Vitse-spiker ATƏT PA-dakı həmkarlarına
məktub ünvanlayıb
İyun ayının 28-dən iyul ayının 2-dək Bakıda ATƏT Parlament Assambleyasının "Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru" devizi altında iyirmi üçüncü illik sessiyası keçirildi. Sessiyada mühüm qərarlar qəbul edildi. Qurumun Bakı qrupu yaradıldı və sonda Bakı Bəyannaməsi qəbul olundu. Bu mötəbər konfransda Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil etdi və Azərbaycan həqiqətlərini avropalı parlamentarilərin diqqətinə çatdırdı. Eyni zamanda, Azərbaycan bir daha sübut etdi ki, sivilizasiyaların qovuşduğu məkan adlandırılan Bakı şəhəri beynəlxalq tədbirlərə tam təhlükəsiz və yüksək səviyyədə ev sahibliyi edir.
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-dakı həmkarlarına məktubla müraciət etmişdir:
ATƏT PA-nın 23-cü illik sessiyası artıq başa çatıb. Hamınız evlərinizə, ölkələrinizə dönmüsünüz. Sağ-salamat, təhlükəsiz. Artıq fiziki yorğunluğunuz da çıxıb. Hərçənd bəziləriniz üçün Azərbaycana səfəriniz uzun parlament ilindən sonrakı istirahət və turizm səfərinin tərkib hissəsi idi. Əlbəttə ki, ev sahibi kimi bizə - azərbaycanlılara çox xoşdur ki, belə bir işdə sizə yardımçı ola bildik. Eləcə də Azərbaycandakı ticarət və biznes adamları üçün də bu, çox gözəl bir fürsət idi.
Amma məqsədim bu barədə danışmaq deyildi. Bilirəm ki, əsl parlamentari və siyasətçi üçün bu səfər gündəliyində müzakirə etdiyimiz məsələlər, bu ətrafda keçən diskussiyalar, qəbul etdiyimiz qərarlar və əlbəttə ki, onların yerinə yetirilməsi daha böyük əhəmiyyət kəsb edirdi. Buna birlikdə keçirdiyimiz gərgin iş həftəsinin hər günü və hər dəqiqəsi bariz sübutdur.
Eyni zamanda, əminəm ki, bəzilərinizin tanımadığı, haqqında yanlış təsəvvürləri olduğu, eləcə də bir çoxlarınız üçün çox tanış və özünüzə yaxın (bütün mənalarda) olan bir Azərbaycanla üzləşdiniz.
Necə ki, biz azərbaycanlılara insanlıq və cəmiyyət üçün əsas dəyərlər yaxındır, sizin üçün də burada gördükləriniz o qədər yaxın və anlaşılan olmalıdır.
Hər birimizin öz dili, öz tarixi, öz mədəniyyəti olduğu halda, hamımız üçün bir dil, bir mədəniyyət, bir tarix vardır -insanlığın tarixi, bəşər mədəniyyəti və demokratiyanın dili.
Düşünürəm ki, bu əsasda ünsiyyət hər kəs üçün asan, bu dəyərlərə əsaslanan dünya hər kəs üçün təhlükəsiz, bunun üzərində yaranan hüquq və qanun hər birimiz üçün alidir.
Bakı müzakirələrində bir çoxumuz buna əmin olduq. Qərarlarımızda, mövqelərimizdə, fikirlərimizdə milli və dövləti maraqlarımız üstünlük təşkil etsə də, bunu ən azı, ATƏT regionu çərçivəsində ifadə etməyə çalışdıq. Obyektivlik naminə çox çılpaq danışsaq da, çoxluğun rəyinə hörmət ruhunda qərarlar verdik, hətta bəzi hallarda ədalətsiz olsa belə.
Diqqətimi çəkən isə ayrı-ayrı həmkarlarımızın heç bir əndazəyə sığmayan fikirləri idi ki, ona laqeyd qala bilmədim, vaxtın və etik qaydaların imkan verdiyi çərçivədə onlara cavab verməli oldum. Amma bir onu bilirəm ki, heç bir halda ədalət hissimi itirmədim, dostlarımızı məntiqli danışmağa çağırdım. Ev sahibi olmaq hissiyyatı da bunun üçün az rol oynamadı. Deyim ki, bu hiss azərbaycanlılar üçün çox müqəddəs bir hissdir. Ən qatı düşməninlə belə, hörmətlə davranmağa vadar edir. Milli dəyərlərimizin tərkib hissəsi olan bu keyfiyyətimizlə qürur duyuram.
İndi siz artıq öz evlərinizdəsiniz və mən sizinlə bir həmkar kimi danışıram.
Biz çox vacib bir məsələ ətrafında çox böyük, gərgin, eləcə də maraqlı bir diskussiya apardıq. Və elə son illər bu məsələ bütün müzakirələrimizin üzərinə öz möhürünü qoymaqdadır. "Helsinki+40" və onun prinsiplərinin pozulması. Sizə bir neçə sual ünvanlamaq istəyirəm. Sadəcə, düşünmək üçün.
- Necə bilirsiniz, bu prinsiplər ATƏT regionunda hər kəs üçünmü keçərlidir?
Bütün zamanlarda, bütün hallarda eyni məqsədlər üçünmü istifadə edilir?
Və bir də biz hamımız həm ölkə, həm də bir fərd olaraq doğrumu mövqe sərgiləyirik?
Hər zamanmı ədalətli ola bilirik?
Şəxsən mən bunun belə olmadığına
bu günlərdə bir daha əmin
oldum. Misal üçün: 1. Dağlıq
Qarabağa qeyri-qanuni,
yəni, Azərbaycanın
müvafiq rəsmi qurumlarının icazəsi
olmadan səfər etmiş, bununla da, Azərbaycana gəlməsinə viza qadağası qoyulmuş həmkarının yerinə
ATƏT PA-nın prosedur
qaydalarını kobud
şəkildə pozaraq
onun yerinə səs verməsilə Fransa nümayəndə heyətinin üzvü,
ATƏT PA-nın vitse-prezidenti,
mənim dostum Alan Neri nə qədər
haqlı idi?
Baxmayaraq
ki, mən və azərbaycanlı həmkarlarım hər zaman onu obyektiv
bir parlamentari hesab edirdik və
bütün seçkilərdə
ona səs verərək ATƏT qaydalarının
və dəyərlərinin
qorunması üçün
mübarizə aparacağına
inanırdıq. Ancaq görünür,
yanılmışıq. O, elə ilk andaca nəinki bu qadağadan düzgün nəticə çıxarmadı,
Qarabağın Azərbaycanın
tərkib hissəsi olduğunu belə unudaraq öz həmkarının maraqları
naminə ATƏT PA-nın
prosedur qaydalarını
nümayişkaranə pozmaqdan
belə çəkinmədiyini
göstərdi.
Necə düşünürsünüz, ATƏT PA-nın vitse-prezidenti doğrumu etdi?
2. Eyni mövqeni danimarkalı həmkarım
Karsten Lauritzen özünün iclasımızın
son günündə etdiyi
çıxışında sərgilədi.
O da məlum şəxsə
viza qadağasını
səbəb gətirərək
bundan sonra ATƏT PA-nın tədbirlərinin bizim ölkədə keçirilməsinə qadağa
qoyulmasını istədi.
Alan Neridən fərqli
olaraq adı çəkilən deputatı
heç zaman hər hansı bir məsələ ətrafında çıxış
edən və prinsipial mövqe ortaya qoyan bir
şəxs kimi xatırlamıram. Və əgər o öz
namizədliyini hansısa
bir posta irəli sürsəydi, nə mən, nə də mənim həmkarlarım,
eləcə də düşünürəm ki,
sizlərin bir çoxunuz ona səs verməyəcəkdiniz.
Ona görə ki, onu tanımırdıq, hansı dəyərlərə
üstünlük verib-verməyəcəyinə
bələd deyildik.
Hər birimizin yaxşı tanıdığımız Sokrat
isə deyir - "Danış, səni görüm".
Düşünürəm ki, ədalət hissindən məhrum olmayanlar onu yaxşı gördülər. Bu yerdə yenə də sizə bir sual ünvanlamaq
istəyirəm.
Necə
düşünürsünüz, biz Azərbaycan olaraq ölkəmizin hüdudlarını,
sərhəd qanunlarını
və suverenliyini açıq-aşkar pozanlara,
Helsinki yekun aktının
bütün 10 prinsipini
pozaraq Azərbaycan ərazisinin 20 faizini (Dağlıq Qarabağ və ətraf 7 rayon) işğal edən Ermənistanın maraqlarını
qorumağa və bu işğalın köməyi ilə separatçı bir rejimi dəstəkləməyə,
onu qəbul etdirməyə, dünyada
tanıtmağa xidmət
edən insanlara viza qadağası qoymaqda haqlı deyilikmi?
Nəzərə alaraq ki, bütün bunların müqabilində biz yalnız
ayrı-ayrı fərdlərə
qadağa qoyuruq, deyin görək, 1 nəfər sərhəd pozucusuna (o, Fransa parlamentinin üzvü olsa belə) qoyulan viza məhdudiyyətinə
görə (hansı ki, onun aradan
qaldırılmasının çox sivil və konstruktiv yolu var. Həmin şəxsin Azərbaycanın
müvafiq qurumlarına
müraciəti) Azərbaycanda
beynəlxalq tədbirlərin
keçirilməsinə qadağa
qoyulmasına çağırışlara
necə baxırsınız,
bir nəfərə görə Azərbaycan dövləti və xalqı cəzalandırılsın
deyilmi?
Amma bütün hüquqları
pozulmuş bir milyon Azərbaycan vətəndaşının haqqını
kim qaytaracaq?
Ən azı, onu tanımağa
hazırsınızmı?
Fransalı deputata ATƏT regionunda sərbəst hərəkət
üçün viza istəyirsiniz.
Bu, Azərbaycan hökumətinin
əlindədir. Əgər o, bu qurumlara
müəyyən olunmuş
şəkildə müraciət
edərsə, maneəsiz
viza verilə bilər.
Bəs
1 milyon Azərbaycan vətəndaşına, o cümlədən
mənə - Dağlıq
Qarabağ ətrafındakı
Füzuli rayonundan köçkün olan Muradova Bahar Əvəz qızına, Azərbaycan Respublikasının
Milli Məclisinin vitse-spikerinə, ATƏT PA-da
nümayəndə heyətinin
rəhbərinə ATƏT regionuna daxil olan ölkələrə
deyil, öz evimə - Füzuliyə, Azərbaycanın ayrılmaz
hissəsi olan Qarabağa qayıtmaq icazəsini kim verməlidir? Sizin həmkarınıza, tanıdığınız
bir şəxsə, həm etnik azərbaycanlı soydaşlarımın,
həm də "Böyük Ermənistan"
ideyasının xırda
girovuna çevrilmiş,
Dağlıq Qarabağda
iqtisadi və sosial çətinliklər
içərisində boğulan
erməni əsilli Azərbaycan vətəndaşlarının
haqlarını eyni dərəcədə qorumağa
çağıran bir
həmkarınızın sualına
cavab vermək istərdinizmi?
Sizin hamınızı
bu ətrafda düşünməyə çağırır,
dostum Alan Neri və yenicə tanıdığım danimarkalı
həmkarımdan isə
cavab gözləyirəm.
Hörmətlə,
Bahar MURADOVA,
Azərbaycan Respublikasının
Milli Məclisinin
Sədr
müavini, ATƏT PA-da Azərbaycan
nümayəndə
heyətinin rəhbəri
Azərbaycan.-2014.- 9 iyul.- S.2.