Heydər Əliyevin həyatı vətənə xidmət nümunəsidir

 

Azərbaycanın qədim və mübariz bir tarixi var. Bu tarixdə fatehlər, şahlar, sərkərdə və döyüşçülər, müdrik dövlət adamları çox olmuşdur. Onların sırasında Heydər Əliyev ayrıca və misilsiz bir mövqe tutur. Həmin mövqe tarixin onun öhdəsinə qoyduğu missiyanın, nəhəng vəzifələrin qeyri-adi mürəkkəbliyi ilə bağlı idi. Böyük rəhbər sovetlər şəraitində Azərbaycan dövlətçiliyini faktiki olaraq təzədən yaratdı və bu, müstəqilliyə keçiddə və onun təminatında müstəsna rol oynadı.

Heydər Əliyev fenomeni hələ ötən əsrin 60-70-ci illərindən dünya ictimai-siyasi fikrinin diqqət mərkəzində idi. 14 iyul 1969-cu ildə Heydər Əliyevin respublikaya rəhbər seçilməsi xalqımızın yaddaşına haqqın, ədalətin, vətən, millət üçün yaşayıb-yanmağın xoş tarixi bir məqamı kimi həkk olundu. Ulu öndər bu illərdə Azərbaycan xalqını, sözün həqiqi mənasında, dünyaya tanıtdı. Xalqın rəhbəri onu ən uca kürsülərdə təmsil etdi, özü də böyük inam, cəsarət və vətənpərvərliklə! Tale ona Azərbaycanın müstəqilliyinin bərpasını, sonra isə onu dönməz etmək vəzifəsini də tapşırdı.

Bu, ağlagəlməz dərəcədə çətin missiya idi. Çünki XX əsrin sonlarında dünya böyük dövlətlər arasında bölünmüşdü. Müstəqil dövlətlərin yaranması şansı sıfıra bərabər sayılırdı. Dünyada baş verən dövlət çevrilişləri belə super dövlətlərin ssenariləri üzrə baş verirdi. Çevrilişlər müstəqillik deyil, xalqlara yad olan ideologiyalar aşılamaq üçün ixtira edilirdi.

Keçmiş ittifaqın tərkibində olan müttəfiq respublikalar isə xalqlar həbsxanası olan kommunist diktaturası şəraitində yaşayırdı. Bolşeviklər üçün insanın, xalqların azadlığı anlayışı yox idi. Əksinə, insanlar, xalqlar xəstə düşüncələrin məhsulu olan utopiyaların reallaşdırılması üçün vasitə sayılırdı. Kommunistlərin planlarında ayrıca insanın qiyməti yox idi. Bu rejim öz qəddarlığı ilə dəfələrlə bəşəriyyəti heyrətə salmışdı. Ona görə də sovetlər imperiyasının dağılacağı heç kəsin ağlına belə gəlmirdi.

Amma tarix insan ağlından qat-qat mürəkkəbdir. Tarix sovet dövlətini gözlənilmədən, heç kəsin ağlına sığmayan bir məntiqlə dağıtdı. Bu zaman Heydər Əliyev heç bir vəzifəsi olmayan və Moskvada yaşayan təqaüdçü idi. Bu da tarixin qisməti idi: müstəqil Azərbaycan dövlətinin qurucusu olmaq üçün onun keçmiş rejimlə heç bir bağlılığı qalmamalı idi. Xalqın müdrik oğlu sanki bunları bilirmiş kimi, ən yüksək partiya və dövlət postlarından istefa vermişdi. Ermənistanla sərhəd mübarizəsi aparan Naxçıvana qayıdanda Heydər Əliyev Qarabağ torpaqları və müstəqillik uğrunda xalq hərəkatının sıravi üzvü idi.

Lakin tarix öz hökmünü verirdi: Azərbaycanı çalxalayan siyasi təlatümlər və xalqın yekdil istəyi onu müstəqil respublikanın rəhbərliyinə gətirdi. Bu, taleyin Heydər Əliyevə verdiyi ən böyük, ən ağır, lakin ən şərəfli missiyasının gerçəkləşməsi və təntənəsi oldu.

Onun bütün ömrü bu missiyaya doğru yoxuş, yüksəliş idi. O bu yoxuşu nəfəsini dərmədən qalxmışdı. Həm özünü, həm də doğma xalqını, dövlətini bu missiya üçün hazırlamışdı...

Heydər Əliyevin yüksəlişi Naxçıvandan başlayıb. Onun uşaqlıq illərində bu qədim şəhər balaca və bağlı sərhəd ərazisi idi. O, böyük, çoxuşaqlı ailədə böyüyürdü. İntizam və zəhmətkeşlik ailənin əsas xüsusiyyətləri idi. Təhsilə başlayan balaca Heydərin uğurlarında bu xüsusiyyətlər aparıcı rol oynadı. Onun gözəl xətti, misilsiz yaddaşı vardı. Uşaqlıqda onu ən çox maraqlandıran ədəbiyyat və tarix idi. Hüseyn Cavidi, Səməd Vurğunu sevə-sevə oxuyur, hərdən gizlicə şeir yazırdı. Məktəbdə dram dərnəyində iştirak edir, sinifdən-sinfə keçdikcə tarix dərslərini daha səylə öyrənirdi: qədim dövlətlər, xalqlar, onların müharibələri, böyük imperiyaların yaranması və süqutu... Tarixdə hər şey vardır.

Amma yuxarı siniflərə çatanda bir sual onu düşündürməyə başladı: nə üçün bu tarix dərslərində və kitablarında Azərbaycan türkləri haqqında heç nə yoxdur? Bizim tariximiz yoxdur? Bu sual onun bütün taleyini dəyişdirdi. Bir dəfə ədəbiyyat müəlliminə bu barədə sual verdi. Müəllimin rəngi ağardı, sağa, sola baxdı. Söhbətlərini eşidən yox idi. O, əlini cəsarətli şagirdinin çiyninə qoyub dedi: Heydər, cavabı sən özün, özün təkcə tapıb öyrənməlisən...

İllər keçdikcə Heydər Əliyev bu cavabın mənasını da, müəlliminin qorxusunu da daha dərindən dərk edirdi. Gözlənilməz təsadüf onu dövlət təhlükəsizliyi orqanlarında işə gətirib çıxardı. Bu iş ülgüc tiyəsi üzərində gəzmək kimi idi. Həyatının çətin vaxtlarında bu sözlər onun qulağında səslənirdi, ona qüvvət verirdi: "özün təkcə tapıb öyrənməlisən..." Sovet quruluşu şəraitində o, təkliyin zəruriliyini anladı, amma buna həm də tale qisməti kimi baxmağa başladı. Beləcə, o, həyatın, xalqın ən çətin düyünlərini açmaq barədə qərarlar verməyə adət etdi.

Vəzifə pillələrində yüksəldikcə, xalqın tarixini daha yaxından öyrəndikcə o, doğma vətəninin varlığını daha yaxşı görür və dərk edirdi. Azərbaycan xalqı böyük və qüdrətli xalqdır. Amma ətrafdakı yoxsulluq, insanların millət və azadlıq sözlərini dillərinə gətirməkdən qorxmaları ona ağır təsir edirdi. Bakıda işləməyə başlayanda o, xalqımız qarşısında necə böyük və çətin vəzifələrin olduğunu anladı.

O dövrdə təhlükəsizlik orqanlarında bütün rəhbər vəzifələrdə işləyənlər qeyri-millətlərdən idi. Yerli kadrlara yuxarıdan aşağı baxırdılar. Torpağımızın üzərində ağa şəsti ilə yeriyirdilər. Xüsusilə ermənilər bu orqanda at oynadır, azərbaycanlıların yüksəlişinin qarşısını alır, irəliyə isə ən zəif, iradəsiz adamları çəkirdilər. Bütün dövlət orqanlarında, təsərrüfat sahələrində də vəziyyət təxminən eyni idi. Bakı partiya təşkilatının, prokurorluq və milis orqanlarının bütün aparıcı vəzifələrində ermənilər oturmuşdu. Hətta elm və tarix problemləri müzakirə olunanda da Moskva ancaq onların rəyi ilə hesablaşırdı. Bütün gəlirli sahələri, hətta ictimai iaşədə, xalqın sərvətlərinə nəzarət edilən nöqtələri ermənilər idarə edirdilər. Yerli kadrlara Moskvada inam yox idi. Bu vəziyyəti sındırmaq, dəyişmək üçün, ilk növbədə, siyasi hakimiyyət və nüfuz qazanmaq lazım idi.

1950-ci illərdə Heydər Əliyev öz siyasi yüksəliş planlarını ardıcıl surətdə həyata keçirməyə başladı. Onun məxsus olduğu ailə üçün bu, heç də qeyri-real bir şey deyildi. Hələ 1952-ci ildə böyük qardaşı Həsən Əliyev Azərbaycan KP MK-nın katibi seçilmişdi. Qayınatası Əziz Əliyev ən böyük dövlət vəzifələrində olmuşdu və onun partiya, dövlət işləri barədə məsləhətləşmələr aparmağa, lazımi informasiyalara malik olmağa hər cür imkanları var idi. Hələ bu illərdən o, ətrafa diqqətlə nəzər yetirir, xalqa bağlı, işbilən, etibarlı kadrları seçib ehtiyatda saxlamağa çalışırdı.

Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siyasətindən və professional işdən gözəl baş çıxarması nəticəsində Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi sistemində ən böyük avtoritetə çevrildi. Hətta Moskvada da onun rəyini diqqətlə dinləyir, peşəkar kimi onunla məsləhətləşirdilər. Lakin Heydər Əliyev öz nüfuzundan ilk növbədə bir məqsəd üçün - xalqa sədaqətli, yetkin azərbaycanlı kadrları irəli çəkmək üçün istifadə edirdi. Elə bir zaman gəlib çatdı ki, ermənilər onun nüfuzu qarşısında geri çəkildilər. Xalqın böyük oğlu əvvəlcə təhlükəsizlik orqanlarında ikinci, sonra isə birinci şəxs oldu.

Bununla da ulu öndərin siyasi yüksəliş dövrü Azərbaycana real rəhbərlik dövrü ilə əvəzləndi. Respublikada öz xalqı naminə hər hansı bir iş görmək üçün ilk növbədə dövlət təhlükəsizliyi orqanlarında lazımi adamları vəzifələrdə oturtmaq və bu orqanı neytrallaşdırmaq zəruri idi. O zamanlar bu orqanın nüfuzu yüksək idi, Moskvadakı partiya rəhbərliyi onun rəyinə böyük əhəmiyyət verirdi.

Siyasi yüksəliş illərində Heydər Əliyevin başlıca keyfiyyəti - onun parlaq dövlətçilik bacarığı özünü qabarıq göstərdi. Ulu öndər siyasi planlarını çılpaq, volyuntarist əmrlər şəklində yox, gündəlik və yorulmaz təşkilatçılıq yolu ilə həyata keçirirdi. Ətrafdakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdi. Əslində isə rəhbərin hər bir kadr dəyişikliyinin uzaqgörən məqsədləri var idi. Bu həm də milli dövlətçiliklə, onun qlobal planları ilə bağlı idi.

Ulu öndərin digər rəhbərlik xüsusiyyəti onun uzaqgörənliyində və siyasi iradə ardıcıllığında özünü göstərirdi. Uzaq və böyük planlar qurmaq ümummilli liderin siyasi rəhbərliyinin mühüm cizgisi idi. Amma kənardan onun bu xüsusiyyəti də, demək olar ki, sezilmirdi. Səbəb isə o idi ki, ulu öndərin siyasi qərarları və gedişləri üç-beş il sonraya yönəlirdi. Ona görə də Heydər Əliyevin qəbul etdiyi qərarların mənası ancaq bir neçə il keçdikdən sonra görünürdü. Həm də hamı tərəfindən yox, onun Azərbaycanda yeritdiyi milliləşdirmə siyasətini duyanlar tərəfindən.

Rəhbərin strateji ustalığını onun nitqləri və sözləri ilə real siyasi qərarları arasında əkslikdə görmək olardı. Çıxışlarında o, alovlu bir beynəlmiləlçi kimi danışır və düşmənlərinin, erməni daşnaklarının istifadə edəcəyi arqumentləri onların əlindən alırdı. Əməldə isə bütün qərarlar Azərbaycan Respublikasının hər bir sahəsinin addım-addım milliləşdirilməsinə yönəlmişdi. Bu xətt əvvəlcə milli ruhlu kadrların aparıcı postlarda yerləşdirilməsində, sonra isə erməni millətindən olan şəxslərin mühüm və çoxgəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.

1969-cu ildə Heydər Əliyev artıq dövlət təhlükəsizliyi orqanlarını milliləşdirmək vəzifəsini yerinə yetirmişdi. İndi partiya rəhbərliyi haqqında düşünmək olardı. Həmin ildə Azərbaycanın rəhbərliyini yeniləşdirmək ideyası ortaya çıxanda Heydər Əliyevin Moskvadakı tərəfdarları və dostları onun namizədliyini irəli sürdülər. 1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Beləliklə, xalqın müdrik oğlu müstəqil Azərbaycan Respublikasının yaradılması ideyasını həyata  keçirməyə başladı. O zamanlar ölkədəki inzibati, iqtisadi və siyasi hakimiyyətin hamısı birinci katibin nəzarətində idi.

Azərbaycanı müstəqillik və azadlıq idealına qovuşdurmaq üçün Heydər Əliyevin qarşısında iki əsas vəzifə dururdu: onlardan birincisi, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib müstəqil ölkə kimi yaşaya biləcək bir səviyyəyə qaldırmaq idi. Ona görə 1969-1982-ci illəri müstəqilliyin iqtisadi əsaslarının təməl mərhələsi adlandırmaq olar. İkinci vəzifə isə Azərbaycan Sovet Respublikasının bütün sahələrində yuva salmış erməni hökmranlığını hiss olunmadan dağıtmaq idi. Bu mürəkkəb vəzifələri Heydər Əliyev cəmi 13 il ərzində həyata keçirdi.

1969-1982-ci illərdəki sürətli iqtisadi quruculuq xalqımızın azadlığa və müstəqilliyə nail olması yolunda köklü əhəmiyyət daşıyırdı. Güclü iqtisadiyyatı olmayan xalq və onun dövləti xarici düşmənlərin müqavimətinə tab gətirə bilməzdi. Uzaqgörən bir siyasətçi kimi Heydər Əliyev Azərbaycanın müstəqilliyinə hansı beynəlxalq qüvvələrin və dairələrin müqavimət göstərəcəyini yaxşı bilirdi. Bu amillər  iyirmi ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin taleyi timsalında çox yaxşı məlum idi. 1918-1920-ci illərdə də ermənilər xarici qüvvələrin və dövlətlərin aləti kimi çıxış edərək gənc respublikada talanlar törətmiş, sərhəd müharibəsini alovlandırmağa nail olmuşdular.

1970-ci illərdə gedən iqtisadi tərəqqinin, onlarca yeni zavod və fabrikin tikintisinin bir əhəmiyyəti də Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azərbaycanlıların tam əksəriyyət təşkil edə bilməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta kənd rayonlarından gəlir və Bakının milli bir şəhərə çevrilməsi prosesini həll edirdi.

Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyi üçün müəyyən hərbi potensial zəruridir. Ona görə də Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinin əksinə olaraq xalqımızın müdrik rəhbəri azərbaycanlıların hərbi və zabit peşələrinə kütləvi şəkildə getməsi üçün müxtəlif tədbirlər görürdü. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması bunlardan biri idi. Həmin məktəbdə onuncu sinfi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəyyən sayda müsabiqədənkənar yerlər alırdı.

Eyni zamanda, qısa bir vaxtda SSRİ müdafiə sənayesinin Azərbaycanda 11 böyük zavodu tikildi. Bu zavodlar bir tərəfdən hərbi sənaye ocaqları kimi müstəqillik dövrü üçün hava və su kimi vacib idi. Digər tərəfdən isə, həmin zavodlarda keçmiş sovetlərin ən müasir və qabaqcıl texnologiyaları tətbiq olunurdu. Bu texnologiyalar Azərbaycan Respublikasının sənaye istehsalında elmtutumlu məhsulların həcmini qat-qat artırdı. İndi həmin zavodların hamısı yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir. Bu zavodlar Azərbaycanın hərbi kadr potensialının mənbələrindən biri idi.

Ulu öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi bir neçə dəfə artdı və vətənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, bu, daxili məhsulun yarısından da artıq məhsul verən bir sahəyə çevrildi. Kənd rayonlarında yüzlərlə zavod və fabrik tikildi. Kənddə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. Maddi yüksəliş vətənimizdə həm də mənəvi yüksəlişə, Azərbaycan milli şüurunun yeni səviyyəsinin gerçəkləşməsinə səbəb oldu. Məhz bu şüur səviyyəsi 1988-1992-ci illərdə Qarabağ torpaqları uğrunda xalq hərəkatının mənəvi əsasını təşkil edirdi.

Xalqın mənəvi tərəqqisinə, milli şüurun artmasına ulu öndər xüsusi əhəmiyyət verir və bu sahədə inqilabi yeniliklər həyata keçirirdi. Məhz onun zamanında böyük dövlət tədbirlərində Azərbaycan dili səslənməyə başladı. Ulu öndər 1978-ci ilin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsdiqinə nail oldu, şəxsi göstərişləri ilə nüfuzlu ziyalıların çıxışlarını məhz Azərbaycan dilində təşkil etdi. 1970-ci illərdə Nizami, Nəsimi, Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində həyata keçirilən yubileyləri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, onun azadlıq hərəkatı üçün hazırlanmasında misilsiz rol oynadı.

Heydər Əliyevin vətən qarşısında ən böyük xidmətləri həm də ədəbiyyat, mədəniyyət və təhsillə, bu sahələrin xalqın milli ideallarını daha tam ifadə edə bilməsi məqsədləri ilə bağlı idi. Məhz Heydər Əliyevin dövründə yaradıcılıq ittifaqlarında milli ruh hökmran oldu. Milli istedad sahiblərinə, yazıçı, şair, bəstəkar və rəssamlara ulu öndər özü şəxsən xüsusi qayğı göstərir, cəmiyyətdə onların nüfuzunun yüksəlməsinə çalışırdı. O hesab edirdi ki, yalnız yüksək mənəvi dəyərləri mənimsəmiş xalq öz azadlığını və müstəqilliyini qazana bilər.

Heydər Əliyevin dövründə Azərbaycan təhsilində inqilabi dəyişikliklər baş verdi. Məktəb tikintisi görünməmiş miqyas aldı. Yeni ali məktəblər təşkil olundu. Keçmiş SSRİ-nin müxtəlif universitetlərinə göndərilən minlərlə istedadlı gənc ölkəyə qayıdıb onun kadr və intellektual potensialını qat-qat artırdı. Təhsili idarə edən kadrlar arasında milli ruhlu insanlar üstün mövqelərə çatdılar.

Sadalanan uğurların hamısı Heydər Əliyevin yorulmaz təşkilatçılıq işinin nəticəsi idi. O, sənaye və tikinti sahəsində dəyişikliklər üçün ümumittifaq büdcəsindən vəsaitlər alır, bu iş üçün öz nüfuzundan istifadə edir və alınan vəsaitlərin tam şəkildə səmərəli xərclənməsi məqsədilə lazım gələn bütün tədbirləri görürdü.

Öz fiziki sağlamlığına ziyan olsa belə, Heydər Əliyev yorulmaq bilmədən vətənin gələcəyi naminə çalışırdı. Onun vaxtında dövlət idarələrində xüsusi iş rejimi yaranmışdı. Səkkiz saatlıq iş günü bitdikdən sonra bütün vəzifə sahibləri ulu öndərin qarşıya qoyduğu quruculuq planlarını yerinə yetirmək üçün gecə yarıya qədər işləyirdilər. Rəhbərin şəxsi zəhmətkeşliyi və yorulmazlığı bütün xalq üçün nümunə idi. O özü işləməklə yanaşı, xalqımıza da, dünyanın qabaqcıl xalqları kimi işləməyi öyrətdi. Azərbaycanın müstəqilliyi və azadlığı bu zəhmətlərin nəticəsi və yekunu idi.

Heydər Əliyev Naxçıvana qayıdanda heç bir vəzifəsi yox idi. Amma o, artıq xalqımızın ümummilli lideri, müdrik ağsaqqal idi. Ona görə də Naxçıvan əhalisi onu vilayətin Ali Sovetinə deputat, sonra isə sədr seçdi. Müdrik rəhbər bütün səylərini Naxçıvan torpaqlarını erməni aqressiyasından qorumağa yönəltdi. Ölkədəki hakimiyyətsizlik şəraitində hər şey baş verə bilərdi, buna isə yol vermək olmazdı. Sərhəd kəndlərini qorumaq üçün ulu öndər Naxçıvan Xalq Cəbhəsinin uzaqgörən üzvləri ilə normal münasibətlər yaratdı, onların qüvvələrini də torpaqların qorunmasına yönəltdi. Vaxtının böyük hissəsini özünümüdafiə dəstələrinin təşkilinə sərf edən böyük siyasətçi diplomatik vasitələrdən bacarıqla istifadə edir, siyasi nüfuzunu ana torpağın qorunmasına sərf edirdi. O, İranın, Türkiyənin siyasi liderləri ilə əlaqə qurur, Naxçıvanın ərazi bütövlüyünün toxunulmazlığı üçün siyasi dəstək yaradırdı.

Müdrik rəhbər İran və Türkiyə ilə sərhədlərin açılmasına və Azərbaycan Respublikasının nəzarətinə keçməsinə nail oldu. Türkiyə ilə torpaq sərhədinin açılması, orada körpünün tikilməsi erməni təcavüzünə qarşı mübarizədə xüsusi bir mərhələ idi. Açılan körpü həm də Naxçıvanın hərbi-siyasi blokadasını aradan qaldırdı və ərazilərin toxunulmazlığını təmin etdi.

Azərbaycanın müstəqilliyi ideyası bütün mərhələlərdə olduğu kimi, 1990-cı illərdə də böyük rəhbərin siyasi fəaliyyətinin əsas qayəsi idi. Məhz buna görə ümummilli lider səriştəsiz Xalq Cəbhəsi hökuməti ilə danışıqlar aparır, ölkədə siyasi böhranı dərinləşdirə bilən bütün meyillərin qarşısını almağa çalışırdı. Lakin 1993-cü ilin ilk günlərində müstəqil Azərbaycan Respublikasının mövcudluğu təhlükə qarşısında qaldı: sərhəddə müharibənin qızğın çağında cəbhəçilər ikiyə bölünüb bir-birlərinə silah qaldırdılar. Gəncədə qardaş qanı töküldü. Real vətəndaş müharibəsinin yayılması təhlükəsi yarandı.

Bakıya gəlmək fikri olmayan ulu öndər tərəfləri barışdırmağa və qardaş qırğınının qarşısını almağa çalışırdı. Mətbuatda Heydər Əliyevi rəhbərliyə çağırmaq təklifləri səsləndi və bu, bütün xalq tərəfindən dəstəkləndi. Xalqın sıravi nəfərləri vətəndaş müharibəsi halında torpaqlarımızın ermənilər tərəfindən geniş miqyasda işğal  olunacağını bir çox rəhbər cəbhəçilərdən yaxşı başa düşürdü. Xalqın nüfuzlu ziyalılarının bir qrupu Naxçıvana, böyük rəhbərin hüzuruna getdi.

Müstəqilliyi qorumaq üçün vətənə xalqın inandığı rəhbər lazımdır - Heydər Əliyevdən ümumxalq xahişinin məğzi bu idi. O zamankı prezident Əbülfəz Əliyev də fəlakətin yaxınlığını duyur və təkidlə Heydər Əliyevi Bakıya dəvət edirdi. Nəhayət, iyun ayının əvvəllərində Heydər Əliyev Bakıya gəldi və baş nazir postunu tutmaq təklifini rədd edib, geniş siyasi məsləhətləşmələrə başladı.

O, dahi bir siyasətçi kimi başa düşürdü ki, böhrandan çıxmaq üçün əvvəlcə qarşı duran qüvvələri ortaq məxrəcə gətirmək lazımdır. Böhrandan necə çıxmaq barədə ümumi bir fikir ortaya qoyulmalı idi. Ulu öndər şəxsi göstərişləri ilə öz həyatını riskə qoyaraq Gəncəyə getdi, Surət Hüseynov və onun tərəfdarları ilə ağır danışıqlara başladı. O izah edirdi ki, əsas məsələ kimin haqlı olması deyil, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bilmək üçün pozitiv bir mövqeyə nail olmaqdır. Bu mövqe tezliklə tapıldı: böhrandan çıxmaq üçün Heydər Əliyevə real siyasi səlahiyyətlər vermək və onun rəhbərliyini bütün tərəflərin qəbul etməsinə nail olmaq.

Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi vətəndaş müharibəsindən çıxmağın əsas formulu kimi qəbul edildi. 1993-cü ilin iyun ayının 15-də bir ovuc səviyyəsiz cəbhəçinin müqaviməti qırıldı və ulu öndər səs çoxluğu ilə Ali Sovetin Sədri seçildi. Xalq rahat nəfəs aldı. Çünki insanlar xalqın sınaqlardan çıxmış vətənpərvər oğluna, müstəqillik ideyalarının əsas memarına inanırdılar.

Erməni təcavüzü şəraitində xalqın birliyini qorumaq üçün müdrik siyasətçi cəbhəçiləri də vəzifələrə təyin edirdi. Elçibəy postunu qoyub Kələki kəndinə qaçdıqdan sonra ölkənin bütün ağır taleyi ulu öndərin çiyinlərində qaldı. AXC-dən olanlar  böyük vəzifələrdə də özlərini ləyaqətsiz aparır, xırda hisslərlə yaşayırdılar.

Ulu öndər ən ağır vəziyyətdə Ermənistanla hərbi əməliyyatlara rəhbərlik etdi. 1993-cü ilin payızında başlanan hücum əməliyyatlarının uğurları erməni ordusunun iradəsini qırdı: 1994-cü ilin mayında atəşkəs əldə edildi. Bu atəşkəs müstəqil Azərbaycan Respublikasının yaşaması demək idi. Böyük rəhbər faktiki dağılmış dövləti yenidən yaratmağa başladı. Heydər Əliyev bu müqəddəs işin yolunu və istiqamətini bilirdi. Onun bu işdə çoxlu səriştəli yetirməsi və saysız tərəfdarı vardı.

Bu dövləti qurmaq onun həyat idealı idi. 1993-cü ilin sonlarında Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra bu, gerçəkləşdi. Ulu öndər yarım əsr ərzində bu ideala doğru addımlamışdı. Böyük mübarizələr və çətinliklər yolu keçmişdi. Azərbaycan xalqının qədim tarixi də mübarizələrlə dolu idi. Lakin bunları tam gerçəkləşdirmək ulu öndər Heydər Əliyevə nəsib oldu.

Ulu öndər həm də yeni müstəqil Azərbaycan Respublikasının ilk və əsas diplomatı idi. Onun dünya siyasətçiləri sırasındakı misilsiz nüfuzu milli dövlətimizin etiraf edilməsinə xidmət göstərirdi. Dünyanın ən böyük dövlətlərinin başçıları ulu öndərlə, nisbətən balaca bir dövlətin başçısı ilə tam bərabərlik şəraitində danışıqlar aparırdılar. Bu, nüfuzun siyasi qüvvəyə çevrilməsi idi, Azərbaycan Respublikasının beynəlxalq aləm tərəfindən əsl etirafı idi.

Dünya siyasətində ikili standartların çoxdan hökm sürdüyünü bilən böyük rəhbər ana vətənin mövqeyini sona qədər müdafiə edir, işğal olunmuş torpaqlarımızın taleyinin ikili standartlardan asılı olmamasını təmin etməyə çalışırdı. Böyük rəhbər gileydənsə real işlərə, ölkənin müstəqilliyini gündən-günə möhkəmlətməyə səy edirdi.

Azərbaycanın müstəqilliyinin dönməzliyi dahi rəhbərin uzaqgörən siyasətinin əsas hədəfi idi. Ona görə də qısa bir vaxtda müstəqil Azərbaycanın yeni Konstitusiyası hazırlandı və referendum yolu ilə 1995-ci ilin dekabrında qəbul olundu. Bununla Azərbaycanın müstəqilliyi prosesi formal qanun baxımından da bitmiş oldu. Heydər Əliyev Konstitusiyası Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini birmənalı şəkildə təsbit etdi. Azərbaycanın ərazi quruluşu dəyişilməz olan unitar bir dövlət kimi təsdiqini tapdı.

Azərbaycanın ərazi bütövlüyü heç bir danışığın və müqavilənin predmeti ola bilməz - bu, rəhbərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizə qoyub getdiyi siyasi vəsiyyətidir. Ulu öndər münaqişənin sülh yolu ilə həllinə üstünlük verdi və o, bununla iki mühüm amili nəzərdə  tuturdu. Bunlardan birincisi diplomatik və təbliğat müharibəsini udmaq zərurəti ilə bağlı idi. Dünyada Azərbaycanın ərazi bütövlüyü diplomatik baxımdan himayə olunmayınca, hərbi əməliyyatların səmərəsi olmaya da bilər. İkinci amil isə ikili standartlar siyasətindən asılı olmamaq üçün əlverişli siyasi vəziyyətin yetişməsini gözləmək zərurətidir. Bu gözləmə həm də qüdrətli bir ordunun yaranması üçün vacibdir.

Heydər Əliyevin siyasi dühası və müstəqil dövlətimizin tarixindəki mühüm xidməti onun ardıcıl olaraq diplomatik qələbələr qazanmaq, ikili standartlar siyasətini neytrallaşdırmaq üçün lazımi yollar tapması idi. O, beynəlxalq təpkiləri də, daxildə siyasi çevriliş cəhdlərini də səbirlə aradan qaldırırdı. İstər yeni neft strategiyasında, istər müstəqil xarici və daxili siyasətin yeridilməsində ona kifayət qədər müqavimət göstərən qüvvələr ortaya çıxırdı. Amma xalqın müdrik oğlu bunların heç birinə güzəşt etmir, seçdiyi müstəqillik kursu ilə irəliləyir və uğur qazanırdı. O, xarici siyasətdə hər hansı ifratı, tendensiyanı yolverilməz sayırdı. Bu, rəhbərin müstəqilliyi göz bəbəyi kimi qorumaq üçün qarşımıza qoyduğu əsas vəzifədir.

Bu gün müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır. Bayrağımız bayraqlar sırasında, millətlər evinin üzərində dalğalanır. Bu, Heydər Əliyevin, müdrik rəhbərin doğma xalqına yarım əsrlik xidmətinin ən yüksək nümunəsi, xalqımızın ən böyük qoruyucusu və irəliaparıcı dəyəridir. Ümummilli lider Heydər Əliyev, ilk növbədə, yaratdığı müasir müstəqil dövlətimizin timsalında yaşayır və yaşayacaqdır!

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor

Azərbaycan.-2014.- 15 iyul.- S.6.