Dövlət Bayrağı Meydanı ilə
tanışlıq Hondurasın
xarici işlər
nazirində zəngin təəssürat yaratmışdır
Honduras
Respublikasının iqtisadi inkişaf naziri Alden Rivera iyulun
10-da Bakıdakı Dövlət Bayrağı Meydanı ilə
tanış olmuşdur.
AzərTAc
xəbər verir ki, əvvəlcə Honduras
Respublikasının iqtisadi inkişaf nazirinə ərazidə
həyata keçirilən abadlıq və tikinti-quruculuq
işləri haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, hər il noyabrın 9-u Azərbaycanda
Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət
Bayrağı Meydanının təməli 2007-ci il
dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə
qoyulmuşdur. Meydan üçün seçilmiş yer
Dövlət Bayrağının paytaxtın müxtəlif
nöqtələrindən görünməsinə imkan
yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin iştirakı ilə Dövlət Bayrağı
Meydanının təntənəli açılış mərasimi
keçirilmişdir.
Məlumat
verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda
bütün infrastruktur yaradılmışdır. Bayraq dirəyinin
hündürlüyü 162 metr, qurğunun ümumi çəkisi
220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi
sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən
350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı
2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı
dirəyinin dünyada ən hündür bayraq dirəyi
olduğunu təsdiq etmişdir.
Diqqətə
çatdırılmışdır ki, meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət himninin mətni və
ölkəmizin xəritəsi qızıl suyuna
salınmış bürüncdən
hazırlanmışdır.
Honduras
Respublikasının iqtisadi inkişaf naziri Dövlət
Bayrağı Muzeyi ilə də tanış olmuşdur.
Qonağa məlumat verilmişdir ki, muzeydə müxtəlif
dövrlərdə Azərbaycan ərazisində mövcud
olmuş dövlətlərin, xanlıqların, o cümlədən
İrəvan xanlığının bərpa olunmuş
bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid
bayraqların uc elementləri, gerblər, Azərbaycan
Respublikasının müxtəlif illərdə qəbul
olunmuş konstitusiyaları, poçt markaları, pul
nişanlarının nümunələri, orden və
medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə müstəqil Azərbaycan dövlətinin
yaranması, formalaşması və inkişafını,
Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə
bağlı fəaliyyətini əks etdirən
çoxsaylı fotolar və sənədlər, ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin
andiçmə mərasimlərində öpdükləri
dövlət bayraqları, Silahlı Qüvvələrin Ali
Baş Komandanının bayrağı, qoşun növlərinin
döyüş bayraqları və mərasim geyim formaları
nümayiş olunur.
Diqqətə
çatdırılmışdır ki, dünyada bu cür
nadir muzeylərdən olan Dövlət Bayrağı Muzeyində,
həmçinin Ginnes dünya rekordları təşkilatının
Azərbaycanın dövlət bayrağı dirəyinin
dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq
edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər,
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin
Türkiyədəki səfirliyinin binası üzərində
dalğalanmış bayraq da nümayiş olunur. Buradakı
eksponatların çoxu ilk dəfə nümayiş etdirilir.
Muzeydə multimedia qurğusu da vardır.
Honduraslı
nazir Dövlət Bayrağı Meydanından zəngin təəssüratla
ayrılmışdır.
Azərbaycan.-2014.- 11 iyul.- S.9.