Gerçəkləşən arzular

 

Bərdəliləri xalqımızın ümummilli lideri Heydər Əliyevlə qırılmaz tellər bağlayır. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Heydər Əliyev Bərdəyə də həmişə böyük qayğı göstərmişdir. Onun Bərdəyə 14 dəfə səfər etməsi bu məkana verdiyi böyük önəmin məntiqi nəticəsidir.

Bərdə indi sözün həqiqi mənasında intibah dövrünü yaşayır. Xüsusilə son illər rayon mərkəzinin, yaxın-uzaq kəndlərin siması tanınmaz dərəcədə dəyişmiş,  abadlaşdırılmış, göz oxşayan, könül açan gözəlliklər diyarına çevrilmişdir. Bölgəyə səfərlərinin birində - "Mən istəyirəm ki, Bərdə respublikanın ən gözəl şəhərlərindən biri olsun" arzusunu dilə gətirən ulu öndər Heydər Əliyevin Bərdə ilə bağlı arzularının bu gün gerçəkləşdiyini qürurla, həm də böyük fərəh hissi ilə söyləmək olar. Milli memarlıq üslubunda inşa olunmuş yaraşıqlı binalar, yeni parkxiyabanlar, musiqili fəvvarələr gecəsini də gündüzə çevirən parlaq işıqlar bölgə sakinlərində könül rahatlığı, xoş ovqat yaradır. Çox qısa zaman kəsiyində Bərdənin başdan-başa gözəlliklər diyarına çevrilməsi torpağa bağlı əməksevər, xeyirxah və qədirbilən insanların əlləri ilə yaradılmış bir möcüzədir. İndi Bərdə şəhərinə hansı istiqamətdən daxil olsan, rahat asfalt yolların doğurduğu məmnunluğa, yol boyu hər iki tərəfdə sıralanan al-əlvan qızıl güllərin rahiyyəsi də qatılır. Heydər Əliyev prospekti boyunca çox sayda bulaqların inşa edilməsi də sakinlərin ürəyincədir. Yayı isti olan bu yerlərdə sərinlik mənbəyi olan bulaqlar onu tikənə də, tikdirənə də böyük savab qazandırıb.

7 oktyabr 2012-ci il. Bərdənin və bərdəlilərin yaddaşına ən xoş xatirələrlə həkk olunmuş unudulmaz bir gün. Həmin gün respublika Prezidenti İlham Əliyev Bərdəyə növbəti səfər etmişdi. Burada aparılan genişmiqyaslı tikinti, abadlıq, quruculuq işlərini, əhalidəki yüksək əhval-ruhiyyəni qiymətləndirən dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə yeni inşa olunmuş Nüşabə parkında keçirilən görüşdə demişdi: "Bərdə doğrudan da, gözəlləşir, gülüstana çevrilir. Gözəl binalar tikilir, təmir edilir, parklar, istirahət zonaları, yaşıllıqlar salınır. Şadam ki, işlər çox yaxşı gedir. Bütün işlər böyük məhəbbətlə, zövqlə və insanların normal yaşamaları üçün görülür.

İndi Qəhrəmanlar parkında oldum. Böyük ərazini əhatə edir. Genişlənmək üçün əlavə təkliflər vardır. İcra başçısı yeni istirahət zonalarının yaradılması ilə bağlı təkliflər irəli sürdü, planşetlərdə göstərdi. Çox şadam ki, Bərdədə belə sürətli inkişaf, quruculuq, abadlıq işləri aparılır. Siz də bunların hamısını həm görürsünüz, həm bütün bu işlərin iştirakçılarısınız. Bu gün Bərdə ölkə miqyasında ən sürətlə inkişaf edən rayonlardan biridir. Çox şadam, çünki Bərdənin inkişafı üçün çox böyük işlər görülmüşdür  görülməlidir. Bərdə bizim tarixi şəhərimizdir, qədim şəhərdir. Bərdə qədim xəritələrdə vardır. Bu reallıqdır. Əlbəttə, biz hər bir rayonun inkişafı üçün bütün işləri görürük. Ancaq Azərbaycan tarixində xüsusi yeri olan şəhərlər, rayonlar, diyarlar üçün xüsusi proqramlar da hazırlanmalıdır.

Mən Bakıya qayıdandan sonra Bərdənin sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam imzalayacağam. Sərəncamda  həm Bərdənin tarixi əhəmiyyəti vurğulanacaq, eyni zamanda, rayonun inkişafı istiqamətində əlavə tədbirlərin görülməsi üçün əlavə vəsait də nəzərdə tutulacaqdır".

Dövlət başçısı dediyi kimietdi. Bərdənin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün əlavə tədbirlər haqqında sərəncam imzaladı. Bu sərəncama əsasən ayrılan vəsait Bərdənin yeni intibahını təmin edən əsas şərt oldu. Artıq xeyli vaxtdır ki, Bərdə inşaat meydanına çevrilib. Fəsillər dəyişsə də, qurub-yaratmaq həvəsi azalmır. Dövlətin qayğısından güc alan bərdəlilər itirilmiş şöhrəti qaytarmaq üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəmirlər. Bərdə rayonu mədəniyyət və turizm şöbəsinin müdiri İlyas Hacıyev də abadlıq-quruculuq işlərindən söz açdı:

- Prezidenti İlham Əliyevin xarakterizə etdiyi kimi Bərdə Azərbaycan tarixində xüsusi yeri olan fərqli bir məkandır. Bu yerin torpağı münbit, suyu bol, havası saf, adamları sadə, mehriban, zəhmətkeş və qədirbiləndirlər. Bu gün Bərdədə elə bir insan tapmaq mümkün deyil ki, ürəyində ulu öndər Heydər Əliyevə sonsuz məhəbbəti olmasın. Bu reallıqdır. Hələ ötən əsrin 70-ci illərində Bərdədəki mənzərə indiki yaşlı nəslin yaddaşına pozulmaz şəkildə həkk olub. O illərdə bölgə sakinlərinin həyat tərzi müqayisə edilməz dərəcədə dəyişdi. Rayon mərkəzində, kəndlərdə çox sayda yaraşıqlı evlər tikildi, minlərlə kəndli minik avtomobili aldı. Övladlarının SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün geniş imkanlar açıldı. Odur ki, indi mühüm dövlət postlarında, ölkə iqtisadiyyatının həlledici sahələrində çalışan yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar Heydər Əliyevin qayğısını həmişə minnətdarlıqla xatırlayırlar.

Qədim Bərdədə keçmişin qiymətli yadigarları olan tarixi abidələr qayğı ilə qorunur, yeni Bərdədə isə yüksək zövqlə, milli memarlıq üslubuna xas çalarlarla inşa olunur. Xüsusilə son illərdə tikilən obyektlər şəhərin hüsnünə özgə bir yaraşıq verir. Nüşabə parkı, Mərkəzi istirahət parkı, Yay-açıq səhnə meydanı, Müasir qala parkı, Qəhrəmanlar parkı torpağa bağlılıqdan, vətən sevgisindən doğan, könül açan yeniliklərdir. Ulu öndərə olan sonsuz məhəbbət və ehtiramın göstəricisidir ki, indi Bərdədə bənzəri olmayan Heydər Əliyev adına park-bulvar inşa olunur. "Bərdə türbəsi" əsaslı şəkildə bərpa edilir. Gənclər mərkəzi, Qarabağ müharibəsi və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası, məktəblər, müxtəlif sosial obyektlər tikilir.

Rayonda vüsət alan abadlıq- quruculuq işlərinin mərkəzi isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan, 30 hektardan artıq bir ərazini əhatə edən park-bulvardır. Xüsusi inşaat briqadalarından əlavə hər gün burada həm yaş, həm də peşə baxımından müxtəlif təbəqəyə mənsub çox sayda adamın işlədiyini görmək olar. Burada əkilmiş nadir və qiymətli ağacları, gül-çiçək kollarını, böyük bir ərazini əhatə edən yaşıllıqları bu qızmar günlərdə qorumaq böyük zəhmət tələb edir. Hər gün şəhərdən, kəndlərdən, müxtəlif idarə və müəssisələrdən gəlib burada könüllü çalışanların da işləri təqdirəlayiqdir. Onlar da istəyirlər ki, Heydər Əliyevin adını daşıyan park-bulvarın araya-ərsəyə gəlməsində az-çox əməkləri olsun. Bunu özlərinə mənəvi borc bilir, daş üstə daş qoyub gözəllik yaratmaqdan  rahatlıq tapırlar. Böyük zəhmətin, əsl fədakarlığın nəticəsidir ki, sözü gedən ərazidə 18 min kvadratmetr yaşıllıq zonası salınmış, 4750 ədəd ağacgül əkilmişdir. Park-bulvarda müasir işıqlandırma sistemi quraşdırılmış, musiqili fəvvarələr inşa edilmişdir. Möhtəşəm giriş qapısı bu gözəl məkanın yaraşığını sanki tamamlayır. Burada görülən bütün işlərin mayasında əsas meyar yüksək zövqdür. Ciddi şəkildə qoyulan bu tələb ərazidə cəlbedici bir sənət əsərinin yaranmasını şərtləndirir.

Bir sözlə, parklar, xiyabanlar şəhərinə çevrilən Bərdədə abadlıq, quruculuq işlərinin miqyası kifayət qədər böyükdür.  Park-bulvarın yaxınlığında qəzalı vəziyyətdə olan mədəniyyət sarayının sökülməsi başa çatdırılmışdır. Onun yerində gözəl layihə əsasında mədəniyyət mərkəzi inşa olunacaqdır. Mərkəzin tikintisinə yaxın günlərdə başlanacağı nəzərdə tutulur.

Indi bu yerlərə yolu düşən hər kəs gördüyü gözəlliklər qarşısında heyrətini gizlədə bilmir, vətənin bu parçasını gülzara döndərənlərin, ulu öndərin istəyini gerçəkləşdirənlərin  əməyinə alqış deyirlər.

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 15 iyul.- S.10.