Bakıda “Qloballaşan
dünyada idarəetmə: Biznes
və texnologiya sahəsində irəliləyişlər”
mövzusunda beynəlxalq konfrans
keçirilir
İyulun
9-da Bakıda “ADA” Universiteti və Qlobal Biznes və Texnologiya
Assosiasiyasının birgə təşkilatçılığı
ilə “Qloballaşan dünyada idarəetmə: Biznes və
texnologiya sahəsində irəliləyişlər”
mövzusunda XVI beynəlxalq konfrans işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev
konfrans iştirakçılarına ali məktəb barədə
ətraflı məlumat vermişdir. Azərbaycanın son illər
qazandığı nailiyyətləri diqqətə
çatdıran rektor H.Paşayev bu uğurların əldə
olunmasında müasir idarəetmə sisteminin rolundan bəhs
etmişdir. Çağdaş dövrdə
qloballaşmanın meydana gətirdiyi yeni
çağırışlardan danışan rektor demişdir
ki, qloballaşan dünyada idarəetmədə müasir
yanaşmalar mövcuddur. H.Paşayev bu baxımdan biznes və
texnologiya sahələrində əldə olunan uğurların
və təcrübə mübadiləsinin önəmini
xüsusi qeyd etmişdir.
Rabitə
və yüksək texnologiyalar naziri Əli Abbasov müasir
dövrdə yeni, innovativ texnologiyaların tətbiqinin əhəmiyyətindən
danışaraq bildirmişdir ki, bu gün dünyada
yaranmış sərt beynəlxalq rəqabət şəraitində
aparıcı ölkələrin iqtisadi uğurları əsasən
texnoloji nailiyyətlərə əsaslanır. Elmi-texniki tərəqqinin
əsas stimullaşdırıcı amili kimi bu uğurların
qazanılmasında informasiya və kommunikasiya
texnologiyalarının rolu təkzibedilməzdir. İKT artıq
dünya iqtisadiyyatının ən dinamik və sürətlə
inkişaf edən perspektivli sektoruna çevrilmişdir.
Ölkəmizdə
həyata keçirilən İKT layihələri, xüsusən
“Elektron hökumət” portalı barədə də məlumat
verən Ə.Abbasov, bu istiqamətdə qabaqcıl dünya təcrübəsindən
istifadə edildiyini diqqətə
çatdırmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov isə qurumun ölkə iqtisadiyyatında oynadığı roldan danışmışdır. Fondda yüksək səviyyədə idarəetmə mexanizminin qurulduğunu vurğulayan Ş.Mövsümov, ARDNF-in bir sıra beynəlxalq qurumlara üzv olduğunu, respublika iqtisadiyyatı üçün önəmli olan iri iqtisadi və sosial layihələri maliyyələşdirdiyini qeyd etmişdir.
Sonra konfrans iştirakçılarının sualları cavablandırılmışdır.
Beynəlxalq konfrans işini sessiyalarla davam etdirmişdir. Sessiyalarda mədəni müxtəlifliyə,
iqtisadi, texnoloji, sosial, hüquqi məsələlərə, sənaye
və digər təşkilatların idarə
edilməsində qarşıya
çıxan problemlərə
dair elmi məqalələr təqdim
olunacaq, təcrübə
mübadiləsi aparılacaqdır.
“ADA” Universitetində keçirilən
beynəlxalq konfransa
40-dan artıq ölkədən
nümayəndələr qatılmışdır. Konfransın
təşkilatçıları arasında “ADA” Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya Respublikası, Tayland, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da vardır.
Konfrans iyulun
12-dək davam edəcəkdir.
Azərbaycan.-2014.- 10 iyul.- S.3.