Riqada Azərbaycan rəssamlarının «Şərq nağılı» sərgisi açılmışdır

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Riqa meriyasının, Azərbaycanın Latviyadakı səfirliyinin, habelə Azərbaycan İncəsənəti Şurasının ("Arts Council Azerbaijan") və Latviyanın "Arts Council Latvia" qeyri-hökumət təşkilatının təşkilati dəstəyi ilə iyulun 10-da Riqada Azərbaycan rəssamlarının "Şərq nağılı" sərgisinin açılışı olmuşdur. "Riqa Avropanın mədəniyyət paytaxtıdır" proqramı çərçivəsində təşkil olunan sərginin açılışında bu ölkədə akkreditə olunmuş diplomatik korpusun  nümayəndələri, Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, Riqa meriyasının  rəsmi şəxsləri, Latviyanın incəsənət xadimləri, Latviya rəssamları, jurnalistlər iştirak etmişlər.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov Azərbaycan və Latviya arasında mədəni əlaqələrin indiki inkişaf səviyyəsindən danışaraq demişdir: "Riqada Azərbaycan rəssamlarının "Şərq nağılı" sərgisi mədəni əlaqələrin genişlənməsinə xidmət edəcəkdir. Bu, Azərbaycan İncəsənəti Şurasının (Arts Council Azeribaijan) təşkil etdiyi ilk sərgidir". E.Zeynalov vurğulamışdır ki, bu gün sərgiyə gələn Latviya rəssamlarının çoxu Bakıda, habelə Qəbələdə mədəni tədbirlərin çoxunda iştirak etmişdir.

Latviyanın "Arts Council Latvıa" qeyri-hökumət təşkilatının nümayəndəsi Alla Jevaltovska məmnunluq hissi ilə bildirmişdir ki, "Riqa Avropanın mədəniyyət paytaxtıdır" rəngarəng mədəniyyət proqramının tədbirlərindən biri 20-dən çox Azərbaycan rəssamının əsərlərindən ibarət sərgi olmuşdur. Sərginin xüsusi əhəmiyyət daşıdığını vurğulayan A.Jevaltovska bildirmişdir ki, onun sayəsində  Azərbaycan və Latviya rəssamları mövcud əlaqələri təzələmək, yeni münasibətlər qurmaq və yaradıcılıq planlarını bölüşmək üçün  yenidən görüşmüşlər.

Azərbaycan İncəsənəti Şurasının başçısı, rəssam Dadaş Məmmədov Azərbaycan incəsənətinin təbliği ilə məşğul olan qurumun fəaliyyətindən söz açaraq demişdir ki, "Şərq nağılı" sərgisinin mövzusu Azərbaycanın mədəni və yaradıcılıq irsi elementlərinin müasir rəngkarlıqda əks olunmasıdır.

"Şərq nağılı" sərgisində rəssamlar Dadaş Məmmədov, Fəxri Abbasov, İrina Eldarova, Eldar Babazadə, Aydın Əsgərov və başqalarının əsərləri təqdim olunmuşdur.

Riqada sərgi iyulun 15-dək davam edəcəkdir.

 

Nigar CƏFƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 Riqa

Azərbaycan.-2014.- 12 iyul.- S.11.