Zəhmətin və istedadın ucalığında

 

Bu il görkəmli Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor Əli Novruzovun 80 yaşı tamam olur. O, keçmiş sovet dövründə formalaşan olduqca istedadlı və uğurlu bir alim idi. Azərbaycanda riyaziyyat sahəsində məktəblər yaradan Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov kimi görkəmli akademiklərdən sonra Əli Novruzov bu sahəyə tamamilə yeni bir istiqamət - xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsini gətirərək öz elmi məktəbini yaratdı.

Bu məktəbdə onun elmi rəhbərliyi ilə 25-dən artıq elmlər namizədi, o cümlədən 4 elmlər doktoru hazırlandı. Onlardan AMEA-nın müxbir üzvü, RiyaziyyatMexanika İnstitutunun keçmiş direktoru İlham Məmmədovu, indi ABŞ-da işləyən professor Akif İbrahimovu, Moskva Dövlət Universitetinin professoru Yuriy Alxutovu qeyd etmək olar.

Riyaziyyatçılar yaxşı bilirlər ki, sərhəd məsələləri nəzəriyyəsində onun həllinin öz sərhəd qiymətlərini necə və hansı mənada ala bilməsi sualı ən vacib, ən çətin cavab hesab edilir. Əli müəllimin tədqiqat obyektini də əsasən 2-ci tərtib elliptikparabolik ümumi tənliklər üçün sərhəd nöqtələrinin requlyarlığı problemi təşkil edirdi. 2-ci tərtib ümumi elliptik, parabolik, kvazixətti elliptik və kvazixətti parabolik tənliklər sinfi üçün sərhəd nöqtələrinin requlyarlığı şərtlərinin elə Laplas operatoru üçün Dirixle məsələsinə nəzərən məlum Viner şərtləri ilə üst-üstə düşməsi haqda Əli Novruzovun aldığı klassikfundamental elmi nəticələr diferensial tənliklərin müasir keyfiyyət nəzəriyyəsinə töhfə kimi qəbul olunur. Onun əldə etdiyi əsas nəticələrdən biri cırlaşan ikinci tərtib ümumi diferensial tənliklər üçün sərhəd nöqtəsinin requlyarlığı probleminin tədqiq edilməsi üçün təklif etdiyi yeni bir metoddur. Bu məsələ onun tədqiqatlarında geniş yer tutur.

Əli müəllimin uğurlarını bu sahədə çəkdiyi böyük zəhmətindən ayrı təsəvvür etmək mümkün deyil. Vaxtilə doğulduğu Zəhmət kəndində (Gədəbəy rayonu) atası Əziz müəllim bütün rayonda tanınan riyaziyyatçı idi. Elə bunlar Əli müəllimin gələcək taleyini və həyat yolunu müəyyən etdi.

O, 1951-ci ildə orta məktəbi bitirən kimi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olur. 1956-ci ildə universiteti bitirib təyinatla AMEA-nın RiyaziyyatMexanika İnstitutunda kiçik elmi işçi vəzifəsinə göndərilir. 1957-1960-cı illərdə Moskva Dövlət Universitetində (MDU) aspiranturada oxuyarkən görkəmli professor Y.M.Landisin elmi rəhbərliyi ilə diferensial tənliklər sahəsində sərhəd məsələlərində sərhəd nöqtələrinin requlyarlığı problemlərini dərindən öyrənir və beləliklə, elmin sirlərinə nüfuz etməyə başlayır. 1962-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib Bakıya qayıdan Əli müəllim daha böyük problemlərlə məşgul olur, tədqiqat işlərini çox fəal surətdə davam etdirir.

Nəhayət, 1972-ci ildə "Mənfi olmayan xarakteristik formaya malik 2-ci tərtib diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Dissertasiyanın opponentləri o zamankı görkəmli elmlər doktorları: MDU professoru A.A.Arsenyev, akademik Mirabbas Qasımov,  MDU professoru V.A.Kondratyev, aparıcı təşkilat - Moskva Dövlət Universiteti idi.

1965-ci ildə Azərbaycan Dövlət Neft- Kimya İnstitutunda dosent vəzifəsinə keçən Əli Novruzov 1973-cü ildən professor kimi həmin institutda "Tətbiqi riyaziyyat" kafedrasının müdiri vəzifəsində çalışır. 1977-ci ildən ömrünün sonuna qədər isə Azərbaycan Politexnik İnstitutunda "Ali riyaziyyat" kafedrasının müdiri vəzifəsini daşıyır.

Əli Novruzov keçmiş SSRİ-də çox yaxşı tanınan bir alim idi. Onun elmi əsərləri o zamankı sovetlər birliyinin və ABŞ-ın ən nüfuzlu dövri elmi jurnallarında çap olunub (Vestnik MQU, DAN SSSR, Matematiçeskiye zametki, Differensialnıye uravneniya  b.). O, həm də ABŞ-ın, Almaniyanın Riyaziyyat Cəmiyyətlərinin üzvü, Nyu-York Akademiyasının üzvü, Azərbaycan riyaziyyat cəmiyyətinin sədri idi. Bu gün də beynəlxalq dövri elmi jurnallarda, beynəlxalq elmi konfranslarda, AMEA-nın RiyaziyyatMexanika İnstitutunda dissertasiya müdafiələrində Əli Novruzovun elmi işlərinə, aldığı nəticələrə çox geniş istinadlar edilir, onun adı daim xatırlanır. Deməli, o, yenə ruhən bizimlə bərabər yaşamaqdadır.

Bu məqalənin müəlliflərindən birinin - professor Nadir Süleymanovun elm məbədi olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəşriyyatında 2012-ci ildə çapdan çıxan böyük həcmli monoqrafiyası da bu görkəmli alimin əziz xatirəsinə ithaf edilmişdir.

Əli Novruzov çox geniş və dərin elmi biliyə malik, fəal, zəhmətkeş alim, həm də nikbin insan idi. Tələbələrini çox sevən, onlara bütün vaxtını sərf edən alim idi. O, çox maraqlı, müasir, hazırcavab, müdrik, olduqca istedadlı, hərtərəfli savada malik bir ziyalı idi. Musiqini, ədəbiyyatı çox sevirdi və yaxşı bilirdi. Heç bir musiqi təhsili olmasa da, özünün musiqiçilərdə olduğu kimi, uzun barmaqları ilə sazda, mandolinada, pianoda milli klassik muğamlarımızdan nümunələri elə şövqlə, məharətlə, gözəl çalardı ki, hamını heyran qoyardı.

Azərbaycan riyazi elminin inkişafında olduqca böyük rolu olan, elmə layiqincə və ləyaqətlə xidmət göstərən bu nəhəng alim, heyf ki, həyatı vaxtsız tərk etdi. Görkəmli alimin 80 yaşını doğmaları, dostları, tələbələri onsuz qeyd edirlər.

 

Akif HACIYEV,

AMEA-nın vitse-prezidenti, akademik

 Nadir SÜLEYMANOV,

Professor

Azərbaycan.-2014.- 12 iyul.- S.11.