Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev fenomeni

 

Hər bir xalq öz dövlətçilik tarixində böyük xidmətlər göstərmiş şəxslərlə öyünür, fəxr edir. Azərbaycan xalqının da öyünməyə, fəxr etməyə Heydər Əliyev kimi dahi şəxsiyyəti olmuşdur. Əgər belə şəxsiyyətlər olmasaydı, tarix maraqsız görünərdi. Azərbaycan xalqının taleyüklü hadisələrlə zəngin olan 30 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu illərdə xalqımızı çətin sınaqlardan çıxarmış, müasir Azərbaycan dövlətini qurmuş, inkişaf etdirərək dünyada tanıtmışdır.

Heydər Əliyevin fəaliyyətinin mühüm bir dövrü 1969-1982-ci illəri əhatə edir. 1969-cu il iyulun 14-də Azərbaycan KPMK-nın birinci katibi seçilən Heydər Əliyev ilk günlərdən ölkədəki sosial-iqtisadi, siyasi, mədəni prosesləri dərindən təhlil etmiş, uzun illərdən bəri yığılıb qalmış problemləri müzakirəyə çıxarmış, onların həlli yollarını göstərmiş, kadrların düzgün seçilib yerləşdirilməsinə, tələbkarlığın artırılmasına, dövlət və əmək intizamının möhkəmləndirilməsinə, idarəçilik sisteminin təkmilləşdirilməsinə diqqət yetirmiş, İttifaqda ilk dəfə olaraq Azərbaycanda  korrupsiya və rüşvətxorluğa qarşı mübarizə elan etmiş, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmışdır.

XX əsrin 70-80-ci illəri Sovetlər İttifaqında aftoritar rejimin güclü olduğu dövr xarakterizə edilsə də, Azərbaycanda iqtisadi yüksəliş, sosial tərəqqi, milli oyanış prosesi baş vermişdir. Buna Heydər Əliyevin gərgin əməyi sayəsində nail olunmuşdur. Belə ki, sənaye istehsalı 2 dəfə artmış, 250-dən çox sənaye obyekti - Bakı məişət kondinsioneri zavodu, Dərin özüllər zavodu, Azon, Ulduz elm istehsalat birliyi, Xırdalan ət emalı kombinatı, Bakı şampan şərabı zavodu və digər müəssisələr tikilib istifadəyə verilmişdir. Tikintiyə sərmayə qoyuluşu 32 milyard rubl təşkil etmişdir ki, bu da sovet dövrünün əvvəlki 50 ilində sərf olunan vəsaitdən 2,1 dəfə çox idi. Hər il orta hesabla 2800 kilometr elektrik xətti çəkilmiş, enerji hasilatı 2 dəfə artaraq 23 milyard kvadratsaata çatmışdı. Araz, Tərtər, Şəmkir su elektrik stansiyaları istifadəyə verilmiş, sənayedə yeni texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 1976-cı ildə Elov-AVT qurğusunun yeni Bakı neftayırma zavodunda tətbiqi nəticəsində neftdən 90 adda məhsul almaq mümkün olmuşdur. Azərbaycan SSR həmin illərdə iqtisadi sahədə əldə etdiyi uğurlara görə 12 dəfə Ümumittifaq yarışının qalibi olmuşdur.   

Həmin dövrdə neft sənayesində uzun illərdən bəri yığılıb qalmış problemlər həll edilmiş, Azərbaycan neft sənayesinin inkişafı yeni mərhələyə daxil olmuşdu. Respublikada son 100 ildə 1 milyard ton neft çıxarılmışdı. Təkcə 1971-ci ildə 18 milyon tondan çox neft hasil olunmuşdu. Geoloji kəşfiyyat işlərinin genişləndirilməsi nəticəsində yeni neft yataqlarıı - Siyəzəndə Zəyli-Zeyvə, Cənubi Kür vadisində Kürsəngi, Muradxanlı yataqları kəşf olunmuşdu. O illərdə Azərbaycana yeni texnologiya və "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları gətirilmişdi. Bu, respublikada yeni neft sahələrinin açılmasına - "İstiqlal" və "Dədə Qorqud" qurğularının işə salınmasına səbəb olmuşdu. Xəzərdə "28 Aprel", "Bahar", "Azəri", "Günəşli" və digər zəngin neft və qaz kondensatı yataqları aşkar edilmişdi. Sualtı neft kəməri çəkilmişdi. Dənizdə qazma işləri yeni texnologiya əsasında daha da təkmilləşdirilmişdi.

XX əsrin 70-80-ci illərində aqrar sahədə də böyük uğurlar qazanılmışdır. Heydər Əliyevin nüfuzu sayəsində Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsinə dair 1970-ci ilin iyulunda "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını inkişaf etdirmək tədbirləri haqqında", 1975-ci ilin iyulunda "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında", 1979-cu ilin fevralında isə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını ixtisaslaşdırmaq, üzümçülük və şərabçılığın inkişaf etdirilməsi tədbirləri haqqında" qərar qəbul edilmişdir. Nəticədə respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi artmış, kənd təsərrüfatında, o cümlədən bitkiçilikdə, tərəvəzçilikdə, bostançılıqda, əkinçilikdə, heyvandarlıqda uzun sürən geriliyə son qoyularaq dinamik inkişafa nail olunmuş, kənd təsərrüfatı istehsalı 2,7 dəfə artmışdı. Strateji məhsul olan pambıq istehsalı 1969-cu ildəki 299 min tondan 1982-ci ildə 1 milyon tona, üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1982-ci ildə 1 milyon 829 min tona çatmışdı. 

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi birinci dövr sosial həyat sahəsində də böyük nailiyyətlərlə əlamətdar olmuşdur. Belə ki, 630 min iş yeri açılmış, 20 min kvadratmetr ərazidə Əhmədli, Yeni Əhmədli, Günəşli, Batamdar, Hövsan yaşayış massivləri salınmış, yüzlərlə məktəbəqədər, ümümtəhsil ocağı tikilib istifadəyə verilmişdir. 15 mindən çox gənc Moskva, Leninqrad, Kiyev və digər şəhərlərə təhsil almağa göndərilmişdir. Azərbaycandan kənarda 200-dən çox zabit kadrı hazılanmış, Bakıda Naxçıvanski  adına hərbi təmayüllü məktəbin əsası qoyulmuşdur.

Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci il Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması müddəası salınmış, ali məktəblərdə vətən tarixinin tədrisinə ayrılan saatların miqdarı 40 saatdan 60 saata çatdırılmış, elm, ədəbiyyat və incəsənət xadimlərinə  qayğı artırılmış, onların yubileyləri keçirilmiş, ev-muzeyləri açılmış, abidələri qoyulmuş, müharibə və əmək veteranlarına mənzillər verilmişdir. Heydər Əliyevin səyi ilə Taqanroq şəhərində 416-cı Azərbaycan diviziyasının, Sevastopolun Sapun dağında 77-ci Azərbaycan diviziyasının şərəfinə abidə ucaldılmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci mərhələ respublikanın ictimai-iqtisadi, siyasi və mədəni inkişaf tarixində çox parlaq dövr hesab olunur. Bu illərdə əldə edilmiş uğurlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin düzgünlüyünü və həyatiliyini göstərdi. Bu müddətdə Heydər Əliyev işgüzar, prinsipial bir dövlət xadimi kimi böyük nüfuz qazanaraq Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilmişdi.

Ümummilli liderin fəaliyyətinin sonrakı mərhələsini 1982-ci il noyabrın 24-dən 1987-ci il oktyabr ayının  23-dək olan Moskva dövrü təşkil edir. 1982-ci ildə Heydər Əliyev  Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini təyin olunmuş, Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında sovet nümayəndə heyətinin Vyetnama, Laosa, Anqolaya, Suriyaya, Misirə, Livana, İordaniyaya uğurlu diplomatik səfərləri tarixə yazılmışdır.

Heydər Əliyev ictimai, siyasi proseslərə obyektiv, ədalətli münasibəti ilə seçilmişdir.  M.Qorbaçovun türk-müsəlman respublikalarına qarşı qərəzli münasibətinə (1986-cı ildə Qazaxıstan KP MK-nın katibi D.M.Kunayevin Kolbinlə əvəz edilməsinə, Ş.Rəşidova qarşı "Özbək işi" adı altında cinayət işi açılmasına), Çernobıl qəzasının xalqdan gizlədilməsinə qəti etirazını bildirmişdir. Ermənilərə havadarlıq edən M.Qorbaçov isə Heydər Əliyevin fəaliyyətinə qısqanclıqla yanaşırdı. Lakin N.Tixonovun, K.Çernenkonun, A.Qromıkonun  Heydər Əliyevin fəaliyyətinə və şəxsiyyətinə münasibəti çox müsbət idi. Hətta Heydər Əliyevlə görüşlərinin birində N.Tixonov demişdi: "Heydər Əliyeviç, Siz SSRİ-ni idarə etməyə layiq şəxssiniz, təəssüf ki, slavyan, xristian deyilsiniz". O isə bildirmişdi ki, bu vəzifəyə can atmır, tutduğu vəzifə onu qane edir".

M.Qorbaçov 1987-ci ilin oktyabrında Heydər Əliyevi xəstəlik bəhanəsi ilə vəzifədən uzaqlaşdırmış, Azərbaycana xüsusi istintaq qrupu göndərmişdi ki, Heydər Əliyevin əleyhinə materiallar toplasınlar. Bütün bunlar isə tarixi ədalətsizlik idi. Vaxtilə Moskvada Heydər Əliyevin köməkçisi olmuş Qavrilov xatirələrinin birində yazmışdı: "Heydər Əliyevi nə siyasi, nə də diplomatik mülahizələr baxımından vəzifədən azad etmək doğru deyildi. O, MK-nın digər katiblərindən fərqli  diplomatik görüşləri məharətlə həyata keçirir, uğurlarla ölkəyə qayıdırdı, Heydər Əliyev Kremlin Şərq siyasətini hazırlayanlardan biri olmuşdur".

Bu böyük şəxsiyyətin qəlbi daim Azərbaycanla döyünmüş, dəfələrlə İttifaq fondlarından respublikamıza vəsait ayrılmasına, şəhər təsərrüfatının inkişafına yardım göstərmişdir. Heydər Əliyev Bakıda törədilmiş Qanlı Yanvar hadisəsinə də sərt mövqe nümayiş etdirmiş, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu hadisəni beynəlxalq  hüquqa zidd qanlı cinayət  kimi qiymətləndirmiş, Kommunist Partiyasından imtina etmişdi.

Ölkənin  ən məsuliyyətli və çətin dövründə xalqı ilə bir olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya qayıtdı. Xalq bu gəlişi böyük sevinclə qarşıladı. İqtidar isə bu gəlişdən o qədər təşvişə düşmüşdü ki, bir qrup əlaltısının, habelə ondan hakimiyyət bölgüsü gözləyən bəzi sol müxalif qüvvələrin iştirakı ilə təyyarə meydanında piket təşkil etdirmişdi. İki gündən sonra - iyulun 22-də Heydər Əliyev Naxçıvana getdi. Həmin gün o, Naxçıvanın Azadlıq meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqə dəvət olunub orada çıxış etdi. Respublikanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələr ilə görüşlər keçirdi, onları müstəqillik uğrunda axıradək mübariz olmağa çağırdı. O, xalq deputatlığına namizəd irəli sürüldüyü Nehrəm seçki dairəsi seçiciləri ilə görüşündə demişdi: "Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad olmalıdır".

1991-ci ildə Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev blokada şəraitində olan Naxçıvanı yaşadır, Türkiyə ilə əlaqələr yaradır, Naxçıvanla Türkiyə arasında "Ümid" körpüsünün açılmasına nail olur. SSRİ-nin saxlanılmasına dair referendumdan imtina edilir, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırılır, Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunur, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarılır. Yeni Azərbaycan Partiyasının əsası qoyulur.

Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyət daha ağır idi. Elan edilməmiş Dağlıq Qarabağ müharibəsi başlamış, iqtisadi tənəzzül, ölkə daxilində müxalif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi  təhlükəli xarakter almışdı. Bu vəziyyət isə dövlət müstəqilliyi üçün ciddi təhlükə yaradırdı. Heydər Əliyevin titanik fəaliyyəti sayəsində 1994-cü ilin oktyabr, 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, 1994-cü il Bişkek protokolunun imzalanması ilə cəbhədə atəşkəsə nail olundu, ölkədə siyasi sabitlik yaradıldı. 

Heydər Əliyev iqtisadi tənəzzülün qarşısını almaq üçün bazar iqtisadiyyatı yolunu seçdi. Bazar iqtisadiyyatının hüquqi əsasları işlənib hazırlandı. "Azad sahibkarlıq", "Dövlət mülkiyyətinin özəlləşdirilməsi", "Xarici investisiyanın qorunması",  "Torpaq islahatı" və digər qanunlar qəbul olundu. Açıq qapı siyasəti elan edilərək xarici kapital ölkə iqtisadiyyatına cəlb olundu. 1993-2000-ci illərdə ölkə iqtisadiyyatına 17 milyard dollar həcmində kapital cəlb olundu ki, bunun da 12 milyardı xarici kapitalın payına düşürdü. Heydər Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirmək,  ölkənin valyuta ehtiyatını artırmaq üçün daxili və xarici qüvvələrin müqavımətinə baxmayaraq 1994-cü il sentyabın 20-də dünyanın 9 ölkəsinin 11 şirkəti ilə "Əsrin neft müqaviləsi"ni imzaladı. Bu müqavilə çərçivəsində ilk mərhələ üçün Azərbaycan neft sənayesinə 30 milyard dollar investisiya yatırıldı. Respublikamız Avropa Komissiyasının hazırladığı TRASEKA proqramına qoşuldu, 1998-ci ilin sentyabrın 7-8-də Bakıda "Tarixi İpək yolu"nun bərpasına dair beynəlxalq konfrans keçirildi və "İpək yolu" strategiyası həyata vəsiqə aldı.

Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi illərdə "Dil haqqında", "Milli-mənəvi dəyərlərin qorunması  haqqında", "1918-ci il mart soyqırımı haqqında", "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında", "Xocalı soyqırımı haqqında" "Dövlət gənclər siyasəti haqqında", "Dövlət qadın siyasəti haqqında", "Dini etiqad azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" taleyüklü fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

Ümummilli liderin fəaliyyətində Dağlıq Qarabağ probleminin həlli məsələsi daim diqqət mərkəzində olmuş, 1993-2000-ci illərdə bu problemlə bağlı təkcə Fransa Prezidenti ilə 16 dəfə, ABŞ dövlət başçısı ilə 18 dəfə, Rusiya Prezidenti ilə 28 dəfə, Türkiyə Prezidenti ilə 78 dəfə, ATƏT-in Minsk qrupunun təmsilçiləri ilə 130 görüş keçirmişdir. Ulu öndər 1993-1998-ci illərdə 33 dövlətə 79 səfər etmiş, 431 beynəlxalq sənəd imzalamışdır. Bütün bunlar böyük enerji tələb edirdi və o, bu işin öhdəsindən məharətlə gəlirdi. Heydər Əliyev xarici səfərlərində daim orada yaşayan azərbaycanlılarla, onların say tərkibi ilə maraqlanmış, diaspor təşkilatının formalaşmasına, maariflənməsinə kömək göstərmişdir. Heydər Əliyevin apardığı düzgün  xarici siyasətin nəticəsi idi ki, o illərdə Azərbaycan diplomatiyasının qələbələri də az olmamışdır. Belə ki, 1996-cı il ATƏT-in Lissabon sammitində iştirak edən 54 dövlətdən 53-ü Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın mövqeyini dəstəkləməyə məcbur olmuş, ABŞ Konqresi tərəfindən Azərbaycana qarşı qəbul edilmiş 907 saylı qətnamənin fəaliyyəti dayandırılmışdır. Avropa Şurasının, İslam Konfransı Təşkilatının Azərbaycanın haqlı tələbini əks etdirən qətnamələri olmuşdur.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövrü hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdığı bir mərhələ kimi xarakterizə etmək olar. Bu dövrdə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmuş, milli ordu yaradılmışdır. 1998-ci ildən Konstitusiya Məhkəməsi fəaliyyətə başlamış, hakimiyyət bölgüsü, qanunun aliliyi təmin edilmiş, məhkəmə hüquq islahatları keçirilmiş, üçpilləli məhkəmə sistemi formalaşdırılmışdır. 2000-ci ilədək 60 min məhbusa amnistiya verilmiş, 2001-ci ildə daha 8,5 min məhbusa amnistiya aktı şamil olunmuş, 1993-2001-ci illərdə 30 əfv fərmanı verilmiş, Azərbaycan Respublikası insan hüquqları, ekologiya, dəniz ticarət gəmiçiliyi və digər sahələrdə beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. 2001-ci ildən İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu fəaliyyətə başlamış, çoxpartiyalı sistemin fəaliyyəti, cəmiyyətdə mətbuat və söz azadlığı, plüralizm, aşkarlıq təmin edilmişdir.

Bu gün Heydər Əliyev nəzəri irsinin, dövlətçilik təcrübəsinin öyrənilməsi böyük  əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin nəzəri irsinin dərindən öyrənilməsi dövlətçiliyimizin möhkəmləndirilməsində, sosial-iqtisadi, siyasi, mədəni inkişafda, ölkəmizin dünyada tanınmasında böyük əhəmiyyəti var.

 

Hakim İSAKOV,

tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 11 iyul.- S.8.