«İpək Yolu» V Beynəlxalq
musiqi festivalı yeniliklərlə zəngin
oldu
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində yetərincə diqqət göstərilir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları mədəni irsin qorunub saxlanılması baxımından böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da bu sahənin inkişafı, tanıdılması ilə bağlı fəaliyyəti çox böyükdür.
Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi və digər qurumların dəstəyi ilə bu günlərdə Şəkidə keçirilən Beynəlxalq musiqi festivalı yüksək səviyyədə başa çatmışdır. Prezident İlham Əliyevin 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi sözləri xatırlamaq yerinə düşər: "Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm ki, dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gələcəkdə Şəkidəki beynəlxalq tədbirlərin sayını artırmalıyıq".
Dövlət başçısının bu yüksək etimadını şəkililər böyük məsuliyyətlə doğrultmağa çalışırlar. Hələ keçənilki festivalda ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri, MDB-nin üzvü olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu demişdi: "Mən Azərbaycanın Rusiyadakı səfiri olaraq çox sevinirəm. Bir musiqiçi olaraq da fəxr edirəm ki, Azərbaycanda belə gözəl festivallar keçirilir. Elə bir həftə yoxdur ki, Azərbaycanda böyük bir beynəlxalq tədbir keçirilməsin. Ən vacibi isə odur ki, bu tədbirlər yalnız paytaxtda deyil, artıq Şəkidə də, Qəbələdə də keçirilir. Bu şəhərlərdə belə tədbirlərin keçirilməsi üçün hər cür şərait, lazımi infrastruktur vardır".
Şəkinin XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Aşağı Karvansaray kompleksində keçirilən "İpək Yolu" V Beynəlxalq musiqi festivalında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh naminə incəsənət xadimi Firəngiz Əlizadə çıxış edərək bu möhtəşəm musiqi bayramının hər kəsin yaddaşında gözəl bir xatirə kimi yaşadığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramlarının xoş bayram ovqatı yaratdığını bildirmişlər.
Festivalın ilk günündə Azərbaycan Opera və Balet Teatrının balet qrupunun ifasında təqdim edilən Niyazinin "Rast" simfonik muğamı əsasında səhnələşdirilmiş balet-tamaşada xalq artisti, "Qızıl dərviş" və "Zirvə" mükafatları laureatı Kamilla Şirəliyevanın (Tomris), Anar Mikayılovun (Şah) və digərlərinin oyunları tamaşaçılara böyük zövq verdi.
Festivalın builki iştirakçıları arasında Böyük İpək Yolu ölkələrinin, həmçinin türkdilli xalqların folklor, rəqs və musiqi kollektivlərinə üstünlük verilmişdi. Hindistanın, Çinin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin maraqlı konsert proqramlarının ovqatından yəqin ki, tamaşaçılar uzun müddət ayrıla bilməyəcəklər.
Proqrama uyğun olaraq TÜRKSOY-un hazırladığı "Delife" proqramı-11 türkdilli ölkənin milli libaslarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konserti, 7 ölkədən gəlmiş rəssamların festivalla bağlı təəssüratlarını öz tablolarında ifadə etmələrini V festivalın yeniliklər boğçasına da aid etmək olar. Bu yeniliklər sırasına müxtəlif illərdə "Eurovision" mahnı müsabiqələrində iştirak etmiş Erkin Osmanlının, Xana Həsənovanın, Dilarə Kazımovanın, Fərid Məmmədovun və digər ifaçıların çıxışlarını da qeyd etmək olar. "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımovun ifa etdikləri məşhur "Runninq Scared" mahnısı isə tamaşaçıların qəlbini daha çox riqqətə gətirdi.
Üzeyir Hacıbəylinin indiyədək Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrə və digər ölkələrdə uğurla göstərilən "Arşın mal alan" musiqili komediyası əsasında Bakı Marionet Teatrının hazırladığı eyniadlı tamaşa qonaqlara xüsusi ovqat bəxş etdi.
Xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin də iştirak etdiyi konsertdə çinli ifaçılar tamaşaçılara "Çin-müxtəlif rənglər işığında" adlı proqram təqdim etdilər. Çindən gəlmiş musiqiçilər Azərbaycanda ilk dəfə çıxış edirdilər. Bu isə bir daha onu göstərir ki, hər il keçirilən festivalın proqramlarında yeni ölkələrin, yeni kollektivlərin çıxışı prioritet sayılır.
Festivalın bağlanış günündə isə Sankt-Peterburqun "Ermitaj" Dövlət Simfonik Orkestri Azərbaycanda ilk dəfə olaraq Aşağı Karvansaray kompleksində çıxış etdi. Bu da bir yenilik! Onu da qeyd edək ki, "Ermitaj" muzey məkanında daimi fəaliyyət göstərən yeganə simfonik orkestrdir.
Əlbəttə, istər başlanğıcda, istər sonda ürək sözlərini bildirənlər, xoş təəssüratını bölüşmək istəyənlər də oldu.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək "İpək Yolu" festivalı çərçivəsində reallaşan defilənin keçirilməsinə göstərdiyi dəstəyə, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Yaddaşlardan uzun müddət silinməyəcək "İpək Yolu" V Beynəlxalq musiqi festivalı uğurla başa çatdı. Musiqili, sözlü-nəğməli qonaqlarını mehribanlıq və səmimiyyətlə qarşılayıb, məhəbbətlə yola salan gözəl Şəki isə yeni böyük tədbirlərə hazırlaşır.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2014.- 12 iyul.- S.11.