Gürcüstan parlamentinin sədri Heydər Əliyev Mərkəzində
olmuşdur
Gürcüstan
parlamentinin sədri David Usupaşvilinin
başçılıq etdiyi nümayəndə heyəti
iyulun 8-də Heydər Əliyev Mərkəzində
olmuşdur.
AzərTAc
xəbər verir ki, David Usupaşviliyə dünya
memarlığının nadir incilərindən sayılan Heydər
Əliyev Mərkəzi haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin
irsinin dərindən öyrənilməsi və tədqiqi
istiqamətində fəaliyyət göstərir. Həmçinin
Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin
və digər milli sərvətlərinin beynəlxalq aləmdə
tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif
sahələrinin inkişafına xidmət edən layihələr
həyata keçirir.
Qeyd
olunmuşdur ki, Mərkəz dünya şöhrətli memar
Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Nadir
memarlıq nümunələrindən biri olan və
çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz
artıq dünya memarlığı siyahısına daxil
edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq
konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi
üçün hər cür şərait
yaradılmışdır.
Mərkəzdə
yaradılmış Heydər Əliyev Muzeyi Gürcüstan
parlamentinin sədrində böyük maraq doğurmuşdur.
Diqqətə
çatdırılmışdır ki, Muzey ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
istifadəyə verilmişdir. Muzeydə toplanan məlumatlar
ziyarətçilərə interaktiv formada çatdırılır.
Üç mərtəbədən ibarət muzeydə
ümummilli lider Heydər Əliyevin həyat yolu Ulu Öndər
barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə
təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun
orijinallığı ilə də seçilir. Burada materiallar
iki paralel kontekstdə verilir.
Muzeydə
1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
xidməti istifadəsində olan avtomobillər də
qonaqların marağına səbəb olmuşdur.
Bildirilmişdir
ki, ziyarətçilərə ümummilli lider Heydər
Əliyevin 1923-cü ildən 2003-cü ilədək
ömür yolu ilə yanaşı, müxtəlif tarixi
dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında,
mədəniyyət, iqtisadiyyat, idman sahələrində
baş verən önəmli hadisələr barədə məlumatlar
çatdırılır. Muzeyin “Şəkillərə həkk
olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”,
“Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz”
bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti
dövründə, həm də müstəqillik illərində
həyata keçirdiyi fəaliyyət konsepsiyasının
müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Qeyd edilmişdir ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.
Qonaqlar Mərkəzdə “Azərbaycan inciləri” sərgisi ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəblərinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir. Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.
Nümayəndə heyətinin üzvləri Mərkəzin “Auditorium” zalına da baxmışlar.
Gürcüstan parlamentinin sədri David Usupaşvili Mərkəzin Xatirə
kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan.-2014.- 9 iyul.- S.3.