Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham
Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin
altı ayının sosial-iqtisadi yekunlarını müzakirə
edəcəyik. Deyə bilərəm ki, ilin birinci
yarısında ölkəmizin uğurlu inkişafı təmin
edilmişdir. Qarşıda duran
bütün məsələlər uğurla icra edilmişdir.
Bir dənə də olsun icra edilməmiş məsələ
yoxdur. Əlbəttə, bu, deməyə əsas
verir ki, ilin sonuna qədər də bütün vəzifələr
icra ediləcək, ölkəmizin dinamik uğurlu
inkişafı davam edəcəkdir.
Bizim uğurlarımızın təməlində
düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə
aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın
dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki,
vaxtilə bizim uğurlarımızı bəziləri ancaq
neft amili ilə bağlayırdılar. Belə
bir fikir irəli sürülürdü ki, Azərbaycanın
nefti var və buna görə ölkə iqtisadiyyatı
inkişaf edir. Əlbəttə, son illərdə
bu amil öz rolunu oynamışdır. Ancaq
bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən
asılılıq böyük dərəcədə
aşağı düşmüşdür və ümumi
daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda
yaranır.
Bu, düşünülmüş siyasətin nəticəsidir
və bizim islahatlarımız mötəbər beynəlxalq
maliyyə qurumları tərəfindən də yüksək
qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə
qurumları öz proqnozlarını müəyyən edərkən,
Azərbaycanın bundan sonra da uzun illər ərzində
uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif
qurumların reytinqlərində də özünü göstərir.
Dünyanın aparıcı reytinq agentlikləri
bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit
resurslarının cəlb edilməsi üçün bizdə
heç bir problem yoxdur. Əksinə, biz
bu məsələyə bir qədər təmkinlə
yanaşırıq. Çünki hesab
edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik.
Davos Dünya İqtisadi Forumu - dünyanın
bir nömrəli iqtisadi forumu Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək
qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir.
Hesab edirəm ki, gənc müstəqil ölkə
üçün bu, çox böyük göstəricidir.
Bir sözlə, müxtəlif amillərin nəticəsində
ölkəmizin uğurlu inkişafı mümkün
olmuşdur. Ölkəmizdə çox gözəl investisiya
şəraiti vardır. Xarici və daxili
investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə
ölkəmizin gələcəyi ilə bağlı nikbin
fikirlərin üstünlük təşkil etməsi, əlbəttə
ki, dinamik iqtisadi inkişafımıza təkan verir.
Birinci
altı ayda iqtisadi göstəricilərimiz də çox
müsbətdir - iqtisadiyyat 2,1 faiz
artmışdır. Bəlkə də əvvəlki
dövrlərlə müqayisədə bu, o qədər də
böyük rəqəm deyildir. Ancaq bu
gün dünyada, bölgədə və Avropada yaşanan
iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu,
çox gözəl göstəricidir. Ən
sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə
qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz
uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir.
Bu da əlbəttə ki, dediyim məsələlərin
nəticəsidir. Çünki əgər
biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur
layihələrinə yönəltməsəydik, bu gün
qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə
də tənəzzülə uğrayardı və onda biz
ancaq neft amilindən asılı ola bilərdik.
Gələcək illərdə ayrılan vəsait
və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük
çəkiyə malik olmasına gətirib
çıxaracaqdır.
İnflyasiya
Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu,
çox gözəl göstəricidir. Xüsusilə nəzərə
alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm
xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə
qaldırılır, sovet vaxtından qalmış əmanətlər
kompensasiya şəklində, MDB-də ən böyük əmsalla,
ən qısa müddət ərzində insanlara
qaytarılmışdır - bütün bu amillərə
baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri
isə 4,7 faiz artıb, yəni,
inflyasiyanı 3 dəfə üstələyir. İstənilən
ölkə üçün bu, ən arzu olunan balansdır.
Ona görə bu amillər,
iqtisadiyyatımızın əsas göstəriciləri bizə
ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər
saxlayacağıq. Ümid edirəm belə
də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır.
Kənd təsərrüfatında inkişaf
müşahidə olunur. Kənd təsərrüfatımız təxminən
6 faiz artıbdır. Ümid edirəm ki,
indi aparılan islahatlar nəticəsində biz gələn
illərdə daha da böyük artıma nail olacağıq.
Ölkəmizin maliyyə vəziyyəti çox
sabitdir. Mən dəfələrlə demişəm, bizim
iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi
şərtləndirən əsas amillərdən biridir.
Azərbaycan böyük maliyyə
resurslarına malikdir. Bu resursları biz özümüz
yaratmışıq, bizə heç kim
kömək etməmişdir. Azərbaycan
xalqının istedadı və
düşünülmüş siyasət nəticəsində
bunu əldə etmişik. Bu gün
dünya miqyasında adambaşına düşən valyuta
ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan
aparıcı, yəni, ən qabaqcıl yerlərdədir.
Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız
vardır. Bu da bizə inam, əminlik verir,
imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial
layihələrimizi icra edək.
Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən
çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə
yönəldirik. Eyni zamanda, ölkə daxilinə dövlət
tərəfindən qoyulan investisiyaların
artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib
çıxara, inflyasiyanı sürətləndirə bilər
və buna ehtiyac yoxdur. Biz növbəti illərdə
bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir.
İl ərzində bizim valyuta ehtiyatlarımız
artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta
ehtiyatlarımızı artırırıq. Ona görə mən bilirəm ki, biz çox qənaətlə
istifadə edirik. Biz populist vədlərdən
tamamilə uzağıq, heç vaxt bunu etməmişik.
Ancaq praqmatik, düşünülmüş siyasət
aparmışıq və bu siyasət imkan verdi
ki, biz bütün çətinliklərdən şərəflə,
üzüağ çıxa bildik.
Dünyanı bürümüş iqtisadi, maliyyə
böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir
faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə
alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə
üçün belədir. Bizim, sadəcə
olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq
və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan
ölkəyik. Bir daha qeyd etmək istəyirəm,
biz ildən-ilə maliyyə resurslarını
artırırıq, artıracağıq. Bu
resurslardan səmərəli şəkildə istifadə etməyimiz,
bizə əlbəttə ki, əlavə gəlirlər gətirir
və bu gün öz investisiya portfelimizi şaxələndiririk
- həm sahələr üzrə, həm də xaricdə
qoyulan investisiyaların coğrafiyası genişlənir.
Bu il üçüncü regional inkişaf
proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində
artıq ilin altı ayında 65 min yeni iş yeri
açılmışdır ki, onlardan 52 mini daimi iş
yeridir. 2003-cü ildən bugünə qədər - bu
proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min
iş yeri açılmışdır ki, onlardan təqribən
1 milyonu daimi iş yeridir. Demək olar ki,
işsizlik böyük dərəcədə aradan
qaldırılmışdır, çox aşağı səviyyədədir.
Ancaq onu nəzərə almalıyıq ki, bizim
uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda,
- bu da çox sevindirici bir haldır, - əhali sürətlə
artır. İldən-ilə artan əhali
hökuməti də, əlbəttə ki, daha da fəal
olmağa çağırmalıdır. Eyni zamanda, bu,
onu deməyə əsas verir ki, yeni iş yerlərinin
açılması daimi proses olmalıdır. Biz deyə bilmərik
ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin,
indi bu məsələyə diqqət yetirməyək. Yox, bu,
daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı,
yüksək texnologiyalar, digər sahələr sürətlə
inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə
də iş yerləri ilə təmin edə bilək.
Ona görə hesab edirəm, vaxt gəlib çatıb
ki, bu məsələ ilə bağlı
düşünülmüş bir konsepsiya hazırlansın. Bugünə qədər
bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq
bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali
nə qədər artsa, sonrakı illərdə o faiz də
bir o qədər böyük rəqəmlərlə
ölçüləcəkdir. Bir var ki, 8
milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali.
Yəni, rəqəmlər də mütləq
böyüyəcəkdir. Ona görə
biz uzunmüddətli məşğulluq konsepsiyasının
müzakirəsini başlamalıyıq. Müəyyən
işlər görülmüşdür, biz bunu gərək
daha da konkretləşdirək ki, hansı sahələrdə
nə qədər iş yerləri açılmalıdır.
Buna görə biz nə etməliyik, hansı
institusional islahatlar aparılmalıdır, buna nə qədər
investisiyalar cəlb edilməlidir? Hesab edirəm
ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən
edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta
indi də vəsaiti ən böyük inkişafa ehtiyacı
olan sahələrə yönəldirik. İnfrastruktur,
sosial layihələr, müdafiə xərcləri, əlbəttə
ki, bu, lazımdır və düşünülmüş
siyasətdir. Ancaq biz məşğulluq məsələlərini
indi daha da ciddi nəzərə almalıyıq. Üçüncü regional inkişaf
proqramının icrası nəticəsində 2018-ci ilə qədər
bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz
öz həllini tapmalıdır. Əminəm
ki, belə də olacaqdır.
Bakı və onun qəsəbələrinin inkişaf
proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir,
2016-cı ilə qədər başa çatmalıdır.
Hesab edirəm ki, bu sahədə də hər
şey cədvəl üzrə gedir, heç bir problem yoxdur.
Sosial məsələlərin həlli bu altı ayda da
diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı
artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır.
Sosial infrastruktur layihələri icra edilir. Səksəndən
çox təhsil müəssisəsi, qırxdan çox səhiyyə
ocağı təmir olunur, tikilir. Yəni,
bu da sosial sahəyə ayrılan vəsaitin, diqqətin
hesabına olan məsələlərdir.
Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində
ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Bu, əhali tərəfindən
böyük rəğbətlə qarşılanır. Əminəm ki, islahatlar daha da dərinləşəcəkdir.
İslahatlar şəffaflıq nöqteyi-nəzərindən
daha da dərinləşməlidir. Dünyanın
aparıcı ölkələrinin bu sahədə
böyük təcrübəsi vardır. Biz
bu təcrübəni, əlbəttə ki, öyrənirik, tətbiq
edirik. Azərbaycanda sosial sahədə vəziyyət
dünyanın aparıcı ölkələrindən geri
qalmamalıdır. Buna nail olmaq
üçün, hesab edirəm ki, bütün
imkanlarımız vardır.
Biz bu altı ayda, əlbəttə ki, hərbi məsələlərə
xüsusi diqqət göstərmişik. Ordu
quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir,
nizam-intizam artır. Ordumuzun
döyüş qabiliyyəti yüksək səviyyədədir,
gündən-günə artır. Ordu
günündə və bu yaxınlarda cəbhə bölgəsində
keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən,
eyni zamanda, gücümüzü nümayiş etdirmək
nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə
malik məsələlərdir. Bu
yaxınlarda səfirlərlə görüşdə bu məsələ
ilə, ümumiyyətlə, xarici siyasətlə
bağlı sözlərimi kifayət qədər geniş
demişəm, təkrar etmək istəmirəm. Sadəcə
olaraq, bir daha demək istəyirəm ki, ərazi
bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq
Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində
öz həllini tapa bilər.
Bu altı ayda neft-qaz sahəsində, xüsusilə
"Cənub" qaz dəhlizi ilə bağlı ciddi
addımlar atılmışdır. İlkin tenderlər
elan edilmişdir. TANAP layihəsinin
icrası, demək olar ki, artıq başlamışdır.
Tikintiyə hazırlıq dövrü çox
uğurla gedir. Hesab edirəm ki, biz bu
böyük layihəni vaxtında icra edəcəyik. "Cənub" qaz dəhlizinin təşəbbüskarı
Azərbaycandır. Bu layihənin icrası
nəticəsində həm Azərbaycan, həm də onun
qonşuları və Avropa ölkələri böyük
fayda götürəcəklər. Azərbaycan
bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir.
Bu üç layihə - "Şahdəniz-2", TANAP və
TAP Avropanın enerji xəritəsini dəyişdirəcək,
Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına
çevirəcək və ən vacibi, Azərbaycan
xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin
həlli sahəsində rifahını təmin edəcəkdir.
Biz bu layihənin icrası nəticəsində bundan sonra ən
azı yüz il ərzində qaz
ixracatından böyük fayda götürəcəyik və
Azərbaycanın dünyadakı rolu daha da artacaqdır.
Bu gün bizim dünyada oynadığımız rol
çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi,
təsir imkanları gündən-günə artır. Bütün bunları biz özümüz qazanmışıq,
əldə etmişik.
Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib
hissəsidir, nəinki bizim üçün, bütün
ölkələr üçün milli təhlükəsizlik
məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə
müşahidə olunan hadisələr və müəyyən
gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi
olmadan heç bir ölkə özünü rahat hiss edə
bilməz, tam müstəqil siyasət apara bilməz.
Biz isə öz enerji təhlükəsizliyimizi
çoxdan təmin etmişik və bu gün başqa ölkələrin
enerji təhlükəsizliyinin təmin edilməsində
öz rolumuzu oynayırıq. Bu rol müsbət
roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər.
Azərbaycan heç vaxt öz enerji
resurslarından başqa məqsədlər üçün
istifadə etməmişdir. Bizim bu sahədəki
fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki,
enerji resursları əməkdaşlığı dərinləşdirməlidir,
birliyi möhkəmləndirməlidir və əlbəttə
ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin
edirik. Bu gün həm bölgədə, həm
dünyada bizim maraqlarımız təmin edilir.
Növbəti
illərdə TANAP layihəsinin icrası ilə bağlı
Azərbaycanda on minlərlə yeni iş yeri
açılacaqdır. Azərbaycan şirkətləri
bu layihələrdə iştirak edəcəklər. Son vaxtlar imzalanan kontraktlar üzrə tenderlərdə
Azərbaycan şirkətləri ya birbaşa, ya da xarici şirkətlərlə
birlikdə qalib gəlmişlər və bir neçə
milyard dollar həcmində kontraktların icrası da Azərbaycan
şirkətlərinə həvalə edilmişdir. Bu da dövlətin özəl sektora göstərdiyi
diqqət və qayğıdır.
Birinci böyük layihələrin icrası nəticəsində
bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa
bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana
investisiya qoymağa başlamışlar. Mən
də onlara bunu tövsiyə edirdim və eyni zamanda, Azərbaycanda
belə bir şərait yaratmışıq ki, buraya investisiya
qoymaq ən sərfəli yoldur. İndi
başqa ölkələrə investisiya qoymaq, əlbəttə
ki, lazımdır və biz də dövlət kimi bunu edirik.
Ancaq burada yaşayan və çalışan
şirkətlər buraya investisiyalar qoysa, onlar
üçün daha yaxşı olar. Gəlirlilik burada daha yüksəkdir,
investisiyalar dövlət tərəfindən qorunur. Ona görə
TANAP, "Şahdəniz-2" layihələrinin
icrası nəticəsində bizim inşaatla, xidmətlə,
digər sahələrlə və əlbəttə ki,
energetika sahəsi ilə bağlı şirkətlər də
hazır olmalıdırlar. Tenderlərdə
iştirak etməlidirlər və orada yaxşı təklif
verməlidirlər ki, qalib gəlsinlər. Beləliklə,
daha çox vergi ödəyəcəklər, daha çox
iş yerləri yaradılacaqdır. Bir sözlə,
bizim enerji siyasətimiz bu yolla ölkə
iqtisadiyyatının inkişafına xidmət etməlidir, nəinki
qazanılan pulların sonra infrastruktur layihələrinə
yönəldilməsi ilə. Bu, təbii
ki, olacaqdır. Bu layihələrin
icrası nəticəsində biz böyük miqdarda vəsait
əldə edəcəyik, o vəsaiti də ölkə
iqtisadiyyatının inkişafına, sosial məsələlərin
həllinə qoyacağıq. Ancaq kontraktların
icrası nəticəsində yerli şirkətlərin fəaliyyəti
hesabına iş yerlərinin açılması, yeni sənaye
sahələrinin
yaradılması prosesi də sürətlə gedəcəkdir.
Biz dövlət olaraq buna hazırıq. Bu məqsədlə
artıq neçə ildir ki, sənayeləşmə siyasəti
aparılır, texnoparklar yaradılır, digər təşəbbüslər
vardır və olacaqdır. Bu barədə
sonra danışacağam. Bir sözlə,
bizim sənayemiz də buna hazır olmalıdır.
Müəyyən dərəcədə hazırdır, ancaq
hesab edirəm ki, bir-iki il ərzində sənaye
məsələlərinə həm dövlət xətti ilə,
həm özəl qurumlar hesabına daha böyük diqqət
göstərilməlidir.
Bir sözlə, bizim altı ayda gördüyümüz
işlər yüksək qiymətləndirilməlidir. Ölkədə
çox gözəl ab-hava vardır. Çox
gözəl ictimai-siyasi vəziyyət müşahidə
olunur. Sabitlik tam şəkildə təmin
edilir. Sabitliyin qarantı Azərbaycan
xalqıdır və gördüyümüz işlərdir.
Azərbaycan xalqının rifahı, cəmiyyətdə
bərqərar olan ədalət, o cümlədən sosial ədalət
və xoşagəlməz hallarla mübarizə bu müsbət
meyilləri daha da gücləndirir.
İqtisadiyyat və sənaye naziri
Şahin MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Əvvəlki
illərdə olduğu kimi, cari ilin birinci yarımilində də
ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş,
iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi
sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi, sənaye
potensialının gücləndirilməsi, regionların
tarazlı inkişafı, əlverişli biznes və investisiya
mühitinin formalaşdırılması və digər sahələrdə
əhəmiyyətli işlər görülmüş, nəticədə
əhalinin rifahının yüksəlməsi davam
etmişdir.
Bu
davamlı inkişaf, ümummilli lider Heydər Əliyevin
sosial-iqtisadi inkişaf strategiyasının 10 ildən artıq
bir müddət ərzində, cənab Prezident, Sizin tərəfinizdən
inamla davam etdirilməsi və gərgin əməyiniz sayəsində
mümkün olmuşdur.
Cari ilin 6
ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz,
inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun
ümumi daxili məhsulda payı 56,3 faizə
çatmışdır. Dövlət büdcəsinin gəlirləri
9,3 milyard manat və ya 101,6 faiz yerinə
yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur.
Vergilər
Nazirliyi tərəfindən proqnoza 103,6
faiz əməl edilmiş, qeyri-neft sektorundan büdcəyə
daxil olmuş vəsait isə ötən ilin eyni dövrünə
nisbətən 14,5 faiz artmaqla ümumi daxilolmalarda payı 56,9
faizə çatmışdır. Dövlət Gömrük
Komitəsi tərəfindən isə proqnoza 100,2
faiz əməl edilmiş, daxil olmuş vəsait ötən
ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz
artmışdır.
İlk 6
ayda iqtisadiyyatın və sosial sahələrin inkişafı
məqsədilə bütün maliyyə mənbələri
hesabına əsas kapitala 7,6 milyard manat
investisiya yönəldilmiş və bu, əvvəlki ilin
müvafiq dövrünə nisbətən 3,4 faiz
artmışdır. Əsas kapitala qoyulmuş vəsaitin 70,7 faizini daxili investisiyalar təşkil
etmişdir.
Əhalinin
gəlirlərinin artması davam etmiş və ötən
ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən
gəlirlər isə 3,3 faiz artmışdır. Yanvar-may
ayları ərzində orta aylıq əməkhaqqı 6,5 faiz artaraq 438,1
manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin
banklardakı əmanətləri keçən ilin eyni
dövrünə nisbətən 12,8 faiz
artaraq 6,6 milyard manata çatmışdır.
Əldə edilmiş nailiyyətlər nüfuzlu beynəlxalq
təşkilatların hesabatlarında da öz əksini
tapmışdır. Belə ki, "Fitch", "Standard and Poors" və
"Moodys" reytinq agentlikləri bir çox inkişaf
etmiş ölkələrin reytinqlərini azaltdıqları
halda, Azərbaycanın kredit reytinqini yüksəltmiş,
onların hər biri iqtisadiyyatımıza investisiya səviyyəli
kredit reytinqi vermişdir.
Bununla yanaşı, Dünya Bankı, Beynəlxalq Valyuta
Fondu və AYİB kimi təşkilatların Azərbaycan
iqtisadiyyatına dair proqnozları optimist olmuşdur.
Möhtərəm
cənab Prezident! Ölkəmizin sosial-iqtisadi
inkişafına müstəsna töhfə verən məqsədli
dövlət proqramları uğurla icra olunur. Cari ilin 6 ayında Dövlət İnvestisiya
Proqramı çərçivəsində bütün istiqamətlərdə
infrastruktur layihələrinin icrası, sosial obyektlərin təmir-tikintisi,
abadlıq və quruculuq işləri davam etdirilmişdir.
Regionların
sosial-iqtisadi inkişafına dair üçüncü
Dövlət Proqramı bütün bölgələrin hərtərəfli
və tarazlı inkişafı sahəsində 2004-cü ildən
başlanılmış məqsədyönlü siyasətin
davamı olmaqla, yeni müəssisələrin və iş
yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin
həyata keçirilməsində mühüm rol oynayır.
Sosial sahələrin
inkişafı yenə də diqqət mərkəzində
saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb,
15 bağça, 12 səhiyyə, 6 gənclər və idman,
20 mədəniyyət və digər sosial obyekt tikilmiş və
ya əsaslı təmir olunmuşdur. Hazırda
300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.
Bakı
şəhərinin və qəsəbələrin
sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı
çərçivəsində isə, ötən 6 ayda 10 təhsil,
8 gənclər və idman obyektində təmir-tikinti işləri
yekunlaşmışdır və 100-ə yaxın təhsil, səhiyyə,
mədəniyyət və digər sosial obyektdə işlər
davam etdirilir.
Cənab
Prezident! Tapşırığınıza əsasən,
Böyükşor gölünün bərpası ilə əlaqədar
layihəyə uyğun olaraq işlər qrafik üzrə həyata
keçirilir, birinci mərhələdə gölün 300
hektar sahəsinin
çöküntülərdən təmizlənməsi
işlərinə başlanılmışdır.
Möhtərəm
cənab Prezident! Əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramına
uyğun olaraq, kənd təsərrüfatı sahəsində
müasir istehsal və infrastruktur komplekslərinin
yaradılması istiqamətində işlər davam
etdirilmiş, bir sıra ərzaq məhsullarının, o
cümlədən quş əti, yumurta, ət və ət məhsulları,
süd məhsullarının istehsalı artmış,
özünü təminetmə səviyyəsi yüksəlmiş,
bəzi məhsullarımızın məşhur brendlərin
adı ilə istehsalına başlanılmışdır.
Ərzaq təminatında yerli istehsalın payının
artırılması ilə bağlı verdiyiniz
tapşırığa əsasən, iri özəl
taxılçılıq təsərrüfatlarının
qurulması istiqamətində işlər davam etdirilir. Ötən il
yaradılmış ilk pilot taxılçılıq təsərrüfatında
biçin başa çatmış və hər hektardan orta
hesabla 56 sentner yüksək keyfiyyətli məhsul
yığılmışdır.
Tapşırığınıza
uyğun olaraq, ümumilikdə 12 rayonun ərazisində 30 min
hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus
19 iri fermer təsərrüfatının yaradılması və
zəruri infrastrukturla təmin olunması istiqamətində
işlər davam etdirilir.
Ət və
süd istehsalının həcminin və keyfiyyətinin
artırılması, emal sənayesinin davamlı və fasiləsiz
xammalla təmin olunması məqsədilə iri
heyvandarlıq kompleksləri ilə yanaşı, regionlarda 50
başlıq iribuynuzlu cins heyvanlardan ibarət ailə təsərrüfatlarının
yaradılmasına başlanılmış, artıq bu tip iki
təsərrüfat güzəştli kreditlər hesabına
maliyyələşdirilmişdir.
Cənab
Prezident, müvafiq sərəncamınızın icrası məqsədilə
Bakıda və Abşeronda kənd təsərrüfatı məhsullarının
tədarükü, saxlanılması, daşınması,
ixracı və satışını təmin edəcək və
tutumu 110 min ton olan 3 logistik mərkəzin və daxilində
"fermer mağazaları" da fəaliyyət göstərəcək
"yaşıl market" kompleksinin layihələri
razılaşdırılmış, tikintisi güzəştli
kreditlər hesabına maliyyələşdirilmişdir və
bu ilin sonunadək istifadəyə veriləcəkdir.
Bundan əlavə, qeyri-neft məhsullarının, o
cümlədən kənd təsərrüfatı və ərzaq
məhsullarının ixracının artırılması məqsədilə
tapşırığınıza uyğun olaraq,
Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin
tikintisinə başlanılmışdır. Belə mərkəzlərin
digər ölkələrdə də yaradılması istiqamətində
tədbirlər həyata keçirilir.
Möhtərəm cənab Prezident, 2014-ci ilin "Sənaye
ili" elan edilməsi haqqında sərəncamınızla
Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə
yeni mərhələsi başlamışdır. Sərəncama uyğun
olaraq, 2015-2020-ci illərdə sənayenin inkişafına dair
Dövlət Proqramı hazırlanmış və proqramda
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin
uzunmüddətli inkişaf istiqamətləri əsas
götürülmüşdür. Bununla yanaşı, bu il
üçün təsdiq edilmiş Tədbirlər Planına
əsasən, sənaye potensialının gücləndirilməsi,
bu sahədə rəqabət qabiliyyətinin
artırılması, kadr potensialının, elmi təminatın
yaxşılaşdırılması, normativ hüquqi bazanın
təkmilləşdirilməsi ilə bağlı müvafiq
işlər görülür.
Bu işlər
çərçivəsində "Azərbaycan Polad
İstehsalı Kompleksi"nin qurulması
ilə bağlı məsləhət xidmətinin göstərilməsinə
dair müqavilə imzalanmış, kompleksin yaradılması,
mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli
təşkili, sağlamlaşdırılması və
maddi-texniki bazasının
yaxşılaşdırılması istiqamətində tədbirlər
qrafik üzrə həyata keçirilir. Bu
kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər
bütün mərhələləri əhatə etməklə,
polad və çuqun məmulatlarına olan daxili tələbatın
ödənilməsinə imkan verəcəkdir.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət
göstərən rezidentlər tərəfindən polad və
polietilen boruların istehsalına başlanılmış,
yüksək təzyiqə davamlı hidrotexniki
avadanlıqların, polipropilen və yüksək
sıxlıqlı polietilenin istehsalının təşkili
işləri aparılır. Bu məhsullar həm
daxili tələbatın ödənilməsi, həm də
ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq,
aqrokimya və digər sahələr üçün kimya məhsullarının
istehsalının təşkili məqsədilə potensial
investorlarla danışıqlar aparılır, onların layihələri
dəyərləndirilir. Həmçinin
Parkın infrastrukturunun tam formalaşdırılması
işləri davam etdirilir.
Balaxanı Sənaye Parkında qeydiyyata
alınmış rezident şirkətlər tərəfindən
tullantı yağlarından 120 adda müxtəlif növ məhsul
istehsalının və plastik məmulatların təkrar
emalının təşkilinə
başlanılmışdır. Bununla yanaşı,
potensial rezidentlərin cəlb edilməsi ilə bağlı
müvafiq işlər davam etdirilir.
Mingəçevir və Gəncə Sənaye
parklarının yaradılması ilə bağlı da
hüquqi bazanın formalaşdırılması məqsədilə
müvafiq işlər görülür.
Cənab
Prezident, tapşırığınıza əsasən, sənaye
məhəllələrinin yaradılması məqsədilə
müasir təcrübə öyrənilmiş və ilk olaraq
Neftçala rayonunda layihələndirmə işlərinə
başlanılmışdır.
Maşınqayırma sənayesindəki mövcud vəziyyət
təhlil edilmiş, fəaliyyət göstərən müəssisələr
tərəfindən təqdim olunmuş investisiya layihələri
nəzərdən keçirilmişdir. Bu sahənin
inkişafı ilə bağlı müvafiq təkliflər
hazırlanır.
Ümumilikdə,
6 ayda qeyri-neft sənayesində məhsul istehsalı ötən
ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artmışdır.
Son
dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə
başlaması nəticəsində
bir sıra məhsullar üzrə idxaldan asılılıq
azalmış, tələbatın yerli istehsal hesabına
ödənilməsi artmışdır. Məsələn,
ölkədə yerli xammal hesabına daxili tələbatı
ödəyə biləcək bir sıra tikinti materialları,
o cümlədən sement istehsal edən zavodlar istismara
verilmişdir ki, bunun da nəticəsində tikinti
materiallarının istehsalı 16,8 faiz,
sement istehsalı isə 39 faiz artmışdır. Sementə olan tələbat ilin sonunadək daxili
istehsal hesabına tam ödəniləcəkdir.
Möhtərəm
cənab Prezident! Sosial-iqtisadi inkişaf
strategiyanızın mühüm tərkib hissəsi olaraq
sahibkarlığın inkişafı və bu sahədə
dövlət tənzimlənməsinin təkmilləşdirilməsi
istiqamətində növbəti addım kimi mart ayında
imzaladığınız fərmanın icrası ölkədə
biznes və investisiya mühitinin daha da
yaxşılaşdırılmasına birbaşa təsir edən
istiqamətlər üzrə prosedurları, vaxt sərfini və
məsrəfləri azaltmaqla, ölkəmizin investisiya cəlbediciliyini
artıracaqdır.
Fərmanın bütün bəndlərinin icrası ilə
bağlı müvafiq orqanlarla birlikdə qanunvericiliyə dəyişikliklər
hazırlanmış və aidiyyəti üzrə təqdim
olunmuşdur.
Sahibkarların
maarifləndirilməsi, nümunəvi layihələrin təqdim
olunması və güzəştli kreditlərin verilməsi məqsədilə
6 ayda 19-u regionlarda, 5-i Bakı qəsəbələrində
olmaqla 24 forum keçirilmişdir.
Qeyri-neft
sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin
daha da gücləndirilməsi məqsədilə
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən
çox sahibkara 129 milyon manat güzəştli kredit
verilmiş və bu kreditlər hesabına 6 minədək yeni
iş yerinin yaradılması nəzərdə tutulur. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş
layihələrin sayı 27,4 faiz
artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin
payına düşür.
Verilmiş
kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin
payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi
isə sənaye və digər sahələrin
inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş
20 istehsal, emal və infrastruktur müəssisələri
artıq istifadəyə verilmişdir və ilin sonunadək 60
belə müəssisənin işə salınması
planlaşdırılır. İl ərzində
sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli
kreditlərin verilməsi nəzərdə tutulur.
Kiçik sahibkarlıqla məşğul olan şəxslərin
güzəştli kreditlərə birbaşa
çıxış imkanlarını təmin etmək
üçün kredit ittifaqları ilə əməkdaşlıq
genişləndirilir və xüsusilə regionlarda belə
maliyyə qurumlarının yaradılması davamlı surətdə
təşviq olunur.
İxrac
və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin
biznes əlaqələrinin daha da genişləndirilməsi və
ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği
məqsədilə cari ilin birinci yarısında yerli və
xarici iş adamlarının, beynəlxalq tərəfdaşların
iştirakı ilə 121-i ölkəmizdə, 75-i xaricdə
olmaqla, ümumilikdə 196 tədbir və görüş
keçirilmişdir.
Möhtərəm
cənab Prezident! Sizin rəhbərliyinizlə həyata
keçirilən sosial-iqtisadi islahatlar qarşıdakı
dövrdə nailiyyətlərimizin daha da artmasını,
ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsini və
xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı
olaraq yaxşılaşmasını təmin edəcək,
müsbət nəticələr və davamlı inkişaf sayəsində
müəyyən etdiyiniz hədəflərə nail
olunacaqdır.
Sizi əmin edirik ki, ölkənin sosial-iqtisadi
inkişafında əldə olunmuş nailiyyətlərin
davam etdirilməsi istiqamətində verdiyiniz
tapşırıqların vaxtında və layiqincə yerinə
yetirilməsi üçün bütün
imkanlarımızı səfərbər edəcəyik.
Diqqətinizə görə minnətdaram.
Kənd təsərrüfatı
naziri Heydər ƏSƏDOV çıxış edərək
dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
2014-cü ilin birinci yarısı ölkədə kənd
təsərrüfatının inkişafı istiqamətində
tarixi əhəmiyyətli qərarların qəbul olunması
və bu sahəyə dövlət dəstəyinin daha da
artırılması ilə əlamətdar olmuşdur. Bu qərarlarla
yeni çağırışlar fonunda aqrar sektorun
inkişafının prioritet hədəflərinin müəyyən
edilməsi, onun institusional strukturunun və idarəetmənin təkmilləşdirilməsi
üçün konkret göstərişlərin verilməsi
bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə
keçid üçün əsas yaratmışdır.
Bütün bunlar isə öz növbəsində,
yaxın gələcəkdə aqrar sektorun yeni
simasının formalaşdırılmasını təmin edəcəkdir.
Möhtərəm
cənab Prezident!
Cari ilin
birinci yarısında bütövlükdə kənd təsərrüfatı
məhsulları istehsalının həcmində stabil
artım davam etmiş, 2,3 milyard manat məhsul
istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq
dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir.
Bu dövr ərzində bitkiçilik məhsulları
istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları
istehsalının həcmi isə 1,3 milyard manat təşkil
edərək, keçən ilin müvafiq dövrü ilə
müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur.
Digər sahələrdə müşahidə edilən
dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki
inkişafa adekvat olmuşdur. Kənd təsərrüfatı məhsulları
istehsalının ümumi daxili məhsulda payı əvvəlki
ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil
etmişdir.
Kənd təsərrüfatı
məhsullarının ixrac bazarının genişləndirilməsi
və bu sahədə məhsul istehsalçıları
üçün münbit şəraitin yaradılması
haqqında müvafiq sərəncamınızın icrası
nəticəsində bu dövr ərzində ölkənin kənd
təsərrüfatı məhsulları üzrə
ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz
məhsullarının ixracı keçən ilin müvafiq
dövrü ilə müqayisədə 27,9
faiz artaraq 68,9 milyon ABŞ dollarına
çatmışdır.
Aqrar sektorun intensiv inkişafını
stimullaşdırmaq üçün dövlət dəstəyi
tədbirləri cari ildə də davam etdirilmiş, bu məqsədə
on milyonlarla manat həcmində vəsait sərf olunmuşdur. Məhsulun
bahalaşmaması üçün dövlət dəstəyinin
təsirini müəyyən edən və beynəlxalq təcrübədə
geniş istifadə olunan "kənd təsərrüfatı
siyasətinin dəyəri" indeksi üzrə Beynəlxalq
İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə
əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək
148 ölkə arasında 49-cu yerə yüksəlmişdir.
Möhtərəm
cənab Prezident!
Tapşırığınıza əsasən, bu sahədə
şəffaflığın artırılması və
dövlət yardımlarından istifadə sahəsində məlumatların
ictimailəşdirilməsi məqsədilə rayon və kəndlərdə
yardım almış hər bir istehsalçı haqqında məlumat
nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Vətəndaşlardan,
QHT-lərdən və digər maraqlı tərəflərdən
bu sahədə müşahidə etdikləri mənfi hal və
ya pozuntu barədə məlumatlar alınmış və
nazirliyin monitorinq qrupu tərəfindən adekvat tədbirlər
görülmüşdür.
Möhtərəm
Prezident, Sizin sərəncamlarınızla ayrılan vəsaitlər
hesabına fermerlərin kənd təsərrüfatı
texnikaları ilə təchizatının
yaxşılaşdırılması istiqamətində də
ciddi dönüş yaradılmışdır. Belə ki,
hesabat dövründə "Aqrolizinq" ASC tərəfindən
müasir tələblərə cavab verən 1928 kənd təsərrüfatı
texnikası, o cümlədən Avropa istehsalı olan 478
taxılyığan kombayn, 417 traktor, 1033 qoşqu
avadanlıqları və digər texnikalar alınaraq istifadəyə
verilmişdir.
Bütün bunların nəticəsidir ki, birbaşa dəstəyiniz
nəticəsində yenilənmiş kənd təsərrüfatı
texnikası parkı hesabına indiyədək ölkə
üzrə taxıl sahələrinin 90 faizindən çox
hissəsində biçin ən minimal itki ilə və
qısa müddətdə başa
çatdırılmışdır. Biçin zamanı demək
olar ki, yanğın hadisələrinə yol verilməmişdir.
Ümumiyyətlə,
cari mövsümdə taxılın vaxtında və itkisiz
yığılması məqsədilə bütün
rayonlarda operativ qərargah və "qaynar xətt"
yaradılmış, taxılyığan kombaynların optimal
dislokasiyası və taxılın yetişmə vaxtına
uyğun olaraq rayonlararası hərəkəti operativ şəkildə
təşkil edilmişdir.
Qeyd etmək
lazımdır ki, cari mövsümdəki iqlim şərtləri
taxıl məhsullarının istehsalı baxımından son
dövrlərin ən əlverişsiz ili
olmuşdur. Belə ki, mövsüm
dövründə havaların quraq keçməsi nəticəsində
xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin
bir hissəsində məhsuldarlıq çox aşağı
olmuşdur. Həmçinin bəzi
rayonlarda dolu düşməsi nəticəsində əkilmiş
taxıl sahələrinin xeyli hissəsi sıradan
çıxmışdır. Ölkədə
aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə
bağlı verdiyiniz tapşırığın əhəmiyyəti
bu faktlardan sonra daha aktual xarakter almışdır.
Onu da qeyd
edək ki, bu mövsümdə iqlim şərtlərinin
taxıl məhsullarının istehsalı baxımından əlverişsiz
olması ABŞ-ın bəzi ştatları, Kanada və
Avstraliya kimi dünyanın ən iri taxıl
istehsalçıları üçün də xarakterik
olmuşdur. Lakin dünyanın digər əsas
taxıl istehsalçıları olan ölkələrdə,
o cümlədən Azərbaycanın taxıl idxalının
90 faizini həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul
istehsalı əvvəlki ilə nisbətən
artmışdır. Ümumilikdə isə qlobal bazar
trendlərinə əsasən, buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik
olmuşdur. "FAO ərzaq qiyməti indeksinə",
eləcə də Çikaqo və digər beynəlxalq
buğda birjalarının məlumatlarına əsasən,
cari ilin iyun ayında buğdanın qiyməti ötən ilin
eyni dövrü ilə müqayisədə təqribən
10-20 faiz aşağı düşmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki,
ölkənin taxıla olan ehtiyacının xarici mənbələr
hesabına ödənilən hissəsinin əlverişli
şərtlərlə alınmasında heç bir ciddi
problem yaşanmayacaqdır.
Möhtərəm
cənab Prezident!
Heyvandarlığın
cins tərkibinin yaxşılaşdırılması məqsədilə
hesabat dövrü ərzində "Aqrolizinq" ASC tərəfindən
2000 başa yaxın iribuynuzlu cins damazlıq heyvanın və
700 başdan artıq keçinin respublikaya gətirilərək
50 faiz güzəştlə lizinqə verilməsi təmin
edilmişdir.
Son illərdə ölkəmizdə iri heyvandarlıq təsərrüfatlarının
yaradılması və xarici ölkələrdən müxtəlif
ətlik-südlük heyvanların gətirilərək lizinq
yolu ilə güzəştli şərtlərlə satılması
heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasında böyük rol
oynamağa başlamışdır. Ötən ay
imzaladığınız "Azərbaycan Respublikasında
heyvandarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında" Sərəncamınız da bu
baxımdan müstəsna əhəmiyyətə malikdir və
bu sahədə xüsusi canlanmaya səbəb olacaqdır.
Dünya
təcrübəsində bu prosesi daha da
sürətləndirmək
məqsədilə paralel olaraq süni mayalanma və embrion
köçürməsi təcrübəsindən də
geniş istifadə edilir və aparılan müşahidələr
bu üsulun daha ucuz olduğunu göstərir. Məhz
bu səbəbdən ölkəmizdə də bu üsullara
geniş tələbat yaranmışdır. Ona görə
də respublikada
bu işin beynəlxalq standartlara uyğun təşkili
üçün verdiyiniz sərəncam heyvandarlıq təsərrüfatlarında
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasına, məhsuldarlığın
artırılmasına mühüm töhfə və daha bir
dövlət qayğısıdır.
Məlumat üçün məruzə edim ki,
ayırdığınız həmin vəsait hesabına
Göygöl süni mayalanma mərkəzinin tamamilə yenidən
quraşdırılması işinə başlamaq
üçün Fransa və Almaniya mütəxəssisləri
ilə apardığımız danışıqlar
yekunlaşmaq ərəfəsindədir.
Möhtərəm
cənab Prezident!
Sizin tapşırığınıza əsasən, kənd
təsərrüfatı məhsullarının satış
yarmarkalarında özəl mənbələrdən cəlb
edilən investisiya qoyuluşu hesabına müasir tələblərə
uyğun infrastruktur yaradılmış, fermerlərin öz məhsullarını
burada heç bir maneə olmadan satmaları üçün
müvafiq təşkilati işlərə nəzarət
gücləndirilmişdir. Eyni zamanda,
baytarlıq-sanitariya tələblərinə uyğun ət kəsimi
məntəqələrinin və meyvə satışı mərkəzlərinin
yaradılmasına başlanılmışdır.
Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi
məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin
rayon və şəhər idarələrinin yaradılması
haqqında tarixi qərarınızın icrasına
başlanılmışdır. Belə ki, nazirliyin
yeni strukturu hazırlanaraq təqdim edilmiş, yaradılacaq
idarələrin yerləşdirilməsi məqsədilə 52
rayonun (şəhərin) bir çoxunda artıq tikinti işlərinə
başlanılmışdır. Eyni zamanda,
baytarlıq şəhərciyinin salınması, Dövlət
Fitosanitar Nəzarəti Xidmətinin inzibati binası və
laboratoriyalarının, eləcə də digər
laboratoriyaların tikintisi sürətlə aparılır.
"Elektron kənd təsərrüfatı"
sisteminin yaradılması barədə
tapşırığınıza əsasən, Avropa
Komissiyası ilə əməkdaşlıq çərçivəsində
zəruri ehtiyacların müəyyənləşdirilməsi
məqsədilə mövcud hüquqi və təşkilati
çərçivələr təhlil edilmiş, texniki
şərtlərin hazırlanmasına
başlanılmışdır. Avropa
İttifaqının "İnteqrasiya olunmuş Nəzarət
Sisteminin" (IACS) prinsiplərinə əsaslanan və 3 alt
moduldan ibarət olan bu sistem torpaqların və fermerlərin
reyestri, habelə heyvanların identifikasiyası və
qeydiyyatı komponentləri də daxil olmaqla, kənd təsərrüfatı
sahəsi üzrə real və dürüst məlumatların
əldə edilməsinə imkan verəcəkdir. Eyni
zamanda, "Aqrolizinq" ASC-nin, Dövlət Texniki Nəzarət
Müfəttişliyinin fəaliyyətinin və süni
mayalanma işləri üzrə informasiya bazalarının
elektron uçot sisteminə keçirilməsi işlərinə
başlanılmış, Dövlət Fitosanitar Nəzarəti
Xidməti tərəfindən göstərilən üç
xidmət elektron xidmətlərin siyahısına daxil
edilmişdir.
Hörmətli
Prezident, Sizin tapşırıqlarınız, eləcə də
müasir qlobal çağırışlar nəzərə
alınmaqla, Avropa İttifaqı tərəfindən cəlb
edilmiş beynəlxalq ekspertlərin təklif etdiyi metodika əsasında
aqrar siyasətin əsas prinsiplərini, kənd təsərrüfatının
inkişafında strateji hədəfləri və prioritet
istiqamətləri özündə əks etdirən "Azərbaycan
Respublikasında aqrar-sənaye kompleksinin inkişafı
strategiyası"nın layihəsi
hazırlanmışdır. Layihə əksər
beynəlxalq qurumların ekspertləri ilə müzakirə
olunmuş və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına
təqdim edilmişdir.
Əminliklə deyə bilərik ki, bu strategiyanın qəbul
edilməsi ilə ümummilli liderin müəllifi olduğu Azərbaycanın
aqrar inkişaf modelində yeni mərhələnin
başlanğıcı üçün əsas
yaranacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim MÜSLÜMOV
çıxış edərək dedi:
Möhtərəm cənab Prezident.
Hörmətli
iclas iştirakçıları!
Azərbaycan
Prezidenti İlham Əliyevin ölkə əhalisinin real gəlirlərinin
artmasına, yoxsulluğun aşağı salınmasına, məşğulluğun
gücləndirilməsinə, əmək resurslarından səmərəli
istifadə olunmasına, müharibə əlilləri və
şəhid ailələrinin həyat şəraitinin
yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiya
sisteminin müasir tələblər səviyyəsində
qurulmasına, əhaliyə ödənişlərin
artırılmasına yönəlmiş sosial siyasəti
2014-cü ilin birinci yarısında da uğurla davam
etdirilmişdir.
Hazırda
əmək bazarının mövcud iqtisadi inkişaf templərinə
və xüsusiyyətlərinə
uyğunlaşdırılması üsullarının təkmilləşdirilməsi,
əmək potensialından daha dolğun istifadə
olunması, yeni iş yerlərinin açılması və
müvəqqəti sərbəstləşmiş
işçi qüvvəsinin sosial müdafiəsi hökumətin
diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Son bir il ərzində
ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz
artaraq 2014-cü ilin 1 iyul tarixinə 4 milyon 794 min nəfərə,
məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4
milyon 556 min nəfərə çatmışdır.
Əmək
ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə
və işçi qüvvəsindən istifadənin səmərəliliyinin
artırılmasına nail olmaq üçün turizm, emal sənayesi,
tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat
və xidmət sahələrinə aid 200 peşə
standartı hazırlanaraq cari ilin əvvəlindən
sahibkarların istifadəsinə verilmişdir. Bu
prosesin davam etdirilməsi və müxtəlif sahələrə
aid daha 5 mindən çox peşə standartının hazırlanması
nəzərdə tutulur. Əlverişli
demoqrafik vəziyyətin formalaşdığı
hazırkı dövrdə bu problemin həlli xüsusi əhəmiyyət
kəsb edir.
Belə
ki, son 10 il ərzində əhalinin orta
illik artım göstəriciləri yüksəlmiş, orta
ömür müddəti uzanmış və müsbət
miqrasiya saldosuna nail olunmuşdur. Əhalinin ümumi strukturunda
15-64 yaş qrupunun payı 66,7 faizdən
71,8 faizə qədər yüksəlmişdir. Beləliklə,
hazırda Azərbaycanda əhalinin yaş strukturu demoqrafik
dividendin əldə olunmasına imkan verir. Bu amil nəzərə
alınmaqla, eləcə də əhalinin kəmiyyət və
keyfiyyət artımını tənzimləmək məqsədilə
cənab Prezident, Siz çıxışınızda qeyd
etdiyiniz kimi, ölkənin uzunmüddətli inkişaf xəttinə
uyğun olaraq "Azərbaycan Respublikasında demoqrafiya və
əhali sakinliyinin inkişafı sahəsində Dövlət
Proqramının (2014-2025-ci illər)" layihəsi üzərində
iş bu ilin 6 ayı ərzində başa
çatdırılmışdır.
2014-cü
ilin birinci yarısında əmək qabiliyyətli əhalinin
işlə təminatı üçün müvafiq tədbirlər
görülmüş, məşğulluq xidməti
orqanlarına müraciət etmiş 13742 nəfər
münasib işlə təmin olunmuş, 1782 nəfər
peşə hazırlığı və əlavə təhsil
kurslarına, 57327 nəfər isə peşəyönümü
məsləhətlərinə cəlb olunmuşdur.
Gənclər
arasında məşğulluğun
artırılmasının yeni üsullarının
sınaqdan keçirilməsi məqsədilə Beynəlxalq
Əmək Təşkilatı ilə birlikdə xüsusi
pilot layihənin icrasına başlanılmışdır.
Layihə çərçivəsində ali təhsilli, ilk dəfə
işaxtaran bir qrup gəncin yeni iş yerində əmək
haqlarının yarısının 6 ay müddətinə
Beynəlxalq Əmək Təşkilatı tərəfindən
subsidiya şəklində işəgötürənlərə
ödənilməsi nəzərdə tutulur. Layihənin
müsbət nəticələrinin ölkə miqyasında tətbiqi
barədə hökumətə müvafiq təkliflər veriləcəkdir.
Möhtərəm
cənab Prezident! Əmək müqavilələri
bağlamadan işçi çalışdıraraq əmək
haqlarını qeyri-rəsmi formada verməklə məcburi
ödəmələrdən yayınan işəgötürənlərə
qarşı səmərəli tədbirlərin görülməsi
barədə Sizin
tapşırığınızın icrası olaraq aidiyyəti
dövlət orqanları ilə birlikdə problemin həlli
yolu kimi keçən ilin sonunda əmək müqavilələrinin
elektron qeydiyyatı sisteminin yaradılmasına
başlanılmışdı.
Bu prosesin
hüquqi əsaslarını təmin etmək
üçün 2013-cü ilin dekabrında qanunvericiliyə
müvafiq dəyişikliklər edilmiş, bundan sonra həmin
informasiya sistemi yaradılaraq "Elektron hökumət"
portalında yerləşdirilmiş, 2014-cü il iyulun 1-dən
isə istifadəyə verilmişdir. Hazırda
işəgötürənlər əmək müqavilələrini
bu sistemdə aktiv şəkildə qeydiyyata almağa
başlamışlar.
Bu elektron
informasiya sistemi qeyri-leqal əmək münasibətlərinin
qarşısının alınmasında, muzdlu işçilərin
əmək hüquqlarının müdafiəsinin gücləndirilməsində,
dövlət büdcəsinin gəlirlərinin və sosial
sığorta haqlarının artmasında, həmçinin əmək
bazarının təhlili üçün informasiya
bazasının formalaşdırılmasında mühüm rol oynayacaqdır.
Bununla bərabər, hesabat dövründə əmək
qanunvericiliyinin gözlənilməsinə nəzarət
üzrə inzibati tədbirlər də sərtləşdirilmişdir.
Bu tədbirlər
və vətəndaşların müraciətlərinin araşdırılması
zamanı 9269 halda işəgötürənlər tərəfindən
əmək qanunvericiliyinin tələblərinin pozulduğu
aşkar edilmiş, 2 milyon 352 min manat məbləğində
cərimə tətbiq olunmuş və bunun 35,3 faizi dövlət
büdcəsinə ödənilmişdir ki, bu da keçən
ilin müvafiq dövrünə nisbətən 23 dəfə
çoxdur. Ötən 6 ay ərzində 5613
işçi ilə əmək müqaviləsinin
bağlanılması təmin olunmuşdur.
2014-cü ilin birinci yarısında aztəminatlı əhalinin
sosial-iqtisadi problemlərinin həlli, onların
yaşayış səviyyəsinin qaldırılması və
sosial yardımların ünvanlılığının təmin
edilməsi sahəsində ciddi addımlar
atılmışdır. Bu dövrdə respublika üzrə orta hesabla 128 min ailənin
560 min nəfər üzvünə ünvanlı sosial
yardım verilmişdir ki, bu da keçən ilin müvafiq
dövrü ilə müqayisədə 2300 nəfər az
olmaqla, normal azalma meylini özündə əks etdirir.
Ünvanlı sosial yardımın bir ailəyə düşən
orta aylıq məbləği 133 manat olmuş və ya son bir
ildə 10,5 faiz artmışdır. Bu yardımların maliyyələşdirilməsinə
6 ay ərzində 107 milyon manat və ya əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 12 faiz
çox vəsait xərclənmişdir.
Hesabat dövründə əhalinin, xüsusilə də
çoxuşaqlı qadınların və əlillərin
sosial müdafiəsinin yaxşılaşdırılması
istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Belə ki, "Sosial müavinətlər haqqında"
qanuna edilən dəyişikliyə uyğun olaraq beşdən
çox uşağı olan qadınların 18 yaşına
çatmamış 6340 nəfər uşağına sosial
müavinət təyin edilmişdir.
Cari ilin ilk yarısında müharibə əlillərinin
sosial müdafiəsinin gücləndirilməsinə xüsusi
önəm verilmişdir. Belə
ki, 18262 nəfər müharibə əlilinin sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə, Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə
2014-cü il aprelin 1-dən onlara verilən Prezident təqaüdünün
məbləği I qrup əlillər üçün 150
manata, II qrup üçün 130 manata, III qrup
üçün 100 manata çatdırılmış,
Böyük Vətən müharibəsi
iştirakçılarına təyin edilən Prezident təqaüdünün
məbləği isə 100 manata
qaldırılmışdır.
Bütövlükdə,
cari ilin aprel ayından 86452 nəfər şəxsin müavinəti
və təqaüdü artırılmışdır ki, bu
artımların maliyyələşdirilməsinə hər ay
əlavə olaraq
2,1 milyon manat vəsait yönəldilir.
2014-cü
ilin ilk yarısında sosial müavinətlərin, təqaüd
və kompensasiyaların ödənilməsi üçün
ümumilikdə dövlət büdcəsindən 145,6 milyon manat vəsait xərclənmişdir.
Möhtərəm cənab Prezident, Sizin müharibə əlillərinin
avtomobillərlə tam təmin olunması barədə
tapşırığınızın icrası sürətlə
yerinə yetirilməkdədir. Belə ki, cari ilin ötən
dövrü ərzində 677 nəfər Qarabağ müharibəsi
əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi
əlilinə və onlara bərabər tutulan şəxslərə,
ümumilikdə isə 1000 nəfərə minik avtomobili
verilmişdir və bu prosesin avqust ayının sonunadək
yekunlaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, 118 nəfər imtiyazlı şəxsə
nazirliyin sifarişi ilə inşa edilmiş yaşayış
binalarında mənzillər verilmişdir. Cənab
Prezident, fürsətdən istifadə edib Qarabağ
müharibəsi əlilləri və şəhid ailələrinin
2014-2018-ci illərdə mənzillər və fərdi evlərlə
təmin olunması barədəki sərəncamınıza
görə onlardan daxil olan müraciətlərdəki dərin
təşəkkürlərini Sizə çatdırmaq istərdim.
2014-cü ilin birinci yarısında respublikada əlilliyi
olan şəxslərin cəmiyyətə inteqrasiyası,
onlara göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya
xidmətlərinin keyfiyyətinin yüksəldilməsi
üçün bir sıra zəruri tədbirlər
görülmüşdür.
Ötən
6 ay ərzində tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik
üçün 21720 nəfər müraciət etmiş və
bu şəxslərdən 17160 nəfəri (79 faizi) əlil
hesab edilmişdir ki, bunlardan da 78,6 faizi (13488 nəfər)
ağır dərəcəli əlillər olmuşdur. Təkrar
müayinə edilmiş 107 min nəfərdən 4 min nəfəri
(3,7 faizi) reabilitasiya olunmuşdur. Bu da əvvəlki ilin nəticəsindən 2 dəfə
yuxarıdır.
Hesabat
dövründə tibbi göstərişi olan əlillərə
412 əlil arabası
verilmişdir. İxtisaslaşmış müalicəyə
ehtiyacı olan 76 nəfər əlil və 85 nəfər
sağlamlıq imkanları məhdud uşaq respublikadan kənarda sanatoriya
müalicəsi almışlar. Eyni zamanda,
respublikada əlillərin bərpası ilə məşğul
olan 14 mərkəzdə 3608 nəfər əlil müalicə
kursu keçmişdir.
Cari ilin ilk 6 ayı ərzində əmək və sosial
müdafiə sahəsində ölkəmizin beynəlxalq əlaqələrinin
daha da inkişaf etdirilməsinə də xüsusi önəm
verilmişdir.
Birləşmiş Millətlər Təşkilatının
(BMT) Əlillərin hüquqları Komitəsinin 11-ci
sessiyasında "Əlillərin hüquqları haqqında"
Konvensiya üzrə Azərbaycan Respublikasının ilk məruzəsi
uğurlu olmuşdur. Komitə üzvlərinin diqqətinə,
həmçinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ölkədə əlilliyin
artmasına təkan verdiyi və bu münaqişə nəticəsində
12 min nəfərdən çox insanın müharibə əlili
olduğu çatdırılmışdır. Eyni zamanda, əlilliyi
olan şəxslərin maddi təminatlarının gücləndirilməsi
ilə bağlı Azərbaycan Prezidentinin həyata keçirdiyi fəal
siyasət barədə konkret göstəricilər əsasında
tədbir iştirakçılarına məlumat verilmişdir.
Ötən 6 ay ərzində nazirliyin rəhbərliyinin əhali ilə təmasları intensivləşdirilmiş, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunması təmin edilmişdir. Bu müddətdə 649 nəfər vətəndaş nazir, 7845 nəfər isə nazirliyin məsul işçiləri tərəfindən qəbul edilmişdir. Vətəndaşlardan daxil olan 22050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq lazımi tədbirlər görülmüşdür. Bunun nəticəsində vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalmışdır.
Nəzarət qaydasında edilmiş müraciətlərin 698-i Azərbaycan Respublikasının Baş Prokurorluğunun "161-qaynar xətt" əlaqə mərkəzindən daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azdır.
Möhtərəm cənab Prezident, Sizin nazirliyin fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə verdiyiniz tapşırıqların icrası sürətlə təmin edilir.
Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilmiş, daxili nəzarət qaydasında aparılmış araşdırmaların nəticələri 5 halda hüquq mühafizə orqanlarına göndərilmişdir. İnzibati tədbirlərlə yanaşı, şəffaflığın tam təmin edilməsinin modern üsullarının tətbiqi də getdikcə intensivləşdirilir. Xüsusilə də həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatında avtomatlaşdırılmış sistemlərin formalaşdırılması vətəndaş-məmur təmaslarını minimuma endirəcəkdir. Hazırda bu istiqamətdə zəruri tədbirlər görülməkdədir və bu ilin sonuna qədər həmin proseslərin tamamlanması planlaşdırılır.
Cənab Prezident, Sizi əmin edirəm ki, Azərbaycan Respublikasında əmək və məşğulluq siyasətinin həyata keçirilməsi, həmçinin əhalinin güclü sosial müdafiəsi sisteminin müasir əsaslarla yenidən qurulması ilə bağlı verdiyiniz tapşırıqlar tam şəkildə və sürətlə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə təşəkkür
edirəm.
Azərbaycan.-2014.- 11 iyul.- S.1-3.