Azərbaycanın xarici iqtisadi əlaqələri
yeni mərhələdə
"Azərbaycanın
beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək
istəyən ölkələrin sayı getdikcə artır.
Azərbaycan dünyada, beynəlxalq arenada özünü
etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq
edə bilmişdir".
İlham
ƏLİYEV
Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, siyasi sahədə böyük nailiyyətlərin qazanılması, o cümlədən siyasi gündəliyimizdə başlıca məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bir sıra ölkələrdə Xocalı soyqırımının tanınması və digər uğurlarla zəngin olmuşdur.
Bununla yanaşı, dünyada böhran proseslərinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycanın davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi son illərin nailiyyətlərini səciyyələndirən əsas amillərdəndir.
Bu yaxınlarda "Yeni Avropa" saytına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf edən Azərbaycanın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir".
Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olmuşdur. Ölkəmiz son 10 ildə, yəni, tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa peyk çıxaran dövlətlər sırasına qoşulmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu gün ölkəmiz cənab Prezidentin qeyd etdiyi kimi, "...bu, mürəkkəb regionda bir sabitlik adasıdır və təbii ki, bu da davamlı iqtisadi inkişafın başlıca amillərindən biridir".
Aparılan düşünülmüş və uzaqgörən, məqsədli dövlət proqramları vasitəsilə konkret hədəflərə yönələn siyasət nəticəsində son 10 il ərzində ÜDM 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, dövlət büdcəsinin gəlirləri 16 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artmışdır. Bu dövr ərzində əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmış, yoxsulluq səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faiz təşkil etmiş, 1,2 milyondan çox iş yeri açılmış, işsizlik səviyyəsi 5 faiz təşkil etmişdir.
Yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 180 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyalardır. Adambaşına düşən xarici investisiyaların göstəricilərinə görə Azərbaycan MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutur.
Yuxarıda qeyd edildiyi kimi, hətta inkişaf etmiş ölkələrin ciddi maliyyə və sosial problemlərlə qarşılaşmasına baxmayaraq, Azərbaycanda davamlı iqtisadi inkişaf müşahidə edilir, xarici borcun ÜDM-ə nisbəti 8,3 faiz, büdcə kəsirinin ÜDM-ə nisbəti 0,3 faiz, valyuta ehtiyatları isə ÜDM-in 70 faizini təşkil edir.
Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Dünyada etibarlı tərəfdaş kimi tanınan və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz qaz kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Bununla yanaşı, tranzit imkanlarının reallaşması üçün böyük layihələr həyata keçirilməkdədir. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və gəmiqayırma zavodunun tikintisi, TRASECA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yolların yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi, son 10 il ərzində 6 beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir.
Qazanılmış sosial-iqtisadi nailiyyətlər,
nüfuzlu beynəlxalq hesabatlarda da öz əksini
tapmışdır. Fitch,
Standard and Poors və Moodys reytinq agentlikləri son illərdə
ölkəmizin suveren reytinqini davamlı olaraq artırır.
"Dünya rəqabət qabiliyyətliliyi 2013-2014"
hesabatında Azərbaycan artıq 5 ildir ki, MDB ölkələri
arasında birincidir. Hesabatda "inflyasiya" göstəricisi
üzrə ölkəmiz dünyada 1-ci, "Makroiqtisadi
mühit" üzrə 8-ci, "ümumi milli
yığımın ÜDM-ə nisbəti"nə görə
10-cu yerdə olmuş, BMT-nin İnsan İnkişafı
İndeksi hesabatına əsasən yüksək insan
inkişafı qrupunda qərarlaşmışdır.
Təbii
ki, Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir.
Bu gün qarşımızda duran başlıca hədəflərdən
biri iqtisadiyyatın şaxələnməsinin genişləndirilməsi,
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir.
Bu çərçivədə
əsas vəzifələrdən biri ölkənin sənaye
potensialının güclənməsi, qeyri-neft sənayesinin
inkişafı, mövcud imkanlardan səmərəli istifadə
olunmasıdır. 2014-cü il cənab Prezident tərəfindən
"Sənaye ili"elan edilmiş, bununla bağlı
müvafiq tədbirlər planı təsdiq edilmişdir.
Hazırda tədbirlər planına uyğun olaraq, "Azərbaycan
Polad İstehsalı Kompleksi"nin qurulması, Sumqayıt
Kimya Sənaye, Balaxanı sənaye, yüksək texnologiyalar
parklarının təşkili, sənaye məhəllələrinin
yaradılması istiqamətində ardıcıl işlər
görülür. Bu işlərdə beynəlxalq təcrübənin
öyrənilməsi, təcrübə mübadiləsinin
aparılması məqsədilə 2014-cü ilin noyabrında
BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO)
ilə birlikdə sənayenin inkişafına dair beynəlxalq
konfransın keçirilməsi planlaşdırılır.
Eyni
zamanda, kənd təsərrüfatının,
informasiya-kommunikasiya texnologiyalarının, alternativ və bərpa
olunan enerji sahələrinin, turizmin və digərlərinin
inkişafı ilə bağlı tədbirlər
görülür, çoxsaylı layihələr həyata
keçirilir. Bununla yanaşı, regionların, habelə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı ilə bağlı dövlət
proqramları çərçivəsində əhalinin həyat
səviyyəsinin yüksəldilməsi məqsədilə
kompleks tədbirlər görülür.
Ölkəmizin
gələcək inkişafının
davamlılığının təmin edilməsi
üçün təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında çox
iddialı, eyni zamanda, real hədəflər müəyyənləşdirilmişdir.
Belə ki, 2020-ci il üçün neft amilindən
asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun
inkişafı hesabına ÜDM 2 dəfə artacaqdır.
Bu hədəflərə
nail olunması, ölkəmizin qüdrətinin daha da
artmasını, beynəlxalq müstəvidə mövqeyinin
möhkəmlənməsini və əhalinin rifahının
daha da yaxşılaşmasını təmin edəcəkdir.
Qeyd olunan
vəzifələrin yerinə yetirilməsində xarici iqtisadi
əlaqələrin rolu çox əhəmiyyətlidir. Təsadüfi
deyildir ki, Azərbaycan Respublikasının diplomatik xidmət
orqanları rəhbərlərinin bu günlərdə
keçirilmiş beşinci müşavirəsində Prezident
İlham Əliyev bildirmişdir ki, "Xarici siyasətimiz
daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın
xarici siyasəti prinsipiallığı və müstəqilliyi
ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə
ki, güclü siyasi iradənin mövcudluğudur. ...Eyni
zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə
iqtisadi müstəqilliyimizin tam şəkildə təmin
olunması bizə imkan verir ki, xarici arenada da öz
sözümüzü deyək, öz maraqlarımızı
müdafiə edək".
Son illərdə
Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata
keçirilən diversifikasiya siyasəti, müasir
texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul
istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə
başlaması təbii ki, ölkənin xarici ticarətində
də müsbət meyillərə təkan vermişdir. Belə
ki, xarici ticarətin coğrafiyası genişlənmiş,
onun əmtəə strukturu təkmilləşmişdir. Təkcə
2013-cü ildə 149 ölkə ilə xarici ticarət əməliyyatları
aparılmış, xarici ticarət dövriyyəsi 3,4 faiz
artaraq 34,7 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı
6 faiz artmışdır.
Ötən
il Azərbaycanın ticarət dövriyyəsinin 44 faizi Avropa
İttifaqı, 20 faizi İslam Əməkdaşlıq Təşkilatı,
12 faizi MDB, 7 faizi Türkdilli Dövlətlərin Əməkdaşlıq
Təşkilatı ölkələrinin payına
düşmüşdür.
Son 10 ildə
ölkəmizin xarici ticarət dövriyyəsi 6,6 dəfə,
ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,7
dəfə, idxal isə 4,1 dəfə artmışdır.
Həyata
keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən
biri xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə
təcrübəsinin cəlb olunmasıdır. Ölkədə
bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik,
investorların hüquqlarının etibarlı qorunması, əlverişli
coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək
ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici
investisiyalar üçün ən cəlbedici ölkələrdən
birinə çevirmişdir. Bu günədək Azərbaycan
Respublikası hökuməti ilə xarici dövlətlər
arasında investisiyaların təşviqi və
qarşılıqlı qorunması haqqında 46 saziş
imzalanmışdır.
Təkcə
ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində
xarici investisiya qoyulmuşdur. Əhəmiyyətlidir ki, bu
investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəlmişdir.
Ümumilikdə,
1995-ci ildən etibarən 2013-cü ilin sonunadək Azərbaycan
iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulmuş və
bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına
düşmüşdür.
Qeyri-neft
sektoruna birbaşa xarici sərmayələr üzrə ən
böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik
payla Böyük Britaniya və 12 faizlik payla ABŞ
olmuşdur. Azərbaycanda əsas kapitala xarici investisiya qismində
isə Böyük Bitaniyadan 18 milyard, ABŞ-dan 7 milyard,
Yaponiyadan 4 milyard dollar vəsait
yatırılmışdır.
Hazırda
ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət
göstərir. Bu şirkətlərin 36 faizi, yəni,
2464-ü Türkiyə, 8,3 faizi, yəni, 570-i Rusiya, 7,8 faizi, yəni,
541-i Böyük Britaniya mənşəli investisiyalar
hesabına yaradılmışdır.
Xarici
şirkətlər eyni zamanda, Azərbaycanda dövlət əsaslı
vəsait hesabına həyata keçirilən infrastruktur və
digər layihələrdə podratçı və
subpodratçı qismində fəal iştirak edirlər. Məsələn,
Türkiyənin şirkətləri müqavilə dəyəri
10,4 mlrd ABŞ dolları təşkil edən 153 layihəyə,
Çexiyanın şirkətləri müqavilə dəyəri
2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri
müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə
cəlb olunmuşdur.
Davamlı
iqtisadi inkişaf, maliyyə imkanlarının artması,
özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda
investisiya ixracatçısına çevirmiş, Türkiyə,
Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və
digər ölkələrə əhəmiyyətli həcmlərdə
investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin
potensialı və peşəkarlığı xeyli
artmış, bir sıra ölkələrdə, o cümlədən
Avropada mühüm infrastruktur layihələrinin icrasında
özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə
başlamışdır.
Ölkəmizin
beynəlxalq arenada formalaşmış müsbət imicinin
digər göstəricisi də son dövrlər xarici ölkələrin
özəlləşdirmə və investisiya layihələrində
Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə
də xarici dövlətlər tərəfindən ölkəmizə
bu məqsədlə həyata keçirilən səfərlərin
sayının artmasıdır.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransda Prezident İlham Əliyevin verdiyi
tapşırığa uyğun olaraq, ticarət və
investisiya fəaliyyəti sahəsində bizim başlıca vəzifəmiz
məhsullarımızın yeni bazarlara
çıxışını təmin etməkdən, dost
ölkələrdə investisiya fəaliyyətini genişləndirməkdən
ibarətdir. Bu məqsədlə müntəzəm olaraq
xarici ölkələrə səfərlər edilir, milli sərgilər,
biznes forumlar, görüşlər təşkil olunur.
Qeyd etmək
lazımdır ki, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici ölkələrdə
Azərbaycanın investisiya mühitinin tanıdılması,
xaricə ixracın təşviqi ilə əlaqədar bir
sıra tədbirlər həyata keçirməkdədir. Təkcə
2014-cü ildə beynəlxalq tərəfdaşların
iştirakı ilə 119-u ölkəmizdə, 77-si isə xaricdə
olmaqla ümumilikdə 196 biznes forum, sərgi, konfrans və digər
işgüzar tədbirlər təşkil edilmişdir.
Bu tədbirlər
sırasında 2014-cü ilin 23-24 iyun tarixlərində Qəbələdə
keçirilmiş V Azərbaycan-Rusiya Regionlararası Forumu
xüsusi vurğulanmalıdır. Rusiya Federasiyasının
regional inkişaf nazirinin rəhbərliyi ilə 300 nəfərlik
nümayəndə heyətinin, habelə Azərbaycanın rəsmi
şəxslərinin və biznes dairələrinin iştirak
etdiyi tədbirə ümumilikdə 700-ə yaxın şəxs
qatılmış, müxtəlif mövzuları əhatə
edən 8 "dəyirmi masa" keçirilmiş, 11 sənəd
imzalanmışdır.
İkitərəfli
tədbirlərlə yanaşı, Türkiyə və
Gürcüstanla birgə üçtərəfli,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının və Qara Dəniz İqtisadi Əməkdaşlıq
Bankına üzv ölkələrin dövlət nümayəndələrinin
və işgüzar dairələrinin iştirakı ilə
çoxtərəfli biznes forumları da keçirilmişdir.
AZPROMO-nun
Gürcüstanda nümayəndəliyi, ABŞ, Almaniya,
Avstriya, Birləşmiş Ərəb Əmirlikləri,
Böyük Britaniya və Rumıniyada təmsilçiləri
fəaliyyət göstərir. AZPROMO indiyədək 36 ölkədən
67 xarici tərəfdaşla əməkdaşlıq
haqqında anlaşma memorandumu imzalamışdır.
Azərbaycan
beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa
İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı,
Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası və digərləri ilə
sıx əməkdaşlıq edir.
Dövlət
başçısı tərəfindən müəyyən
olunmuş Azərbaycan Respublikasının xarici siyasətinin əsas
istiqamətlərindən biri Avropa İttifaqı ilə səmərəli
və davamlı əməkdaşlığın inkişaf
etdirilməsidir.
Avropa
İttifaqı ölkələri Azərbaycanın əsas
xarici ticarət tərəfdaşıdır. Ötən il
ticarət dövriyyəmizin 44 faizi, yəni, 15,3 milyard
dolları bu ölkələrin payına
düşmüşdür. Son 10 ildə Azərbaycanda əsas
kapitala yönəlmiş xarici investisiyaların yarıdan
çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə
35,3 faizi bu təşkilatın üzv dövlətlərinin
payına düşmüşdür.
Prezident
İlham Əliyev 2014-cü ilin iyun ayında Avropa
İttifaqı ilə əlaqələrimizi xarakterizə edərək
bildirmişdir ki, "Azərbaycan Avropa İttifaqına
mümkün qədər yaxın olmaq arzusundadır. Bu, bizim
üçün strateji mahiyyəti olan məsələdir və
bu əlaqələrin gələcəkdə böyük
potensialı vardır".
Cənab
Prezidentin sərəncamı ilə Avropa İttifaqı ilə
əlaqələrin daha da gücləndirilməsi, səmərəli
və əlaqələndirilmiş işin təmin edilməsi
məqsədilə 37 üzvdən ibarət Avropaya
İnteqrasiya üzrə Dövlət Komissiyası
yaradılmışdır. Komissiyanın nəzdində
müxtəlif sahələr üzrə 6 işçi qrupu təşkil
edilmiş, Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı
qanunvericiliyinə uyğunlaşdırılması üzrə
tədbirlər planı hazırlanmışdır. Son bir ildə
Avropa İttifaqı ilə əlaqələrimiz daha da
inkişaf etmiş, 4 yeni əməkdaşlıq sənədi
imzalanmışdır.
Bu sənədlər
sırasında vətəndaşların
qarşılıqlı səfərlərinə geniş
imkanlar yaradacaq Viza Sadələşdirilməsi Sazişini
xüsusi qeyd etmək istərdim. Hazırda Avropa
İttifaqı ilə Azərbaycan Respublikası arasında
Müasirləşmə üzrə Strateji Tərəfdaşlıq
Sənədi müzakirə edilir, ölkədə Tvinninq,
Tayeks, Siqma büdcəyə dəstək layihələri həyata
keçirilir.
Azərbaycanın
fəal əməkdaşlıq etdiyi təşkilatlardan biri də
Müstəqil Dövlətlər Birliyidir. Prezident İlham
Əliyev ötən ilin oktyabr ayında MDB Dövlət
Başçıları Şurasının iclasında
çıxış edərkən bildirmişdir ki, "Bu
gün bizi iqtisadi və siyasi maraqlar birləşdirir və
MDB çərçivəsində əməkdaşlıq,
Azərbaycan üçün xarici siyasətin əsas
prioritetlərindəndir. MDB-də baş verən inteqrasiya
proseslərində mövqeyimiz əməkdaşlığın
möhkəmləndirilməsinə, ikitərəfli və
çoxtərəfli münasibətlərin və mehriban
qonşuluq əlaqələrinin inkişafına yönəlmişdir".
MDB
ölkələri qeyri-neft ixracı üzrə əsas tərəfdaşımızdır.
Ölkəmizin qeyri-neft ixracının 42 faizi bu dövlətlərin
payına düşür. Ermənistan istisna olmaqla, MDB-nin
bütün üzv dövlətləri ilə sərbəst
ticarət sazişləri imzalanmışdır.
Hazırda
müvafiq infrastrukturun yaradılması, logistik mərkəzlərin
təşkil edilməsi vasitəsilə bu bazarlara ixracın
genişləndirilməsi, MDB-nin 2020-ci ilədək
İqtisadi İnkişaf Strategiyasının həyata
keçirilməsi, habelə Ümumrusiya Sərgi Mərkəzində
Azərbaycanın daimi sərgisinin yaradılması istiqamətində
zəruri işlər görülür.
Çoxtərəfli beynəlxalq əlaqələr formatında Azərbaycan üçün əhəmiyyətli qurumlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü ilin iyun ayında Bodrum Zirvə Toplantısında qeyd etdiyi kimi: "Türkdilli dövlətlərin birliyinin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq".
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin investisiyaları hesabına Azərbaycanda 2600-dək müəssisə yaradılmışdır. Bu, ölkədə fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin 37 faizinə bərabərdir. Eyni zamanda, bu dövlətlər Azərbaycanın qeyri-neft sektorunda ikinci böyük xarici investordur. Təşkilat çərçivəsində hazırda bir sıra əməkdaşlıq sənədləri üzrə və Bodrum Zirvə Toplantısında Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təklifə müvafiq olaraq Birgə İnvestisiya Fondunun yaradılması istiqamətində müzakirələr aparılır.
Eyni zamanda, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlar da davam etməkdədir. Danışıqlar prosesində bizim əsas məqsədimiz daxili bazarın qorunması, milli istehsalçıların və istehlakçıların mənafelərinin maksimum səviyyədə təmin edilməsi ilə uzunmüddətli perspektivdə təşkilata üzv olmaqdır.
Bununla yanaşı, Yaxın Şərq, Asiya, Amerika ölkələri ilə də əməkdaşlığımız genişlənir və bu regionlarla iqtisadi əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Beynəlxalq maliyyə institutları ilə də fəal əməkdaşlıq aparılır. Hazırda 14 beynəlxalq maliyyə institutu ilə nəqliyyat, su təchizatı və kanalizasiya, enerji, kənd təsərrüfatı, maliyyə, ekologiya və digər sahələrdə ümumi dəyəri 7,2 milyard dollar olan 41 layihə icra olunur.
Ölkəmizin cari kredit portfelində Dünya Bankının payı 35 faizə, Asiya İnkişaf Bankının payı 16 faizə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı 10 faizə, İslam İnkişaf Bankının payı isə 6 faizə bərabərdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ötən il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankına üzvolma proseduru yekunlaşmış, Avropa İnvestisiya Bankı ilə Çərçivə Sazişi imzalanmışdır.
Beynəlxalq donor təşkilatları ilə də fəal əməkdaşlıq davam edir. Hazırda 20 beynəlxalq donor təşkilatı ilə birlikdə idarəetmə, ədliyyə, kənd təsərrüfatı, regional inkişaf, nəqliyyat, su təchizatı və digər sahələrdə təqribən 200 mln dollar dəyərində 70 layihə icra olunur.
Ölkəmizin dinamik sosial-iqtisadi inkişafı Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu gün xarici siyasətimizin ana xətti Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa bərpasıdır. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentin qeyd etdiyi kimi; "Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir".
Münaqişə barədə həqiqətlərin üzə çıxarılması, beynəlxalq müstəvidə siyasi dəstəyin əldə olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz mühüm işlər görür. Bu işlərin tərkib hissəsi olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iqtisadi aspektlərinin kifayət qədər qabardılması, Ermənistanın qonşu ölkələrə olan torpaq iddialarının regionun iqtisadi potensialının tam reallaşdırılmasına yaratdığı maneələr və məhdudiyyətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılması, təcavüzkar Ermənistanın regional layihələrdən təcrid olunması, iqtisadi tənəzzülün daha da dərinləşməsi üçün məqsədyönlü tədbirlər davam etdiriləcəkdir.
Ölkəmizin iqtisadi uğurlarının xaricdə geniş təbliğ edilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindəndir. Bu məqsədlə sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar, yaradılmış əlverişli biznes investisiya mühiti, investisiya imkanları daha geniş təblığ olunacaqdır. Bununla yanaşı, Azərbaycanın tranzit və turizm imkanlarının geniş təşviq edilməsi istiqamətində işlər aparılır.
TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Şimal-Cənub, Şərq-Qərb magistral avtomobil yolları, yeni hava limanları, geniş turizm infrastrukturu ilə bağlı təbliğatın aparılması Azərbaycanın artan tranzit və turizm imkanlarından xarici tərəfdaşların faydalanması işinə öz müsbət töhfəsini verəcəkdir.
Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı daim diqqətdə olan məsələlərdəndir. Belə ki, yerli məhsulların xaricə, o cümlədən qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülür. Dövlət başçısının bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması üzrə işlər görülür. Artıq Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisinə başlanmışdır.
Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər daha da gücləndiriləcəkdir. Bu, ilk növbədə, investorlar üçün mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması işlərini əhatə edəcək.
Paralel olaraq, Azərbaycanda prioritet istiqamətlərə, xüsusilə sənaye parklarına, kənd təsərrüfatına, İKT, turizm və digər sahələrə xarici investisiyaların cəlb olunması təşviq ediləcək, müvafiq sahələr üzrə yeni texnologiyaların və rəqabətqabiliyyətli idarəetmə sistemlərinin tətbiqi istiqamətində işlər davam etdiriləcəkdir.
Azərbaycanın xaricdəki dövlət və özəl investisiyalarının müdafiəsi daha da gücləndiriləcək, iqtisadi maraqlarımıza cavab verən layihələrdə şirkətlərimizin iştirakının təmin edilməsi üçün tərəfdaş ölkələrlə bu sahədə əməkdaşlıq daha da genişləndiriləcəkdir.
İqtisadi əlaqələrimizin genişlənməsində xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının bir araya toplanılması, fəaliyyətinin əlaqələndirilməsi və onların dəstəklənməsi məqsədilə müvafiq ölkələrdə azərbaycanlı iş adamlarının birliklərinin yaradılması da önəmli məsələlərdəndir. Artıq bir sıra ölkələrdə belə birliklər fəaliyyət göstərir və bu sahədə işlər davam etdirilir.
Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici ölkələrlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcək, ölkəmizin dünyada nüfuzunu daha da artıracaqdır.
Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın siyasi və iqtisadi məkanında öz layiqli yerini tutmuş, etibarlı tərəfdaşa, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan daha böyük nailiyyətlərə doğru inamla irəliləyir. Artıq indidən tam əminliklə demək mümkündür ki, əldə olunan bu nailiyyətlər və daha sürətli inkişaf üçün yaradılan münbit şərait qarşıya qoyulan əsas hədəfin - Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsi məqsədinin reallaşmasına əsaslı təminat yaradır.
Şahin
MUSTAFAYEV,
Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri
Azərbaycan.-2014.- 16 iyul.- S.6.