır ki, əsrlər boyu Azərbaycan adlanan məkanda yaşayan xalqların universal və milli dəyərlərinin arasındakı mübadilə və qarşılıqlı təsir öz bəhrəsini vermiş, hörmətlə birgə yaşayış mədəniyyətini formalaşdırmışdır. Bu gün də tolerantlığın özünəməxsus modelini yaradan Azərbaycan hər bir yüksək mədəni irsi ümumbəşəri dəyər kimi qəbul edir. Azərbaycanlılar universal, ümumbəşəri dəyərləri qəbul və inkişaf etdirərək, öz həyat tərzinə çevirərək, dünyaya maraqlı töhfələr verməkdədirlər.
K.İmanov demişdir ki, azərbaycanlılar öz mədəni müxtəlifliyini, dəyərlər sistemini qoruyub saxlamaqla yanaşı, eyni dərəcədə digər xalqların mədəni müxtəlifliyinə, dəyərlərinə də hörmət və ehtiramla yanaşırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında dediyi kimi, “…əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə, biz xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasından qurmağa çalışmalıyıq”.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədrinin sözlərinə görə, mədəni müxtəliflik siyasi mifologiyanı, digər xalqın torpaqlarına və mədəni irsinə iddiaları rədd edir, etnik təmizləməni və assimilyasiya siyasətini, dəyərlər çərçivəsində ksenofobiyanı, eyni zamanda, bir millətin “əzabkeşliyindən” irəli gələn “müstəsnalığını” və “xüsusi missiyasını” qəbul edə bilməz. Bədnam qonşularımız olan ermənilər bunları bilməlidirlər. Torpaqlarımız şərhsiz boşalacağı halda Azərbaycanın multikultural modeli, xalqımızın nümayiş edilən ümumbəşəri və milli dəyərlər sistemi, zənnimcə, onlar üçün də maraqlı üfüqlər açmağa qadirdir.
Konfransın açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Rusiya Federasiyasından Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru Nizami Məmmədov tədbirin əhəmiyyətini, aktuallığını vurğulamış və iştirakçılara uğurlar arzulamışlar.
Çıxışlarda konfransın mövzusu ilə bağlı Azərbaycanın təcrübəsi yüksək qiymətləndirilmişdir.
Vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə elə böyük təhsil, mədəniyyət proqramları həyata keçirilir ki, onlarsız davamlı inkişafa nail olmaq mümkün deyildir.
Bildirilmişdir ki, konfransda insanın təbiəti və mədəniyyətin mahiyyəti, mədəni ənənələr və insan fəaliyyəti, sosial inkişafda mədəniyyətin proqramlaşdırıcı funksiyası, mədəniyyət və ənənələrə postmodern yanaşma, mədəni qloballaşmanın mahiyyəti və perspektivləri məsələlərinə xüsusi diqqət yetirilir. Mədəni qloballaşma və mədəni müxtəlifliyin qorunması problemi, mədəniyyətlərin yaxınlaşması və davamlı inkişaf mədəniyyətinin birləşdirici xüsusiyyəti, sosial kapital və davamlı inkişaf mədəniyyətinin dəyərlər sistemi, davamlı inkişaf mədəniyyətinə keçid mədəni siyasətin məqsədi kimi, davamlı inkişaf mədəniyyətinin formalaşmasında təhsilin, maarifin, KİV-in rolu məsələləri də konfransın əsas müzakirə mövzularındandır.
Konfransın plenar iclasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Davamlı inkişafda mədəniyyətin rəqəmsallaşdırılması və rəqəmsal kopirayt” mövzusunda təqdimatı olmuşdur.
Diqqətə çatdırılmışdır ki, BMT-nin Beynəlxalq Komissiyasının “dayanıqlı inkişaf” haqqında şüarında “Bu günün ehtiyaclarının ödənilməsi gələcək nəsillərinin ehtiyaclarının ödənilməsinə xələl gətirməməlidir” fikri öz əksini tapmışdır. Dəyərlərin mədəniyyətdəki xüsusi rolunu qeyd edən Kamran İmanov ümumbəşəri və milli dəyərlər arasındakı asılılığı, o cümlədən millilikdə ümumbəşəri məzmun və ümumbəşərilikdə milli tərtibliyi diqqətə çatdırmışdır.
Təqdimat mədəniyyətin rəqəmsallaşdırılması, mədəni obyektin kontentə çevrilməsi, rəqəmli qeyri-maddi mədəni irs və rəqəmsal hüquqlar problemindən irəli gəlmişdir.
Plenar iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Davamlı inkişaf və ekoloji sivilizasiyanın iqtisadi və sosial indikatorları: Azərbaycan Respublikasının təcrübəsi əsasında” mövzusunda təqdimat etmişdir. Təqdimatda ölkəmizin son on ildə qazandığı nailiyyətlər beynəlxalq təşkilatların hesabatları əsasında diqqətə çatdırılmışdır. Azərbaycanda adambaşına düşən ümumdaxili məhsulun ildən-ilə yüksəldiyi bildirilmiş, bunun müvafiq ölkələrlə müqayisəyə istinadla təkcə neft istehsalı ilə bağlı olmadığı əsaslandırılmışdır. Həmçinin son on ildə ölkədə müxtəlif sahələrin inkişafı, eləcə də qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırıldığı, xalqın rifahının yüksəldildiyi qeyd edilmişdir.
Konfransın plenar iclasında, həmçinin “Musiqi, dil və ətraf mühitin milli və universal mədəniyyətin formalaşmasına təsiri haqqında”, “Müasir Moldova bəstəkarlarının yaradıcılığında universal və milli vəhdət”, “Gürcüstanın müasir dövrdə qlobal çağırışlar və mədəniyyət siyasəti” və digər mövzularda məruzələr dinlənilmişdir.
“Davamlı inkişaf mədəniyyəti:
universal və milli dəyərlərin
qarşılıqlı əlaqəsi” mövzusunda
IV Beynəlxalq elmi konfrans
iyulun 9-da işini davam etdirəcəkdir.
Azərbaycan.-2014.- 9 iyul.- S.2.