Ağac üzərində oymanın yaratdığı gözəllik

 

Xalq sənətinin elə növləri var ki, əsrlər və nəsillər dəyişsə də, yaşayır. Bunlardan biriağac üzərində oyma sənətidir. Bu sənəti yaşadanlardan biri də Gəncə şəhərində rəssam-usta Nizami Abbasovdur. Ömrünün 40 ilini rəssamlığa həsr edən ustanın kolleksiyasında Nizami Gəncəvinin, Məhsəti xanımın, erməni xəyanətinin qurbanı olmuş Cavad xanın obrazları əks olunan sənət əsərləri xüsusi yer tutur.

1992-ci ilədək rəssam kimi tanınan usta o vaxtdan ağac üzərində oyma işi ilə məşğuldur. Məqsədi Nizami Gəncəvinin, Mübariz İbrahimovun portretləri, nəhəng qartal, güldan, şamdan, müxtəlif ölçülü qəlyanlar və başqa əl işlərini gələcəkdə sərgilərdə nümayiş etdirməkdir. Usta-rəssam Nizami Gəncəvinin "Xəmsə"si əsasında hazırladığı ev qapısını iki il müddətinə ərsəyə gətirib. Qapının hər iki üzərində şairin əsərlərindən  miniatürlər xüsusi istedad və bacarıqla işlənib. Qəhrəmanımız bir işə başlamazdan əvvəl hazırlayacağı sənət nümunəsi haqqında geniş məlumat əldə edib, sonra isə xəyalında canlandırdığı möcüzənin  eskizini hazırlayıb və bunun əsasında işə başlayıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 9 iyul.- S.6.