I Avropa Oyunları ən yüksək səviyyədə keçiriləcəkdir

 

İrqindən, dinindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli idman mübarizəsini təmin edən Olimpiya oyunları möhtəşəm idman tədbiridir. Bu oyunlarda göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini formalaşdırıb yüksəltməklə  yanaşı, onun imkanlarını da nümayiş etdirir.

Olimpiya oyunlarına ev sahibliyi etmək hər bir ölkənin arzusudur. Təsadüfi deyil ki, ev sahibliyi uğrunda çox ciddi mübarizə gedir. Hər bir olimpiya oyunlarına ev sahibliyi edəcək ölkənin adı isə xeyli əvvəldən məlum olur. Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Olimpiya Oyunları qitə tarixində birinci dəfə keçiriləcək. Xatırladaq ki, 2015-ci ildə baş tutacaq tarixdə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib.

AOK-un qərarı tarixi hadisədir və ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. Bunlar ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-iqtisadi uğurlar, infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və sair bu kimi dünyanın diqqətini çəkən məsələlərdir. Ümumiyyətlə, təkcə Olimpiya oyunlarına deyil, beynəlxalq səviyyəli istənilən yarışa ev sahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Təsadüfi deyil ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.

Azərbaycanda müasir idman infrastrukturunun yaradılması, çoxsaylı idman tədbirlərinə ev sahibliyi etməsi, 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idmanOlimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. Odur ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.

I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Oyunlar 19 idman növünü əhatə edəcək. Bunlardan 16-sı olimpiya idman növü, üçü qeyri-olimpiya idman növü olacaqdır. Altı mindən artıq idmançının mübarizə aparacağı "Bakı-2015"də səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq.

I Avropa Oyunlarına artıq bir ildən də az vaxt qalır. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkli üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdıracaq. Ölkəmizin dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini, bu oyunların keçirilməsində Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayan Mehriban xanım Əliyeva deyib: "I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək".

Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar. Vaxtilə ölkəmizdə keçən "Eurovision" yarışmasında bu praktikadan istifadə olunuböz müsbət nəticəsini göstərib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) də I Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə könüllülük proqramına başlayıb. Təbii ki, I Avropa Oyunları Azərbaycanın gənc, müasir və qonaqpərvər ölkə olduğunu dünyaya nümayiş etdirəcək. Könüllülər Bakının zəngin mənəviyyata sahib olan insanlarını gözəl təcəssüm etdirəcəklər. Bu mənada İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək, idman tədbirinin uğurla həyata keçirilməsinə yardım etməklə Azərbaycan tarixinin bir hissəsinə yazılmaq yaxşı fürsətdir. Könüllülərə oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların salamlanması, yarışlarda çalışmaq,  KİV nümayəndələrinə kömək göstərmək və s. vəzifələri icra etmək imkanı veriləcək.

İndiyədək beş yüzdən artıq könüllü Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş yeniyetmələr arasında Avropa Olimpiya təsnifat yarışlarında və Milli Gimnastika Arenasında təşkil edilmiş bədii gimnastika üzrə Avropa çempionatında təcrübə qazanmışlar. Könüllülərin daha çox təcrübə qazanmaları və Avropa Oyunları müddətində komanda rəhbərlərinə çevrilmələri istiqamətində çalışmaları üçün əlavə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulur.

İlk Avropa Oyunlarının keçirilməsi istiqamətində işlər gördükcə BEGOC təşkilat kimi böyüməkdə davam edir. Hazırda texnologiya, tədbirlərin idarə edilməsi, nəqliyyat, dillər, yerləşdirilmə, kadrlar (insan resursları), marketinq və layihənin idarə edilməsi kimi bir sıra sahələrdə 100-dən çox tam ştat əsasında ödənişli imkanı mövcuddur. İyuldan etibarən 199 universitet məzunu təlim proqramı vasitəsilə BEGOC-a qoşulacaqdır. Azərbaycan və Avropa universitetlərindən yeni məzun olan həmin şəxslərin potensiallarının araşdırılmasına kömək məqsədilə xüsusi tərtib edilmiş intensiv təlim proqramı var.

I Avropa Oyunlarının Bakıda təşkili ölkəmizin idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaq. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcək.

 

Ramil NAMAZOV,

iqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 10 iyul.- S.7.