Adi vaxtdan tarixə çevrilən gün
Tarix axar çay kimidir...
Bəzən adi bir gün də, başqa vaxt, ilin müxtəlif fəsillərində yüz yol təkrarlanan sadə təbiət hadisələri də onun axınına təsir göstərə bilir. Zamanın ahəngində öz təshihlərini edir...
Viktor Hüqonun "Səfillər"ində ilk dəfə bu cümlələri oxuyanda yazıçı qələminin qüdrətindən vəcdə gəlmişdim: "Əgər 1815-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecədə yağış yağmasaydı, Avropanın gələcəyi başqa cür olardı. Bir neçə damcı su Napoleonun məğlubiyyətinə səbəb oldu. Austerlis vuruşmasının Vaterloo ilə nəticələnməsi üçün qəzavü-qədərə yalnız yüngül bir yağış gərəkmiş..."
Hərdən tarixdə baş vermiş, ilk baxışdan adi, amma nəticə etibarilə son dərəcə mühüm hadisələrin əksini düşünmək, bu hadisələrlə taleyi müəyyənləşən bütöv xalqların, həmin olayların yaşanmadığı dünyadakı indiki halını bir anlıq təsəvvür etmək istəyirsən.
Məsələn, əgər serb terrorçusu Qavrilo Prinsipin 1914-cü ilin 28 iyununda Sarayevoda Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinanda atdığı güllələr tapançanın xəzinəsində qalsaydı, Birinci dünya müharibəsinə başlamaqdan ötrü, görəsən, başqa hansı bəhanə lazım gələrdi?!
Və ya alimlərin atomu parçaladıqları gün cəmi bir neçə il əvvələ təsadüf etsəydi və bu qorxunc silahı ələ keçirmək imkanı sırf təsadüf üzündən Adolf Hitlerin əlindən çıxmasaydı, o zaman faşizmin qalib gəldiyi bir dünyada insanların halı, günü necə olardı?!
Yaxud da xalqların tarixini dəyişən liderlərin dünyaya gəlişi, əksəriyyəti sadə ailələrdən çıxmış bu insanların ömür yolundakı yüksəlişlər, onların taleyini izləyən təsadüflər...
Bunlar yalnız ilk baxışdan adama təsadüf kimi gəlir. Amma dərindən düşünəndə baş verən bütün bu təsadüflərin arxasında qəribə bir qanunauyğunluğun dayandığını görürsən.
İnsanların ömrü kimi xalqların tarixinin də hansısa gözəgörünməz bir qüvvə tərəfindən idarə edildiyinə özlüyündə əmin olursan.
***
1969-cu ilin 14 iyul günü Azərbaycanın milli dövlətçilik tarixində yeni bir dönəmin başlanğıcını qoymuş o hadisə də, həmin gözəgörünməz qüvvənin işi, Tanrının Azərbaycan xalqına xoş bir lütfü idi...
Əgər o hadisə baş verməsəydi, 14 iyul gününü təqvimin sıradan günlərindən biri kimi yaşayacaqdıq. Amma ömür salnaməsinə əlamətdar məqamlar yazdığı şəxsiyyətin adı ilə birgə bu gün də əbədiyyət qazandı.
Adi vaxtdan tarixə çevrildi.
O günün ardınca sıralanan günlərin, ayların, illərin üzərinə işıq saldı.
***
Açığını deyim ki, bu günün tarixi dəyəri mənim üçün Azərbaycanın İstiqlalı günü kimi daim əziz tutduğumuz 28 May gününün əhəmiyyətindən heç də az deyil!
28 May günü milli dövlətçilik tariximizin şərəf məqamıdır, bu öz yerində. Amma bu istiqlalın Azərbaycan xalqının apardığı milli azadlıq hərəkatı, xalqın milli birliyi zəminində əldə olunmadığı da bir faktdır. Azərbaycanın istiqlalını zamanın ən lətif meyvəsi kimi yetişdirən Birinci dünya müharibəsindən, 1917-ci il inqilabından sonra Yer üzündə yaranmış yeni siyasi vəziyyət idi.
Bu, tarixi şəraiti düzgün dəyərləndirməyi bacaran, bəsirət gözü, düşüncəsi açıq, vətənpərvər ziyalıların oyaq vicdanının, Azərbaycan sevgisinin, vətənpərvər əməllərinin bəhrəsi idi.
Şərqin ilk demokratik cümhuriyyətini qurub-yaratdıqdan sonra bu insanların qarşısında son dərəcə mühüm bir vəzifə dururdu. Onlar xanlıqlar dövründə param-parça olub hərəsi öz kiçik sərhədlərinin hüdudlarına, öz bayrağının kölgəsinə sığınaraq Şah İsmayıl Xətai zamanındakı vahid dövlətçilik düşüncəsindən iraq düşmüş insanların ümumi bir vətən, ortaq bir dövlət, yeganə bir bayraq altında bir araya gətirib milli dövlətçilik düşüncəsini formalaşdırmalı idilər.
Amma bu, o
qədər də asan deyildi!
Ünsiyyət,
kommunikasiya imkanlarının, radionun, televiziyanın, internetin
olmadığı o zamanlarda, xüsusilə əyalətlərdə
yaşayan insanların müəyyən bir qismi Azərbaycan
Xalq Cümhuriyyətinin qurulmasından bixəbər
görünürdülər.
***
Yeniyetməliyi,
gəncliyi o dövrə təsadüf edən ixtiyarlarla
uşaqlıq illərində çox ünsiyyətdə
olmuşam, uşaq marağı ilə onlara keçmişə
dair çox suallar vermişəm. Əfsuslar olsun ki,
onların vaxtilə 23 aylıq milli hökumət barədə
söylədikləri xatirələrin içində indi Azərbaycan
Xalq Cümhuriyyətinin tarixdəki əsl dəyərinə
layiq, onun məzmununu bütövlüklə ifadə edən
doğru-dürüst nəsə tapa bilmirəm.
Bu
insanların milli hökumətə münasibəti indiki
müstəqil Azərbaycan dövlətində yaşayan,
ölkəmizin müstəqilliyindən barınan,
istiqlalın xalq üçün ən böyük nemət
olması həqiqətini başa düşən müasirlərimizin
münasibətindən çox fərqlənirdi.
Azərbaycan
Xalq Cümhuriyyəti dövrü bu insanların dumanlı,
qırıq-qırıq xatirələrində "bəy-xan
hökuməti", "hürriyyətlik", çar
imperiyasının süqutundan sonra imperiyanın
ucqarlarında müşahidə edilən
qarışıqlıqlarla assosiasiya olunurdu.
Əlbəttə,
xəyalən "Əli və Nino"nu vərəqləsək,
o zəmanənin Azərbaycan Xalq Cümhuriyyətinin ayaqda
durması, möhkəmlənməsi, gələcəyə
doğru addımlaması üçün əlindən gələn
hər şeyi etməyə çalışan və sonda
Şərqin ilk demokratik cümhuriyyəti uğrunda şəhid
olan Əli xan Şirvanşir kimi qəhrəmanları da
vardı.
Amma hərdən
düşünürəm ki, cəmi 23 ay ömür
sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin XI
Qızıl Orduya çox az istisnaları nəzərə
almasaq, demək olar ki, müqavimətsiz təslim olması
bütün siyasi, qeyri-siyasi amillərlə yanaşı, həm
də xalqın Vətənin istiqlalını qorumaqdan
ötrü toparlanmamasından, milli hisslərin, milli dövlətçilik
təfəkkürünün zəifliyindən, insanların
milli hökumətə münasibətinin qeyri-müəyyənliyindən
irəli gəlirdi.
***
Milli mənəviyyatımıza
vurduğu bütün ağır yaralara rəğmən
sovet hakimiyyətinin insanlara verdiyi təhsil, aparılan
savadlanma, maarifçilik, ideoloji-siyasi tərbiyə, kütlələrdə
qüsurlu da olsa, müəyyən dövlətçilik təfəkkürü
formalaşdıra bilmişdi. Və bu nöqteyi-nəzərdən
yanaşanda ötən əsrin 30-cu illərində repressiya
qurbanı kimi taleyinə ağır faciələr
yazılmış fikir adamlarımızın əsas
suçunu da anlamaq çətin olmur. Bu insanlar sovet hakimiyyətinin
cızdığı ideoloji sınırlarda, dövlətçilik
düşüncəsi içində Azərbaycan milli təfəkkürünün
yerini təyin etməyə çalışırdılar.
Öz əsərləri ilə milli kimliyimizi anlatmağa,
aldığı savadla birgə, həm də
düşünmək imkanı əldə etmiş xalq
kütlələrində milli hisslər aşılamağa
çalışırdılar.
Amma
onların amalları da ömürləri kimi yarımçıq
qaldı. İnsanlarda formalaşan milli duyğular Stalin xofu
qarşısında qəlblərin məhbəsindən
çıxa bilmədi...
***
Heydər
Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ötən
əsrin 60-cı illərinin sonları digər İttifaq
respublikaları kimi Azərbaycan üçün də yetərincə
çətin və mürəkkəb bir dövrə təsadüf
edirdi. Stalinin vəfatından təxminən 16 ilə yaxın
vaxt keçmişdi. Onun varlığı ilə
yaratdığı qorxu hissi yavaş-yavaş insanların
canından çıxırdı.
SSRİ
çevrəsində bir araya gəlmiş xalqlar yeni bir həyatın
axtarışına başlamış kimi
görünürdülər. İnsafən mərkəzin
apardığı siyasətdə də, müəyyən
mülayimlik müşahidə olunurdu.
Amma bu,
davamına tarixin özünün də zəmanət verə
bilmədiyi bir mülayimləşmə idi. Soyuq müharibənin
şiddətləndiyi və "Praqa baharı" kimi gərgin
hadisələr fonunda xalqların öz talelərini sosializmsiz
bir gələcəkdə yenidən müəyyənləşdirmələrinə
cəhdlərdən sonra Kreml vintləri tez-tez sıxaraq,
cızığından çıxmışlara öz yerini
göstərməli olurdu.
Bir
anlıq o illərə qayıtsaq, Azərbaycanın o zamanlar
iki yol ayrıcında qaldığını görərik.
Dayanmadan aparılan beynəlmiləlçilik tərbiyəsi
altında cəmiyyətin kütləvi şəkildə
kosmopolitizmə doğru meyilləndirilməsi, milli dəyərlərin,
xalqın tarixi keçmişinin unudulmasına cəhdlər,
ümumən milli əsaslara söykənən xalq anlayışının
aradan qaldırılması və bunun yerini "sovet
xalqı", "SSRİ-də doğulmuşlar" kimi
anlayışların tutması bu yollardan birincisi idi və bu
yolun sonu başqa milli respublikalar kimi Azərbaycan
üçün də qaranlıq görünürdü.
İkinci
yol isə mərkəzin ədəbiyyatda, kinoda, musiqidə, təsviri
sənətdə açdığı balaca bir nəfəslikdən
içəri daxil olan bir udum azadlıq havasından istifadə
edərək milli ruha yönəlik düşüncələrin
kütləviləşməsindən, bizi biz edən dəyərlərin
bu havanın təravətində mümkün qədər
qorunmasından, gələcək nəsillərə
ötürülməsindən ibarət idi.
Azərbaycanın
bu yollardan hansını seçəcəyi növbəti illərdə
ölkəyə rəhbərlik edən şəxsin kimliyindən
çox asılı idi. Daha asan yol axtarışında olan rəhbər,
yəqin ki, yolun birincisini seçərdi. Çünki sovet
ideoloji təbliğat maşınının təlqin və təqdir
etdiyi yol bu idi və əksər İttifaq
respublikalarının rəhbərləri özlərinə
artıq əziyyət vermədən məhz bu yolu
seçmişdilər.
İkinci
yolun davamında isə hərtərəfli təzyiqlərə
sinə gərmək, çətinliklərə qatlaşmaq,
mərkəzi nələrəsə inandırmaq
üçün günlərlə zəhmət çəkməklə
yanaşı, etimadı itirib bütün statusları əldən
vermək qorxusu da vardı...
Və belə
bir zamanda - 1969-cu ilin 14 iyul günü Azərbaycanda hakimiyyətə
Heydər Əlirza oğlu Əliyev gəldi...
***
S.M.Kirovdan
sonra Azərbaycana yerli kadrlar rəhbərlik etmişdi və
Heydər Əliyev ölkənin azərbaycanlı rəhbərlərinin
dördüncüsü idi. Ona qədər respublikanı
1933-1953-cü illər arasında Mir Cəfər
Bağırov, 1953-1959-cu illər aralığında İmam
Mustafayev, 1959-1969-cu illərdə isə Vəli Axundov idarə
etmişdi.
Keçmişə
sayğı Heydər Əliyev şəxsiyyətinin ən
çox rəğbət doğuran cəhətlərindən
biri kimi həmişə diqqəti çəkərdi. O,
özünə qədər Azərbaycana rəhbərlik
etmiş şəxslərin hər birinə eyni dərəcədə
hörmətlə yanaşar, öz
çıxışlarında İkinci dünya müharibəsindən
sonra Azərbaycan həyatında özünü göstərən
müsbət dəyişikliklərə tez-tez diqqət
yönəldərdi.
Elə
biz də müsbətlərdən danışmağa
çalışacağıq.
Müharibədən
sonra Azərbaycanın iqtisadi cəhətdən
inkişafı, Xəzərdə dəniz yataqlarının mənimsənilməsi,
yeni sənaye mərkəzlərinin - Sumqayıtın, Mingəçevirin,
Daşkəsənin salınması, Bakının, Gəncənin
sənaye potensialının sürətlə yüksəlməsi,
qara və əlvan metallurgiya, maşınqayırma, kimya sənayesinin
inkişafındakı qüdrətli sıçrayış
- bütün bunlar ötən əsrin 50-ci illərinin
sonlarına qədər ölkə həyatında əldə
olunmuş mühüm uğurlar idi.
1959-cu ildən
1969-cu ilə qədər Azərbaycan KP MK-nın birinci katibi
vəzifəsində çalışan Vəli Axundovun Azərbaycana
rəhbərlik etdiyi 10 illik dövrü isə o illərdə
Dövlət Təhlükəsizliyi Komitəsi kimi əhəmiyyətli
dövlət qurumunda mühüm vəzifələrdə
çalışmış Heydər Əliyev özü də
ölkə tarixində mürəkkəb dövr kimi xarakterizə
edirdi.
N.S.Xruşşovun
vəzifədən kənarlaşdırılması və
L.İ.Brejnev başda olmaqla hakimiyyətə başqa bir
komandanın gəlməsi ilə xarakterik olan bu mərhələdə
Azərbaycan kimi ölkəyə rəhbərlik etmək o qədər
də asan deyildi.
Həmin
dövrün son illərində
Azərbaycanın xalq təsərrüffatında güclü
geriləmələr özünü göstərirdi.
Respublika bir sıra göstəricilər üzrə başqa,
İttifaq ölkələrinin ardınca
sürünürdü.
***
Heydər
Əliyev irsinin görkəmli
araşdırıcılarından olan akademik Ramiz Mehdiyev
özünün "Vətəndaş, Şəxsiyyət,
Lider" kitabında ötən əsrin 60-cı illərinin
sonlarına doğru Azərbaycan həyatında nəzərə
çarpan tənəzzül meyillərini son dərəcə
aydın şəkildə xarakterizə edir: "Respublika
haqqında SSRİ-nin perspektivsiz bir əyaləti təsəvvürünün
formalaşması nəticəsində, Azərbaycanda
sosial-iqtisadi həyatın bütün sahələrində
geriləmələr mövcud idi. Sovet rəsmiləri səviyyəsində
belə bir fikir yaranmışdı ki, məşhur neft
yataqları öz keçmiş əhəmiyyətini itirib və
respublikanın neftə hesablanmış iqtisadiyyatı rəzilliklə
sürünməyə məhkumdur. Bunun alternativi yox idi.
Çıxış yollarını tapmaq əvəzinə vəziyyətlə
barışırdılar, neqativ tendensiyalar tədricən
güclənərək daha dərinlərə kök
atırdı. Hakimiyyət uğrunda getdikcə daha eybəcər
formalar alan gizli mübarizə gedirdi. İlk növbədə,
respublika iqtisadiyyatının durmadan enməsini, tənəzzülünü
aradan qaldırmaq, ictimai-siyasi həyatdakı neqativ halların
qarşısını almaq lazım idi. Buna hər şeydən
əvvəl, respublikanın siyasi hakimiyyətindəki çəkişmələr,
əmək intizamının və tələbkarlığın
olmaması, hökumət orqanlarındakı cəmiyyətə
çox mənfi təsir göstərən, cəzasızlıq
və özbaşınalıq şəraiti yaradan qohumbazlıq
və rüşvətxorluq mane olurdu".
Dəyərli
publisist və deputat həmkarım Elmira Axundovanın bu il Azərbaycan
Respublikasının dövlət mükafatına layiq
görülmüş "Heydər Əliyev - Şəxsiyyət
və zaman" kitabında isə rus tarixçisi Roy
Medvedyevin "Heydər Əliyev - Kreml səmasında yeni
ulduz" adlı məqaləsindən o illərin Azərbaycanını
dəqiqliklə canlandıran maraqlı bir epizoda yer verilir:
"Qafqaz sakinləri haqqında təsəvvürlərin əksinə
olaraq, azərbaycanlıların əksəriyyəti çox
kasıb yaşayırdı. Baxmayaraq ki, burada korrupsiya və
talama geniş yayılmışdı və demək olar ki,
gizlədilmirdi. Moskvadan gəlmiş çoxsaylı
komissiyalardan biri heyrətə gəlmişdi. Komissiya üzvləri
Bakı dükanlarının birindən nümunə
üçün 100 dəfə, 100 adda mal almış,
hamısında da qiymətdə və çəkidə aldadılmışdılar".
***
Heydər
Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 14 iyul
1969-cu il tarixinə qədər "gizli iqtisadiyyat"
dövlətin daxilində elə kök salmışdı ki,
bəziləri sənaye və kənd təsərrüfatının
ayrı-ayrı sahələrini xüsusi mülkiyyət
sayağı, necə deyərlər, "ata-babalarının
əmlakı" kimi idarə edirdilər.
Gürcüstan
kimi Azərbaycanın da "sexovşiklər"i, valyuta
alverçiləri, qeyri-leqal milyonçuları barədə
keçmiş SSRİ-də maraqlı əfsanələr
dolaşırdı. Onlar müxtəlif dövlət hakimiyyəti
orqanlarında da özlərinə güclü himayədarlar,
dayaqlar tapmağa nail olmuşdular.
Rüşvətxorluq,
vəzifəli şəxslərin müxtəlif üsullarla ələ
alınması el arasında yayılan siyasi lətifələr
üçün maraqlı mövzular verirdi.
Bütün
bunlar isə təbii ki, on minlərlə sadə vətəndaşın
haqqının tapdanması, halal haqqının əlindən
alınması demək idi...
Ötən
əsrin 60-cı illərinin sonlarında Azərbaycan rəhbərliyinə
cəmiyyətdə haqq-ədaləti bərqərar edəcək,
hakimiyyət kuluarlarındakı dedi-qodulara, daxili çəkişmələrə,
intriqalara son qoyacaq, can üstə olan respublika
iqtisadiyyatını dirildib ayağa qaldıracaq, ölkə
haqqındakı mənəvi depressiya kabusunu ümid ovqatı
ilə əvəzləyəcək dəmir iradəli liderin gəlişi
zamanın, tarixin diktə etdiyi bir zərurətə
çevrilmişdi...
...Və
1969-cu ilin 14 iyul günü məhz bu baş verdi.
***
Heydər
Əliyev hakimiyyətə "dəmir iradəli"
çekist və tutduğu yola, inandığı siyasi təlimə
sadiq, möhkəm əqidəli siyasi xadim kimi gəlmişdi.
O, sovet
ideologiyasının digər fundamental prinsipləri kimi beynəlmiləlçiliyə
də yüksək sayğı ilə yanaşırdı.
Amma Heydər Əliyevin beynəlmiləlçiliyi onun
milliliyini inkar etmirdi. Onun beynəlmiləlçiliyinin nüvəsində
Azərbaycanın milli-mənəvi dəyərləri
dayanırdı. Bu mənada ulu öndər illər sonra
müstəqil dövlətimizin gələcəyə
doğru aydın istiqamətinə çevriləcək azərbaycançılıq
ideologiyasının təməl əsaslarını hələ
ötən əsrin 60-70-ci illərində
formalaşdırmağı bacarmışdı.
***
Heydər
Əliyevin o illərdə kimsəyə sezdirmədən, kimsəni
şübhəyə salmadan ustalıqla həyata keçirdiyi
incə siyasətin mahiyyəti illərin
hündürlüyündən indi daha aydın
görünür.
Heydər
Əliyev beynəlmiləlçilik şüarı ilə, əslində,
o illərdə milli-mənəvi dəyərlərimizə
qarşı yönələn kosmopolitizm meyillərinin üzərinə
gedirdi.
Maraqlı
bir məqamı xatırlatmasam olmaz. SSRİ dağılandan
sonra keçmiş İttifaq respublikalarının bəzi rəhbərləri
ölkənin əsas şəhərlərindəki yad ruhdan,
yad təfəkkürdən az da olsa qurtulmaq üçün
çox böyük əziyyət çəkəsi oldular.
Başqa
bir dilin təsiri ilə öləziyən ana dilini qorumaqdan, gənc
nəsli milli ruhda tərbiyələndirməkdən
ötrü hətta ölkələrin paytaxtlarını belə
dəyişmək lazım gəldi. Amma Heydər Əliyev bu
işi hələ ötən əsrin 60-70-ci illərində
bu qədər əziyyət çəkmədən, yeni
paytaxtın yaradılması kimi məşəqqətli
addımlar atılmadan özünəməxsus ustalıqla
görə bilmişdi.
Bir şəhərin
küçələrində, mağazalarında,
bağında, parkında, ictimai nəqliyyatında səninlə
hansı dildə danışırlarsa, o şəhər həmin
dilin, həmin dilin formalaşdırdığı təfəkkürün,
mədəniyyətin şəhəridir.
Heydər
Əliyevə qədər Bakının milli siması
çox kasad idi. Əyalətdən şəhərə ilk dəfə
ayaq basan insan Bakının başqa bir dilin, yad bir təfəkkürün
şəhəri olduğunu dərhal hiss edirdi. Bu şəhərdə
özünü tapa bilmirdi.
Taleyini
Bakıya bağlamaq istəyən gənclərin çoxu
qeyri-azərbaycanlılara məxsus evlərdə illərlə
kirayənişin kimi can çürütməli olurdular. Yad mədəniyyət
onları da tədricən öz qəlibində əridirdi.
***
Azərbaycana
Heydər Əliyevin gəlişi bu vəziyyəti
kökündən dəyişdi. Onun gərgin zəhməti,
Kreml qarşısındakı israrlı xahiş və tələbləri,
birbaşa nəzarəti, yuxusuz gecələri hesabına Azərbaycanda,
Bakıda tikilən zavodların, fabriklərin, salınan
yaşayış massivlərinin sosial-iqtisadi əhəmiyyəti
barədə çox söhbət aça bilərəm.
İndiki məqamda isə mənimçün maraqlı olan
bu sosial-iqtisadi layihələrin arxasında dayanan milli mətləblərdir.
Heydər
Əliyevin Bakıda, Azərbaycanın başqa mərkəzi
şəhərlərində qurub-yaratdığı müəssisələr
əyalətlərdən arzularının ardınca gələn
və özü ilə bir parça milli təfəkkür
işığı da gətirən gənclərin iş
yerinə, milli təfəkkür
daşıyıcılarının cəmləşdiyi məkanlara
çevrildi.
Heydər
Əliyevin ucaltdığı yaşayış binaları
yeni qurulan azərbaycanlı ailələrə isti yuva oldu. Bu
yuvalarda ana dilimizdə danışan, ana dilimizdə
düşünən körpə övladlar dünyaya gəldi.
Mərkəzi şəhərlərimizdə, o cümlədən
Bakıda milli təfəkkür işığının
şöləsi gücləndi və uzun illər ruhumuzu mənəvi
əsarətdə saxlamış yad təsirlər bu
işığın kölgəsində qaldı.
Heydər
Əliyevin açıq-gizli dəstəyi ilə milli
şüurun oyanışına təkan məqsədilə qələmə
alınmış ədəbi əsərlər, filmlər,
musiqilər özünə geniş auditoriya tapdı.
Fikrimcə,
Azərbaycanda milli dövlətçilik şüurunun
formalaşması prosesi, milli ruhun oyanışı elə məhz
bu idi və həmin proses 23 aylıq AXC dövründən fərqli
olaraq vətənin istiqbalı məsələsinə
seyrçi mövqe tutan yox, öz dövləti uğrunda
canından belə keçməyə hazır olan
bütöv nəsillər yetişdirirdi.
Yada salaq
ki, ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın
müstəqilliyi uğrunda meydanlara axışanların
mütləq əksəriyyəti də Heydər Əliyevin
ölkəyə rəhbərliyi dövründə Bakıda,
başqa şəhərlərimizdə işə başlayan,
özünə ev-eşik quran, güzəran düzəldən
və taleyinin hər bir məqamında milli dövlətinin dəstəyini
görən vətəndaşlar, onların övladları
idi.
***
Bu insanlar
Azərbaycanın ərazi bütövlüyü naminə
silaha sarıldılar.
20 Yanvar
gecəsi qırmızı libasda üstümüzə yeriyən
şərə qarşı dayanıb Bakı küçələrini
al qanları ilə boyadılar.
Onlar
uğrunda canlarını əsirgəmədikləri bu
dövlətin mahiyyətcə milli bir dövlət
olduğunun fərqində idilər.
Onlar bu
dövlətdə Heydər Əliyevin yaratdığı
haqqın-ədalətin bəhrəsini
görmüşdülər. Onun gücündən, diqqət
və qayğısından faydalanmışdılar. Ölkə
sərhədlərindən kənarda bu dövlətin liderinin
adı ilə, Heydər Əliyevin rəhbərliyi altında
sıraları getdikcə genişlənən sosial-iqtisadi, mədəni
nailiyyətlərlə qürur duymuşdular.
Bu
dövlət onların təknəsinə çörək,
süfrəsinə ruzi-bərəkət, evlərinə
işıq, hərarət, yaşadıqları kəndlərə,
qəsəbələrə, şəhərlərə abad
yollar, məktəblər, xəstəxanalar, mədəniyyət
ocaqları gətirmişdi.
Bu
dövlət nəinki Azərbaycanın, ümumən
keçmiş SSRİ-nin ən nüfuzlu universitetlərinin
qapılarını bu insanların, onların
övladlarının üzünə açmışdı,
bu insanları iş-güc, ev-eşik sahibi etmişdi.
Bu
dövləti ötən əsrin 60-cı illərinin
sonlarından etibarən xalqın dəstəyi ilə Heydər
Əliyev qurub yaratmışdı. Bu dövlətin
istiqbalı uğrunda hər cür fədakarlığa
hazır olan vətəndaşları da Heydər Əliyevin
milli dövlətçilik tərbiyəsi yetişdirmişdi.
...Və
müstəqilliyin ilk illərindəki ağır təlatümlü
günlərdə bu vətəndaşlarla birgə, onlarla vəhdətdə,
çiyin-çiyinə, ürək-ürəyə Azərbaycanın
taleyinə, onun müstəqilliyinə sahib çıxan da
yenə məhz Heydər Əliyev oldu...
***
Tarix həm
də bir xalqın, toplumun tarixindəki önəmli hadisələrin
ardıcıllığıdır, məntiqi silsilə
üzrə davamıdır.
1969-cu
ilin tariximizə və taleyimizə yazdığı 14 iyul
günü ümummilli lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıtdığı
15 iyun Milli Qurtuluş Günü ilə, bu günün həyatımıza
gətirdiyi mənəvi zəfərlərlə dövlətçilik
tariximizdə qoşa dayandı.
Bu
gün, Heydər Əliyevin Azərbaycanda ilk dəfə
hakimiyyətə gəldiyi 14 iyul gününün davamı
idi.
Heydər
Əliyevin milli dövlətçilik irsinin varisi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
xalqın mütləq dəstəyi ilə Azərbaycan
Prezidenti seçildiyi 2003-cü ilin 15 oktyabr gününü
isə bu iki əlamətdar tarixin
ardıcıllığı, Heydər Əliyevin mənəvi
ömrünün və bu ömürlə birgə həm də
Azərbaycanın xoşbəxt gələcəyinə
ünvanlanmış arzuların, amalların davamı kimi
yaşadıq.
O gündən
başlanan dönəm bizi Azərbaycanın tamam yeni bir
dövrünə, milli dövlətçilik tariximizin hər
günü yeni bir başlanğıcla, hər günü
yeni bir uğurla müşayiət olunan xoş günlərinə
gətirdi.
Əgər
bir anlıq zamana üz tutub, 2003-cü ilin 15 oktyabrında
yaşadığımız əlamətdar günün tarix
baxımından məntiqi davamının sonrakı illərdən,
aylardan, günlərdən hansında konkretləşdiyini
müəyyənləşdirməyə
çalışsaydım, yəqin ki, yaddaşım cənab
İlham Əliyevin 2013-cü ilin prezident seçkisindən
sonra Azərbaycan Respublikası Milli Məclisinin binasında
keçirilmiş andiçmə mərasimi zamanı bu
möhtəşəm kəlmələri səsləndirdiyi
19 oktyabr 2013-cü il tarixini nişan verərdi: "Azərbaycan
xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt
tarixdə bu qədər güclü olmamışdır.
Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm
olmamışdır. Biz hamımız bundan sonra da
çalışmalıyıq və
çalışacağıq ki, ölkəmizi inkişaf
etdirək, müstəqilliyimizi əbədi, dönməz edək".
Zaman Heydər
Əliyevin Azərbaycanın rəhbəri təyin olunduğu
1969-cu ilin 14 iyul günü ilə İlham Əliyevin bu
cümlələri səsləndirdiyi an arasında
körpü salır...
Və bu
körpüdən Azərbaycanın gələcəyinə
doğru möhtəşəm bir yol başlanır...
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı-publisist
Azərbaycan.-2014.- 11 iyul.- S.6.