Prezident Abdullah Gül: Türkiyə-Azərbaycan qardaşlıq

 əlaqələrinin inkişafı xalqlarımız üçün qürur mənbəyidir

 

Ankara, 11 iyul (AzərTAc). Xəbər verdiyimiz kimi, Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclası keçirilmişdir.

İyulun 11-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın həmsədri Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Prezident Abdullah Gül Türkiyə-Azərbaycan münasibətlərindəki doğmalığı, qardaşlıq əlaqələrinin inkişafını xalqlarımız üçün qürur mənbəyi kimi səciyyələndirmişdir.

Səmimi qonaqpərvərliyə və qardaşlıq münasibətlərinə görə Türkiyə Prezidentinə təşəkkür edən Baş nazirin müavini Abid Şərifov dövlətimizin başçısı İlham Əliyevin salamlarını çatdırmışdır.

Prezident Abdullah Gül onun da salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etmiş, ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağlılığın sarsılmaz olduğunu söyləmişdir.

Türkiyə Prezidenti Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın 7-ci iclasının nəticələri ilə maraqlanmışdır.

Baş nazirin müavini Abid Şərifov iclasda müzakirə olunan məsələlər və imzalanmış protokol barədə məlumat vermişdir.

 

Azərbaycan.-2014.- 12 iyul.- S.5.