Davamlı inkişaf yolunun başlanğıcı

 

Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşdırılmış iqtisadi potensial Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında mühüm rol oynamışdır

 

Tarixi təkamül prosesinin müxtəlif mərhələlərində hər bir dövlətin sabit tərəqqi yoluna çıxmasında milli lider amilinin müstəsna rolu olmuşdur. Məhz lider fenomeninin müəyyən etdiyi mütərəqqi yol xalqlara mental ənənələri əsasında milli dövlətçilik ənənələri formalaşdırmağa və dünya xəritəsində layiqli yerini müəyyənləşdirməyə imkan yaratmışdır. İndinin özündə də hər bir dövlət belə şəxsiyyətləri ilə qürur duyur, onların xilaskarlıq və quruculuq missiyasını ehtiramla xatırlayır, zəngin siyasi irsini dövlətçiliyin təməl prinsiplərindən biri kimi qəbul edir.

Ruslar üçün bu şəxsiyyət Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini  təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, çinlilər üçün Mao Tszedun, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün Heydər Əliyevdir! Dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünüidarə bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.  

1969-cu il iyulun 14-də - keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Heydər Əliyev plenumda dərin məzmunlu çıxış edərək qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini demişdir. "Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza gözəl zəmin yaradacaqdır" deyən dahi öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Çağdaş tariximizin 34 ili ümummilli liderin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilmişdir. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və milləttək mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatələyir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol da, əslində, məhz dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır.

Ulu öndər Heydər Əliyevdən əvvəlki respublika rəhbərləri adi nomenklatur məmur kimi respublikada mərkəzin siyasətini həyata keçirmiş, bu siyasətin Azərbaycan xalqının mənafeyinə zidd olan məqamlarında lazımi cəsarət və qətiyyət nümunəsi göstərib sözlərini deməmişdilər. Azərbaycanın sosial-iqtisadi inkişafının geridə qalmasından narahat olub məsələ qaldırmamış, imperiyanın imkanlarını ölkə, xalq naminə səfərbər etməmişdilər. Bütün bunlar da respublikada sosial-iqtisadi tənəzzülün, durğunluğun, bürokratik amillərin, rüşvətxorluq və korrupsiyanın geniş vüsət almasına gətirib çıxarmışdı. İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafının təmin edilməsi üçün işlək proqramlar hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıqda, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev onu da yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir.  

Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli plenumunda çıxış edərkən respublika iqtisadiyyatının inkişafında müəyyən çətinliklərin, problemlərin olduğunu vurğulamış, xalq təsərrüfatının bir çox sahələrinin geri qaldığını qeyd etmişdir. Vurğulamışdır ki, yeni mərhələdə qarşıda dayanan başlıca vəzifə səhiyyədə, tikintidə və kənd təsərrüfatında yaranmış vəziyyətin müfəssəl təhlili əsasında bütün zəhmətkeşləri vəzifələrinin yerinə yetirilməsindən ötrü səfərbərliyə almaqdan ibarətdir. Heydər Əliyevin bu cəsarətli fikirləri, əslində, həmin plenuma qədər sovet dövlətində guya heç bir problemin olmaması, müttəfiq respublikaların "böyük addımlarla irəliləməsi" ilə bağlı qulaqları yağır etmiş gurultulu şüarların təkzibi idi. Ümummilli lider qətiyyətli mövqeyi ilə sovet cəmiyyətinin eyiblərini üzə çıxarmış, ictimailəşdirmişdi. Mərkəzin icazəsi olmadan hansısa sahədəki vəziyyətin təhlili, zəhmətkeşlərin hansısa vəzifələr ətrafında səfərbərliyə alınması kommunist mənafeyini xalqa, milli dövlətə bağlılıq hissindən daha yüksəkdə tutan insanlar üçün, sözün əsl mənasında, möcüzə kimi görünürdü. Belələri heç cür inana bilmirdilər ki, Azərbaycanın birinci şəxsi belə açıq tənqidi fikirlərdən çıxış edə bilər. Heydər Əliyevin çıxışında sovet təbliğat maşını tərəfindən formalaşdırılan yanlış təsəvvürün tamam əksi vurğulanırdı: "Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Lakin təhlil göstərir ki, bir çox sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyildir. Bu, hər şeydən əvvəl, etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, müəssisələrə rəhbərliyin səviyyəsi çox aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur".      

60-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı Azərbaycanda siyasi rəhbərliyə seçilən yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Ümummilli lider qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafına kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.

Ümummilli liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız ötən əsrin 70-ci illərində neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdı. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. 

Müdrik liderin təkidi qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi sürətlə inkişaf etmişdir. Həmin dövrdə sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutur, burada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Həmin illərdə istehsal olunan sənaye məhsullarının ümumi həcmi respublikanın əvvəlki 50 ildəki istehsal həcminə bərabər idi.

Həmin dövrün statistik məlumatlıarı da təsdiqləyir ki, Heydər Əliyev dühasının gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn, özünü iqtisadi cəhətdən təmin edən qabaqcıl respublikaya çevrilmişdir. 1969-1982-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdır. 15 il ərzində miqyasına görə respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı yaradılmışdır. Həmin dövrdə ittifaq miqyasında istehsal olunan neft-mədən avadanlığının 70, elektrik mühərriklərinin 12,2, elektrik qaynaq avadanlığının 10,5, məişət kondisionerlərinin 100, soyuducuların 5,7, pambıq ipliyinin 9,6, ipək xammalının 11,7 faizi məhz Azərbaycanın payına düşürdü.          

Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, əgər 70-ci illərdə Azərbaycanın təkmil neft sənayesi kompleksi formalaşmasaydı, müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də çətin olacaqdı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdı. Həmin illərdə ulu öndər milli kadr hazırlığına da xüsusi diqqətlə yanaşmış, dövlət idarəçiliyində azərbaycanlıların sayı artmış, onların xaricdə təhsil almasına yaxşı imkanlar yaranmışdır. Məhz o dövrdə xaricdə yüksək təhsil almış kadrlar bu gün də dövlət quruculuğu prosesinə öz töhfələrini verirlər. 

Həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 1990-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə xatırlanır. Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Böyük müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirilmiş bu  iqtisadi inkişaf konsepsiyasının özəyini üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə  iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Heydər Əliyev respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində  özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır.

Ulu öndər sahibkarların problemlərini öyrənmək və yerindəcə həll etmək üçün onlarla tez-tez görüşür, bunun nəticəsi kimi biznes mühitinin liberallaşdırılmasına, dövlət-sahibkar münasibətlərinin sivil məcrada qurulmasına xidmət edən tədbirlər həyata keçirirdi. 1997-ci ildə keçirilmiş belə bir görüşdə irəli sürdüyümüz təşəbbüsü yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev az sonra Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı sərəncam imzalamışdır. Şuranın yaradılması dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılmasına xidmət etmişdir.

1993-2003-cü illərdə investisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına təkan verən islahatlar 2003-cü ilin 15 oktyabrından ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı -  Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının böyük əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Prezident İlham Əliyevin 11 ilə yaxın fəaliyyətinin təhlili də göstərir ki, bu müddətdə konturları Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsi sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu da  təsadüfi olmayıb, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən cənab İlham Əliyev iqtisadi inkişaf prosesində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malikdir. Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerli və xarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət rəhbərimizin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycan bu gün daha çox qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda nüfuzlu dövlətlərdən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Bu da təsadüfi deyil ki, Cənubi Qafqaz geoiqtisadi məkanında cərəyan edən prosesləri diqqət mərkəzində saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri hesabatlarında Azərbaycanı regionda yüksək investisiya cəlbediciliyinə və makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər.

Əldə olunan uğurlar həm də regionların sosial-iqtisadi inkişafı tədbirləri ilə sıx şəkildə bağlıdır. Son 10 ildə regionların inkişafı ilə bağlı həyata keçirilən, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən dövlət proqramları bölgələrdə kütləvi işsizlik problemini aradan qaldırmışdır. Birinci proqram əsasında 700 min, ikinci proqram çərçivəsində 400 minə yaxın yeni iş yeri açılmışdır. Ümumilikdə ötən 10 ildə Azərbaycanda açılmış 1 milyon 100 mindən çox yeni iş yerinin təxminən 700 mindən çoxu bölgələrin payına düşür. 2003-cü ildə ölkədə işsizliyin səviyyəsi 9,7 faiz civarında idisə, hazırda bu rəqəm 4,96 faiz təşkil edir.

Həyata keçirilən regional inkişaf tədbirləri nəticəsində 10 il ərzində qeyri-neft sektoru 2,7 dəfə, ümumi daxili məhsul 3,4 dəfə, vergi daxilolmaları 8 dəfə artmışdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən respublikada büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil etmişdir və bu da regionda ən yüksək göstəricilərdən sayılır. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi təxminən 1,5 milyard dollar civarında olduğu halda, hazırda 25 milyard dollar təşkil edir. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 2003-cü illə müqayisədə 16 dəfəyədək artmışdır.

Respublikamız 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünya ölkələri sırasında 90-cı yerdə qərar tutmuşdu. Həmin vaxt Azərbaycanda istehsal olunan ÜDM-in adambaşına düşən həcmi nominal ifadədə cəmi 873 manat (təqribən 1100 ABŞ dolları) təşkil edirdisə, hazırda bu rəqəm 8000 dollara yaxınlaşır. 2003-2013-cü illəri əhatə edən dövr ərzində ölkədə ÜDM istehsalı ildə orta hesabla 13,6 faiz artıb və onun həcmi nominal ifadədə 57 milyard manata yüksəlib. Bu isə adambaşına düşən ÜDM-in həcminin nominal ifadədə 6200 manatı keçməsi deməkdir.

2003-cü ildə Azərbaycanda mühüm makroiqtisadi göstəricilərdən olan strateji valyuta ehtiyatlarının həcmi 1,6 milyard ABŞ dollarına yaxın idi. 2003-2013-cü illər ərzində ölkənin strateji valyuta ehtiyatları ildə orta hesabla 30 dəfə artmışdır. 2014-cü ilin birinci yarısının yekunlarına görə, ölkənin strateji valyuta ehtiyatları 54 milyard ABŞ dollarına (Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatlarının cəmi) çatmışdır. Hazırda strateji valyuta ehtiyatları 3 illik idxalın və xidmətlərin maliyyələşdirilməsinə kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır.

Azərbaycanın strateji valyuta ehtiyatları hazırda xarici dövlət borcunu 10 dəfə üstələyir. Təkcə Mərkəzi Bankın ehtiyatları 14 milyard ABŞ dollarını keçmişdir və bu, bir il ərzində mal və xidmətlərin idxalı üçün yetərlidir. Ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 70 faizə yaxındır və bu da inkişaf etmiş dövlətlər içərisində ən yaxşı göstəricilərdən biridir. Respublikamız strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə dünyada ilk 15 dövlət sırasındadır.

Digər mühüm göstərici isə Azərbaycanın strateji valyuta ehtiyatlarının formalaşmasında neft amilinin rolunun getdikcə azalmasıdır. Hökumətin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi tədbirlər praktik nəticələr verməkdədir. Məsələn, 2014-cü ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 51 milyon 396,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Bu ilin birinci yarısında qeyri-neft sektorunun 15 faizlik artımı da, şübhəsiz, iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin səmərəliliyindən  xəbər verir.

Son illər, həmçinin, ölkədə sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin -  xüsusi iqtisadi zonaların, aqrar-sənaye komplekslərinin, texnoparkların və biznes-inkubatorların tətbiqi sahəsində ardıcıl işlər aparılır. Bütün bunlar göstərir ki, dövlətin özəl bölmənin inkişafı və dəstəklənməsi ilə bağlı həyata keçirdiyi tədbirlər davamlıdır, məntiqi cəhətdən bir-birini tamamlayır. Ölkədəki münbit biznes mühiti sahibkarlıq subyektlərinin sayının artmasına da müsbət təsir göstərir. 2014-cü ilin birinci yarısında respublika üzrə 42 min 681 vergi ödəyicisi qeydiyyata alınmış, 1 iyul 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 min 935-ə çatmışdır.

Ölkə başçısının 2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı da sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına stimul verir. Fərman əsasında hazırlanacaq təkliflər tikintiyə icazələrin verilməsini, elektrik təchizatı şəbəkəsinə qoşulmanı, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şərtlərinin sadələşdirilməsini, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılmasını təmin edəcəkdir.

Azərbaycanda dinamik iqtisadi uğurların əldə olunmasında iqtisadiyyatın şaxələndirilməsi tədbirləri ilə yanaşı, korrupsiyaya qarşı mübarizə, şəffaflığın və hesabatlılığın təmini sahəsində gerçəkləşdirilən islahatların da əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Ölkə Prezidentinin siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Dünyada analoqu olmayan, vətəndaş məmnunluğuna xidmət edən "ASAN xidmət" layihəsi bunun əyani təzahürüdür. Dövlət qurumlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də biznes mühitinin yaxşılaşdırılmasına müsbət təsirini göstərir.

Son illər Azərbaycanda elektron xidmətlərin tətbiqi sürətləndirilmiş, fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimdə qeydiyyatına, vergi bəyannamələrinin elektron qəbuluna başlanmış, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Bununla yanaşı, icazələrə dair yaradılmış internet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaratmışdır. Ölkəmizdə elektron xidmətlərin tətbiqi ictimai həyatın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri də əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 420-dən çox xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır.

Prezident İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı ilə "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi isə ölkədə "Sənaye ili" çərçivəsində görüləcək işlərin əsas istiqamətlərini müəyyən etməklə sahibkarlığın inkişafına yeni təkan vermişdir.   Sənədə əsasən, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının, sənaye məhəllələlərinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Sənayeləşmə siyasətinə uyğun olaraq, 2014-cü ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi, Balaxanı Sənaye Parkında müvafiq infrastrukturun qurulması və xarici investorların cəlb olunması, Gəncədə və Mingəçevirdə sənaye parklarının yaradılması, alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi planlaşdırılır.  

Bu ildə texnopark və sənaye şəhərciklərinin yeni modellərinin tətbiqi də əsas prioritetlər sırasındadır. Mövcud modellər sırasında texnoparkların başqa bir forması olan Yüksək Texnologiyalar Parkının (YT Parkı) yaradılması daha məqsədəuyğun hesab edilir. Buna görə də Tədbirlər Planında İKT sənayesinin yeni modeli hesab edilən YT Parkının yaradılmasına mühüm yer verilmişdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında demişdir: "Bu il sənaye ilidir. Əlbəttə ki, sənayenin inkişafı diqqət mərkəzindədir. Həm xaricdən, həm daxildən investisiyaların cəlb edilməsi müsbət haldır. Biz investisiyaları xüsusilə sənaye istehsalının artırılmasına yönəldirik, yönəldəcəyik və bu məqsədlə yeni struktur islahatları göz qabağındadır. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq".

Ümidvarıq ki, "Sənaye ili" çərçivəsində Sumqayıt şəhərində tarixi ənənələri olan, lakin hazırda obyektiv səbəblərdən böhran keçirən digər sənaye sahələri, o cümlədən şüşə sənayesinin böhrandan çıxarılması tədbirləri də diqqət mərkəzində olacaqdır.

Sonda vurğulamaq istərdik ki, hazırda icra olunan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da cəmiyyətin bütün sahələri üzrə dinamik inkişafın strateji hədəflərini özündə ehtiva edir. İnanırıq ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində konsepsiya ilə qarşıya qoyulmuş məqsədlər reallığa çevriləcək, Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanmaq imkanı qazanacaqdır.

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2014.- 12 iyul.- S.7.