Ankarada Azərbaycan-Türkiyə
Hökumətlərarası Müştərək
İqtisadi Komissiyanın 7-ci
iclası işə başlamışdır
Ankarada
Azərbaycan-Türkiyə Hökumətlərarası
Müştərək İqtisadi Komissiyanın 7-ci
iclasının rəsmi açılışı
olmuşdur.
Azərbaycan
Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri
Abid Şərifovun rəhbərliyi ilə geniş tərkibli
nümayəndə heyətimizin təmsil olunduğu iclasdan əvvəl
nümayəndə heyətimiz Türkiyənin enerji və təbii
sərvətlər naziri Taner Yıldız ilə
görüşmüşdür.
Görüşdə
ölkələrimiz arasında iqtisadi əlaqələrin, o
cümlədən energetika sahəsi üzrə əməkdaşlığın
real nəticələri və perspektivlərinə dair səmərəli
fikir mübadiləsi aparılmışdır.
İclası
giriş sözü ilə açan Türkiyə Baş
nazirinin müavini, komissiyanın həmsədri Beşir Atalay
nümayəndə heyətimizi səmimiyyətlə
salamlayaraq Azərbaycan-Türkiyə Hökumətlərarası
Müştərək İqtisadi Komissiyanın 6-cı
iclasından bəri görülən işlərdən bəhs
etmişdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət,
iki dövlət!” tarixi fikrini xatırladaraq, Ulu Öndərimizin
bu sözlərinin hər birimiz üçün örnək
olduğunu diqqətə çatdıran B.Atalay qeyd
etmişdir ki, Azərbaycan ilə Türkiyənin ortaq işləri
dünya birliyi tərəfindən beynəlxalq əhəmiyyətli
iqtisadi layihələr kimi dəyərləndirilir. Dünya
birliyi bu layihələrin mahiyyəti ilə hesablaşır.
Səmimi
qonaqpərvərliyə və qardaşlıq münasibətlərinə
görə dərin təşəkkürünü ifadə
edən Azərbaycan Respublikası Baş nazirinin müavini,
komissiyanın həmsədri Abid Şərifov ulu öndər
Heydər Əliyev tərəfindən müəyyən
edilmiş ölkəmizin inkişaf strategiyasının
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsinin iki qardaş ölkənin inkişafına
yaratdığı böyük imkanlardan və bu
şansların lazımı qaydada dəyərləndirilərək
onlardan düzgün istifadə edilməsindən danışmışdır.
Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
məsələsində Azərbaycanı təmənnasız
dəstəklədiyinə görə Türkiyə dövlətinə
və qardaş türk xalqına səmimi minnətdarlığını
çatdıran hökumətimizin nümayəndəsi qeyd
etmişdir ki, ölkələrimiz arasında hərtərəfli
münasibətlərin dinamik inkişafı
xalqlarımızın qardaşlığının ortaya
qoyduğu tələbdir. Baş nazirin müavini qeyd
etmişdir ki, Azərbaycan beynəlxalq hüquq normaları
çərçivəsində ərazi
bütövlüyünü bərpa etmək
üçün bütün imkanlardan istifadə etməkdə
israrlıdır.
Bakı-Tbilisi-Ceyhan
neft ixrac, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
istismara verilməsi nəticəsində ölkələrimizin
iqtisadi qüdrətinin dinamik inkişaf etdiyini diqqətə
çatdıran komissiyanın həmsədrləri
bildirmişlər ki, ümummilli lider Heydər Əliyevin
uzaqgörən neft strategiyası faktiki olaraq qitələrarası
enerji nəqletmə şəbəkəsinə çevrilməkdədir.
Bildirilmişdir ki, yaxın dövrdə Bakı-Tbilisi-Qars dəmir
yolu xəttinin istismara verilməsi beynəlxalq polad
magistrallarda axın sürətini artıracaq və tarixi
İpək Yolu müasir kommunikasiya sistemində bərpa
olunacaqdır.
Çıxışlarda
TANAP və TAP nəqletmə və PETKİM istehsal layihələrinin
beynəlxalq iqtisadiyyatın inkişafında və
dünyanın enerji təhlükəsizliyinin təmin
olunmasındakı rolundan danışılmış, ölkələrimiz
arasında hərtərəfli əlaqələrin
dinamikasında artım tempinin qorunmasının əhəmiyyəti
qeyd olunmuş, iqtisadi göstəricilər barədə məlumat
verilmişdir.
Açılış
mərasimindən sonra tərəflər ölkələrimiz
arasında iqtisadi-ticarət, qarşılıqlı sərmayə,
elm-sənaye və texnologiyalar, energetika, nəqliyyat, rabitə
və informasiya texnologiyaları, kənd təsərrüfatı,
mədəniyyət və turizm, əmək və sosial
müdafiə, ətraf mühit və şəhərsalma,
meşə təsərrüfatı, təhsil, səhiyyə,
gənclər və idman sahələri üzrə əlaqələrin
daha da genişləndilməsi ilə bağlı müzakirələri
davam etdirmişlər.
İyulun
11-də Azərbaycan-Türkiyə Hökumətlərarası
Müştərək İqtisadi Komissiyanın 7-ci
iclasının protokolu imzalanacaqdır.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2014.- 11 iyul.- S.9.