«Ceyrançöl təmizləmə layihəsi»nin ikinci mərhələsinə

 başlanılması ilə əlaqədar tədbir keçirilmişdir

 

İyulun 8-də Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun Ceyrançöldə mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi birgə layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinə başlanılması ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, NATO-nun nümayəndələri, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlərə baxmış, həmçinin mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsində istifadə edilən texnika və avadanlıqla tanış olmuşlar.

ANAMA-nın direktoru Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, "Ceyrançöl təmizlənmə" layihəsi NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu tərəfindən dəstəklənir. Bu, ANAMA-NATO əməkdaşlığı çərçivəsində həyata keçirilən minatəmizləmə layihəsidir. Qeyd edilmişdir ki, ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində Azərbaycan hökumətinin sifarişi əsasında sovet ordusunun tərk etdiyi hərbi bazalarda minatəmizləmə işləri aparılır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illərdə keçmiş sovet ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmişdir. Ərazidə olan mina və partlamamış hərbi sursat yerli əhali üçün ciddi təhlükə yaradır. Ona görə bu ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi üzrə həyata keçirilən Ceyrançöl layihəsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov ANAMA-nın yaradılması və fəaliyyəti haqqında məlumat vermiş, "Ceyrançöl təmizləmə layihəsi"nin həyata keçirilməsinin əhəmiyyətindən danışmışdır. Abid Şərifov, erməni işğalından azad edilmiş torpaqlarda aşkarlanmış, həmçinin sovet dövründən qalmış mina və partlamamış hərbi sursat probleminin aradan qaldırılması üçün Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə üzrə birgə Proqramın uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.

Baş nazirin müavini demişdir ki, indiyədək 19 min hektar sahə təmizlənmiş, on minlərlə mina və partlamamış hərbi sursat zərərsizləşdirilmişdir. Erməni işğalından azad edilmiş torpaqlarımızın təmizlənməsi nəticəsində qaçqın və məcburi köçkünlərin bir hissəsinin həmin ərazilərə köçürülməsinə şərait yaranmışdır.

Abid Şərifov diqqətə çatdırmışdır ki, Azərbaycanda mina və partlamamış hərbi sursatın ən böyük təhlükə doğurduğu yerlərdən biriCeyrançöl ərazisidir. ANAMA-nın mütəxəssisləri tərəfindən burada aparılmış kəşfiyyat işləri zamanı Ceyrançöl ərazisindən xeyli miqdarda silah və partlamamış hərbi sursat aşkarlanmışdır. Burada problemin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti ərazinin təmizlənməsinə dair layihənin hazırlanmasını ANAMA-ya tapşırmışdır. Bu layihə təklifi NATO-nun Təchizat və Təminat Agentliyi tərəfindən Azərbaycanın müvafiq qurumları ilə aparılan məsləhətləşmələrdən sonra təsdiqlənmişdir.

Bildirilmişdir ki, "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsində 19 kvadratkilometr ərazinin təmizlənməsi NATO tərəfindən 2011-ci il oktyabrın 4-də rəsmən təsdiq olunmuşdur. Azərbaycan hökuməti layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq onun xərclərinin yarısını maliyyələşdirmişdir. Bu layihənin birinci mərhələsi çərçivəsində 28 ay ərzində 19 kvadratkilometr ərazi tam təmizlənmiş və 14 min 654 PHS və 173 mina tapılaraq zərərsizləşdirilmişdir.

Qeyd edilmişdir ki, layihənin ikinci mərhələsinə bu ilin iyulundan başlanılması və 24 ay müddətində 23 milyon 584 min 545 kvadratmetr sahənin təmizlənməsi nəzərdə tutulur. Layihənin birinci mərhələsi üçün 3,1 milyon, ikinci mərhələsi üçün isə 1,8 milyon avro olmaqla, ümumilikdə 4,9 milyon avro vəsait ayrılmışdır.

Azərbaycan hökumətinin "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan Baş nazirin müavini qeyd etmişdir ki, ANAMA tərəfindən digər ölkələrlə də çox sıx və səmərəli əlaqələr qurulmuş, mina təhlükəsizliyinə dair təlimlər və maarifləndirmə işləri həyata keçirilmişdir.

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında bir çox layihələr üzrə uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirmişdir. O, Azərbaycan  Prezidenti İlham Əliyevin

NATO-nun baş qərargahına səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulamışdır. C.Appaturay Əfqanıstana yardım məsələsində Azərbaycanın fəal dəstəyinə görə ölkəmizə minnətdarlıq etmişdir.

NATO Dəstək Agentliyinin (NSPA) baş meneceri Mayk Layden demişdir ki, belə layihələr insanların həyatında böyük önəm kəsb edir. O, bu layihənin də uğurla icra olunacağına əminliyini bildirmiş, donor ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür etmişdir.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev layihənin sərhədçilər üçünböyük əhəmiyyət daşıdığını bildirmişdir. Bu ərazilərin minalardan təmizlənməsinin sərhəd mühafizəsinin təşkili baxımından əhəmiyyətini vurğulayan İ.Mehdiyev DSX-nin layihəyə dəstək verəcəyini demişdir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk demişdir ki, ANAMA təkcə bölgədə deyil, başqa ölkələrdə də keçirilən layihələrə yardımını əsirgəmir. O, ANAMA ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu bildirmişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, NATO/NSPA proqram meneceri Bülent Tudes və digərləri Azərbaycanın mina və partlamamış hərbi sursatın zərərsizləşdirilməsi sahəsində gördüyü işləri yüksək qiymətləndirmişlər.

Sonra "Ceyrançöl təmizlənmə layihəsi"nin təqdimatı olmuş, müzakirələr aparılmışdır.

Tədbirdə ANAMA-nın bir qrup əməkdaşına sertifikatlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2014.- 9 iyul.- S.2.