Gəncənin qadın rəssamlarının
əsərlərindən ibarət sərgi
açılmışdır
Gəncədəki
Məhsəti Gəncəvi Mərkəzində şəhərin
qadın rəssamlarının əsərlərindən ibarət
“Dünya Azərbaycan qadınlarının gözü ilə”
mövzusunda sərgi açılmışdır.
Şəhər ictimaiyyətinin nümayəndələri 23 qadın rəssamın 110-dan artıq qrafika, yağlı və sulu boya, tikmə, eləcə də vitraj üsulla yaratdıqları əsərlərə, həmçinin xalça üzərində maraqlı kompozisiyalarına maraqla baxmışlar.
Sərginin açılışı mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək belə bir tədbirin keçirilməsini şəhərin mədəni həyatında əlamətdar hadisə adlandırmış və sərgidə nümayiş olunan əsərlərin müəlliflərini təbrik edərək onlara bundan sonrakı yaradıcılıqlarında müvəffəqiyyətlər arzulamışdır.
Mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, gənc rəssam Şəhla Məmmədova, rəssam Məhbubə Həsənova və başqaları çıxış edərək Gəncənin mədəni həyatında baş verən yeniliklərə, xalqımızın mədəni irsinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda sərgidə
yaradıcılıq nümunələri nümayiş
olunan qadın rəssamlara fəxri fərmanlar
və qiymətli hədiyyələr təqdim edilmişdir.
Azərbaycan.-2014.- 13 iyul.- S.6.