Heydər Əliyev yadigarı
Bakı Dərin
Özüllər Zavodunda
sınanmış ənənələr davam
etdirilir
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun nəhəng sənaye müəssisəsi kimi işə düşməsi o qədər də asanlıqla başa gəlməyib. Hələ bir vaxtlar bu zavodun tikintisi ilə bağlı ciddi mübahisələr olub. Ən nəhayət, ulu öndər Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi ilə 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun Qaradağ rayonu ərazisində təməli qoyulub. Cəmi bir neçə il sonra - 1984-cü ildə istismara verilən müəssisə ilk mərhələdə dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsinə çevrildi. İldən-ilə istehsal potensialı xeyli genişləndi. Mütəxəssislərin hesablamasına görə, zavodun ümumi istehsal gücü 60 min ton metal konstruksiya həcminə çatdı. Müxtəlif dərinliklərdən asılı olaraq ildə iki-üç dərinlik dəniz özülü yığmağa potensial gücü var.
İllər ötəndən sonra - 1986-cı ildə zavod tam layihə gücü ilə işləməyə başlayıb. Əlbəttə, proseslərə yeni yanaşma tərzi də bu dövrə təsadüf edir. Ötən illər ərzində 178 metrədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. Bütün bunlar başlanğıc üçün hazırlıq mərhələsini xatırladır. Ona görə ki, az vaxt keçəndən sonra bu nəhəng sənaye müəssisəsinin imkanları birə-beş artırıldı.
1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanandan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində Bakı Dərin Özüllər Zavodunun fəal iştirakı olub. İlk dəfə olaraq BP şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt da bu müəssisədə həyata keçirilib. Sonrakı mərhələdə istehsalla bağlı bəzi faktları sadalaya bilərik: zavodda tikinti üçün metal konstruksiyalar, 200 metrədək dərinlik üçün stasionar dəniz özülləri, körpü konstruksiyaları, müxtəlif ölçülü metal borular istehsal olunur. Zavodun əsas məhsulu isə dəniz, neft və qaz yataqlarının işlədilməsi üçün dərin özüllərin hazırlanmasıdır. Əlbəttə, bütün bunlar Xəzər dənizində daha qlobal neft layihələrinin həyata keçirilməsinə imkan yaradır. Zavodun tam gücü ilə işləməsi yeni layihələrin hazırlanmasına imkan verməklə bərabər, sifarişlərin də sayını artırdı. Hələ bir vaxtlar böhranlı sosial-iqtisadi şəraitdə yaşayan Azərbaycanı vəziyyətdən çıxarmaq üçün ulu öndər Heydər Əliyev yeni neft strategiyasını irəli sürdü. Belə bir təklif ölkə iqtisadiyyatının sürətli dirçəlişinə təkan verdi. Heydər Əliyev böyük uzaqgörənliklə bu strategiyanın mahiyyətini açıqladı. Əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafında rolu düzgün müəyyənləşdirildi. Hələ 1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur yeni neft layihələrinin sürətlə icra olunmasına xidmət göstərirdi. Əgər vaxtilə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə dərin özüllər zavodunu tikdirməsəydi, "Əsrin müqaviləsi"nin icrası da xeyli yubadıla bilərdi. Ümummilli lider Heydər Əliyevin xidməti sayəsində ilk dəfə olaraq belə nəhəng investisiya tələb edən müqavilələr imzalandı. Nəzərdə tutulan yeni layihələrin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu da xeyli artırdı.
Bakı Dərin Özüllər Zavodunun Qaradağ rayonu ərazisində yerləşməsi də ulu öndər Heydər Əliyevin seçimidir. Bu gün həmin seçimin bəhrəsini rayonun əhalisi yüksək dəyərləndirir, onun uğurlu nəticələrindən danışır. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyir ki, Bakı Dərin Özüllər Zavodu Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsinə kömək etməklə bərabər, rayonumuzda sosial layihələrin icrasına da şərait yaratmışdır. Bir faktı deyim ki, Heydər Əliyevin siyasi iradəsi nəticəsində Cənubu Qafqazda ən böyük sənaye flaqmanlarından biri sayılan Bakı Dərin Özüllər Zavodu yeni texnologiyanın tətbiqi sayəsində xeyli uğurlar qazanıb. Yarandığı vaxtdan üzü bəri zavodun istehsal potensialı maksimum həddə çatıb, güclü kadr bazası yaradılıb. Fərəhlə deyə bilərəm ki, ayrı-ayrı sahələrin dirçəldilməsində də həmin kadr potensialından qədərincə faydalanırıq. Zavodun imkanları və gücü hesabına rayonumuzda yeni sosial obyektlərin inşasına, əhalinin maddi rifah halının yaxşılaşmasına şərait yaradılıb. Hələ 70-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən göstərilən böyük təşəbbüslərin bəhrəsi bu gün də davamlı fayda verir. Ona görə də Qaradağ rayonunun əməkçiləri ulu öndərin adını və xatirəsini əbədiləşdirmək üçün geniş tədbirlər planı həyata keçirir. Elə Bakı Dərin Özüllər Zavoduna Heydər Əliyevin adının verilməsi də müəssisə əməkçilərinin çoxsaylı təşəbbüsü ilə həyata keçirilmişdi. Odur ki, zavodda yaradılan Heydər Əliyev guşəsi zəngin eksponatları ilə diqqəti cəlb edir. Ulu öndərin dəfələrlə bu müəssisəyə gəlişi, əməkçilərlə müntəzəm görüşləri bu gün də dönə-dönə xatırlanır. Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər ən azı altı dəfə rayonumuzun əməkçiləri ilə görüşüb, onların ən zəruri ehtiyacları ilə maraqlanıb. Həmin görüşlərdə Bakı Dərin Özüllər Zavodunun əməkçiləri də iştirak edib, müəssisə ilə bağlı təkliflərini ulu öndərə çatdırıblar. Belə görüşlər nəticə etibarilə müəssisənin gələcək uğurlarında böyük rol oynayıb. Biz hazırda ulu öndərin bir vaxt verdiyi dəyərli məsləhətlərdən, tövsiyələrdən qədərincə faydalanırıq...
Onu da deyək ki, ulu öndərin Qaradağ rayonuna hər gəlişi dönə-dönə xatırlanır. Ona görə ki, belə görüşlərdə ən ciddi layihələrin həyata keçirilməsinə təşəbbüs göstərilib, təkliflər irəli sürülübdür. Bir-birinin ardınca yeni sosial obyektlər, yaşayış binaları, müxtəlif təyinatlı istehsal mərkəzləri inşa olunaraq istifadəyə verilibdir. Yeni dəniz limanı, "Ümid" yaşayış kompleksi, qaz emalı zavodu, "Benzol" istehsal edən müəssisə və digər iri layihələrin hələ o illərdə həyata keçirilməsi üçün konkret təkliflər verilmişdir. Bu gün fəxrlə deyə bilərik ki, ulu öndərin dəyərli tövsiyələri Qaradağda yeni sənaye mərkəzinin yaranmasına şərait yaradıb, minlərlə iş yeri açılıb, adamların zəruri sosial ehtiyacları ödənilib. Ona görə də rayonun hər bir yaşayış ərazisində ulu öndərin adı ilə bağlı irili-xırdalı xatirələrə hörmətlə yanaşılır, adı əbədi tutulur. Qaradağda Heydər Əliyevin adını daşıyan park və xiyabanlar, mərkəzi küçələr, istehsal müəssisələri, məktəblər, səhiyyə mərkəzləri çoxluq təşkil edir...
Bakı Dərin Özüllər Zavodunun istehsal imkanları ildən-ilə genişlənir. Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində bu müəssisənin öz payı var. Zavodun mütəxəssislərinin dediyi kimi, yeni neft quyularının qazılması zamanı Xəzərdə ətraf mühitin qorunması üçün də xeyli iş görülməli idi. Hər şeydən əvvəl, dənizdə hər hansı ciddi ekoloji problemlərin yaranmasının qarşısını almağa ehtiyac vardı. Dərin özüllər zavodunun layihələrinin hazırlanması zamanı bu prinsiplər də nəzərə alınır. Bu gün ekoloji tarazlığın qorunması əsas şərtlərdən birinə çevrilib. Elə bu prinsiplərin qorunmasına görə zavodun istehsal etdiyi məhsullara Qərbin aparıcı şirkətləri də ciddi maraq göstərir. Demək olar ki, indiki mərhələdə yeni müqavilələrin həcmi dəfələrlə artıb. Artıq bu zavodun istehsalı brend məhsul kimi qəbul olunur, dünyanın müxtəlif ölkələrinə göndərilir. Əlbəttə, bütün bunlar təkcə Qaradağ rayonu üçün yox, respublikamızın iqtisadi potensialının artımı üçün gərəkli və faydalıdır. Neçə illərdir ki, Bakı Dərin Özüllər Zavodu öz yaradıcısının - ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu, həm böyük şərəfdir, həm də ciddi məsuliyyətdir. Hər ikisini eyni dərəcədə doğrultmaq üçün zavodun kollektivi yaradıcılıqla çalışır, məhsuldarlığı artırır. Kollektiv çalışır ki, öz yaradıcısının adını ləyaqətlə qorusun, dünyanın hər yerindən məhsulların xoş sorağı gəlsin. Əlaqələrin ildən-ilə genişlənməsi bir daha sübut edir ki, zavodun kollektivi başladığı ənənəni ləyaqətlə davam etdirir. Belə sənaye flaqmanı ilə əlaqələr xarici şirkətlərin Azərbaycana baxışını və münasibətini də dəyişməyə başlayıb. Əgər ötən əsrin axırlarında bu kollektivlə iş birliyi qurmaq istəyən Qərb şirkətlərinin sayı xeyli az idisə, indi bu əlaqələrin meridianı daha da genişlənib. Bu gün müəssisədə yeni layihələrin reallaşması üçün əlavə imkanlar araşdırılır. Təbii ki, bütün bunlar iqtisadi əlaqələrin genişlənməsinə körpü yaradır. Müəssisədə yeni inkişaf mərhələsi başlayıb. Yeni layihələrin tətbiqi inam yaradır ki, başlanan sınanmış ənənələr uğurla davam etdiriləcək.
Bəşir
ŞƏRİFLİ,
Azərbaycan.-2014.- 11 iyul.- S.8.