Fransanın “Nice-Matin” qəzeti Kannda keçirilən Azərbaycan

 mədəniyyəti günləri barədə məqalə dərc etmişdir

 

Kann, 10 iyul (AzərTAc). Fransanın gündəlik “Nice-Matin” qəzetinin 9 iyul tarixli nömrəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ölkənin Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri ilə bağlı məqalə dərc olunmuşdur.

İyulda Azərbaycan tamam od, tamam alov” sərlövhəli məqalədə Qafqazın aparıcı dövləti olan Azərbaycanın ikinci dəfə Kannda qonaq olması, mədəniyyət sahəsində keçirilən görüşlər və atəşfəşanlıq barədə oxuculara məlumat verilmişdir.

Məqalədə Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycanın zəngin mədəni irsə malik olduğu vurğulanmış, Azərbaycan mədəniyyəti günləri çərçivəsində biri-birindən maraqlı tədbirlərin keçiriləcəyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, Azərbaycan xalçalarından, keramikalardan, dulusçuluq və misgərlik sənəti nümunələrindən, qədim kişi və qadın geyimlərindən, musiqi alətlərindən ibarət sərgilərlə yanaşı, Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunan sərgi də nümayiş etdiriləcəkdir. Məqalədə, həmçinin “Bakı birinci Avropa Oyunları - 2015”in təqdimatı ilə əlaqədar atəşfəşanlıq olacağı qeyd edilmiş, eyni zamanda, ötən il Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində möhtəşəm atəşfəşanlığı yerli sakinlərin yaxşı xatırladığı bildirilmişdir.

Sonrakı günlərdə Azərbaycan Dövlət kamera orkestrinin çıxış edəcəyi, marafon yürüşünün keçiriləcəyi, Azərbaycanın zəngin mətbəx nümunələrini təqdim olunacağı və sonda moda nümayiş etdiriləcəyi barədə də oxuculara ətraflı məlumat verilmişdir.

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

Kann

Azərbaycan.-2014.- 11 iyul.- S.5.