Heydər Əliyev ideyaları
abşeronluların siyasi-mənəvi istinadgahıdır
Hər bir xalqın yüksəlişinin, müstəqilliyə qovuşmasının, dövlətçiliyini yaşatmasının çox aydın və danılmaz, eləcə də bəşər tarixinin daim təsdiq etdiyi şərtləri var. Bu şərtlərin doğurduğu həqiqət ondan ibarətdir ki, xalqın müstəqilliyi, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi, dövlət qurması, imzasını imzalar içinə atması dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə həyata keçirən fenomen şəxsiyyətlərdən çox asılıdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi ən böyük düha ümummilli lider Heydər Əliyev məhz belə şəxsiyyətlərdən olub. Respubikamızın 1969-cu ildən başlanan və XXI əsrə adlayan tarixinin otuz dörd illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Azərbaycanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda - 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ölkəmizi işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. İyulun 14-də keçirilən plenumda geniş nitq söyləyən ulu öndər ilk gündən köhnə stereotipləri dağıdaraq milli ideallara bağlı lider olduğunu nümayiş etdirdi. Beləliklə, 1969-cu il iyulun 14-dən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, yeni inkişaf parametrləri kəsb edərək əslində özünün yeni mərhələsinə qədəm qoydu. O zamandan başlayaraq böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ilə respublikanın dinamik inkişafına dair kompleks proqramlar işlənib hazırlandı. Ulu öndərin təşəbbüsü ilə sovet hökuməti Azərbaycan iqtisadiyyatının hərtərəfli və intensiv inkişafına yönəldilmiş beş xüsusi qərar qəbul etdi ki, bu da ittifaq tarixində görünməmiş bir iş idi və respublikanın, xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı. Məhz Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın həyatının bütün sahələrində vüsətli dəyişikliklər baş verdi və ölkəmiz ittifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan birinə çevrildi.
Heydər ƏLİYEV: "Abşeron müstəqil yaşamağa qadirdir"
Heydər Əliyevin başladığı islahatlar Azərbaycanın bütün bölgələrini inkişaf yoluna çıxardı. Hər bir rayon və şəhərimiz kimi Abşeron rayonu da ötən əsrin 60-cı illərinin sonundan Heydər Əliyevin diqqətini və qayğısını yaxından hiss edərək həm aqrar sahədə, həm də sənayedə mühüm uğurlar əldə etmiş və Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr verməyə başlamışdır. Yeni müəssisələrin fəaliyyətə başlaması və istehsalatın genişləndirilməsi ilə rayon üzrə məhsul istehsalı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmış və beləliklə, Abşeron ölkə üzrə qabaqcıl rayonlardan birinə çevrilmişdi.
Qeyd edək ki, Abşeron rayonu 1963-cü ilin yanvarında Bakı şəhərinin Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonları ərazisindəki kolxoz və sovxozların, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid dörd elmi-tədqiqat institutunun, texniki təchizat bazalarının, Sumqayıt şəhərinin Saray, Ceyranbatan, Aşağı Güzdək, Sitalçay, Şurabad, Giləzi, Xızı, Tıxlı, Xələnc, Fındığan, Baxışlı, Altıağac yaşayış məntəqələri və həmin ərazidəki sovxozların, Dəvəçi (indiki Şabran) və Siyəzən şəhərləri istisna olmaqla həmin rayonların bütün yaşayış məntəqələri təsərrüfat, idarə, müəssisə və təşkilatlarının bazasında təşkil olunmuşdur. Rayonun inzibati ərazisinə Bakı şəhərinin Binəqədi, Sabunçu və Qaradağ rayonlarının Xırdalan, Hökməli, Masazır, Novxanı, Digah, Məmmədli, Fatmayı, Görədil, Qobu, Güzdək yaşayış məntəqələri daxil edilməklə Xırdalan qəsəbəsinə rayon mərkəzi statusu verilmişdir. Lakin o zaman respublikada ən geniş, həm də əlahiddə əraziyə malik olan yeni rayonun kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iri sovxozlarının və kənd təsərrüfatına xidmət edən müəssisələrinin əksəriyyəti inzibati ərazisindən kənarda, Bakı şəhəri rayonlarının tabeçiliyində saxlanılmışdı. Təbii ki, belə bir şəraitdə yeni rayon təşkil olunarkən qarşısına qoyulan əsas məqsədin - respublikanın iri sənaye mərkəzləri olan Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı məhsullarına ehtiyacın daha dolğun ödənilməsi vəzifəsinin öhdəsindən bütünlüklə gələ bilməzdi. Ərazi pərakəndəliyi yerlərdə icra strukturlarının fəaliyyətini istiqamətləndirməkdə, ehtiyat mənbələrini üzə çıxarıb imkanlardan səmərəli istifadə olunmasını təmin etməkdə çətinliklər yaradırdı. Digər tərəfdən Abşeron yarımadasında, Bakı şəhərinin inzibati ərazisində respublika tabelikli kənd təsərrüfatı rayonunun mövcudluğu ilə barışmayan yüksək vəzifə sahibləri Abşeronun yarandığı ilk illərdə istehsalat göstəricilərində nəzərəçarpan irəliləyişin olmadığını əsas gətirərək bu rayonun ləğv edilməsinin zəruriliyini daim gündəmdə saxlayırdılar. Onlar bununla bağlı respublikanın əvvəlki rəhbərliyinin vaxtında hazırladıqları layihəni hansı vasitə iləsə imzalatdırıb Abşeron rayonunun Bakı şəhərinin tabeliyinə verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 21 yanvar tarixli 20 saylı birgə qərarının qəbul edilməsinə nail olmuşdular. Rayonun mərkəzi həmin qərara əsasən Maştağa qəsəbəsinə köçürülməli idi.
Lakin ulu öndər Heydər Əliyevin idarəçilikdəki müdrikliyi və uzaqgörənliyi bu planın həyata keçməsinin qarşısını aldı. Belə ki, qərarın icrasına rəvac verməzdən öncə ulu öndər Heydər Əliyev Abşeronda kənd təsərrüfatının sürətli inkişafı üçün şəraitin bir daha dərindən araşdırılması barədəki göstərişinin nəticələrindən razı qalaraq rayonda suvarılan sahələrin daha da genişləndirilməsi, bağçılığın, xüsusilə zeytunçuluğun, sənaye əsasında maldarlığın və quşçuluğun sürətli inkişafının hərtərəfli dəstəklənməsini müvafiq nazirliklərin, baş idarələrin qarşısında təxirəsalınmaz vəzifə kimi qoydu.
O dövrdə Heydər Əliyevin müdrik rəhbərliyi ilə respublikanın hər bir bölgəsi sürətli sosial-iqtisadi inkişaf və yüksəliş dövrünə qədəm qoymuşdu. Ulu öndərin diqqəti və qayğısı nəticəsində Abşeronda müasir üsullarla - süni yağış aqreqatları ilə suvarılan sahələrin genişləndirilməsi, istehsalatın bütün sahələrində ən yeni texnikanın geniş tətbiqi, maldarlığın, quşçuluğun, donuzçuluğun bütünlüklə sənaye əsasına keçirilməsi rayonun SSRİ məkanında ən yüksək istehsalat göstəriciləri ilə şöhrətin zirvəsinə yüksəlməsinə şərait yaratdı. Beləliklə, Heydər Əliyevin rəhbərliyə başlamasından sonra ölkədə həyata keçirilən mütərəqqi iqtisadi islahatlar nəticəsində Abşeron rayonu təşkil olunarkən qarşısında qoyulan başlıca vəzifənin - Bakı və Sumqayıt şəhərlərinin təzətər kənd təsərrüfatı məhsulları ilə daha dolğun ödənilməsinin öhdəsindən layiqincə gəldiyini sübut etdi.
Bakının tərkibinə qatılması barədə imzalanmış qərarın icrasına veto qoyaraq Abşeronun iqtisadi yüksəlişinə böyük qayğı göstərmiş ulu öndər Heydər Əliyevin əldə edilmiş nailiyyətləri yerində görmək üçün 1981-ci il aprel ayının 2-3-də rayona unudulmaz səfəri abşeronluların taleyində tarixi rol oynamışdır. Ulu öndər rayonla iki günlük tanışlıqdan sonra Bakı şəhərinin və onun rayonlarının, bütün əlaqədar nazirlik və baş idarələrin rəhbərlərinin də iştirak etdikləri müşavirədəki geniş nitqində Abşeron rayonunun nailiyyətlərini yüksək qiymətləndirmiş və nitqinin sonunda dediyi "Abşeronlular öz əməkləri ilə, əzmkarlıqları ilə sübut etmişlər ki, əlahiddə ərazidə yerləşən bu rayon müstəqil yaşamağa qadirdir" cümləsi "bəlkə də qaytardılar" arzusunda olan hər kəsə qəti xəbərdarlıq olmuşdur. Aradan illər ötsə də, abşeronlular rayonun inzibati ərazi vahidi kimi təşkil olunmasını qeyd etdikləri zaman doğma Abşeronun mövcudluğu üçün məhz Heydər Əliyevə minnətdar olduqlarını unutmurlar!
Bütövlükdə ulu öndərin diqqəti sayəsində Abşeronda ötən əsrin 70-80-ci illərində genişmiqyaslı tikinti-quraşdırma işləri aparılmışdı. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalı sahəsində yüksək nailiyyətlər əldə edilmişdi. O zaman rayonda sənayenin inkişafı ilə bağlı planlı işlər görülmüş, iri sənaye müəssisələri yaradılmışdı, məhsul istehsalı artmışdı. Nəticədə iqtisadi artım çoxalmış, insanların yaşayış səviyyəsi xeyli yüksəlmişdi.
Abşeronun bugünkü inkişafı Heydər Əliyev siyasi kursunun təntənəsidir
Ötən əsrin 80-ci illərinin sonu 1990-cı illərinin əvvəllərində Azərbaycanda siyasi sabitliyin pozulması iqtisadiyyatın bütün sahələrində geriliyin dərinləşməsi ilə nəticələndi. Uzun illər, hətta ölkənin hər yerində genişmiqyaslı quruculuq və abadlaşdırmanın vüsətləndiyi dövrdə belə, Abşeron rayonunun bütün yaşayış məntəqələri, məktəblər, uşaq bağçaları, həkim məntəqələri və digər sosial obyektlər ciddi aşınmaya məruz qalmış, miskin görkəmləri ilə cansıxıcı mənzərə yaratmışdı. Əhalinin adi içməli suya, elektrik enerjisinə, yanacaq qazına ehtiyacını minimum ödəmək üçün şəbəkələrin korroziyaya uğramış xətlərini bərpa etmək lazım gəlirdi.
Yalnız 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün regionları, o cümlədən ölkə iqtisadiyyatına həmişə öz xüsusi çəkisi ilə seçilən Abşeron rayonunda da tənəzzülün qarşısı alındı. Abşeron ulu öndərin xüsusi diqqət və qayğısı nəticəsində dinamik tərəqqi dövrünə qədəm qoydu. Rayonda məcmu istehsalın həcmi artmağa, rəqabətədavamlı yeni və yüksək keyfiyyətli məhsullar buraxılmağa başlandı. Bu da öz növbəsində rayonda iqtisadi fəallıq dərəcəsinin artmasına, əhalinin sosial rifah halının yüksəlməsinə ciddi təsir göstərdi.
Ötən 10 ildən artıq müddətdə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin, bu siyasətin müasir dövrün çağırışlarına cavab olaraq Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılmasının nəticəsidir ki, Azərbaycan regionun əsas söz sahibi olan, dinamik inkişaf edən ölkəsidir. Ən əsası Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünya birliyinin bu regionda hesablaşdığı və önəm verdiyi bir ölkəyə çevrilib.
Hazırda iqtisadi sahədə dinamik inkişafını davam etdirən Azərbaycan üçün ən önəmli cəhətlərdən biri yaşanan tərəqqinin paytaxt və regionlar arasında bərabər qaydada paylanmasıdır. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatının inkişaf tempinin daha sürətli hala gəlməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı tərəqqisini, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin edib. Azad bazar münasibətləri şəraitində sabit, sürətli inkişaf məntiqinə əsaslanan bu siyasət əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində də mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir.
Yaşanan inkişaf ölkə iqtisadiyyatında özünəməxsus çəkiyə malik olan Abşeron rayonunun simasında da aydın müşahidə edilir. Müasir, yaraşıqlı bir görkəmə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş dövlət proqramları, həmçinin Bakı və onun ətraf qəsəbələrinin inkişafı ilə bağlı dövlət başçısının təsdiqlədiyi proqramlar ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərinin simasının tanınmaz dərəcədə dəyişməsinə, mərkəzdə və regionlarda nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə, dünya standartlarına uyğun magistral yollar çəkilməsinə, yol ötürücüləri və körpülər salınmasına, ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə gətirib çıxarmışdır.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, onun fəaliyyətinin başlıca məqsədi doğma xalqının müstəqil, azad və firavan yaşamasını təmin etməkdir. Bunu cənab Prezidentin Abşeron rayonuna göstərdiyi daimi diqqət və böyük qayğısında da aydın görmək mümkündür. 2003-cü ildən ötən dövrdə dövlət başçısı Abşeron rayonuna 10 dəfədən çox səfər etmişdir. Bu səfərlər zamanı Azərbaycan Prezidentinin verdiyi müvafiq göstəriş və tövsiyələr, tikintisi başa çatdırılmış nəhəng müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak etməsi, regionumuzun sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malik infrastruktur layihələrinin reallaşmasına göstərdiyi qayğı nəticəsində qısa müddətdə Abşeronun yaşayış məntəqələrinin siması tanınmaz dərəcədə dəyişmişdir. Bu inkişafın və yüksəlişin nəticəsidir ki, Abşeron hazırda dövlət büdcəsindən maliyyələşməyən iki rayondan biridir.
Abşeron sakinləri rayonda bərqərar olmuş geniş quruculuq tendensiyasını, sürətli sosial-iqtisadi inkişafı məhz Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə birmənalı əlaqələndirir və dövlət başçısının qərarı ilə Xırdalan qəsəbəsinə şəhər statusu verməklə şəhərin vaxtilə rayondan təcrid olunmuş 416 hektar ərazisinin qaytarılmasını böyük məmnunluq hissi ilə qarşılayırlar.
Ulu öndərin adı abşeronlular tərəfindən layiqincə əbədiləşdirilir
Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi də məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir. Hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini dərk edir. Çünki Heydər Əliyev irsinin öyrənilməsi ümummilli liderin mahiyyətində xəlqilik və bəşərilik dayanan ideyalarının yaşaması, davam etdirilməsi və bütövlükdə Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin, ictimai-siyasi və mədəni həyatımızın inkişafı deməkdir.
Abşeron rayonunda Heydər Əliyevin irsi layiqincə öyrənilir və təbliğ edilir. Hazırda Xırdalan şəhərində inşası tamamlanmaq üzrə olan Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlaması bu işdə abşeronluların əsas istinadgahları olacaq. Bu mərkəz həm özünün unikallığı, həm də böyüklüyü ilə seçiləcək, Xırdalan şəhərinə xüsusi yaraşıq verəcək. Bu günlərdə Xırdalan şəhərində olarkən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Heydər Əliyev Mərkəzində görülən işlərə baş çəkdiyinin şahidi olduq. Mərkəz barədə fikirlərini bölüşən Zakir Fərəcov dedi: "Yüksək milli-əxlaq nümunəsi olan ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli və mənalı ömür yolunun gənc nəsil, yeniyetmələr, məktəblilər arasında təbliğ edilməsi, öyrənilməsi böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənc nəsli, uşaq və yeniyetmələri mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə daha çox müraciət etməli və bu dahi insanın həyat yolunun milli örnək kimi geniş təbliğ olunmasına çalışmalıyıq. Eyni zamanda, Heydər Əliyev ideya irsinin gənc nəslə təbliğatının metodları hamımızı düşündürməli, yeni təşəbbüslər irəli sürülməlidir. Heydər Əliyev irsinin öyrənilməsi özlüyündə yaradıcı bir proses olmalıdır. Bu gün ölkəmizin hər yerində olduğu kimi, abşeronlular da, o cümlədən gənc nəsil Heydər Əliyev şəxsiyyətini özlərinin gələcək karyeralarında, ömür yolunda bir mayak olaraq qəbul edirlər. Heydər Əliyev irsi onlar üçün milli örnək simvoludur. Yaxın vaxtlarda bu mərkəzin fəaliyyətə başlaması Heydər Əliyev irsinin təbliği istiqamətində rayonumuzda görülən işləri yeni mərhələyə qaldıracaq".
Abşeronda həmçinin Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Xırdalan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkı abşeronluların ən sevimli mədəniyyət və istirahət mərkəzlərindən biridir. Hazırda bu parkda geniş yenidənqurma işləri aparılır. Heydər Əliyev Mərkəzi də bu parkın ərazisində yerləşir. Bundan başqa, parka yaxın ərazidə musiqi və şahmat məktəblərinin, bayraq meydanının tikintisi davam edir. Yaxın aylarda bu işlərin başa çatdırılması Xırdalan şəhərinin simasını tamamilə dəyişəcək, gözəlləşdirəcək.
Xırdalanda ən böyük prospektlərdən biri Heydər Əliyevin adını daşıyır. Son illərdə prospekt əsaslı qaydada yenidən qurulub genişləndirilmiş, yaşıllaşdırılmışdır. Prospekt boyu göz oxşayan dayaqlar üzərində quraşdırılmış yaraşıqlı gecə işıqları, hər iki tərəfdən ictimai binaların, fərdi evlərin, xidmət obyektlərinin, həyət divarlarının fasadlarının milli ornamentlər və müasir üzlük materialları ilə işlənməsi Xırdalan şəhərinin ümumi mənzərəsinə xüsusi gözəllik verir. Burada inşa olunmuş yüksək mərtəbəli yaşayış evləri, inzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.
2007-ci ildə Abşeron rayonu ilə Misirin Qalubiyyə vilayətinin qardaşlaşması barədə protokol imzalanıb. Bu qardaşlaşmanın nəticəsi olaraq Abşeron rayon rəhbərliyi ulu öndərin irsinin Misirdə təbliği və adının əbədiləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirib. Qalubiyyənin ən gözəl yerlərindən birində Heydər Əliyevin heykəli qoyulub, ulu öndərin adını daşıyan park salınıb. Qalubiyyədə həmçinin Azərbaycan küçəsi və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəb var.
İndi Abşeronun sosial-iqtisadi nəticələrinə nəzər saldıqca əminliklə söyləmək olar ki, bu rayon ötən əsrin 70-80-ci illərindəki şöhrətini nəinki bərpa edib, hətta daha böyük uğurlara imza atıb. Bunun əsas səbəbi isə abşeronluların ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyi və Prezident İlham Əliyevin ətrafında sıx birləşmələridir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 15 iyul.- S.7.