Prezident İlham Əliyev diplomatlara tapşırıq və tövsiyələrini verdi

 

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirildi. Müşavirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söyləyərək diplomatlara növbəti tapşırıqlarını verdi. Diplomatlar qarşısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini vurğulayaraq bildirdi ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması Azərbaycana xarici arenada öz sözünü deməyə, maraqlarını müdafiə etməyə imkanlar açmışdır.

Dövlət başçısı dedi ki, bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə var. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Prezident diqqətə çatdırdı ki, diplomatların fəaliyyəti ilk növbədə, Dağlıq Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. Çünki hələ geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Ona görə də Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə bu faktı daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər buraxmalıdır. Broşürlər müxtəlif dillərdə nəşr edilərək  xarici ictimaiyyətə çatdırılmalıdır. Çünki bu, reallıqdır, bunu Azərbaycanda hər kəs bilirimkan düşdükcə beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə daim qeyd edilməlidir. Çünki bu, tarixi həqiqətdir.

Dövlət başçısı ötən həftə Bakıda keçirilən ATƏT Parlament Assambleyasının 23-cü sessiyası barədə fikirlərini də açıqladı. Qeyd etdi ki, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyini daim ifadə edir və edəcək də. Çünki bizimlə məntiqi nöqteyi-nəzərdən mübahisə etmək mümkün deyildir. Çünki Azərbaycan həqiqəti deyirbu həqiqət bəzilərinin xoşuna gəlmir: "Bu, onların işidir. Amma biz həqiqəti deyirik. Biz istər Qarabağ məsələsi ilə, istər digər məsələlərlə, istər daxildəki vəziyyətlə, ümumiyyətlə, dünyada gedən proseslərlə bağlı həqiqəti deyirik. Həqiqəti inkar etmək mümkün deyildir. Ona görə də ATƏT-də əlbəttə ki, bizim fəaliyyətimiz bundan sonra da çox fəal olacaqdır".

Azərbaycanın prinsipial, ardıcıl və müstəqil xarici siyasət apardığını vurğulayan dövlət başçısı ölkəmizin diplomatik korpusunun uğurla fəaliyyət göstərdiyini bildirdi. Bütövlükdə Azərbaycan diplomatiyası inkişaf dövrünü yaşayır.

Prezident İlham Əliyevin diplomatlarla növbəti görüşü, onlara verdiyi yeni tapşırıqlar ölkə ictimaiyyəti, siyasətçilər tərəfindən birmənalı qarşılanır. Politoloqlar hesab edirlər ki, ənənə halını alan bu tədbir Azərbaycanın dünyaya tanıdılması istiqamətində atılan doğru addımlardan biridir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə dedi ki, artıq ənənə halını alan bu toplantının keçirilməsində əsas məqsəd birbaşa Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin xarici siyasətinin əsas istiqamətləri barəsində məlumatlar vermək və dünyada gedən proseslərdə dövlətimizin mövqeyini daha da möhkəmləndirmək üçün atılacaq addımların müəyyənləşdirilməsidir. Onun sözlərinə görə, dövlət başçısının bu müşavirədə iştirakı və çıxışı həmin iclasın əhəmiyyətini xeyli artırır: "Birbaşa olaraq ölkə başçısı Azərbaycanın xarici siyasət prioritetlərini və ayrı-ayrı vacib məsələləri diqqətə çəkir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsində daha çox işıqlandırılması, bu məsələdə xarici dövlətlərin Azərbaycana dəstəyinin gücləndirilməsi və xaricdəki səfirliklərimizin fəaliyyətinin daha da artırılması vacibliyini vurğulayır".

Deputatın fikrincə, artıq bu tədbir yüksək səviyyədə keçirilir. Tədbirdə xaricdəki səfirlərimiz qarşısında hökumətin ayrı-ayrı üzvləri, müxtəlif sahələr üzrə yüksək səviyyəli mütəxəssislər də çıxış edirlər. Təbii ki, diplomatların özləri də fəaliyyətləri barəsində müvafiq məlumatlar verirlər.

Aydın Mirzəzadə hesab edir ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın xarici siyasətini günün tələbləri səviyyəsinə yüksəltməyə və xaricdəki səfirliklərimizin öz fəaliyyətini Azərbaycan Prezidentinin siyasətinə uyğun qurmağa və ölkəmizin artan qüdrətinin xarici siyasətdə də öz əksini tapmasına gətirib çıxarır. Belə müşavirələr tək Azərbaycanın deyil, eləcə də xarici ölkə ictimaiyyətinin də böyük diqqətini cəlb edir. Xarici dövlətlər Azərbaycan dövlətinin beynəlxalq aləmdə sülhpərvər, öz maraqlarını beynəlxalq hüquq normalarına uyğun quran sivil, demokratik, insan hüquqlarının yüksək səviyyədə qorunduğu ölkə olduğunun bir daha fərqinə varırlar.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə dedi ki, ümumiyyətlə, diplomatik xidmət orqanlarının rəhbərlərinin növbəti müşavirəsi sözün həqiqi mənasında, çox diqqət çəkən məsələdir. Təbii ki, bu, Azərbaycana xas olan amildir. Çünki diplomatik korpusun nümayəndələri, səfirlər Azərbaycan dövlətinin xarici ölkələrdəki təmsilçiləridir. Diplomatik xidmət orqanlarının rəhbərlərinin iki ildən bir toplanıb belə bir tədbir keçirməsi və Prezident İlham Əliyevin, eləcə də ayrı-ayrı struktur rəhbərlərinin onlarla görüşü, çıxışları, sual-cavablar, ölkənin daxili siyasəti, sosial-iqtisadi inkişafı, o cümlədən dövlətimizdə həyata keçirilən islahatlar barəsində aparılan müzakirələr təqdirəlayiq haldır.  Deputatın fikrincə, ölkəmizdə aparılan islahatlar barəsində diplomatik korpusun nümayəndələrinin məlumatlandırılması vacib şərtlərdən biridir: "Məsələn, bir neçə il bundan öncə belə bir görüş Naxçıvan Muxtar Respublikasında keçirildi. Bildiyiniz kimi , Naxçıvan MR blokadada olan tarixi Azərbaycan ərazisidir. Azərbaycanın xarici ölkələrdəki səfirləri həmin tədbirdə iştirak etdilər. Onlar Naxçıvanda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış oldular, eləcə Naxçıvanla bağlı tarixi mənbələr, digər məsələlər barəsində kifayət qədər həm nəzəri, həm praktik məlumatlara sahib oldular. Təbii ki, onlar xarici ölkələrdə keçirəcəkləri görüşlərdə Bakıda Azərbaycanın regionlarında aparılan geniş quruculuq işləri barədə kifayət qədər məlumat verə biləcəklər. Bununla belə, onlar ölkəmizdə gedən proseslərlə birbaşa tanış olur, görür hadisələrin şahidi olurlar".

 Siyavuş Novruzov hesab edir ki, bu, təqdirəlayiq haldır. Səfirlərimiz Azərbaycanda gedən prosesləri hərtərəfli bilməlidirlər ki, ölkəmizin haqq işinin müdafiəsində kifayət qədər hazırlıqlı olsunlar.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 9 iyul.- S.3.