Demokratik inkişafın Azərbaycan
nümunəsi
2. Milli iradənin gücü
"Demokratiyanın müdafiəsi" bayrağı altında ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, seçki proseslərinin, vətəndaş hüquqları və azadlıqlarının vəziyyətinin qiymətləndirilməsində ikili standartları zorla qəbul etdirmək cəhdləri demokratik dəyərləri universallaşdırmaq işinə ziyan vurur. Beləliklə, sual doğur: indən belə sivilizasiyalılığı və barbarlığı, təqsirin dərəcəsini və cəzanın həddini müəyyən etmək hüququ kimə və hansı prinsiplər əsasında verilmişdir?"
Akademik Ramiz MEHDİYEV
III dünya müharibəsinin nə zaman başlayacağı barədə müzakirələr tam 69 ildir, yəni elə II dünya müharibəsi bitəndən dərhal sonra gedir. Bu barədə debatlar o qədər intensiv hal alaraq, elə ciddi auditoryialarda diskussiyaların mövzusu olur ki, istər-istəməz düşünürsən: deyəsən, hamı yeni müharibə intizarındadır. Fəqət bu ehtimalı dəf edən başqa bir həqiqət var: savaşlar bütün xalqların ən böyük qorxu mənbəyi olduğundan, insanlar da daim müharibə fobiyası ilə yaşayır və hər hansı bir təhdidi də müharibə elementi kimi görürlər. Və yanılmırlar da.
Əslində, III dünya müharibəsi çoxdan başlayıb: İraqa qanlı müdaxilədən "Əkiz Qüllələr" və Pentaqonun bombalanmasınadək, Yaxın Şərqdə və ərəb dünyasında ondan artıq ölkənin qan içində boğulmasından hazırda ən müasir silahların (daha dəqiq desək, daha çox ölümə və dağıntıya səbəb olacaq silahlar) hazırlanması və kütləvi istehsalına qədər faktlar bəyəm müharibənin gedişinin ən aydın təzahürü deyilmi?
Müharibələrə hər zaman səbəb aranır, amma heç zaman da tapılmadığından son ümid yeri bəhanələr olur. Əgər ötən yüzilliklərdə bir uğursuz aktyorun təsadüfi gülləsi, yaxud da bir kəndin tutulması bütün dünyanın qan çanağına çevrilməsinə əsas verirdisə, bu günün bəhanələri terrorçuluq və demokratiyadır, daha doğrusu bunların imitasiyasıdır.
Avropanın siyasi dili və Azərbaycanın siyasi leksikonu
"Azərbaycan məqsədyönlü təxribatlara məruz qalıb. Biz bunların mənbəyini və səbəbini bilirik. Bunun insan haqları və demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu, geosiyasi məsələdir" - Prezident İlham Əliyevin sözləridir...
AŞ PA-da antiazərbaycançı şəbəkə ilə üz-üzə dayanaraq orada şərəflə Azərbaycan mücadiləsini aparan siyasət sərkərdəsinin - Prezidentin bu iki cümləsində əslində, müasir dünyanın ən böyük həiqiqəti səsləndi. Və bu həqiqət III dünya müharibəsinin mahiyyətini açıqlamaqla bərabər, hücumçularla-hədəflər arasında aşkar və gizli savaşın aparıldığı müstəvini - geosiyasi intriqaları ifşa etdi.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin AŞ PA-dakı çıxışı bir mövzu olaraq bəlkə də zaman kontekstində gündəmdə olmaya bilər. Amma onun doğurduğu təəssüratın diplomatik, siyasi, idoloji təzahürləri o qədər güclü və qürurvericidir ki, bu mövzuya dönə-dönə qayıtmaq və ona istinad etmək artıq zərurətə çevrilib.
AŞ PA-nın sesssiyasının keçirildiyi bu dəyirmi məkanda düzlük - dürüst siyasət təsadüfi hallarda bəhrəsini verir. Axı, bura Avropadır... Qoca Avropanın öz standartları, meyarları var - özü də hər kəs üçün fərqli. Xristiana bir cür, müsəlmana tam əksi... Ermənistana tam loyallıq və təəssübkeşlik, Azərbaycana isə təftişçilik və qərəzkarlıq... Qərbi Avropa ölkələrindəki problemləri və hüquq pozuntularını görməmək, amma Türkiyəni süni problemlər burulğanına salıb, ondan əsassız hesab sormaq...
Ötən əsrin 70-80-ci illərində məşhur bir deyim var idi: "Avropada qəbul olunmaq və başa düşülmək istəyirsənsə, Avropanın siyasi dilində danış". Həmin dövrdə "siyasi dil" demokratik prinsipləri, hüquq və azadlıqların təminatını, tolerantlığı, dözümlülüyü, bərabərtərəfli əməkdaşlığı ehtiva edirdi. Fəqət bu gün Avropanın siyasi dil leksikonu öz ilkin mahiyyətini itirərək, dini təəssübkeşlikdən korrupsiyaya, şəxsi mənfəətdən dövlətlərin tədrici işğal siyasətinə qədər bütöv bir naqislik silsiləsini əks etdirir.
Bu "dilin" hansı fəsadlar yaratdığını da, hansı məkrli proseslərə rəvac verdiyini də və onu necə susdurmaq lazım gəldiyini də bu məmləkətdə İlham Əliyev qədər bilən ikinci bir adam yoxdur. Dövlət başçısının tam 13 illik bir AŞ PA təcrübəsi var! Qərəzi mərəzə çevirən avropalı deputatları faktlarla, onların ehtimallarını arqumentlə, cəfəng ittihamlarını real həqiqətlərlə zərərsizləşdirməyi, onları susdurmağı bizim Prezident qədər bilən isə Avropa məkanında tək-tükdür.
Avropa Şurasının Nazirlər Sovetinə sədrlik edən ölkənin rəhbəri kimi AŞ PA-da çıxış edən Prezident əslində, özündən müştəbeh deputatlara dərs keçdi. Onlara demokratiya və insan hüquqları, beynəlxalq hüququn qorunması və qəbul edilən qətnamələrin icra vəziyyəti ilə bağlı mövzularda boşboğazlıqla yox, real fəaliyyətlə iş görməyin gərəkliliyini başa saldı.
Azərbaycan Prezidenti Avropanın siyasi mərkəzində çəkinmədən Avropanın ikili standartlarını, ədalətsiz təəssübkeşliyini, məlum maraqlara hesablanan qərəzli mövqelərini ifşa etdi və aşkar ittihamlar səsləndirdi. Onlar susdular...
Bəli, Azərbaycanın qarşısında, Azərbaycanın lideri önündə susdular!
Sofistika ilə - əllaməçiliklə məşğul olub, bizdən hesab sormaq istəyənlərdən Prezidentin özü hesab sordu!
AŞ PA-dakı məlum olayın ən fövqəladə əlaməti o idi ki, bu toplantıya antiazərbaycançı şəbəkə uzun müddət idi hazırlaşırdı və bütün qüvvələrini, rüşvətlə özününküləşdirdiyi deputatları səfərbərliyə almışdı. Avropalı jurnalistlərlə də artıq əvvəlcədən "hesablaşma" aparılmışdı. Hətta Azərbaycandan da "sapı özümüzdən olan baltalar" - müasir terminlə desək, "beşinci kolon" yeni böyük həcmli qrant vədi ilə bura ezam olunmuşdu.
"Siyasi mədəniyyət" mərkəzi sayılan bu məkanda bir qrup avantürist 90-cı illərin çayxana təfəkkür və üslubu ilə min bir hoqqadan çıxır, Avropalı parlamentarilər buna aşkar göz yumur və bununla da Prezidentə - Azərbaycanın Gücünə qarşı psixoloji pressinq hazırladıqlarını düşünürdülər.
Zavallılar...
Azərbaycan Lideri heç Prezident vəzifəsində, ən ali fövqəlgüc səviyyəsində qarşısına çıxan "pressinqlər"dən çəkinmədi, onları ya susdurdu, ya da məsxərəyə qoyub, böyük ustalıqla barmağına doladı. İndi bu 5-6 cılız nadanlamı İlham Əliyevi "psixoloji testdən" keçirməyə çalışırdınız?!
Amma Prezident bu qrant düşkünlərini görməzliyə vurmadı, onların gözünə dik, məğrurcasına baxdı!
Onlara xitab etdi: "İndi müxalifətdə olan insanlar 1992-1993-cü illərdə hakimiyyətdə idilər. Onlar xaos yaratdılar, ərazilərimizin itirilməsinə və işğala görə məsuliyyət daşıyırlar. Onlar vətəndaş müharibəsini törətdilər və sonra da qaçdılar. Bu qrupun gənc nəsil nümayəndələri burada eyvanda əyləşiblər. Bu insanlar başa düşmürlər, onlar 1992-1993-cü illərdə nələr baş verdiyini bilmirlər və bu, onların günahı deyildir. Onlar yanlış yoldadırlar".
Bu, həm də bir müdrik ağsaqqal nəsihəti idi. Onları yanlışdan çəkindirən, düz yola - həqiqətə - Azərbaycan mənafeyinə səsləyən çağırış idi...
Növbəti hücuma dünya erməniliyinin "ağır topları" keçdi. Hər bir böhtan, qərəz böyük peşəkarlıqla ifşa edildi. Əslində, bu, sual-cavab deyildi.
Bu, antiazərbaycançı şəbəkə ilə Azərbaycanın növbəti savaşı idi və qalib əlbətdə ki, Azərbaycan oldu!
Avropanın korrupsiyalaşan siyasi dilinə qarşı Azərbaycanın həqiqəti ifadə edən siyasi leksikonu dayandı.
Və AŞ PA-da az təsadüf olunan hadisə baş verdi: həqiqət qalib gəldi!
"Azərbaycan heç kimin müstəmləkəsi deyil, müstəqil dövlətdir. Biz Azərbaycana hörmətsiz münasibətə dözmək niyyətində deyilik. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki, o, istər Azərbaycana, istərsə də onun xalqına etinasız və hörmətsiz münasibətə dözməyəcək və buna yol verməyəcəkdir" - akademik Ramiz Mehdiyevin bu qənaəti həm də Azərbaycanın Milli İradəsinin gücünü, qüdrətini olduqca aydın göstərir, təsdiq edir.
Azərbaycandan öyrənmək lazımdır, onu təftiş etmək yox
50 il öncə ABŞ prezidenti Con F.Kennedi rəhbəri olduğu sistemin yenidən nizamlanması, əsl demokratik mahiyyətə malik olması və "jandarm" xislətindən azad olması üçün islahatlara başlamaq niyyətində idi. Təbii ki, yaşamamalı idi, sui-qəsdə məruz qalmalı idi və qaldı da! Dünya isə yarım əsrdir hələ də sadəlövhcəsinə qatilin sifarişçisini axtarır.
C.Kennedi bu gün yalnız mübarizliyi ilə yox, həm də müdrik deyimlərlə xatırlanır. O, Prezident postunun məramını belə izah edirdi: "Prezident vəzifəsi arxa cəbhədə bəlağətli çıxışlar etməkdən daha artıq şeylər tələb edir. O, tələb edir ki, prezident özünü mübarizənin ən qaynar yerinə atsın və bütün varlığı ilə arxasınca apardığı insanların qayğısına qalsın".
Bu fikri oxuduqca, dövlət başçımızın yalnız AŞ PA-dakı çıxışını yox, ümumiyyətlə artıq 11 ilə yaxın dövrdə siyasət meydanında böyük güclər və geniş miqyasda şəbəkələşmiş antiazərbaycançı qüvvələrlə mücadiləsini göz önünə gətirirsən. Həqiqətən də biz Prezident İlham Əliyevi daim mübarizənin ən qızğın yerlərində qətiyyətli duruşu və prinsipial mövqeyilə gördük.
Prezident İlham Əliyevi "ittiham obyektinə" çevirməyə hazırlaşan məlum qüvvələrin özləri real ittihamlarla üzləşib, seytnot vəziyyətinə düşdükdən sonra dövlət başçısını "həddən artıq sərt üslublu çıxışda" qınamağa cəhd göstərirlər. Bəli, onlar bu fikirlərində əslində tam haqlıdırlar. Prezident sərt idi, amma həmişəki kimi sərt idi: zatən, söhbət Azərbaycandan, mövzu Azərbaycanın maraqlarından gedəndə, iddiaçı ermənipərəstlər olanda İlham Əliyev nə vaxt həlim və sakit olub?!
İlham Əliyev sərtdir - çünki güclüdür, gücü dövlətinin qüdrətindən, xalqının etimadından alır!
O, hərə ilə öz dilində danışmaq bacarığını hələ 35 il öncə beynəlxalq münasibətlər üzrə mühazirələrdə mənimsəyib və sonra da bunu yüzlərlə tələbəyə tədris edib. İndi isə artıq 11 ildir ki, həm də siyasi proseslərdə uğurla tətbiq edir. AŞ PA da bu silsilədə növbəti məqam idi.
İlham Əliyevdən və onun timsalında Azərbaycandan güzəşti, həlimliyi, dostluğu yalnız səmimi müttəfiqlər arzulaya bilər, qalanları isə hər zaman sərt üzümüzü, "yox" sözümüzü, ironik münasibətimizi görəcəklər!
Bu gün Avropa böyük burulğanın içindədir. Qitə dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönəlmiş tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir. Bütün bunların fonunda Azərbaycanın analoqu olmayan dinamik iqtisadi inkişaf yolu keçməsi, görünür, Avropada bəzi dövlətləri, qüvvələri əməlli-başlı qayğılandırır. Onlar ənənəvi olaraq insan hüquq və azadlıqları mövzusunda manipulyasiyalarını davam etdirirlər.
Halbuki, hazırda Avropa ölkələrində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi və total problemlər mövcuddur, bu dövlətlərdə korrupsiyanın tüğyan etməsi də inkaredilməz həqiqətdir. Hətta Avropanın bu gün də ən nüfuzlu liderlərindən sayılan Jak Şirak, Nikola Sarkozi, S.Berluskoni və onlarla belə dövlət xadimi korrupsiyada ittiham olunur, onlar barəsində məhkəmə hökmü çıxarılır.
Azərbaycanın tolerantlığın və multikulturializmin ən mükəmməl modelinə çevrildiyi zamanda Avropada siyasi, milli-etnik və dini dözümsüzlüyün özünü qabarıq göstərməsi bu ölkələrdə mənəviyyat problemlərini də kəskinləşdirib.
Əksər Avropa dövlətlərində müsəlmanlar açıq-aşkar təqib olunur, dini inanclarına görə təhqir edilir, sıxışdırılırlar. Bir sıra terror aktlarının məhz müsəlmanlara qarşı həyata keçirilməsi bu geosiyasi arealda ekstremist millətçilik və "islamafobiya" əhval-ruhiyyəsinin gücləndiyini təsdiqləyir. Müxtəlif insanlar və dövlətlər tərəfindən törədilən analoji hadisələrə əks münasibətlərin sərgilənməsi də özünü "ikili standart"ların bariz nümunəsi kimi göstərir. Məsələn, Norveçdə 77 nəfəri qətlə yetirən, məhkəmədə öz çirkin əməlindən peşman olmadığını və daha çox insanı, habelə müsəlmanı öldürə bilmədiyindən təəssüfləndiyini söyləyən Anders Breyvik cəmi 21 il müddətinə azadlıqdan məhrum edildiyi halda, güclü affekt vəziyyətində bir erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ədalətsiz olaraq ömürlük həbs cəzasına layiq görülmuş Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və qanuni prosedurlar çərçivəsində əfv edilməsi ilə bağlı Avropanın məlum dairələrinin yaratdığı boş hay-küy də unudulmayıb.
Azərbaycan isə bəzi Avropa ölkələrindən fərqli olaraq bu gün həm də sivilizasiyaların qovuşduğu, multikulturalizmin mövcud olduğu məkan kimi tanınır. Məşhur siyasi xadim Mahatma Qandi deyirdi ki, "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Bu gün Azərbaycan tolerantlıq səviyyəsinə görə Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Hollandiya və s. kimi dövlətlərə nümunə ola bilər.
Elə Azərbaycan Prezidenti də bu məqamı ATƏT PA-nın Bakıda keçirlən sessiyasında çıxışı zamanı xüsusi vurğuladı: "Azərbaycanın təcrübəsi öyrənilə bilər. Çünki cəmiyyətimizdə multikulturalizm uğurumuzun əsas elementlərindən biridir. Biz çoxmillətli, çoxdinli ölkəyik. Bu, Azərbaycanın əsas sərvətlərindən biridir ki, ölkəmizin bütün vətəndaşları dini və etnik mənşəyindən asılı olmayaraq, bərabər hüquqlara və imtiyazlara malikdirlər. Biz vahid ailə kimi yaşayırıq, müxtəlif dinlərin nümayəndələri bayramları birgə qeyd edirlər. Bu, sözün əsl mənasında nadir təcrübədir və qlobal səviyyədə yüksək qiymətləndirilir".
Azərbaycanda dalana dirənən "inqilab"
2011-ci ildən başlayaraq ərəb dövlətlərində baş qaldırmış inqilabların uğursuz sonluğu regiona zor gücünə "İnkişaf və demokratiya gətirməyə çalışan" dövlətlərin əslində, imperialist mövqedən çıxış etdiklərini təsdiqləyir. Onların birbaşa təşviqi ilə baş tutan "inqilablar" bu dövlətlərin ümumilikdə mövcudluğuna ciddi təhlükə yaratmış, xalqların problemlərini həll etmək əvəzinə işsizlik, səfalət, yoxsulluq, eləcə də elementar insan hüquqlarının pozulması kimi fəsadlar bəxş etmişdir.
Demokratiya çətiri altında yürüdülən ekspansiya siyasəti bundan əvvəl İraq və Əfqanıstanda süquta uğramışdı. İraqda on ildən artıq müddətdə "kimyəvi silah istehsalı zavodlarının axtarışı" heç bir nəticə vermədi. Liviya, Tunis, Misir, Suriya "inqilablar"ının nəticələri isə göz qabağındadır. İnqilabların baş verdiyi, hakimiyyətlərin əvəzləndiyi ərəb ölkələrinin sonu görünməyən qeyri-sabitlik, iqtisadi tənəzzül, xaos və anarxiya girdabına sürüklənməsi "demokratiya ixracatçıları"nın növbəti fiaskosu kimi dəyərləndirilə bilər. Bir sözlə, bu inqilablar faktiki olaraq xalqlara çoxsaylı problemlər gətirib.
Bu gün İŞİD adı altında İslam ölkələrini təhdid edən yeni terror dalğasının kimlərin dəstəyilə yarandığı da artıq gizli deyil. Müsəlman ölkələrində təriqətlərarası təfriqə yaratmaq üçün əsrlər boyu nifaq salmağa çalışanların ssenariləri də dəyişməz idi: XVIII əsrdə güclənən və vahid qüvvəyə çevrilən İslam dünyasını böyük təhdid kimi görən İngiltərə bu gücü məhv etmək üçün özünün Müstəmləkələr Nazirliyinin xəfiyyəsi T.Hempherin səyləri ilə vəhabilik təriqətini yaratdı və tam üç əsrdir İslamda davam edən məzhəb qovğalarının əsasını qoydu. Müasir dövrdə isə islam ölkələrində, o cümlədən İraqın özündə "sünni-şiə savaşı" adı ilə əvvəl sünnilərin namaz qıldığı məscidləri partladır və bunu guya şiələrin törətdiyini gündəmə gətirirlər. Bir gün sonra isə eyni qaydada şiələrin ibadətgahı partladılır və sünnilər hədəf seçilir. Beləliklə də, savaşlar silsiləsi yaradılır. İndi isə İŞİD...
"Ərəb baharı" ilə öz ambisiyalarını məhdudlaşdırmayan dairələr bütünlüklə Yaxın Şərqi və İslam dünyasını yeni qlobal münaqişə ocağına çevirmək niyyətindədirlər. Təriqətlərarası savaş artıq dövlətlərarası müharibələr mərhələsinə keçmək üzrədir. Vaxtilə ABŞ-ın hakim ailəsinin iqtisadi tərəfdaşı, xüsusi xidmət orqanlarının isə xəfiyyəsi olan Ben Laden "Əl-Qaidə" vasitəsilə Şərqin qan bataqlığına çevrilməsinə şərait yaratdığı kimi, bu gün də İŞİD təlimatlarını "Müstəmləkələr Nazirliyinin" xələflərindən alır.
İngiltərə Müstəmləkələr Nazirliyi hələ üç əsr öncə İslam dünyasında təfriqə yaratmağa müvəkkil təyin etdiyi casuslarına göndərdiyi "Müsəlmanlara güc və qüdrət bəxş edən nə varsa aradan götürmək üçün tövsiyələr"in 16-cı maddəsində bu təlimatı verirdi: "Müsəlmanlara güc bəxş edən dəyərlərdən biri də onların müqəddəs məkanları ziyarət etmələridir. Bu məkanlara önəmlə yanaşmağın və bəzəməyin bidət və şəriətə zidd olduğunu, peyğəmbər dövründə bu cür şeylərin olmadığını, ölülər üçün ibadət edilmədiyini deməliyik. Yavaş-yavaş dini tikililərin dağılmasıyla və bu məqbərələrin izlərini aradan götürməklə xalq bu ziyarətlərdən əl çəkdirilməlidir".
"İslam bayrağı" altında İslam düşmənlərinin buyruq quluna çevrilən nadan sələfilərin, terrorçu İŞİD-in elə ilk işi də qəsb etdikləri məntəqələrdə müqəddəs insanların adını daşıyan məscidlərin, türbələrin, ziyarətgahların, pirlərin darmadağın edilməsidir. Göründyü kimi, onlar əslində, tanrının, Peyğəmbərimizin və "Qurani-Kərim"in hökmlərini yox, məhz Müstəmləkələr Nazirliyinin müasir davamçılarının sifarişlərini həyata keçirirlər. Əsrlər öncə tarixi vətənləri olan Azərbaycandan köç edən, qanı qanımızdan, canı canımızdan olan kərküklər - türkmanlar da indi bu terrorçuların əsas qurbanlarıdır.
Hədəfdə İraqın parçalanması və bu tendensiyanın daha sonra sərhəd qonşularımız Türkiyəyə, İrana keçididir. Məntiqi sonluq isə müstəqil siyasətə və davamlı inkişafa malik digər müsəlman ölkələrinin də separatizm məngənəsinə salınması olmalıdır. Yəni, Azərbaycan...
"Dövlətlərin müstəqilliyinə təhdidlər həmişə dünyanı təkbaşına idarə edənlərdən yaranmışdır" - akademik Ramiz Mehdiyevin bu fikri bəşəriyyətin üzləşdiyi mövcud problemlərin, qanlı münaqişələrin səbəbini ən dolğun ifadə edən ali həqiqətdir. Və bu həqiqət təəssüf ki, özünü hər gün yeni faktlarla daha aydın şəkildə təsdiq edir.
İmperializmin tarixi göstərir ki, dünyada hegemonluğa can atanlar bu və ya digər ölkənin sərvətini talamaq üçün hədəf olaraq seçdikləri ölkələrdə marionet hakimiyyətlərin formalaşmasına xüsusi diqqət yetiriblər. Bu, de-fakto həyata keçirilən istilaya hüquqi don geyindirmək baxımından zamanın sınağından çıxarılmış taktika hesab olunur. Məhz elə bu baxımdan da ərəb dünyasında cərəyan edən məlum hadisələrə əslində yeni bir dalğa yox, Əfqanıstan və İraqda reallaşdırılmış ssenarilərin davamı kimi baxmaq daha düzgündür. Həmin ssenarilərin dirijoru qismində çıxış edənlər isə yeni-yeni müsəlman ölkələrini "inqilablara" - xaosa, tənəzzülə, parçalanmaya sürükləməyə çalışırlar.
Amma Azərbaycanda dalana dirənirlər. İndi tam aydınlığı ilə dərk edirlər ki, bu cür məkrli cəhdləri Azərbaycan kimi güclü dövlətdə "sınaqdan" çıxarmaq ümumiyyətlə mümkünsüzdür. Çünki bu məmləkətdə dövlətinə özü sahiblik edən güclü hakimiyyət və hakimiyyətinə də məhz özü sahib çıxan müdrik xalq var...
(ardı var)
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.-2014.- 9 iyul.- S.5.