Honduras Respublikasının iqtisadi

 inkişaf naziri İçərişəhərlə tanış olmuşdur

 

Honduras Respublikasının iqtisadi inkişaf naziri, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Alden Rivera iyulun 10-da İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, Alden Riveranın İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlamışdır. Qonağa bu abidənin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, eramızdan əvvəl VIII-VI əsrlərdə ucaldılmış Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı bu tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.

“Sıratağlı” dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq A.Riveraya çox maraqlı görünmüşdür.

Gəzinti Buxara karvansarası ilə tanışlıqla davam etmişdir. Respublika əhəmiyyətli bu abidə Azərbaycanın qədim tarixinə, onun geniş iqtisadi və mədəni əlaqələrinə dəlalət edir.

Elektromobildə gəzinti zamanı qonağa UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, burada aparılan təmir-bərpa və abadlaşdırma işləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri dövlət tərəfindən qorunur.

Kiçik Qala küçəsində gəzinti zamanı A.Rivera təndir çörəyinin dadına baxmışdır.

Qonaq Şərqin memarlıq incilərindən biri – dünya əhəmiyyətli “Şirvanşahlar saray kompleksi” tarix-memarlıq abidəsi ilə də tanış olmuşdur. Bildirilmişdir ki, XV əsrin əvvəlində ucaldılmış bu tarixi abidənin tikililəri İçərişəhər təpələrindən birinin ən uca nöqtəsində yerləşir. Xəzər dənizi tərəfdən və şəhərin ətrafındakı yüksəkliklərdən baxanda bu abidə aşkar görünür. Kompleks bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.

Azərbaycan paytaxtının bu qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq A.Riveraya xatirə hədiyyəsi bağışlanmışdır.

Qədim İçərişəhərlə tanışlıq qonağa çox güclü təsir bağışlamışdır.

 

Azərbaycan.-2014.- 11 iyul.- S.9.