Xammaldan polad
istehsalına qədər
Bu, "Azərbaycan Polad
İstehsalı Kompleksi" QSC-nin
inkişaf strategiyasının əsas hədəfidir
Güclü
metallurgiya sənayesinin yaradılması bizim
gündəliyimizdədir
və biz bunu edəcəyik.
İlham
ƏLİYEV
Hazırda Azərbaycan dövlətinin iqtisadi siyasətində
neft faktorundan asılılığın azaldılması,
qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Artıq nəzərdə
tutulan hədəfə nail olunması yönümündə
real nəticələr də əldə edilib.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə
həsr olunan iclasda bu fikir öz isbatını tapır. Ölkə
başçısı demişdir: "Qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni
təxminən 10 faiz artmışdır və bu da son illərdə
aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də
inkişafını təmin etmək üçün indi
ciddi proqramlar icra edilir və növbəti illərdə də
icra ediləcəkdir. Əminəm ki, biz
bu dinamikanı saxlayacağıq".
Prezident
İlham Əliyevin 10 yanvar 2014-cü il
tarixli sərəncamı ilə 2014-cü ilin Azərbaycan
Respublikasında "Sənaye ili" elan edilməsi də
qeyri-neft sektoruna artan diqqətin təzahürüdür. Təsadüfi
deyil ki, son on ildə Azərbaycan iqtisadiyyatının
bütün sahələrində olduğu kimi, sənayenin
inkişafında da böyük uğurlar qazanılıb, sənaye
məhsulları istehsalının həcmi 2,7
dəfə artıb. Bu müddət ərzində rəqabətqabiliyyətli
müasir sənaye sahələrinin yaradılması, sənayenin
infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələrin icra edilməsi, yeni iş
yerlərinin açılması ilə ölkə sənayesi
yeni inkişaf mərhələsinə qədəm qoyub.
12 mart
2014-cü il tarixli sərəncamla "Azərbaycan
Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi
ilə bağlı Tədbirlər Planı"nın təsdiq
edilməsi isə qeyd olunan istiqamətin konkret prioritetlərini
müəyyənləşdirir. Sərəncamla həm
icraçının müəyyən edilməsi, eləcə
də nəzərdə
tutulmuş tədbirlərin maliyyələşdirilməsinin
təmin edilməsi barədə konkret göstərişlərin
verilməsi niyyətin nə qədər ciddi olmasının
göstəricisidir. "Sənaye potensialının gücləndirilməsi",
"Təşkilati tədbirlər", "Sənayenin kadr
potensialının və elmi təminatının gücləndirilməsi",
"Normativ-hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi",
"Təbliğat və təşviqat işləri"
bölmələrindən ibarət olan tədbirlər
planında 2014-cü ildə aidiyyəti qurumlar tərəfindən
görüləcək işlər müəyyənləşdirilib.
Qeyd olunan sərəncamın imzalanması
iqtisadçı ekspertlər tərəfindən də
yüksək qiymətləndirilir. Onların qənaətlərinə
görə, sənaye ilində konkret fəaliyyətlərin həyata
keçirilməsi eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi
baxımından da əhəmiyyətlidir. Rəsmi
proqnozlara əsasən, bu il qeyri-neft
sektorunun ÜDM-də payı 62, büdcə gəlirlərində
isə 35 faizə çatdırılacaq. Qeyri-neft sektorunun
makroiqtisadi göstəricilərdə payı baxımından
2014-cü il kifayət qədər spesifik əhəmiyyətə
malikdr. İqtisadiyyatın şaxələnməsi
üçün isə, təbii ki, xüsusən qeyri-neft
sektorunda sənayenin dəstəklənməsi
qaçılmazdır.
Ekspertlərin fikrincə, bütövlükdə
sözügedən sərəncam ölkədə sənayeləşmənin
genişləndirilməsi üçün ilkin əsas baza sənəd
hesab edilə bilər. Bu baxımdan dövlət
qurumlarının sözügedən öhdəliklər
üzrə sənaye ilində nəzərdə tutulan tədbirlərin
icrasını ciddi və məsuliyyətlə həyata
keçirməsi olduqca vacibdir.
Ölkə rəhbəri İlham Əliyev Nazirlər
Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında da qeyd edilən məsələyə
toxunub.
Dövlət başçısı demişdir: "Hesab edirəm
ki, texnoparklarla yanaşı, biz sənaye klasterlərinin də
yaradılmasına başlamalıyıq. Bu da
dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu,
vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir
- xüsusilə bu layihənin icrası nəticəsində
poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin
inkişafı sahəsində biz bütün bir zənciri -
istehsal, emal, kiçik və orta sahibkarlığın
inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul
buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə
əlavə tədbirlər də görülməlidir".
Dövlət
başçısının ölkəmizdə "Sənaye
ili" elan olunması ilə bağlı sərəncamından
təxminən bir il əvvəl - 23 aprel 2013-cü il tarixli sərəncamı
ilə "Azərbaycan Polad
İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin
yaradılması da, bir növ, nəzərdə tutulan
strategiya üçün bazanın
formalaşdırılmasına hesablanmışdı. Cəmiyyətə
həvalə olunan əsas vəzifə isə polad istehsalı kompleksinin
layihələndirilməsi, tikintisi və idarə olunmasından,
bu sahədə yeni texnologiyaların tətbiqindən,
maddi-texniki bazanın müasirləşdirilməsindən və
ondan səmərəli istifadədən, habelə bu sahənin
inkişafı ilə bağlı digər işlərin yerinə
yetirilməsi və gəlir əldə etməkdən ibarətdir. Beləliklə, "Azərbaycan
Polad İstehsalı Kompleksi" QSC (ASPC) yeni texnologiyaları,
texniki vasitələri tətbiq etməklə yüksək
keyfiyyətli poladın, digər qara metalların istehsalı,
emalı, onlardan müasir tələblərə cavab verən
rəqabətədavamlı məhsulların istehsalı,
daxili və xarici bazarlarda satışını həyata
keçirəcək. Cəmiyyət, həmçinin, dəmir
filizinin hasilatından polad istehsalına (partlayış,
filizin kombinata daşınması, konsentratın
hazırlanması, dənəvər istehsalı, dəmir
istehsalı, dəmirin polad istehsalı kombinatına nəqli,
polad istehsalı, poladdan hazırlanan məhsullar) qədər
bütün mərhələləri əhatə edən,
habelə poladdan, digər qara metallardan hazır məhsulların
istehsalı üzrə müasir zavodların və istehsal sahələrinin
mühəndis-axtarış, layihələndirmə və
tikintisi işlərinin həyata keçirilməsini
reallaşdıracaq.
Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik
etdiyi illərdə sənayenin bütün sahələri ilə
paralel olaraq metallurgiyaya xüsusi əhəmiyyət verirdi. O demişdir:
"Metallurgiyanın dirçəldilməsi və
inkişafı Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanılması üçün vacib olan dövlət
əhəmiyyətli strateji məsələdir".
Ümummilli liderin illər öncə söylədiyi bu
mühüm fikirləri elə bir dövrə təsadüf
edirdi ki, o illərdə - dövlət müstəqilliyinin bərpasının
ilk illərində ölkəmizdə iqtisadi böhranın
doğurduğu səbəblərdən maddi vəziyyət
arzuolunmayan səviyyədə idi. Bu da metallurgiya kimi
böyük kapital tələb olunan sahələrin
inkişafında çətinliklər yaradırdı. Uzaqgörən liderin arzuları bu gün
reallaşır. Artıq həmin
sıxıntılar arxada qalıb. Hazırda
iqtisadiyyatın bütün sahələri kimi,
metallurgiyanın da inkişaf etdirilməsi üçün
daxili imkanlar mövcuddur və bu istiqamətdə əməli
addımların atılmasına start verilib.
Hazırda "Azərbaycan Polad İstehsalı
Kompleksi" QSC-nin struktur vahidi olan "Daşkəsən
Filizsaflaşdırma" ASC 1954-cü ildən fəaliyyətə
başlamış Azərbaycan Dağ-Mədən
Filizsaflaşdırma Kombinatının varisidir. Kombinatın
Saflaşdırma Fabriki 1954-1970-ci illərdə elektro-maqnit
üsulu ilə quru halda dəmir filizi konsentratı istehsal
edib. Kombinat 1970-1974-cü illərdə həm
quru, həm də yaş üsulla, 1974-cü ildən
elektromaqnit üsulu ilə dəmir filizi konsentratı istehsal
edib. İstehsal olunan konsentrat asma hava kanat
yolu ilə Quşçu dəmiryol stansiyasına
daşınıb, oradan isə dəmir yolu vasitəsilə
istehsalçılara göndərilib.
Azərbaycan
Respublikası Prezidentinin 4 may 1993-cü il
tarixli 552 saylı fərmanına əsasən, Azərbaycan
Respublikası "Metallurgiya" Dövlət Şirkətinin
tərkibinə qatılıb. "Metallurgiya"
Dövlət Şirkəti ləğv olunduqdan sonra Azərbaycan
Dağ-Mədən Filizsaflaşdırma Kombinatının
bazasında "Daşkəsən Filizsaflaşdırma"
ASC yaradılıb.
2013-cü ilin 23 aprel tarixində Azərbaycan Polad
İstehsalı Kompleksinin yaradılmasına dair respublika
Prezidentinin müvafiq sərəncamı ilə "Daşkəsən
Filizsaflaşdırma" ASC kompleksin tərkibinə daxil
edilib. 2014-cü ilin may-iyun aylarından aparılan ilkin
işlər sayəsində kombinatın istehsal gücü
aylıq 20 min ton olub. Yaxın perspektivdə
isə əlavə investisiyalar qoyulmaqla istehsal gücü
aylıq 40 min tona catdırılacaq.
2015-2018-ci illər ərzində "Daşkəsən
Filizsaflaşdırma" ASC-nin yenidən qurulması
planlaşdırılıb və aylıq istehsal
gücünün 110 min tona catdırılması nəzərdə
tutulub.
Bu da,
öz növbəsində, müəssisədə yeni iş
yerlərinin açılmasına gətirib çıxaracaq.
Ümumiyyətlə, "Azərbaycan Polad İstehsalı
Kompleksi" QSC-nin nəzərdə tutduğu işlərin həyata
keçirilməsi nəticəsində minlərlə
soydaşımız üçün yeni iş yerləri
açılacaq. Konkret olaraq müvafiq tədbirlər
respublikamızın qərb bölgəsinin daha da inkişaf
etməsi ilə yanaşı, demoqrafik vəziyyətə
müsbət təsirini göstərəcək və
insanların mərkəzi şəhərlərə
axınının azaldılmasında əhəmiyyətli rol
oynayacaq.
Dəmirin birbaşa reduksiya metodu ilə istehsalat
prosesinin tamamilə müasir dövrün tələblərinə
uyğunlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə yeni
texnologiyaları, texniki vasitələri tətbiq etməklə
ətraf mühitə təsirin minimuma endirilməsi və ətraf
mühitin qorunması və bərpasına yönəldilmiş
tədbirlərin həyata keçirilməsi, işçilərin
sosial müdafiəsinin və əmək şəraitinin
yaxşılaşdırılması, əməyin mühafizəsi
tədbirlərinin həyata keçirilməsi, onların
müvafiq sosial xidmətlərlə təmin edilməsi səhmdar
cəmiyyətin qarşısında duran əsas hədəflərdəndir.
Artıq "Azərbaycan Polad İstehsalı
Kompleksi" QSC-də ölkə rəhbərinin sərəncamından
irəli gələn vəzifələrin icrasına
başlanıb. Bu məqsədlə məsləhətçi
şirkət də seçilib. Yaponiyanın
"Marubeni Corporation" konsaltinq şirkəti Gəncə və
Daşkəsəndə dəmir filizinin hasilatından polad
istehsalına qədər bütün mərhələləri
əhatə edəcək polad istehsalı kompleksinin
yaradılması ilə bağlı Azərbaycan tərəfinə
məsləhət xidməti göstərəcək.
Müqaviləyə əsasən, "Marubeni Corporation" bu
sahədə Azərbaycanda xammal bazasını
araşdıracaq, dəmir filizi hasilatı və polad
istehsalında müasir texnologiyaların tətbiqi, istehsal
oluna biləcək məhsulların çeşidi barədə
təkliflər verəcək, ölkə və region üzrə,
eləcə də perspektivli hesab olunan digər bazarları təhlil
edəcək. Məsləhətçi şirkət,
həmçinin, polad istehsalı kompleksində istehsal ediləcək
müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsulların
iqtisadiyyatın müxtəlif sahələrində - tikinti,
maşınqayırma, neft sənayesi, gəmiqayırma sahələrində
istifadə imkanları barədə müvafiq təkliflər
hazırlayacaq. Hazırda yaponiyalı,
kanadalı və ingiltərəli mütəxəssislər
Azərbaycandadır və onlar tədqiqatlara
başlayıblar.
İyunun
27-də isə QSC-nin struktur vahidi olan "Daşkəsən
Filizsaflaşdırma" ASC ilə Belarus Respublikasının
"BelAZ" Açıq Səhmdar Cəmiyyətinin
"İrridio Motors" lizinq şirkəti arasında lizinq və
zəmanət müqavilələri imzalanmışdır. Müqaviləyə əsasən "Azərbaycan
Polad İstehsalı Kompleksi" QSC sözügedən
şirkətdən 12 ədəd yeni "BelAZ" markalı
karyer yük avtomaşını alacaq. Lizinq
müqaviləsi beynəlxalq sərfəli maliyyə şərtlərilə
uzunmüddətli dövr üçün bağlanıb.
Belə ki, şərtlərə əsasən, müqavilənin
müddəti 4 il, ödəniləcək
faiz dərəcəsi isə illik 4 faiz həcmində müəyyənləşdirilib.
Alınacaq
"Belaz-7547" markalı 10 ədəd
avtomaşının yükqaldırma qabiliyyəti 45 ton,
"Belaz-75131" markalı 2 ədəd
avtomaşının yükqaldırma qabiliyyəti isə 140
tondur. Avtomaşınlar Daşkəsən rayonu
ərazisindəki "Daşkəsən
Filizsaflaşdırma" ASC tərəfindən dəmir
filizi hasilatında istifadə ediləcək ki, bununla da hasil
olunan dəmir filizinin maya dəyərinin ən azı 20 faiz
aşağı düşməsinə imkan yaranacaq. İmzalanmış müqavilə postsovet
dövründə ilk dəfə olaraq "BelAZ"
markalı yeni avtomaşınların ölkəyə gətirilməsinə
imkan verir.
Azərbaycanda
qara metallurgiya sənayesinin ibtidai vəziyyətdə
olmasını, ölkəmizin hər il rəsmi statistikaya
görə 1,3 milyard dollar polad və polad
məhsullarına idxalı nəzərə alaraq "Azərbaycan
Polad İstehsalı Kompleksi" QSC tərəfindən
2015-2018-ci illərdə Azərbaycanda müəssisələrin
qurulması nəzərdə tutulub. Bunlara dənəvər
istehsalı zavodu,
dənəvərdən birbaşa reduksiya yolu ilə
dəmir istehsalı zavodu və polad istehsalı zavodları
daxildir. Respublikada poladdan istehsal olunan məhsulların
(armatur, şveller, rels, borular, polad məftil və s.) zavod və
sexlərinin qurulması da nəzərdə tutulan tədbirlərdəndir.
Cəmiyyətin
strukturunda olan
"Daşkəsən Filizsaflaşdırma"
ASC-də texniki bazanın yenidən qurulması, işçilərin
sosial müdafiəsinin və əmək şəraitinın
yaxşılaşdırılması, əməyin mühafizəsi
tədbirlərinin həyata keçirilməsi, onların
müvafiq sosial xidmətlərlə təmin edilməsi
üçün komissiya yaradılıb və
araşdırmalara başlanıb.
Qarşıya qoyulan əsas məqsədlərdən
biri də istehsalatda çalışacaq kadrların
hazırlanmasıdır. Səhmdar cəmiyyətində qarşıda duran tədbirlərin
uğurla həyata keçirilməsi üçün Azərbaycan
Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və müvafiq ali təhsil müəssisələri ilə
birgə əməkdaşlıq nəzərdə tutulur.
Ümumilikdə əsas fikir istehsalatda yerli kadrların
hazırlanması və onların potensialından istifadə
edilməsidir.
Zərurət yaranacağı halda mütəxəssislərin
ixtisaslarını artırmaları üçün xarici
ölkələrə göndərilmələrinə də şərait
yaradılacaq. Eyni zamanda, işçilərin də
ixtisaslaşdırılması planlaşdırılır.
Qeyd olunanlardan da göründüyü kimi, ölkə
iqtisadiyyatının digər sahələri ilə paralel
olaraq sənayenin əsas seqmentlərindən hesab edilən
metallurgiyada da normal inkişaf mərhələsinə
keçid üçün artıq ilkin simptomlar mövcuddur. Bu baxımdan Prezident
İlham Əliyevin son bir ildə həm 2014-cü ilin "Sənaye
ili" elan olunması, həm də "Azərbaycan Polad
İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə
bağlı sərəncamları
Azərbaycanda metallurgiya sənayesinin yaranmasına dəstək
verəcək. Beləliklə də ölkəmiz metal məhsulları
asılılığından azad olacaq və digər dövlətlərdən
idxal edilən polad məhsullarına görə kənara
çıxan maddi vəsait ölkədə qalacaq. Nəticədə isə qazanan zəngin təbii sərvətlərə
və şaxələnən iqtisadiyyata malik Azərbaycan
olacaq.
Əli
SƏLİMOV,
Azərbaycan.-2014.- 16 iyul.- S.7.