Azərbaycan-Türkiyə Hökumətlərarası
Müştərək İqtisadi
Komissiyanın 7-ci iclasının
protokolu imzalanmışdır
Xəbər
verdiyimiz kimi, Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası
Müştərək İqtisadi Komissiyanın 7-ci iclası
keçirilmişdir.
Rəsmi
açılışdan sonra ekspertlər tərəfindən
energetika, nəqliyyat, iqtisadi-ticarət,
qarşılıqlı sərmayə, elm və sənaye,
rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı,
mədəniyyət və turizm, əmək və sosial
müdafiə, ətraf mühit və şəhərsalma,
meşə təsərrüfatı, təhsil, səhiyyə,
gənclər və idman sahələrində
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin
daha da yüksəldilməsinə dair müzakirələr
aparılmış və protokol layihəsi
hazırlanmışdır.
İclasın
sonunda komissiyanın həmsədrləri - Azərbaycan
Respublikası Baş nazirinin müavini Abid Şərifov və
Türkiyə Baş nazirinin müavini Beşir Atalay
komissiyanın 7-ci iclasının nəticələri, Azərbaycan-Türkiyə
münasibətlərindəki nümunəvi qardaşlıq əlaqələrinin
qorunmasının və inkişafının əhəmiyyəti
barədə fikirlərini bölüşmüş,
xalqlarımız və dövlətlərimiz
üçün səmimi arzularını ifadə etmişlər.
İyunun
11-də komissiyanın həmsədrləri mətbuat nümayəndələrinin
iştirakı ilə iclasın protokolunu imzalamışlar.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2014.- 12 iyul.- S.5.