Nikaraqua Respublikasının xarici
işlər naziri Konstitusiya Məhkəməsində
olmuşdur
İyulun
10-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə
olan Nikaraqua Respublikasının xarici işlər naziri Samuel
Santos Lopez ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Fərhad Abdullayev Azərbaycan
və Nikaraqua arasında bütün sahələrdə, o
cümlədən hüquq sahəsində əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini
vurğulamışdır. O, Azərbaycanın bu gün
dünyanın ən sürətlə inkişaf edən
dövlətlərindən biri olduğunu qeyd etmişdir. Sədr
ölkəmizin dünya dövlətləri ilə əməkdaşlığa
önəm verdiyini diqqətə
çatdırmışdır.
Konstitusiya
Məhkəməsi haqqında qonağa məlumat verən sədr
bildirmişdir ki, 2014-cü il iyulun 14-də məhkəmənin
fəaliyyətinin 16 ili tamam olacaqdır. Bu dövrdə məhkəmənin
ən önəmli fəaliyyət istiqamətlərindən
biri də məhz beynəlxalq əlaqələrinin
qurulması olmuşdur. Artıq demək olar ki, dünyanın
bir çox dövlətlərində fəaliyyət göstərən
konstitusiya nəzarəti orqanları ilə
qarşılıqlı əlaqələrimiz mövcuddur.
Fərhad
Abdullayev qeyd etmişdir ki, ölkələr arasında
hüquqi inteqrasiya ümumi dünya inteqrasiya prosesinin tərkib
hissəsidir və beynəlxalq hüquq məhkəmələr
üçün çox mühüm bir sahədir. İyunun
30-da Konstitusiya Məhkəməsi çox mühüm qərar
qəbul etmişdir. Həmin qərarın mahiyyətinə
görə müasir cəmiyyətdə milli hüquq beynəlxalq
hüquq ilə əlaqəlidir. Hər bir sivil dövlətdə
cinayət hüququ, mülki hüquq, inzibati hüquq və
hüququn digər sahələri beynəlxalq hüquq
normalarından irəli gəlirlər.
Samuel
Santos Lopez Azərbaycana səfərindən məmnunluğunu
ifadə etmişdir. O, səfər çərçivəsində
bir sıra önəmli görüşlərin
keçirildiyini diqqətə çatdırmışdır.
Qonaq Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə keçirdiyi görüşü xüsusilə
qeyd etmişdir.
Nazir
Azərbaycan və Nikaraqua yüksək məhkəmə
orqanları arasında əməkdaşlığın vacib
olduğunu vurğulamışdır. O, ölkələrimiz
arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin
inkişafı üçün əlverişli imkanların
olduğunu vurğulamışdır. Samuel Santos Lopez bu
cür qarşılıqlı səfərlərin ikitərəfli
əlaqələrin inkişafına xidmət edəcəyini
bildirmişdir. Nazir, həmçinin Azərbaycanda gedən
sürətli inkişaf prosesinin təqdirəlayiq olduğunu
demişdir.
Görüşdə
Nikaraqua Respublikasının İran İslam
Respublikasındakı səfiri Mario Barkuero da iştirak
etmişdir.
Görüşün
sonunda qonaqlara məhkəmənin plenum zalı göstərilmiş
və xatirə şəkli çəkdirilmişdir.
Azərbaycan.-2014.- 11 iyul.- S.9.