Azərbaycan Prezidenti İlham Əliyev Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının baş direktoru Joze Qratsiano da Silva
ilə görüşüb
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi
səfəri çərçivəsində iyulun 15-də
Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) baş direktoru Joze Qratsiano da Silva ilə
görüşüb.
Prezident
İlham Əliyevi Joze Qratsiano da Silva qarşıladı.
Görüşdə
Azərbaycan ilə FAO arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi bildirildi, ölkəmizdə iqtisadi
sahədə qazanılan nailiyyətlərdən
danışıldı. Son illərdə Azərbaycanda kənd
təsərrüfatının inkişaf etdiyi və bu sahədə
aparılan islahatların yaxşı nəticələr
verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə
artdığı qeyd olundu. Azərbaycanda ərzaq təhlükəsizliyinin
təmin edilməsi işində qazanılan uğurlar və
bu istiqamətdə gələcəkdə görüləcək
tədbirlərdən danışıldı.
Görüşdə
Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı arasında əməkdaşlığın
perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək
sözlərini yazdı.
Daha
sonra dövlətimizin başçısı BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının
muzeyində oldu.
FAO-nun
baş direktoru Jose Qratsiano da Silva Prezident İlham Əliyevə
məlumat verdi ki, təşkilatın yerləşdiyi binada zəngin
kitabxana da vardır. Bundan əlavə, burada FAO-nun media mərkəzi
də yerləşir.
Sonra
Prezident İlham Əliyev FAO-nun televiziyasına müsahibə
verdi.
Prezident
İlham ƏLİYEV dedi:
-BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında
olmaqdan məmnunluq hissi keçirirəm. Bizim mükəmməl
əməkdaşlığımız vardır. İki il
bundan əvvəl Bakı şəhərində təşkilatın
baş direktoru ilə olan görüşümü
xatırlayıram. O zaman Bakıda BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının Avropa
konfransı keçirildi və bizim çox yaxşı
müzakirələrimiz oldu.
Biz
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına
kənd təsərrüfatı sahəsində
apardığımız islahatlara davamlı dəstək
göstərdiyinə görə minnətdarıq.
Çünki biz islahatları davam etdiririk,
özümüzü istehsal etdiyimiz əsas kənd təsərrüfatı
məhsulları ilə 100 faiz təmin etməyə
çalışırıq və buna nail olmağa
yaxınıq. Buna görə də BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının metodoloji
tövsiyələri, məsləhətləri və ekspert
biliyi bizim üçün çox önəmlidir.
Biz əməkdaşlığımızı
çox yüksək dəyərləndiririk və cənab
baş direktoru bütün dünyanı, demək olar ki, 200
ölkəni əhatə edən BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının nailiyyətlərinə
görə təbrik etmək istəyirəm. Mən əminəm
ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
fəaliyyətinin praktiki təsiri dünyanın bir çox
yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız
uğurla davam edir. Bu gün əməkdaşlığın
yeni formalarını müzakirə etdik və ümidvaram ki,
çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının Azərbaycanda ofisi açılacaq.
Həmçinin Azərbaycan artıq digər ölkələrə
də yardım etmək iqtidarındadır. Biz bu
yardımı göstəririk və bunu əməkdaşlığımızın
formatı çərçivəsində BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatı ilə
birlikdə etmək istəyirik. Biz artıq bir neçə
sahədə donor ölkəsinə çevrilirik və həmçinin
kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi
göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi
ölkələrin milli təhlükəsizliyinin ən əsas
elementlərindən biridir.
Bir
daha cənab baş direktora göstərdiyi qonaqpərvərliyə
görə minnətdarlığımı bildirmək istəyirəm
və onu onun üçün münasib olan vaxtda yenidən Azərbaycana
dəvət edirəm.
Azərbaycan.-2014.- 16 iyul.- S.2.